Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-380/2025 17.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndələri X3 və X1 iştirakları ilə, İddiaçı Rəhim oğlunun cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əmtəə nişanının qeydiyyata alınaraq şəhadətnamə verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Rəhim oğlu (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Patent və X4 Mərkəzinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə baxan Apellyasiya Şurasının 30 may 2023-cü il tarixli, A34/23 saylı qərarının ləğv edilməsi, “Cafe de Baku” əmtəə nişanının iddiaçının xeyrinə qeydiyyata alınaraq əmtəə nişanına dair şəhadətnamənin verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Patent və X4 Mərkəzinin əsl cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ilə əvəz edilməsini, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X4 Mərkəzinin 10 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi, “Cafe de Baku” əmtəə nişanının iddiaçının xeyrinə qeydiyyata alınaraq əmtəə nişanına dair şəhadətnamənin verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə “Cafe de Baku” əmtəə nişanının qeydiyyatı ilə bağlı cavabdehə müraciət edilmiş, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən əmtəə nişanının qediyyatından imtina edilməsi haqqında qərar verilmiş, Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində mübahisələrə baxan Apellyasiya Şurasına müraciət edilmiş və 30 may 2023-cü il tarixdə qeydiyyatın rədd edilməsi ilə bağlı qərar verilmişdir. İmtinaya əsas kimi cavabdeh bildirmişdir ki, ekspertizanın nəticəsinə uyğun olaraq “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin “a” bəndinə əsaslanaraq Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına əvvəl qeydə alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları ilə qarışdırılacaq dərəcədə oxşar olan nişanların əmtəə nişanı kimi qeydə alınmır. Bu səbəbdən “Café de Baku” əmtəə nişanının Əmtəə və xidmətlərin beynəlxalq təsnifatının (ƏXBT) 43-cü sinfi üzrə qeydiyyata alınmasından imtina edilir. 35-ci sinif 43-cü sinifdə qeyd edilən xidmətlərlə bağlı hesab olduğu üçün nişanın bu sinifdə də qeydə alınması məqsədəuyğun hesab edilməmişdir. Belə ki, iddia olunan əmtəə nişanı ilə cavabdehin imtinaya səbəb kimi göstərdiyi əmtəə nişanı arasında kifayət qədər fərqlilik var. Əmtəə nişanının qrafik təsvirindəki fərqliliklə yanaşı, istifadə olunan hərflərin şrifti, ölçüsü və yazılışı, sözlərin düzülüşü və təsviri, istifadə olunmuş rənglər, eyni zamanda əmtəə nişanının təsvirində “Café de Baku” söz birləşmələri fransız dilində digər əmtəə nişanında “Baku - Café - ART- CULTURE - FOOD” sözləri ingilis dilində qeyd edilməklə, qarışdırılmayacaq şəkildə açıq-aşkar fərqlənir. Təqdim olunan “Café de Baku” söz birləşmələrindən ibarət əmtəə nişanının özünəməxsus şəkildə təsvir edilməsi, təsvirində: “qəhvəyi və ağ” rənglərdən istifadə olunması, nişandakı yazıların həm məzmunca, həm də qrafik baxımından fərqli hərflərlə yazılması, yerləşmə şəkli, nişanın tələffüzü zamanı sözlərdəki vurğunun fərqli hecalara düşməsi, nişanda qeyd edilmiş, fərqli məzmuna malik və digər bir şəxsə məxsusluğu və ya aidiyyəti olmayan fransız dilindən tərcümədə “Bakı kafesi” ifadələri onu deməyə əsas verir ki, tanınma üçün təqdim olunan nişan həqiqətən də kifayət qədər fərdi xüsusiyyətlərə malikdir və əmtəə nişanı ilkinlik tarixindən əvvəl nə Azərbaycan Respublikasında, nə də beynəlxalq qeydiyyata dair eyni əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə alınmamış və ya qeydə alınmaq üçün iddia edilməmişdir, Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adlarına daxil edilməmiş, qeydə alınmış şəhadətnamə nişanları siyahısına daxil edilməmişdir. Ekspertiza burada yalnışa yol vermiş, ekspertizanı sadəcə “Cafe” və “Baku” sözləri əsasında aparmışdır, halbuki oxşar iddia etdikləri əmtəə nişanı “Baku - Cafe - ART- CULTURE - FOOD” söz birləşmələrindən və təsvirdən ibarətdir. İddia olunan əmtəə nişanından istifadə etməklə 2018-ci ildən sahibkarlıq sahəsinin restoran və kafe, içtimai iaşə sahəsində fəaliyyət ilə məşğuldur, demək olar ki, iddia olunan əmtəə nişanı paytaxtda adı və xidməti ilə kifayət qədər tanınır və fərqlənir, bu günə qədər göstərdiyi xidmətlərlə bağlı əmtəə nişanı haqqında müştərilər tərəfindən kifayət qədər fikir formalaşmış və tanınmışdır. İmtinaya əsas kimi göstərdiyi əmtəə nişanı bir çox xüsüsiyyətləri ilə onun əmtəə nişanından kifayət qədər fərqlənir, bunu nəinki bir mütəxəssisdən, hər hansı bir sadə vətəndaşdan da soruşaraq fərqləndirməni müəyyən etmək olar, halbuki bunu əmtəə nişanı sahəsində bir mütəxəssisin qarışdırma ehtimalı var deyə imtina etməsi ən incə ifadə ilə qeyri obyektivlik kimi qiymətləndirmək olar. “Baku - Cafe - ART- CULTURE - FOOD” restoranı Xətai rayonu, Neftçilər pr. 71 ünvanında yerləşir, onun özünəməxsus müştəri kütləsi və menyusu var, “Café de Baku” restoranı isə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 53 ünvanında yerləşir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli əmtəə nişanının qeydiyyata alınmasından imtina edilməsi haqqında bildirişinə əsasən, iddia edilən nişan 43-cü sinifdə qeyd edilən “ərzaq məhsulları və içkilərlə təmin etmə üzrə xidmətlər” üzrə Azərbaycan Respublikasında öncə qeydiyyatdan keçmiş fonetik cəhətdən oxşar əmtəə nişanları aşkar edildiyi üçün qeydə alına bilməmişdir. Eləcə də, 35-ci sinif siyahısındakı “reklam; biznes sahəsində menecment; biznes sahəsində inzibati fəaliyyət; ofis xidməti”, 43-cü sinif siyahısında yer alan “müvəqqəti yaşayışın təmin edilməsi" xidmətləri nişan üzərində əks olunmuş “Cafe” (Azərbaycan dilində: kafe) sözü ilə uyğunsuzluq təşkil etdiyi üçün iddia edilən nişanının həmin xidmətlər üzrə də qeydiyyatı məqsədəuyğun hesab edilməmişdir. Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli əmtəə nişanını qeydiyyata almaqdan imtina “Café de Baku” əmtəə nişanının qeydiyyata alınmasından imtina edilmişdir. İmtinaya əsas kimi Azərbaycan Respublikası ərazisində daha əvvəl qeydiyyata alınan 2013 1440 qeydiyyat nömrəli “Baku - Cafe - ART- CULTURE - FOOD” əmtəə nişanına oxşar olması göstərilmişdir. “Baku - Cafe - ART- CULTURE - FOOD” əmtəə nişanı xx.xx.2013-cü il tarixdə ƏXBT-nin 41 və 43-cü sinif əmtəələri və xidmətləri üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adına qeydiyyata alınmışdır. Nişanın ilkinlik tarixi xx.xx.2013-cü ildir. Nişan 31,07.2033-cü il tarixinə qədər qüvvədədir. Əmtəə nişanında təsviri hissədən başqa qalan işarələr müstəqil hüquqi mühafizə obyektləri deyildir. Müqayisə olunan nişanlar oxşar bir semantik yük daşıyır və istehlakçının təxəyyülündə eyni istehsalçıya məxsus əmtəələrin cüzi qrafik fərqlərə malik seriyası olması fikrini yaradır. İddia edilən nişanın ƏXBT-nin 35-ci sinif (reklam, biznes sahəsində menecment, biznes sahəsində inzibati fəaliyyət, ofis xidməti) xidmətləri üzrə qeydiyyata alınmasından imtina edilməsi hissəsinə münasibətdə qeyd edilmişdir ki, nişanın tərkib hissəsi olan “cafe” sözü müxtəlif ölkələrdə istifadə edilən (cafe, cafe, caffe) bişmiş məmulatlar və ya qəlyanaltılar kimi yüngül təamlar təklif edən, həmçinin qəhvə və çay təqdim edən restoran növüdür. “Cafe” termini “qəhvə” mənasını ifadə edən fransız mənşəli sözdür. Belə ki, hazırkı bazar mühiti və istehlakçı düşüncəsi nəzərə alınaraq belə nəticəyə gəlmək olar ki, iddia edilən nişan, hər hansı bir istehlakçı tərəfindən ilk baxışdan kafe və ya restoran xidmətlərinin həyata keçirildiyi kimi qəbul ediləcəkdir. İddia edilən nişan “reklam, biznes sahəsində menecment, biznes sahəsində inzibati fəaliyyət, ofis xidməti” üzrə istifadə edildikdə isə istehlakçıları çaşdırmaq ehtimalının yüksək olduğu deyilə bilər. Odur ki, nişan göstərilən xidmətlərin xüsusiyyətləri ilə bağlı istehlakçılar arasında çaşqınlıq yaradan işarə və göstərişlərdən ibarətdirsə həmin nişanın qeydə alınması yolverilməzdir. İddiaçı tərəfindən əmtəə nişanının istehlakçılar arasında fərqlənmə qabiliyyətinin olmasına dair təqdim edilmiş video materiala (kompakt disk) münasibət bildirərək qeyd edilmişdir ki, həmin sorğunun hazırkı iş üzrə maraqlı olan şəxs (iddiaçı) tərəfindən həyata keçirilməsi halı həmin dəlilin mötəbərliyini istisna edir. “Baku - Cafe - ART- CULTURE - FOOD” nişanının ƏXBT-nin 41 və 43-cü sinif əmtəələri üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adına Azərbaycan Respublikasında hüquqi mühafizə edilərkən onun razılığı olmadan başqa şəxsin adına qeydiyyata alınması sahibkarın nişan üzərində müstəsna hüquqlarının pozulmasına səbəb ola bilər. Həmçinin, iddiaçıya Qanunun 6-cı maddəsinin birinci hissəsinin “a” və “b” bəndlərinə uyğun olaraq oxşar əmtəə nişanının sahibinin razılıq məktubu və ya başqa razılaşma sənədinin əmtəə nişanının ekspertizası mərhələsində, ekspertiza nəticəsində rədd qərarı qəbul edildikdə isə apellyasiya şurasında nəzərə alına biləcəyi barədə məlumat verilsə də, belə razılıq məktubu və ya başqa razılaşma sənədi təqdim edilməmişdir. Əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Müxtəlif istehsalçılar tərəfindən fərqli əmtəələrin istehsal edilməsi və ya xidmətlərin göstərilməsi əmtəə nişanını digər sahibkarın əmtəə nişanından fərqləndirən əsas amillərdən biridir. Əmtəə nişanlarının qarışdırılacaq dərəcədə oxşar olub olmaması müəyyən edilərkən müqayisə edilən nişanların qrafik, fonetik və semantik cəhətdən oxşarlığı ilə yanaşı, həmin əmtəə nişanları adı altında eyni və ya həmcins əmtəələrin istehsal edilib edilməməsi, əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi nəzərə alınmalı, həmçinin əlamətlər və meyarlar bütün növ əmtəələr və ya xidmətlər üzrə qeyri-müəyyən şəkildə deyil, mühafizəsi tələb olunan mal və ya xidmətlərə münasibətdə qiymətləndirilməlidir. Belə ki, müqayisə edilən nişanların ƏXBT-nin 43-cü sinif əmtəələri həmcinsdir. Qeyd edilən nişanlar müqayisə olunarkən orta istehlakçıda yarada biləcək təəssürata nəzərən (ümumi görünüşlü (müşahidə) təəssüratı) bütövlükdə yanaşılmalıdır. “Café de Baku” əmtəə nişanı və qarşı qoyulmuş “Baku - Cafe - ART- CULTURE - FOOD” əmtəə nişanı üzrə ƏXBT-nin 43-cü sinfinə aid olan əmtəələrin üst-üstə düşdüyü və ya həmcins olduğundan müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu, nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı, yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi, uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu, işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer, kar və cingiltili tərkibin yaxınlığı, nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri, bir nişandan (işarədən) digərinə daxil olma, vurğu baxımından (fonetik oxşarlıq), eləcə də ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin biri-birinə nəzərən yerləşməsi, hərflərlə yazılmış sözlərin əlifbası meyarları üzrə (qrafik oxşarlıq) qarışdırılacaq dərəcədə oxşardırlar və istehlakçını göstərilən xidmətin mənşəyi ilə bağlı yanılda bilər. İddiaçı tərəfindən irəli sürülən dəlillər mötəbər sübutlarla təsdiqini tapmadığından sadəcə iddiaçıya məxsus mülahizə xarakteri daşıyır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə oxşar məzmunlu izhaat verərək həmçinin bildirdi ki, iddiaçının qeydə alınmasını xahiş etdiyi “Café de Baku” əmtəə nişanı fransız dilindədir. Cavabdehin oxşar əmtəə nişanı kimi qiymətləndirdiyi “Cafe Baku ART. CULTURE. FOOD” əmtəə nişanı isə ingilis dilindədir. “Café de Baku” sözündə “de” sözü əslində fransız dilində “dö” kimi səslənir. Bu isə “Bakı kafesi” mənasına gəlir. Digər nişan isə heç bir məna vermir. Həmçinin digər nişanda ART. CULTURE. FOOD” sözlərindən istifadə olunub. Əmtəə nişanlarında olan sözlərin yazılışı da fərqlidir. İddiaçıya məxsus iaşə obyekti Bakı Dövlət Universitetinin yaxınlığında yerləşir və yüzlərlə tələbə və digər şəxslər həmin kafenin xidmətindən istifadə edir. Digər əmtəə nişanının sahibinə məxsus olan obyekt isə “Port Baku”da yerləşir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddiaya yazılı etirazla oxşar məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdilər. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cavabdeh tərəfindən “Café de Baku” əmtəə nişanının qeydiyyata alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının A34/23 nömrəli, 30 may 2023-cü il tarixli qərarına əsasən İddiaçı Rəhim oğluna məxsus “Café de Baku” əmtəə nişanının ƏXBT-nin 35 və 43-cü sinif xidmətləri üzrə qeydiyyata alınmasından imtina edilməsi barədə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzinin xx.xx.2023-cü il tarixli qərarından iddiaçı A.Daşdıyev tərəfindən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasına verilmiş etiraz ərizəsi əsassız hesab edilmiş və təmin olunmamışdır. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X4 Mərkəzinin 10 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi, “Cafe de Baku” əmtəə nişanının iddiaçının xeyrinə qeydiyyata alınaraq əmtəə nişanına dair şəhadətnamənin verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçının tələbinin təmin edilməsi barədə cavabdeh tərəfindən qərar qəbul edildikdən sonra iddiaçı həmin qərardan inzibati qaydada şikayət vermişdir. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının A34/23 nömrəli, 30 may 2023-cü il tarixli qərarının iddiaçıya təqdim edilməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə (bundan sonra - İPM) mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər (38.1.). Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır) (1). Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir (3). Əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması (4). Fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlarının qeydə alınmasına yol verilmir (5. b). Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları qeydə alınmır (6.a). Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum qeydə alınmış əmtəə nişanına və ya coğrafi göstəriciyə dair Azərbaycan Respublikası ərazisində qüvvədə olan qeydiyyat şəhadətnaməsi verir (19). Göründüyü kimi iddiaçı “Café de Baku” əmtəə nişanının qeydə alınmsı üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərıfindən həmin nişanın əmtəə nişanı kimi qeydə alınmasında imtina edilmişdir. İmtinaya əsas kimi isə həmin nişanın əvvəllər qeydə alınmış “Cafe Baku ART. CULTURE. FOOD” əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə oxşar olması göstərilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nda (bundan sonra - Qaydalar) göstərilmişdir ki: 29.4. Eynilik və oxşarlıq yoxlanarkən, aşağıdakı hərəkətlər həyata keçirilir: a) eyni və oxşar nişanların məlumat axtarışı aparılır; b) məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən edilir; c) iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşar əmtəə nişanının (işarənin) şamil edildiyi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir. 29.5. Qarışdırılacaq dərəcədə eyni və oxşar olan nişanlar üzrə məlumat axtarışı, Qanunun 6-cı maddəsinə və bu Qaydaların 5-ci bəndinə uyğun olaraq aşağıda göstərilən nişanlar üzrə aparılır: a) Azərbaycan Respublikasında qeydə alınan və ekspertizası aparılan əmtəə nişanına nəzərən, daha əvvəl ilkinliyə malik olan əmtəə nişanları və ya Azərbaycan Respublikasında həmcins əmtəələrə və ya xidmətlərə görə daha əvvəl ilkinliklə başqa şəxsin adına qeydə alınmaq üçün iddia olunan nişanlar. Bu zaman Qanunun 31-ci maddəsinə uyğun qeydiyyatı ləğv olunan əmtəə nişanları və Qanunun 12ci maddəsinə uyğun olaraq qeydə almaq üçün verilməmiş sayılan iddia sənədləri nəzərə alınmır; b) Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında geniş tanınmış əmtəə nişanları; c) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr, yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; ç) nişanların beynəlxalq qeydiyyatına dair Madrid Sazişinə uyğun olaraq, onların beynəlxalq qeydiyyatı əsasında Azərbaycan Respublikasında mühafizə olunan əmtəə nişanları; d) coğrafi göstəricidən istifadə hüququnu əldə edən şəxsin adına qeydə alınmış əmtəə nişanına mühafizəsiz element kimi daxil olan hallar istisna olmaqla, Qanuna uyğun mühafizə olunan coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları. 29.6. Sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması 29.6.1. Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi nişanla oxşar əmtəə nişanı kimi “Cafe Baku ART. CULTURE. FOOD” əmtəə nişanı müəyəyn edilmiş və nişanların oxşarlıq ələamətləri araşdırılmışdır. Qaydalarda göstərilmişdir ki, Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər: 29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biribirinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu. Göründüyü kimi “Café de Baku” əmtəə nişanı ilə “Cafe Baku ART. CULTURE. FOOD” əmtəə nişanları arasında böyük fonetik oxşarlıq mövcuddur. Belə ki, hər iki nişanda “Kafe” və “Baku” sözlərindən istifadə olunmuşdur ki, həmin sözlər eyni səslərdən təşkil olunmuş, istifadə olunan səslərin ahəngdarlığı, heca tərkibi, hecların uyğunluğu, vurğu və digər fonetik göstəricilərə əsasən bir-birinə tam uyğundur. Fərq yalnız “Kafe” və “Baku” sözlərinin arasında işlənən “de” hissəciyindən ibarətdir. Qaydaların 29.6.3-cü bəndi: Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası). Göründüyü kimi iki əmtəə nişanı arasında qrafik oxşarlıq da mövcuddur. Belə ki, yazılışda oxşar şriftlərdən istifadə olunmuş, hərflərin bir-birinə nəzərən yerləşməsi və əlifba baxımıından ifadələr oxşarlıq təşkil edir. Qaydaların 29.6.4-cü bəndi: Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri. Göründüyü kimi nişanlarda nəzərdə tutulan ideyalar demək olar ki üst-üstə düşür. Belə ki, hər iki nişanda təqdim edilən məna “Bakı kafesi”, “Bakı adlı kafe”, “Bakıya aid olan kafe”, “Bakıda yerləşən kafe” mənasını verir. Eyni zamanda Qaydalarda göstərilmişdir ki, 29.9.1. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. 29.9.2. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, həm iddiaçı, həm də “Cafe Baku ART. CULTURE. FOOD” əmtəə nişanının sahibi oxşar fəaliyyətlə, yəni ictimai iaşə obyekti olaraq müştərilərə müxtəlif içki və yüngül qəlyanaltıların təqdim edilməsi ilə məşğul olurlar. Nişanlarda əks olunan “Kafe” sözü də məhz həmin fəaliyyəti özündə ehtiva edir. Qeyd edilməlidir ki, əmtəə nişanlarının bir-biri ilə oxşar olmaması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblərin əsasında o məqsəd durur ki, təqim olunan xidmətlərdən istifadə edən istehlakçılar eyni və oxşar xidmətlər təqdim edən sahibkarları həmin əmtəə nişanlarına görə bir-biri ilə qarışdırmasınlar. Hazırkı halda iddiaçı ilə “Cafe Baku ART. CULTURE. FOOD” əmtəə nişanı sahibinin də oxşar xidmətlər təqdim etməsi nəzərə alınarsa, nişanlarda olan oxşarlıqlar istehlakçılar tərəfindən həmin nişanların sahiblərinin bir-birindən fərqləndirilməsində çətinliklər yaradacağını istisna etmir. Belə ki, hər iki şəxs kafe fəaliyyəti ilə məşğul olur və hər ikisi Bakı şəhərində fəaliyyət göstərir. Qaydaların 30-cu bəndi: Əmtəə nişanının ilkinliyinin təyini 30.1. Əmtəə nişanının ilkinliyi Qanunun 10-cu maddəsinə uyğun olaraq, bu Qaydaların 6—14-cü bəndlərində və Qanunun 9-cu maddəsində müəyyən edilən şərtlərin yerinə yetirildiyi halda iddia sənədinin Agentliyə daxil olduğu tarixdən müəyyən edilir. Göründüyü kimi “Cafe Baku ART. CULTURE. FOOD” əmtəə nişanı artıq dövlət qeydiyyatından keçmişdir və fəaliyyət göstərir. Bu isə iddiaçının təqdim etdiyi əmtəə nişanının qeydə alınmasını qeyri-mümkün edir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X4 Mərkəzinin 10 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi, “Cafe de Baku” əmtəə nişanının iddiaçının xeyrinə qeydiyyata alınaraq əmtəə nişanına dair şəhadətnamənin verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Rəhim oğlunun cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X4 Mərkəzinin 10 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi, “Cafe de Baku” əmtəə nişanının iddiaçının xeyrinə qeydiyyata alınaraq əmtəə nişanına dair şəhadətnamənin verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-380/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-380/2025
17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver