Məhkəmə qərarları › İş №2-1(112)-3801/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3801/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3801/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “həqiqi hərbi xidmətdən ehtiyata buraxılma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2024-cü il tarixli raportuna əsasən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2008-ci ildə Gülhanə Hərbi Tibb Akademiyasına daxil olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ordu sıralarına daxil olmuşdur. Gülhanə Hərbi Tibb Akademiyasını 30 avqust 2014-cü il tarixdə bitirdikdən sonra, xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmətini davam etdirmişdir. 28 aprel 2023-cü il tarixindən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının diaqnostika şöbəsinin, radiologiya bölməsinin baş ordinatoru vəzifəsində xidmət edir. 44 günlük müharibə zamanı Ağdam rayonu yaxınlığında yerləşən hərbi hospitalda “səyyar rentgen kabinet rəisi” vəzifəsində rəsmi işçi kimi xidmət etmişdir. Mayor rütbəsi verilməsi səbəbindən hərbi bileti yenisi ilə əvəzlənmişdir. İddiaçı ilk dəfə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-ci maddəsinin tələblərinə uyğun olaraq, “xx.xx.2024-cü il tarixində zabit kimi xidmətinin təqvim hesabı ilə 10 ilinin tamam olacağı əsası ilə”, yuxarı komandirin adına raport yazaraq “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) əsasən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Sonradan ehtiyata buraxılmağı ilə əlaqədar təkrar müraciəti olmuşdur. Rapoprtunun yazılmasının üzərindən xeyli müddət keçməsinə baxmayaraq hərbi hissə komandiri tərəfindən rəsmi cavab verilmədən, müxtəlif əsaslarla müraciətinin məqsədə uyğun hesab edilmədiyi şifahi olaraq ona bildirilmişdir. Oktyabr 2024-cü il tarixdən etibarən daha bir neçə müraciət ərizələri göndərmişdir. Lakin şifahi olaraq ona bildirilmişdir ki, müraciətinə rəsmi cavab verilməyəcəkdir. Ehtiyata buraxılmağına “icazə verilməsinin” gecikdirilmisini qanunsuz və əsassız hesab edir. Belə ki, bu gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin bütün hərbi hissələrindən, o cümlədən X2 hərbi hissələrindən zabitlərin ehtiyata buraxılması müntəzəm olaraq həyata keçirilir. Hesab edir ki, onun Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş həqiqi hərbi ximdətdən ehtiyata buraxılma hüququ kobud şəkildə pozulmuşdur.

3. Məhkəmənin sərəncamına cavabdeh tərəfindən yazılı etiraz təqdim edilməmişdir.

4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak edən iddiaçı və onun vəkili iddia tələbinin təmin olunmasını xahiş etdilər.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

6. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

7. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

8. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

10. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı müvafiq tələblə xx.xx.2024-cü il tarixdə yuxarı komandirin adına raport yazaraq “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) əsasən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, lakin hərbi hissə komandiri tərəfindən rəsmi cavab verilmədiyi üçün xx.xx.2024-cü il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

III. Məhkəmənin mövqeyi

11. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 18. Həqiqi hərbi qulluqçuların hərbi xidmətdən buraxılmaq hüququ

1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində on illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. Maddə 22. Təklif, ərizə və şikayət hüququ

2. Müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. ...

12. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 39.1.Dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın aşağıdakı son yaş hədləri müəyyən edilir: 39.1.1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün - 36,5 yaş; 39.1.2. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün - 45 yaş; 39.1.3. kiçik zabitlər üçün - 48 yaş; 39.1.4. baş zabitlər üçün: 39.1.4.1. mayor, polkovnik- leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş; 39.1.4.2. polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün - 53 yaş; 39.1.5. ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral - 58 yaş, general-polkovnik, admiral rütbələrində - 63 yaş. 39.4. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar (zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). 39.5. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla həqiqi hərbi xidmətdə saxlanıla bilərlər. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər;..

13. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin:

155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir.

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər..

14. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi:

6. Hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır.

15. “İnzibаti icrааt hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

16. İstinad edilmiş normaların mənasından görünür ki, müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehtiyata buraxılması hüququ nəzərdə tutulur və qanuna görə bu hüquqa o, hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da malik olur.

17. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi öz arzusu ilə ehtiyata buraxılması barədə raportunu xx.xx.2024-cü il tarixdə müvafiq komanda üzrə rəhbərliyinə təqdim etmişdir.

18. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçı tibb xidməti mayoru İddiaçı xx.xx.2006-cı il tarixdən Azərbaycan Ordusunda, xx.xx.2019-cu il tarixdən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında həqiqi hərbi xidmətdədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinin tələbləri baxımından da qanunidir. Bundan başqa, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli raportun surətindən görünür ki, iddiaçı Müdafiə Nazirliyinin Baş X1 rəisinə rəsmi müraciət edərək, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ordu sıralarından ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, Müdafiə Nazirliyinin Baş X1 rəisi tərəfindən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının rəisinin tibb hissəsi üzrə müavini-Tibb Hissə rəisi qarşısında vəsatət qaldırılmışdır. Lakin buna baxmayaraq, iddiaçının ehtiyata buraxılması ilə bağlı müvafiq qərar qəbul edilməmişdir. Cavabdeh orqan bunun səbəbləri barədə məhkəməyə qanuni və əsaslı məlumat verə bilməmişdir.

19. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddia üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının öz arzusu ilə vəzifəsindən azad olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu (İPM-in 14.3-cü maddəsi), hərbi qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayətolunmaması, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinasının qanunazidd olması və iddiaçının hüquqlarını pozması (İPM-in 73.1-ci maddəsi) iş üzrə təsdiqini tapmışdır.

20. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

21. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

23. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

25. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

26. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

28. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir.

29. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar