Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3801/2024 22.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) ona təyin edilmiş əmək pensiyasına əlavənin 3 faizlə hesablanması ilə bağlı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Q-256101/2023 nömrəli məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, xidmət etdiyi orqandan 7 iyul 2023-cü il tarixində tərxis olunması ilə əlaqədar, Mərkəzi Filiala iddiaçı ilə bağlı təqdim olunmuş məlumat vərəqində cəmi xidmət müddəti ümumilikdə 27 il 6 ay 10 gün (təqvimi xidmət illəri 21 il 7 gün (1 iyul 2017-ci il tarixinədək 15 il 1 gün. 1 iyul 2017-ci ildən sonra 6 il ö gün), güzəştli xidmət illəri 6 il 6 ay 3 gün) vəzifə maaşı 358,00 manat, rütbə maaşı 127,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavə 194,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə 89,50 manat, vəzifə maaşının 20 faizi miqdarında əlavə 71,60 manat, vəzifə maaşının 25 peşəkarlıq, fərqlənməyə görə əlavə 89,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1083,10 manat göstərilmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya 8 iyul 2023-cü il tarixindən Qanunun 20.14.1-ci maddəsinə əsasən müvafiq təminat xərcliyinin (1083,10 manat) 65 faizi-704,02 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilir. Əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 1249,06 manat fərq məbləğinin cari ilin oktyabr və noyabr aylarında hissə-hissə müvafiq kart hesabına köçürülməsi nəzərdə tutuluşdur.
2. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xidmət illəri üçün müvafiq təminat xərcləri 01 iyul 2017-ci il tarixə kimi 3 faizi miqdarında, 01 iyul 2017-ci ildən 07 iyul 2023-cü il tarixə kimi təminat xərclərin 2 faiz miqdarında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması
3. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş, 2002-2003-cü illərdə hərbi xidmətdə olmuşdur. 27 dekabr 2003-cü il tarixdən 07 iyul 2023-cü il tarixə kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xidmət etmişdir. 07 iyul 2023-cü il tarixdə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin və göstəricilərin siyahısına” əsasən güzəştli şərtlərlə pensiyaya çıxmışdır. xx.xx.2023-cü il tarixə kimi qulluq müddəti güzəştli pensiya ilə hesablanmaqla 27 il 06 ay 10 gün təşkil edir. Hazırda ona güzəştli şərtlərlə pensiya təyin edilmiş, lakin pensiya təyin edilərkən düzgün hesablanmamışdır. Ona 2003-cü ildən 2017-ci ilə kimi xidməti həmin vaxt qüvvədə olan “Əmək pensiyaları” haqqında qanunun müdəaları tətbiq edilməli, müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, 01 iyul 2017-ci il tarixdən sonrakı dövr üçün isə təminat xərcləri 2 faizlə hesanlanmalıdır. O, işə daxil olarkən pensiyasına əlavə 3 faiz nəzərdə tutulurdu. Sonradan həmin məbləğin 2 faizə endirilməsi ona təyin edilmiş pensiyaya təsir etməməlidir. Xüsusi X1 xidmət keçdiyi bütün illəri 2 faizlə hesablaması əsasızdır. Qanunun dəyişməsinə baxmayaraq ona pensiya tam olaraq 3 faizlə hesablanmalı idi. Əgər Qanuna dəyişiklik xx.xx.2017-ci ildə olmuşdursa, o halda həmin ilə qədər 3 faizlə hesablanmalıdır. Belə ki, cavabdeh təşkilatın imtina məktubunda göstərdiyi maddi hüquq normaları onun vəziyyətini ağırlaşdırır, ağırlaşdırıcı hallarda isə qanunun geriyə qüvvəsi şamil oluna bilməz.
4. Cavabdeh iddiaya yazılı etirazında iddia tələbinin təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 14 yanvar 2020-ci il tarixli MN-12774 nömrəli məlumat vərəqinə əsasən Mərkəzi Filial tərəfindən iddiaçıya 8 iyul 2023-cü il tarixdən Qanunun 20.14.1-ci maddəsinə əsasən müvafiq təminat xərcliyinin (1083,10 manat) 65 faizi-704,02 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, Mərkəzi Filial tərəfindən iddiaçıya 08 iyul 2023-cü il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq, ümumilikdə 27 il 6 ay 10 gün (təqvimi xidmət illəri 21 il 7 gün (1 iyul 2017-ci il tarixinədək 15 il 1 gün, 1 iyul 2017-ci ildən sonra 6 il 6 gün), güzəştli xidmət illəri 6 il 6 ay 3 gün) xidmət müddəti üçün təminat xərcliyinin (1083,10 manat) 65 faizi (20 ilə görə 50 faizi, 7 ilə görə 14 (7x2) faizi, 6 aya görə 1 faiz)- 704,02 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyasının təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; - 20 ildən artıq xidmət müddətinin (3 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (3x2) təminat xərcliyinin 6 faizi; - natamam ildəki iş stajı aylarının sayına (10 ay) mütənasib olaraq təminat xərcliyinin 1,66 faizi. İddiaçının əmək pensiyasını müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 65 faiz təşkil edir. Qanunun 9.5ci maddəsinin tələblərinə əsasən hərbi qulluqçu kimi əmək pensiyası hüququnu müəyyən edən 20 təqvim ili xidmət müddəti 1 iyul 2017-ci il tarixinədək mövcud olmadığından həmin Qanunun 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş müddəalarına uyğun olaraq 20 ildən artıq hər xidmət ili üçün təminat xərcliyinin 3 faizinin iddiaçının əmək pensiyasının hesablanması üçün tətbiqi mümkün hesab edilmir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi
7. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
8. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Naziriliyinin Penitensiar Xidməti tərəfindən verilmiş əmək pensiyası təyinatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan 3642 nömrəli məlumat vərəqindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixinə qədər 15 il 7 gün (güzəştli 4 il 5 ay 1 gün), xx.xx.2017-ci il tarixindən sonra 6 il 6 gün (güzəştli 2 il 2 gün) olmaqla, təqvim üzrə cəmi 21 il 7 gün, ümumilikdə isə 27 il 6 ay 10 gün xidmət etmiş, xx.xx.2023-cü il tarixdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 40.1.12-ci maddəsinə əsasən (qanunla nəzərdə tutulmuş digər hallarda) ehtiyata buraxılmışdır. İddiaçının xx.xx.2017-ci il tarixə cəmi xidmət müddəti 19 il 6 ay 2 gün, xx.xx.2017-ci il tarixdən sonra 8 il 8 gün olmuş, təminat xərcliyinin cəmi məbləği 1083.10 manat təşkil etmişdir.
9. İşdən görünür ki, iddiaçıya cavabdeh tərəfindən 08 iyul 2023-cü il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq, ümumilikdə 27 il 6 ay 10 gün (təqvimi xidmət illəri 21 il 7 gün (1 iyul 2017-ci il tarixinədək 15 il 1 gün, 1 iyul 2017-ci ildən sonra 6 il 6 gün), güzəştli xidmət illəri 6 il 6 ay 3 gün) xidmət müddəti üçün təminat xərcliyinin (1083,10 manat) 65 faizi (20 ilə görə 50 faizi, 7 ilə görə 14 (7x2) faizi, 6 aya görə 1 faiz)- 704,02 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 10.İddia ərizəsindən görünür ki, hazırda iddiaçı bu hesablama ilə razılaşmayaraq, 20 ildən artıq hər il üçün təminat xərcliyinin 01 iyul 2017-ci il tarixə kimi 3 faizi, 01 iyul 2017-ci ildən 07 iyul 2023-cü il tarixə kimi 2 faizi miqdarında hesablanmasını xahiş edir. 11.Məhkəmə qeyd edir ki “Əmək pensiyaları haqqında” Qanuna (bundan sonra – ƏPQ) əsasən: - xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiya: Maddə 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin –50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin –3 faizi miqdarında əlavə olunmaqla. - xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş redaksiya: Maddə 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin –50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; 12.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.10-cu bəndinə əsasən Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı Qanunun 20.14.1ci maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 20 ildən və 20.14.4-cü maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 2017-ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər istisna olmaqla) miqdarında hesablanır. 13.Göründüyü kimi, qanunvericiliyə əsasən 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı hərbi qulluqçuların əmək pensiyasına əlavələr təminat xərcliyinə əsasən aşağıdakı qaydada müəyyən edilir:
1. 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 2017-ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi;
2. həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün 2 faizi miqdarında. 14.İşin yuxarıda qeyd olunan hallarından görünür ki, iddiaçının xx.xx.2017-ci il tarixədək 20 il deyil, 19 il 6 ay 2 gün xidmət müddəti olmuş, bununla da o, 2017-ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə hesablanması hüququna malik olmamışdır. 15.İddiaçı ərizəsindən ağırlaşdırıcı hallarda qanunun geriyə qüvvəsinin olmadığını bildirsə də, məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olan müddəa iddiaçıya o halda tətbiq edilə bilərdi ki, onun həmin tarixə artıq 20 il xidmət müddəti tamam olsun və onun həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun hüququ yaransın. Nə qədər ki, iddiaçının belə bir hüququ yaranmamış, ona əmək pensiyası xx.xx.2023-cü il tarixdə təyin edilmişdir, deməli, cavabdeh həmin tarixdə qüvvədə olan qanunvericiliyi iddiaçıya tətbiq etməkdə haqlı olmuşdur. 16.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 17.Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. 18.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 19.Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova