Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-380/2022 12.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Hacıbəyоva Tacib qızının sədirliyi İmanov Sənan Xaliq oğlunun katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Eksperiza və Reablitasiya Agentliyinə qarşı "əlillik statusunun təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə" iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Eksperiza və Reablitasiya Agentliyinə qarşı "əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1989-cu il tarixində Bakıda doğulmuşdur, doğulduğu vaxtdan fiziki qüsurları olmuşdur. Hazırda 31 yaşı var və bugünə qədər xəstəliyi ilə əlaqədar olaraq müalicə almamışdır. Belə ki, uzun illərdir ki, B91 poliomielitin xəstəliyindən əziyyət çəkir, nə qədər müalicə alsa da sağalmağı qeyrimümkün olmuşdur. O, ayaqüstə təkbaşına gəzə bilmir, bütün günü əsa ilə gəzir və daima qulluğa ehtiyacı olur. Sağ ayağında anadan gəlmə iflic olma vardır. Bununla bağlı olaraq iddiaçıya əlillik dərəcəsi təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim olunmuş 09.07.2020-ci il tarxili cavab məktubu ilə ona əlillik dərəcəsi təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi əlavə müalicəyə ehtiyacı olması bildirilmidir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Çünki uzun illər davamlı olaraq müalicə almış və heç bir nəticəsini görməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Eksperiza və Reablitasiya Agentliyi iddiaya dair etirazında bildirmişdir ki, iddiaçının irəli sürdüyü tələb qanunsuz və əsassızdır. Şəxsin əlilliyin müəyyən olunması prosesi tamamlanmadığından, əlilliyin təyini istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hər hansı zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. İddiaçı barəsində əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair yekun qərar qəbul edilmədiyindən hazırki iddia ərizəsi mümkün sayılmamalıdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ...2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının tələbi ona əlilliyin müəyyən edilməsi barədə inzibati aktın qəbul edilməsindən ibarətdir. Əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi deməkdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3-cü maddəsində göstərilmişdir:” 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi meyyarlarına dair Əsasnamə”nin 1.5. –ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. İddiaçı ona əlilliyin müəyyən edilməsindən imtina barədə cavabdeh Dövlət Tibbi- Sosial Eksperiza və Reablitasiya Agentliyinin qərarı ilə razı olmadığından, yeni qərar qəbul edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə işin hallarını, mübahisənin xüsusiyyətlərini nəzərə alaraq, xüsusi elmi bilik tələb olunan suallara cavab alınaraq iddiaçının əlilliyin müəyyən edilməsi üçün, mübahisənin həllində məhkəmə tibbi ekspertizanın və nəzarət qaydasında əyani müayinənin aparılmasını zəruri və məcburi hesab etmişdir. Məhkəmənin 28 iyul 2021-ci il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 həvalə edilmiş, ekspert qarşısında: iddiaçının müayinəsi zamanı onda hazırda hansı xəstəliklər və qüsurlar aşkar olunması və bu xəstəliklər və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsi verilməsinə əsas olması sualları qoyulmuşdur. Məhkəmənin digər qərardadı ilə iddiaçının əyani tibb-ekspertiza müayinəsindən keçirərək onda olan xəstəliklərin müəyyən edilməsi, həmin xəstəliklər üzrə əlillyin dərəcəsinin müəyyən edilməsinin mümkünlüyü barədə rəy verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Lakin iddiaçı iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizanın keçirilməsində iştirak etməmiş, təkrar müayinədən keçməkdən imtina etmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxs məhkəməyə ünvanladığı 26.10.2021-ci il tarixli, 3493 nömrəli məktubda bildirmişdir ki, İddiaçı iddiası ilə bağlı təyin edilmiş məhkəmə tibbi ekspertizasının aparılmasından ötrü tibbi sənədlər təqdim edilsədə, özu göndərilmədiyindən ekspertizanın başa çatdırmaq mümkün olmamışdır... sənədlər ekspertiza aparılmadan icrasız geri qaytarılır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə göndərdiyi 06.01.2022-ci il tarixli məktubuna əsasən, İddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə qeydiyyat ünvanına 06.09.2021-ci il tarixli çağırış məktubu göndərilmiş, lakin vətəndaş cari tarixə kimi əyani müayinə məqsədilə Agentliyə müraciət etməmiş, məktubda qeyd edilən telefon nömrəsi ilə əlaqə saxlanıldıqda isə, vətəndaş əyani müayinəyə gəlməyəcəyini bildirmişdir. Məhkəmə tərəfindən 04 may 2021-ci il, 28 iyul 2021-ci il və 26 yanvar və 12 aprel 2022-ci il tarixlərinə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq iddiaçı iclaslarda hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmişdir. Beləliklə, iddiaçı məhkəmə tərəfindən onun üzərinə qoyulan vəzifəni (məhkəmə tibbi ekspertizada və əyani müayinədə iştirak etmək kimi vəzifəni) icra etməmiş, həmin vəzifəni yerinə yetirməkdən çəkinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Eksperiza və Reablitasiya Agentliyinə qarşı “əlillik dərəcəinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə“ tələbinə dair iddia ərizəsi geri götürülmüş hesab edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Eksperiza və Reablitasiya Agentliyinə qarşı “əlillik dərəcəinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dair iddia ərizəsi geri götürülmüş hesab edilsin. Hazırkı iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-380/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-380/2022
12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver