Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3799/2023 25.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2016-cı ildən iddiaçıya əmək haqqı məbləğinin 80 faizi məbləğində pensiya təyin edilməsi və xx.xx.2016-cı ildən təyin edilmiş əmək haqqı məbləğinin 65 faizi məbləğində pensiyanın kəsr hissəsinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1970-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. xx.xx.1988-xx.xx.1990-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən gəldikdən sonra əmək fəaliyyətinə başlamış, 13 mart 1995-ci il tarixdən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin daxili işlər orqanlarında xidmətə qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli, 1182 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X2 İdarəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilmişdir. 31 may 2016-cı il tarixdə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.1-ci maddəsinə əsasən yazılı ərizə verməklə öz arzusu ilə xidmətdən azad olunmuşdur. Sonuncu dəfə iddiaçı Fövqəladə Hallar Nazirliyinin X2 Xidməti Bakı şəhəri Xəzər rayon X2 hissəsinin böyük sürücüsü vəzifəsində daxili xidmət baş çavuşu xüsusi rütbəsində xidmət etmişdir. xx.xx.2016-cı il tarixdən iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq təminat xərcliyinin 65 faizi məbləğində 353,28 manat pensiya təyin edilmişdir. Halbuki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanının aparatında və onun strukturuna daxil olan qurumlarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr verilməklə sıravi heyət, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət edən şəxslərə, habelə müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin xüsusi rütbəli müdavimlərinə (bundan sonra - əməkdaşlar) şamil edilir. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müraciət edərək əmək pensiyanın yenidən hesablanmaqla əmək haqqının 80 faizi miqdarında təyin edilərək ödənilməsini və xx.xx.2016-cı il tarixdən təyin edilmiş əmək haqqının 65 faizi məbləğində əmək pensiyasının kəsr hissəsinin ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 12 iyul 2016-cı il tarixli 12/12/xr-2790 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında" Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq, Mərkəzi Filial tərəfindən iddiaçıya 1 iyul 2014-cü il tarixində 25 il 2 ay 29 gün (təqvimi xidmət illəri 23 il 1 ay 11 gün, güzəştli xidmət illəri 2 il 1 ay 18 gün) xidmət müddətinə görə təminat xərcliyinin (543,50 manat) 65 faizi - 353,28 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun olaraq əmək pensiyası 372,59 manat iddiaçıya ödənilmişdir. İddiaçının 1 mart 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifənizə uyğun olaraq əmək pensiyasının 391,90 manat olmaqla ona ödənilmişdir. 1 may 2019-cu il tarixindən etibarən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun olaraq əmək pensiyası 440,17 manat olmaqla iddiaçıya ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 378,00 manat, rütbə maaşı 117,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavəsi - 123,75 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi - 94,50 manat, sürücülük dərəcəsinə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi - 37,80 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 815,05 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyasının təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (5 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (5x2) təminat xərci iyinin 10 faizi; natamam ildəki iş stajı aylarının sayına (2 ay) mütənasib olaraq təminat xərcliyinin 0,34 faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün iddiaçının təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 60,34 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (543,50 manat) ilə 1 sentyabr 2019cu il tarixindən sonrakı təminat xərcliyi (815,05 manat) arasındakı fərq məbləğinin (271,55 manat) 60,34 faizi - 163,85 manat 1 mart 2018-ci il tarix inədək olan pensiyasının (353,28 manat) üzərinə əlavə olunmaqla 517,13 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür. Əlavə olaraq bildirilmişdir ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi -51,71 manat maddi yardım ödənilir». İddiaçı Fövqəladə Hallar Nazirliyinin kiçik rəis heyəti vəzifəsində daxili xidmət baş çavuşu rütbəsində xidmət etdiyi halda, ona “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinə əsasən hərbi qulluqçu kimi 01 iyun 2016-cı il tarixdən 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, qalan 5 ilin hər ili üçün 3 faiz olmaqla cəmi təminat xərcliyinin 65 faizi miqdarında pensiya təyin edilmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Belə ki, fövqəladə hallar orqanlarında 25 il 2 ay 29 gün xidmət ilinə görə iddiaçıya 15 il üçün aylıq əmək haqqının 50 faizi miqdarında, 15 ildən yuxarı xidmət stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə əmək pensiyası təyin olunmalı idi. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçı hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Daha sonra İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına əmək pensiyasının yenidən hesablanması ilə bağlı ərizə ilə müraciət etmişdir. İddiaçı müraciəti Mərkəzi filialın xx.xx.2022-ci il tarixli **********6 nömrə məktubu ilə cavablandırılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 12 iyul 2016-cı il tarixli 12/12/xr-2790 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq, 1 iyul 2014-cü il tarixdə 25 il 2 ay 29 gün (təqvimi xidmət illəri 23 il 1 ay 11 gün, güzəştli xidmət illəri 2 il 1 ay 18 güm xidmət müddətinə görə təminat xərcliyinin (543,50 manat) 65 faizi- 353,28 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. 1 mart 2018-ci il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun olaraq əmək pensiyasının məbləği 372,59 manat olmaqla ödənilmişdir. 1 mart 2019-cu il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun olaraq əmək pensiyasının məbləği 391,90 manat olmaqla ödənilmişdir. 1 may 2019-cu il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun olaraq əmək pensiyasının məbləği 440,17 manat olmaqla ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 378,00 manat, rütbə maaşı 117,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavə-123,75 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə-94,50 manat, sürücülük dərəcəsinə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə- 37,80 manat və ərzaq payı əvəzinə kompensasiya 64.00 manat olmaqla cəmi təminat xərcliyi 815,05 manat təşkil etmişdir. Həmçinin bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə avələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikas Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyasının təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindək faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır. 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (5 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (5x2) təminat xərcliyinin 10 faizi; natamam ildəki iş stajı aylarının sayına (2 ay) mütənasib olaraq təminat xərcliyinin 0.3-4 faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 60,34 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci tarixədək olan təminat xərcliyi (543,50 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı təminat xərcliyi (815,05 manat) arasındakı fərq məbləğinin (271,55 manat) 60,34 faizi-163.85 manat 1 mart 2018-ci il tarixədək olan pensiyasının (353,28 manat) üzərinə əlavə olunmaqla 517,13 manat məbləğində əmək pensiyası müəyyən edilməklə iddiaçının müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilmişdir ki, 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla iddiaçıya Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-51,71 manat maddi yardım ödənilir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2016-cı il tarixdən ona əmək pensiyasının yenidən hesablanması və pensiyanın 3 illik kəsr hissəsinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda imtina verilmişdir. -İddiaçının 17/1320-006679 nömrəli pensiya işindən görünür ki, iddiaçının hərbi rütbəsi daxili xidmət baş çavuşu olmaqla, onun cəmi iş stajı və xidmət illəri 25 il 02 ay 29 gün, cəmi pul təminatı (son 24 və ya istənilən ardıcıl gələn 60 ay üzrə ödənmiş orta aylıq əmək haqqına əsasən) isə 543.50 (beş yüz qırx üç manat 50 qəpik) təşkil etmişdir. xx.xx.2016-cı il tarixdə "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə ehtiyata buraxılmışdır. Buna dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçı barəsində 12/12/xr2790 nömrəli məlumat vərəqəsi göndərilmişdir. Həmin məlumat vərəqəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 16/3834 nömrəli, xx.xx.2016-cı tarixli Qərarına əsasən iddiaçıya "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə 65 faiz miqdarında xx.xx.2016-cı il tarixdən ömürlük 353.28 manat məbləğində pensiya təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində cavabdeh orqana müraciət edərək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 25 il xidmət etməsi nəzərə alınaraq pensiyasının yenidən hesablanmaqla əmək haqqı məbləğinin 80 faizi məbləğində pensiya təyin edilməsini və xx.xx.2016-cı ildən təyin edilmiş əmək haqqı məbləğinin 65 faizi məbləğində pensiyanın kəsr hissəsinin ödənilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır və hazırkı ilə iddia ilə bu imtinanı mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71 -ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. "Əmək pensiyaları haqqında” Qanunun: 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 3.3.-cü maddəsinə əsasən, bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 9.7-2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il xidmət stajı olan işçilərin yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin xx.xx.2017-ci il tarixindən qüvvədə olan 9.7-2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il xidmət stajı olan işçilərin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 20.14.1-ci maddəsinə əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; Həmin Qanunun 20.1.20-ci maddəsinə əsasən xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya İ qrup əlil olmuş fövqəladə hallar orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) olmuş əmək pensiyaçılarının qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.28-ci maddəsinə əsasən, bu Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: -20.28.1. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əmək haqqının 50 faizi miqdarında; -20.28.2. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı xidmət stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İşin məhkəmə araşdırması ilə müəyyən edilən hallarına əsasən, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ olan şəxsdir, onun xx.xx.2016-cı il tarixə 25 ildən çox (25 il 02 ay 29 gün) xidmət ili vardır. Cavabdehin mövqeyinə görə iddiaçının qanunla tələb edilən 35 il xidmət ili olmadığından o, fövqəladə hallar orqanlarının əməkdaşı olaraq xüsusi rütbəli şəxs kimi pensiyaya çıxarıla bilməzdi. Ona görə də ona hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçu kimi pensiya təyin edilmişdir. Lakin nəzərə alınmalıdır ki, iddiaçının xüsusi rütbəli şəxs kimi pensiya hüququ xx.xx.2017-ci ilədək yaranmışdır. Belə olan halda, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.7-2-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək, yəni iddiaçının pensiya hüququ yarandığı dövrdə qüvvədə olan redaksiyası şamil olunmalıdır. Bu halda iddiaçının 25 xidmət ili olması tələb olunur ki, iş materiallarından göründüyü kimi həmin staj mövcuddur. Ona görə də iddiaçının daxili xidmət baş çavuşu hərbi rütbəsi olduğu üçün fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən çox xidmət ili olduğundan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.28.1 və 20.28.2-ci maddələrində nəzərdə tutulmuş pensiya hüququ yaranmışdır. Lakin cavabdeh tərəfindən ona pensiya təyin edilərkən qanunvericiliyin normaları iddiaçıya münasibətdə düzgün tətbiq edilməmişdir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilərək İddiaçı xx.xx.2016-cı il tarixdən ona əmək pensiyasının yenidən hesablanması və pensiyanın 3 illik kəsr hissəsinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. “İnzibati icraat haqqında” Qanunun: -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2016-cı il tarixdən ona əmək pensiyasının yenidən hesablanması və pensiyanın 3 illik kəsr hissəsinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3799/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3799/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver