Məhkəmə qərarları › İş №2-1(112)-38/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-38/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-38/2024 28.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Bakı Şəhər İcra Komitəsinin X1 və İstismarı Birliyi tərəfindən 23 dekabr 1989-cu ildə verilən 15 saylı orderə əsasən Türkan massivində yerləşən 0,12 ha torpaq sahəsinin yerinin müəyyən edilməsi və iddiaçının mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli, 9/333 nömrəli qərarına əsasən Azərbaycan SSR Bakı Şəhər İcra Komitəsinin X1 və İstismarı Birliyi tərəfindən verilən 23 dekabr 1989-cu il tarixli, 15 saylı orderlə Bakı şəhəri, Türkan qəsəbəsində 105 nömrəli BTK nəzdində ayrılmış sahəsi 0,12 hektar olan 722b/16 nömrəli bağ sahəsi üzərində İddiaçıovnanın mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 23 dekabr 1989-cu ildə Azərbaycan SSR Bakı Şəhər İcra Komitəsinin X1 və İstismarı Birliyi tərəfindən verilən 15 saylı orderə əsasən İddiaçı Türkan massivində 0,12 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin özəlləşdirilməsi məqsədilə o, 2016-cı ildə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ərizənin təmin edilməsindən imtina edilərək ona bildirilmişdir ki, mütəxəssis tərəfindən texniki baxış keçirilmiş və 105 №-li BTK-nın bölgü sxemində 722B/16 saylı bağ sahəsinin ölçüləri, bağa gedən yolların məsafələri və həmçinin qonşu bağ sahələri əks olunmadığından bağ sahəsinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün olmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı, müvafiq tələblə bağlı ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, bağ massivinə yoxlama-ölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Həmçinin iddiaçı bağ sahəsinin yerini tanımadığını bildirmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya xx.xx.2020-ci il tarixli, **********20 saylı cavab ünvanlanmışdır. Əlavə olaraq bildirilir ki, 105 N-li BTK-nın bölgü sxemində 722B/16 saylı bağ sahəsinin ölçüləri, bağa gedən yolların məsafələri və həmçinin qonşu bağ sahələri əks olunmadığından bağ sahəsinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, iddiaçı onun anasıdır. O, bağın yerini təxmini bilir. Bağ sahəsi onların faktiki istifadələrində deyil. Çünki bağ sahələri ayrılarkən onların bağlarının yerləri göstərilmişdi. Lakin, sonradan həmin yerə gedib-gəlməyiblər. Amma həmin sahədə olan ağaclar və sairdən bağın yerini tanıyır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan SSR Bakı Şəhər İcraiyyə Komitəsinin X1 və İstismarı Birliyi tərəfindən verilmiş 23 dekabr 1989-cu ildə verilən 15 saylı orderin surətinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli, 9/333 nömrəli qərarına əsasən İddiaçıovnaya 105 nömrəli BTK nəzdində Türkan qəsəbəsində 722b/16 nömrəli bağ sahəsi ayrılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli, 9/333 nömrəli qərarına əsasən İddiaçıovnaya 105 nömrəli BTK nəzdində Türkan qəsəbəsində 722b/16 nömrəli bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur. Lakin, 105 nömrəli BTK nəzdində X4 722b/16 nömrəli bağ sahəsinə dair order İdarənin arxivində aşkar edilməmişdir. Həmin məktuba qoşma olaraq göndərilmiş Türkan massivində 105 nömrəli Bağ Tikinti Kooperativinin üzvlərinin siyahısının təsdiq edilmiş surətinə əsasən X2 adı 15-ci sırada qeyd edilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində bildirilmişdir ki, 105 saylı BTK tərəfindən vətəndaşlara torpaq (bağ) sahələri ayrılarkən koordinatlarla ayrılmadığından, həmçinin vətəndaşlar bağ sahələrində hasarlanma işlərini bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq plan üzrə aparmadıqları üçün bağ sahələrinin naturada yerləşməsi və bağlararası yollar sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən 722 b/16 saylı bağ sahəsinin dəqiq harada yerləşməsini müəyyənləşdirmək mümkün deyil. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadı. İdarənin arxiv məlumatlarına əsasən X2 adına Türkan bağ massivində 722b/16 saylı bağ sahəsinin ayrılmasına dair sənəd (həmçinin təqdim edilən 15 nömrəli order) aşkar olunmamışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində bildirilmişdir ki, nümayəndə tərəfindən şərti olaraq göstərilən sahənin hasarı və ya çəpəri yoxdur. Tikili mövcud deyil. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə əsasən uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritəyə əsasən göstərilən sahə 720 saylı bağın ərazisinə uyğun gəlir. Qeyd olunan ərazinin qeydiyyatı barədə elektron kadastr bazasında məlumat aşkar edilmədi. Göstərilən sahənin hasarı və ya çəpəri olmadığından sahənin mərkəzindən koordinatı əlavə edilmişdir (X- 436348, Y- 4466529). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-10/6905 nömrəli, 05 fevral 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, nümayəndə tərəfindən şərti olaraq göstərilən sahənin hasarı və ya çəpəri yoxdur. Tikili mövcud deyil. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə əsasən uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritəyə əsasən göstərilən sahə 720 saylı bağın ərazisinə uyğun gəlir. Qeyd olunan ərazinin qeydiyyatı barədə elektron kadastr bazasında məlumat aşkar edilmədi. Göstərilən sahənin hasarı və ya çəpəri olmadığından sahənin mərkəzindən koordinat əlavə edilmişdir (X-436348, Y-4466529). İşdə olan cavabdeh tərəfindən təqdim edilmiş Türkan bağ massivində yerləşən 720 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərdən müəyyən edilir ki, Türkan bağ massivində yerləşən sahəsi 0,25 və 0,12 ha olan bağ sahələri xx.xx.2014-cü il tarixdən X3 xüsusi mülkiyyətindədir. Həmin bağ sahələri sonuncu tərəfindən alqı-satqı müqavilələrinə əsasən əvvəlki mülkiyyətçilərdən satın alınmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli, 9/333 nömrəli qərarına əsasən iddiaçıya 105 nömrəli BTK nəzdində Türkan qəsəbəsində 722b/16 nömrəli bağ sahəsi ayrılmışdır. İddiaçı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Həm imtinanın, həm də etirazın əsası kimi qeyd etmişdir ki, iddiaçı bağ sahəsinin yerini tanımır. Həmçinin, 105 N-li BTK-nın bölgü sxemində 722B/16 saylı bağ sahəsinin ölçüləri, bağa gedən yolların məsafələri və həmçinin qonşu bağ sahələri əks olunmadığından bağ sahəsinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün olmamışdır. Qeyd edilməlidir ki, iddiaçı öncə bağ sahəsinin yerinin müəyyən edilməsi və çıxarışın verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iddiaçının nümayəndəsi iddiaçının bağ sahəsinin yerini itirdiyini və ona ayrılmış bağın harada yerləşdiyini bilmədiyini bildirmişdir. Sonradan iddia tələbi dəyişdirilərək bağ sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması kimi göstərilmişdir. Göründüyü kimi X1 və İstismarı Birliyi tərəfindən verilmiş 23 dekabr 1989-cu ildə verilən 15 saylı orderinə əsasən iddiaçıya ayrılmış bağ sahəsi onun istifadəsində deyil. İddiaçı həmin bağ sahəsinin harada yerləşdiyini də dəqiq bilmir. O, əvvəlcə bağ sahəsinin yerinin müəyyənləşdirilməsi barədə iddia qaldırmış, sonradan isə iddiasını dəyişmiş və şərti bir sahəni göstərərək ona məxsus bağ sahəsi olduğunu iddia etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/6905 nömrəli, 05 fevral 2024-cü il tarixli ekspert rəyində nümayəndə tərəfindən şərti olaraq göstərilən sahənin hasarı və ya çəpərinin olmadığı, sahədə tikilinin mövcud olmadığı, bağ sahəsinin naturada yerləşməsinin sxematik xəritəyə əsasən uyğunsuzluq təşkil etdiyi, göstərilən sahənin 720 saylı bağın ərazisinə uyğun gəldiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş Türkan bağ massivində yerləşən 720 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərdən müəyyən edilir ki, Türkan bağ massivində yerləşən sahəsi 0,25 və 0,12 ha olan bağ sahələri xx.xx.2014-cü il tarixdən X3 xüsusi mülkiyyətindədir. Həmin bağ sahələri sonuncu tərəfindən alqı-satqı müqavilələrinə əsasən əvvəlki mülkiyyətçilərdən satın alınmışdır. Göründüyü kimi, iddiaçı ona ayrılan torpaq sahəsinin dəqiq yerini tanımır, şərti olaraq göstərdiyi sahə isə ona ayrılmış sahəyə uyğun gəlmir. Bu isə o deməkdir ki, iddiaçı sahiblik və istifadə etmədiyi, şərti olaraq ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia təmin edilərək həmin sahəyə dair iddiaçının mülkiyyət hüququnun tanınması gələcəkdə həmin sahəyə qanuni əsaslarla iddia edən şəxslərin hüquqlarının pozulmasına və bağ sahələrinin bölgüsü ilə bağı ciddi anlaşılmazlıqların yaranmasına səbəb ola bilər. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə uyğundur və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar