Məhkəmə qərarları › İş №2-1(112)-3798/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3798/2025

15.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3798/2025 15.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “adın hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X8, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “adın hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru (qanuni təmsilçisi) kimi reyestrdən çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti onun məlumatı və iştirakı olmadan xx.xx.2018-ci ildə digər şəxslər tərəfindən elektron qaydada onun adına qeydiyyatdan keçirilib və müxtəlif əməliyyatlar həyata keçirilib. Həyata keçirilən əməliyyatlarla əlaqədar olaraq müəyyən vergi borcları yaranıb, lakin, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8895/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. O, bununla əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmişdir. X1, X5, X7 və X3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Lakin, onun haqqında qəbul edilən qadağa götürülməyib. Bu isə onun hüquqlarını məhdudlaşdırır və sərbəst hərəkət etməsinə mane olur. Hazırda da, vergi orqanlarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti təsisçisi və qanuni təmsilçisi kimi göstərilir. Onun həmin Cəmiyyətlərin təsisçisi və direktoru (qanuni təmsilçisi) kimi qalması foral xarakter daşıyır və onun üçün problemlər yaradır. Belə ki, onun xəbəri olmadan yaradılmış və onun tərəfindən ödənilməsi mümkün olmayan borcuna görə onun hər hansı bir işlə əlaqədar ölkə xaricindən çıxışı məhdudlaşdırılmışdır. O, bununla bağlı cavabdehə müraciət etsə də, İdarənin oktyabr 2024-ci il tarili, 3-21-2-2-1/2- H-6-4-43/2024 saylı məktubu ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək “İddiaçı adının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (qanuni təmsilçisi) kimi reyestrdən çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, dövlət reyestr məlumatlarına əsasən bildirirlər ki, İddiaçı qanuni təmsilçisi (direktoru), eyni zamanda təsisçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2018-ci il tarixdə elektron qaydada dövlət qeydiyyatından keçmişdir. Bu hüquqi şəxslərin qeydiyyata alınması üçün iddiaçının adından elektron qeydiyyat sisteminə müraciət olunmuş və ona aid olan elektron imza ilə müvafiq sənədlər imzalanmışdır. Bildirirlər ki, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən elektron imza sahibi öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur. Qanunun 20.3-cü maddəsinə əsasən imza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu (bundan sonra - Qanun) əsasında həyata keçirilir. Qanunun 9-cu maddəsinə əsasən baş vermiş dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda bildiririk ki, Qanunun 5.4.6-cı maddəsinə əsasən qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti də müvafiq sənədlərlə birlikdə təqdim edilməlidir. Həmçinin onu da bildirirlər ki, Qanunun 5.2-ci maddəsinə əsasən ərizə qanuni təmsilçi və ya onun müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.1-ci və 49.2-ci maddələrinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsi ilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsi ilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Mülki Məcəllənin 91.3.2-ci maddəsinə və Cəmiyyətin Nizamnaməsinin 4.3-cü bəndinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək iştirakçıların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasen şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialar və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar (öhdəliyin icrası haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılan işlər hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Qanunvericiliyin və Cəmiyyətin Nizamnaməsinin tələbindən göründüyü kimi, rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi müvafiq ərizəyə yeni direktorun (qanuni təmsilçinin) təyinatı barədə təsisçilərin ümumi yığıncağın qərarının əsli və təyin olunan şəxsin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə təqdim edildikdən sonra həyata keçirilə bilər. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, hazırkı iddia tələbi üzrə iddiaçının direktorluqdan çıxmaq istədiyi hüquqi şəxslərin - "xxxx" MMC və "xxxx" MMC-nin təsisçisinin iddiaçının özü olması faktını nəzərə alaraq dəyişikliyi həyata keçirmək səlahiyyəti də, iddiaçıya məxsusdur.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən əldə edilmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” məlumatlara əsasən idiaçı X9 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir.

9. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən 3-21-2-2-1/2-H-6- 43/2024 nömrəli məktubla imtina edilmişdir.

10. İş materiallarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışları əlavə edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

12. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

15. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

16. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

17. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır:

18. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun: 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 15 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. 9.2-3. Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı bu Qanunun tələbləri nəzərə alınmaqla və gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə də həyata keçirilir. 9.2-4. Müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunur, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətində həmin sistem vasitəsilə əldə edilən sənədlərdən istifadə edirlər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim oluna bilər. 9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. 9.4. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. 91.1-1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilibedilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. 91.1-2. Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. 91.1-3. Cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı qanunda və ya nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. 91.1-4. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. 91.1-5. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. 91.1-6. Yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. 91.1-7. Bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. 91.2. Cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. 91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.1. cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; 91.3.4. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 91.3.5. cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.6. bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək.

20. Mübahisəyə dair işə cavabdeh tərəfindən imtina məktubunda qeyd edilmişdir ki, cəmiyyələrin təsisçisi və qanuni təmsilçisi kimi iddiaçı xx.xx.2018-ci il tarixdə elektron qaydada dövlət qeydiyyatından keçmişdir. Bu hüquqi şəxslərin qeydiyyata alınması üçün iddiaçının adından elektron qeydiyyat sisteminə müraciət olunmuş və ona aid olan elektron imza ilə müvafiq sənədlər imzalanmışdır. Qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələbindən göründüyü kimi, rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi müvafiq ərizəyə yeni direktorun (qanuni təmsilçinin) təyinatı barədə təsisçilərin ümumi yığıncağının qərarının əsli və təyin olunan şəxsin şəxsiyyət vəsiqəsinin surəti təqdim edilməlidir. İddiaçı qanuni təmsilçinin dəyişməsi barədə cəmiyyətin ümumi yığıncağının müvafiq qərarını təqdim etmədiyindən, həmin dəyişikliklə bağlı hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatın aparılması mümkün deyildir.

21. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin həmin mövqeyi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun məqsədlərinə və mənasına uyğun deyildir.

22. Nəzərə almaq lazımdır ki, hüquqi şəxslərin dövlət reyestri istinad olunan qanun anlamında Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatların (qeydlərin) məcmusundan və ya toplusundan ibarətdir.

23. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması tələb edilir. Həmin normanın “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun məqsədləri, eləcə də istinad olunan qanun anlamında hüquqi şəxslərin dövlət reyestrinin anlayışı və mahiyyəti baxımından təfsirinə görə, hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatın dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasını şərtləndirən hüquqi fakt kimi qiymətləndirilməlidir. Hüquqi faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür.

24. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının faktiki olaraq sözügedən cəmiyyətlərin direktoru vəzifəsini icra etmədiyi, ümumiyyətlə həmin cəmiyyətlərin onun məlumatı olmadan təsis edilməsi və onun cəmiyyətlərin direktoru vəzifəsinə təyin edilməsi səbəbindən həmin cəmiyyətlərin direktoru vəzifəni icra etmək niyyətində olmadığı və bununla bağlı muxtar hüququna əsaslanan azad iradəsini ifadə etdiyi görünür.

25. Məhkəmə hesab edir ki, əslində qeyd olunan hallar hüquqi şəxslərin qanuni təmsilçisi barədə məlumatın dəyişdirilməsi üçün qanunla müəyyən olunan hüquqi fakt kimi qiymətləndirilməlidir.

27. Bundan başqa, həmçinin nəzərə alınmalıdır ki, reyestr məlumatları hüquqi şəxslərə münasibətdə formal vəziyyətin deyil, real və hüquqi cəhətdən işlək vəziyyətin əks etdirilməsi məqsədini daşıyır. Həmin məqsədlər baxımından, iddiaçının Cəmiyyətin rəhbəri kimi səlahiyyətlərini icra etmək niyyətində olmaması ilə bağlı iradəsi nəzərə alındıqda, iddiaçı barəsində Cəmiyyətlərin qanuni təmsilçisi kimi məlumatların saxlanılmasına haqq qazandırıla bilməz.

28. Bununla bağlı məhkəmə həmçinin Ali Məhkəmənin 2-1(102)-26/2021 saylı və 2- 1(102)-548/2023 nörəli qərarlarında ifadə olunmuş hüquqi mövqeyini də nəzərə alır.

31. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi qanunsuz və əsassız hesab edilməlidir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

34. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

35. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı adının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (qanuni təmsilçisi) kimi reyestrdən çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Mili Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar