Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3798/2020 17.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə iddiasına ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri Cavabdeh vermiş olduğu cavabın qanunun tələblərinə zidd olması və onun mülkiyyətində olan ünvan 2 ünvanındakı yaşayış sahəsinin ölçülərinin dəqiqləşdirilməsi, qeyri-yaşayış sahəsinə keçirilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən məcburetmə barədə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi hazırki iddia növünə uyğun olaraq prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qaldırılmışdır. Göründüyü kimi, hazırki iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Cavabdeh vermiş olduğu cavabın qanunun tələblərinə zidd olması və onun mülkiyyətində olan ünvan 2 ünvanındakı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadına əsasən dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. İddia tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanındakı yaşayış sahəsinin onun mülkiyyətində olması barədə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 06 oktyabr 2014-cü il tarixli çıxarışa əsasən mülkiyyətində olan, ümumi sahəsi 120.6 kv.m, yaşayış sahəsi 82.6 kv.m, yardımçı sahəsi 38.0 kv.m, yaşayış otaqlarının sayı 2 olan və 1-ci mərtəbədə yerləşən mənzili – yaşayış sahəsini qeyri-yaşayış sahəsinə çevirmək üçün iş üzrə cavabdeh kimi cəlb etdiyi, Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etmişdir. Onun 19 fevral 2020-ci il tarixdə vermiş olduğu ərizəsinə 27 fevral 2020-ci il tarixdə, 10-H-63-159 nömrə ilə verilmiş cavabda göstərilir ki, guya mənzilin daxilində görülmüş işlərin sənədləşdirilməsi birbaşa rayon icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmədiyi üçün qaldırılan məsələnin icrası məqsədəmüvafiq hesab edilmir. Göründüyü kimi, Bakı şəhəri Cavabdeh onun mülkiyyətində olan yuxarıda göstərilən ünvandakı mənzilinin - əmlakının üzərinə sərəncam vermək hüququnu pozur, onun mülkiyyətində olan yaşayış sahəsindən öz mülahizəsinə uyğun istifadə etmək hüququnu nəzərə almır. Belə ki, onun mənzilinin hündürmərtəbəli yaşayış evinin 1-ci mərtəbəsində yerləşdiyinə, mənzilin zirzəmiyə yaxın olduğuna görə nəmişlik iyi gəldiyindən yaşayışa o qədər də yararlı deyildir, həm də həmin mənzildən qeyriyaşayış sahəsi kimi istifadə etmək onun üçün daha məqsədəuyğundur. Onun mənzilinin yaşayış fondundan çıxarılaraq qeyri-yaşayış sahəsi hesab olunması barədə müraciətinə baxan cavabdeh təşkilat onun qaldırdığı məsələnin kimin məqsədinə uyğun olmadığını göstərmir, sadəcə olaraq “qaldırılan məsələnin məqsədəuyğun hesab edilməməsini” bildirir. Hesab edir ki, bununla da cavabdeh təşkilat qanunun tələblərinə zidd mövqe tutur və onun xahişinin yerinə yetirilməməsi hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh iddiaya qarşı məhkəməyə hər hansı bir münasibət təqdim etməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, tərəflərindən mənzilin daxilində hər hansı bir yenidənqurma işləri aparılmamışdır. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Məmməd Əliyev küçəsi, ev 22 ünvanında yerləşən mənzil həmin binanın 1-ci mərtəbəsində yerləşir, mənzil 2 otaqlıdır, mənzilin ümumi sahəsi 120.6 kv.m-dir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 4 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir. Mənzilin ümumi sahəsi 120.6 kv.m, yaşayış sahəsi 82.6 kv.m, yardımçı sahəsi 38.0 kv.m, yaşayış otaqlarının sahəsi 2 ədəddir. İşdə olan Cavabdeh Baçısının Aparatı tərəfindən iddiaçıya ünvanlanmış 10-H-63-159 nömrəli, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, onun mənzilin mövcud vəziyyətdə qeyriyaşayış sahəsinə keçirilməsi barədə Cavabdehnə ünvanladığı H-63-159 saylı, xx.xx.2020-ci il tarixli müraciətinə baxılaraq bildirilmişdir ki, mənzilin daxilində görülmüş işlərin sənədləşdirilməsi birbaşa Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid edilmədiyi üçün qaldırılan məsələnin icrası məqsədəmüvafiq hesab edilmir. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, işin hallarından müəyyən edilmişdir ki, iş üzrə mübahisəli mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Mənzil binanın 1-ci mərtəbəsində yerləşir, mənzildə iddiaçı tərrəfindən hər hansı bir yenidən qurma işləri aparılmamışdır. İddiaçı ona məxsus olan mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə ərizə ilə inzibati orqana müraciət etmiş, inzibati orqan xx.xx.2020-ci il tarixli, 10-H-63-159 nömrəli cavab məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş və imtinanın əsası kimi mənzilin daxilində görülmüş işlərin sənədləşdirilməsinin birbaşa Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid edilməyi üçün qaldırılan məsələnin icrasının məqsədəmüvafiq hesab edilməməsi göstərilmişdir. Halbuki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsini tələb etmək iddiaçının hüququdur. Lakin, bununla bağlı qərarın verilməsi qanunvericilikdə nəzərdə tutulan şərtlərin mövcudluğuna bağlıdır. Bu şərtlərin mövcudluğunu müəyyən etmək isə qanunvericiliyə əsasən cavabdeh inzibati orqanın vəzifəsi olaraq müəyyən edilmişdir. Lakin, cavabdeh inzibati orqan qanunvericiliklə onlara verilən hüquq və vəzifələri tam icra etmədən əsaslandırılmamış imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 22.2-ci maddəsi inzibati orqanın vəzifəsi kimi müəyyən edir ki, sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və Məcələnin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərilməklə əsaslandırılmalıdır. Lakin, cavabdeh İcra Hakimiyyətinin həmin normanın tələblərinə əməl etmədən imtina etmişdir. Hazırki mübahisədə iddiaçı daşınmaz əmlakını faktiki olaraq, qeyri-yaşayış sahəsi kimi istifadə edir. Daşınmaz əmlak binanın 1-ci mərtəbəsində yerləşməklə, iddiaçının xüsusi mülkiyyətindədir. Bundan başqa, mənzilin daxilində iddiaçı tərəfindən hər hansı bir yenidən qurma işləri aparılmamışdır. Bu hallar inzibati orqan tərəfindən inzibati aktın qəbulu zamanı nəzərə alınmadan inzibati aktın qəbulundan imtina edilmişdir. Halbuki, bu cür imtina əsası qanunvericilikdə müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20-ci və 22-ci maddələri yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtlərini və imtinanın əsası olacaq halları kifayət qədər aydın göstərmişdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 20.3-cü maddəsinə müvafiq olaraq çoxmənzilli binalarda mənzillərin qeyri- yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Həmin Məcəllənin 20.4-cü maddəsinə əsasən, qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. Həmin Məcəllənin 21.4-cü maddəsinə əsasən, sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən 30 gündən gec olmayaraq qəbul edilməlidir. Yuxarıda qeyd edilən normalardan göründüyü kimi, sahəni keçirmək istəyən şəxsin bu keçirmənin qanuni olmasını sübut etmək vəzifəsi müəyyən olunmamışdır. Yalnız, qanunveriliklə müəyyən edilmiş sənədləri təqdim etmək vəzifəsi müəyyən edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hazırda iddiaçıya məxsus mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi üçün Mənzil Məcəlləsinin yuxarıda sadalanan maddələrində nəzərdə tutulmuş əsasların mövcudluğu işin halları ilə müəyyən olunduğundan iddia tələbi əsaslıdır və təmin edilməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundantəmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Məmməd Əliyev küçəsi, ev 22 ünvanında yerləşən 4 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3798/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3798/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver