Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3804/2021 23.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə (Ünvan: Bakı şəhəri, M.X.Xiyabani küçəsi ev 33, mənzil 69; ixtisası: ali təhsil; iş yeri və vəzifəsi: Ləğvetmə komissiyasının üzvü), cavabdehin nümayəndəsi X6 (Ünvan: Bakı şəhəri, Xətai rayonu 23; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin Məhkəmə və inzibati işlər bölməsinin rəisi), 3-cü şəxs X3 (Ünvan: Naxçıvan MR, Şərur rayonu, Şıxmamhmud kəndi; ixtisası: orta təhsil; iş yeri: işləmir) iştirakları ilə, iddiaçı - İddiaçı ASC cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə 3-cü şəxslər - X8 və X12 qarşı “iddiaçının hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı İddiaçı ASC-nin ləğv prosesi başa çatdığı üçün Cəmiyyətin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 11.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin 11.03.2021-ci tarixli qərardadı ilə X8 və X12 hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 23.09.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, "Vahid” Açıq Səhmdar Cəmiyyətinin səhmdarların 19.06.2018-ci il tarixli ümumi yığıncağında Cəmiyyətin ləğv edilməsi haqqında qərar qəbul edilmişdir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-1.4-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitəsi ilə məlumat verilmiş və səhmdarlara bu barədə yazılı bildiriş göndərilmişdir). Həmçinin, ümumi yığıncağının qərarı ilə ləğvetmə komissiyası da yaradılmışdır. İddiaçı ASC-nin ləğvetmə komissiyası təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə barədə qərarı, ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına (Vergilər Departamentinin müvafiq idarəsinə) təqdim etmişdir. Hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş məlumatları aldığı gündən 5 gün ərzində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil etmişdir. Daha sonra mülki qanunvericiliyin tələblərinə görə Ləğvetmə komissiyası “Vergilər” qəzetində hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirmişdir. Bu məlumat hər dəfə 15-20 gün fasilə ilə daha iki dəfə eyni qaydada dərc etdirilmişdir. Daha sonra kreditorların tələblərinin irəli sürülməsi müddəti bitdikdən sonra 10 gün müddətində ləğvetmə komissiyası aralıq ləğvetmə balansını tərtib edərək təsdiq etmişdir. Kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra Cəmiyyətin ləğvetmə komissiyası ləğvetmə balansını və qalıq əmlakın iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatı tərtib etmişdir. Bundan sonra Cəmiyyətin səhmdarlarının 26.10.2018-ci il tarixdə növbəti ümumi yığıncağı keçirilmiş (yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilmiş və səhmdarlara bu barədə yazılı bildiriş göndərilmişdir) və ümumi yığıncağın qərarına əsasən Cəmiyyətin ləğv edilməsinin başa çatdırılması üçün səhmdarlara məxsus əmlak payının bölüşdürülməsi haqda qərar qəbul edilmişdir. Həmçinin, Ləğvetmə komissiyasına Cəmiyyətdə son haqq-hesabın aparılması üçün Vergilər Nazirliyinə müraciət etmək və qanunvericiliyə uyğun olaraq digər zəruri hərəkətləri etməyə dair səlahiyyətlər verilmişdir. İddiaçı ASC-nin səhmdarlarına düşən əmlak payı müəyyənləşdirilərək səhmdarlara təqdim edilmişdir. Belə ki, səhmdarların ümumi yığıncağının qərarı ilə müəyyənləşdirilmişdir ki, Cəmiyyətin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 116 saylı binanın 1-ci mərtəbəsində 1638,7 kv. metr sahəsi olan qeyri-yaşayış sahəsi vardır. Cəmiyyətin qeyri- yaşayış sahəsinə dair 29 noyabr 2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportu vardır. Səhmdarlara məxsus əmlak payının bölüşdürülməsi hər kəsin səhminə mütənasib şəkildə həyata keçirilməlidir. Lakin Cəmiyyətin səhmlərinin 10 faizindən azına sahib 5 səhmdarı vardır. Həmin səhmdarların səhmlərinin ümumi sayı səhmlərin 0,678%-ni təşkil edir. Bu halda 5 nəfər səhmdara daşınmaz əmlakdan 11,1 kv. metr sahə düşür. Aşınmaz əmlakın ümumi sahəsindənl 11 kv metr sahənin 5 nəfər araasında bölüşdürülməsi mümkün deyildir. Çünki bölgünü texnoloji bağlılıq baxımından aparmaq mümkün deyildir. Buna görə də Cəmiyyətin daşınmaz əmlakının real bazar dəyəri müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmişdir. Qiymətləndirmə aktına əsasən Cəmiyyətin daşınmaz əmlakının bazar dəyəri 26.09.2018-ci il tarixə 1.409.400 (bir milyon dörd yüz doqquz min dörd yüz) manat müəyyən edilmişdir. Ləğvetmə Komissiyasında bu məsələ müzakirə edilmiş və belə qərara gəlmişdir ki, səhmlərinin sayı 1% -dən az olan səhmdarlara düşən əmlakın dəyəri onlara pul şəklində ödənilsin. Əgər pul şəklində ödəniş həyata keşirilsə səhmdarlara ödənilməli vəsaitin məbləği 9.544,3 manatdan az olmamalıdır. Bu halda 1 səhm üçün düşən pul vəsaiti 16,57 manat təşkil edir. Bundan sonra Cəmiyyətin səhmlərinin ümumi sayı səhmlərin 0,678%-ni təşkil edən 5 nəfər səhmdara pul vəsaiti poçt vasitəsi ilə göndərilmiş və səhmlərinə düşən vəsait haqda səhmdarlara məlumat verilmişdir. Cəmiyyətə məxsus qalıq əmlak isə 5 nəfər səhmdara təqdim edilmişdir. 08.01.2019-cu tarixli akta əsasən Milli Depozit Mərkəzi tərəfindən "Vahid” ASC-nin qiymətli kağızları ləğv edilmişdir. Bundan sonra “Vahid" ASC tərəfindən Cəmiyyətin ləğv prosesi başa çatdığı üçün Cəmiyyətin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmasına dair məktubla Milli Gəlirlər Departamentinə müraciət edilmişdir. Lakin Vergi orqanı tərəfindən uzun müddət yoxlama keçirildiyindən və məhkəmə mübahisəsi olduğundan ləğvetmə prosesi bir ildən artıq davam etdiyi üçün sənədlər geri qaytarılmışdır. Daha sonra “Vahid" ASC tərəfindən Vergilər Nazirliyinə müraciət edilmiş, bir ildən artıq müddətin üzürlü səbəbdən (yoxlamanın və məhkəmə mübahisələri səbəbindən) buraxıldığı əsaslandırılmışdır. Müdddətin buraxılmasına dair səbəblər obyektiv səbəb olduğu üçün Vergilər İdarəsi tərəfindən ləğvetmə müddəti bərpa edilmişdir. 2020-ci ilin dekabr ayında "Vahid” ASC tərəfindən bir daha Cəmiyyətin ləğv prosesi başa çatdığı üçün Cəmiyyətin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmasına dair məktubla müraciət edilmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı idarəsinin **********134500 nömrəli, 24.12.2020-ci il tarixli qərarı ilə kommersiya qurumunun reyestrdən çıxarılmasından imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Vahid ASC-nin ləğvetmə komissiyasının sədri tərəfindən Cəmiyyətin reyestrdən çıxarılması ilə əlaqədar hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə müraciət edilmişdir. Həmin müraciətə Cəmiyyətin ümumi yığıncağının 26.10.2018-ci il tarixli növbədənkənar iclasının protokolu, Cəmiyyətin qalıq əmlakının bölünməsi planını əks etdirən hesabat, təhvil-təslim aktı, razılıq ərizələri və digər sənədlər əlavə edilmişdir. Ləğv edilən hüquqi şəxsin qalıq əmlakının səhmdarlar arasında bölüşdürülməsi və səhmdarlara təhvil verilməsi ilə bağlı 05 noyabr 2018-ci il tarixli təhvil-təslim aktında Cəmiyyətin yalnız 5 (beş) səhmdarı tərəfindən imzalanaraq təhvil alınması qeyd edilmiş, digər səhmdarlara onlara çatası əmlakın müqabilində isə pul vəsitinin ödənildiyi qeyd olunmuşdur. Qanunvericiliyə əsasən Cəmiyyətin ləğv etmə zamanı qalan əmlakı səhmdarların paylı mülkiyyəti hesab olunur və Məcəllənin 61.10-cu maddəsinə əsasən ləğvetmə balansı təsdiq edildikdən sonra 10 gün ərzində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq hüquqi şəxsin iştirakçılarına təqdim edilməsini təmin edir. Əmlakın bölünməsi iştirakçının payına mütənasib şəkildə həyata keçirilir. Lakin səhmdarlar X2 və X7 onlara çatası əmlakın müqabilində pul kompensasiyasının ödənilməsinə dair razılıqlarını əks etdirən sənəd təqdim edilməmişdir. İddiaçı iddiasını əsaslandırarkən verilmiş imtina qərarının mahiyyətini qəbul etməyərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına uyğun olaraq bildirir ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılmasının ikinci forması ona uyğun gəldiyindən pul kompensasiyasının (dəyərinin) ödənilməsi variantıntını istifadə etmişdir. Buradan belə nəticə çıxarmaq mümkündür ki, iddiaçı elə göstərməyə çalışmışdır kı, guya cavabdeh imtinanı pul kompensasiyasının ödənilməsinin qanunvericiliyə uyğun olmadığına görə vermişdir. Halbuki, cavabdeh Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı ASC-nin ləğv komissiyasının təqdim etdiyi sənədlər araşdırarkən müəyyən edilmişdir ki, pul kompensasiyası verilmiş 5 səhmdarın razılığı olduğu üçün ona mənfi münasibət bildirilməmiş, lakim 2 səhmdar barəsində razılığ mövcud olmadığı üçün imtina bununla əsaslandırılmışdır. Bir daha qeyd edilməsini zəruri hesab edirik ki, Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir Qeyd edilən razılığın olmaması mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə ziddir. Göründüyü kimi, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və yalnız mülkiyyətçinin razılığı ilə həyata keçirilə bilər. Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3-cü şəxs X8 iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçı öz iddia ərizəsində iddia tələbini əsaslandırmaq üçün Mülki Məcəllənin 220.1 - 220.4- cü və 221-ci maddələrinə istinad edib. Hesab edir ki, iddiaçı maddi hüququ normalarını səhv tətbiq edib, çünki həmin maddələr yalnız ümumi paylı mülkiyyətə dair tətbiq edilə bilər. Hazırkı halda isə mülkiyyət, hüquqi şəxs olan səhmdar cəmiyyətinə məxsusdur. Ləğvetmə prossesin sonunda həmin mülkiyyət mülkiyyətçi tərəfindən səhmdarlara təhvil verilməli və səhmdarlar ümumi paylı mülkiyyətçi statusunu əldə etməli və yalnız ondan sonra onlara dair həmin maddələrin normaları tətbiq edilə bilər. Hal-hazırda ümumi paylı mülkiyyət hələ əmələ gəlməyib. Əmlak səhmdarlara təhvil verilmədiyindən qeydiyyat orqanı hüquqi şəxsi qeydiyyatdan çıxarmaqdan imtina edib. Mülki Məcəllənin 61.10-cu maddəsinə əsasən ləğvetmə balansı təsdiq edildikdən sonra 10 gün ərzində ləğvetmə komisssiyası qalan əmlakın hüquqi şəxslərin iştirakçılarına təqdim edilməsini təmin edir. Əmlakın bölünməsi iştirakçının payına mütənasib şəkildə həyata keçirilir. Cəmiyyət Rəcəbov Vəzirə və Rəcəbov Rəcəbə əmlakı təqdim etməmişdir, eyni zamanda əmlakın əvəzində pul vəsaitinin ödənilməsinə dair da razılığa gələ bilməmişdir. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 16.5-ci maddəsinə əsasən ləğvetmə barədə zəruri sənədlər (qalıq əmlakın səhmdarların hamısına təhvil-təslim aktları da) təqdim ediləndən sonra hüquqi şəxsin reyestrdən çıxarılması mümkün sayılır. Hesab edir ki, cavabdeh tam qanuni olaraq əmlakın mənə təhvil-təslim edildiyinə aktın mövcud olmamasına görə cəmiyyəti qeydiyyatdan çıxarmaqdan imtina edib. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X8 göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş digər 3-cü şəxs R.Rəcəbov məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC-nin ləğvetmə komissiyasının sədri tərəfindən Cəmiyyətin reyestrdən çıxarılması ilə əlaqədar hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə müraciət edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 24.12.2020-ci il tarixli qərarı ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə aşağıda göstərilənərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır: Belə ki, müvafiq protokol ilə ləğvetmə nəticəsində səhmdarlara məxsus olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən və ümumi sahəsi 1638,7 kv. metr olan qeyri-yaşayış sahəsinin dəyərinin əvəzində Cəmiyyətin səhmlərinin 0,678 % hissəsinə malik olan səhmdarlarına onların razılıqlarının alınmasına əsaslanaraq pul vəsaitinin verilməsi, digər səhmdarlar - X9, X13, X15, X10 və X14 arasında isə əmlakın texniki pasprorta əsasən paylarına mütənasib şəkildə bölüşdürülməsi qərara alınmışdır. Ləğv edilən hüquqi şəxsin qalıq əmlakının səhmdarlar arasında bölüşdürülməsi və səhmdarlara təhvil verilməsi ilə bağlı 05 noyabr 2018-ci il tarixli təhvil-təslim aktı cəmiyyətin yalnız 5 (beş) səhmdarı - X9, X13, X15, X10 və X14 tərəfindən imzalanaraq təhvil alınmış, qalıq əmlakının bölünməsi planını əks etdirən hesabatda isə digər səhmdarlara onlara çatası əmlakın müqabilində pul vəsitinin ödənildiyi qeyd olunmuşdur. Vergi Məcəlləsinin 106-1.1-ci və 98.2-ci maddələrinə müvafiq olaraq səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir və səhmdar cəmiyyətinin əmlakı onun səhmlərinin yerləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində, habelə qanunla qadağan edilməmiş digər mənbələr hesabına yaranır. Qanunvericiliyin müddəalarından göründüyü kimi Cəmiyyətin ləğv etmə zamanı qalan əmlakı səhmdarların paylı mülkiyyəti hesab olunur və Məcəllənin 61.10-cu maddəsinə əsasən ləğvetmə balansı təsdiq edildikdən sonra 10 gün ərzində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq hüquqi şəxsin iştirakçılarına təqdim edilməsini təmin edir. Əmlakın bölünməsi iştirakçının payına mütənasib şəkildə həyata keçirilir. Vergi Məcəlləsinin 220.1-ci və 220.3-cü maddələrinə müvafiq olaraq paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı, razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz, payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Lakin səhmdarlara çatası əmlakın müqabilində pul vəsaitinin ödənilməsinə dair yalnız X4, X1 və X5 razılığı əlavə olunmuşdur. Səhmdar X2 və X7 onlara çatası əmlakın müqabilində pul vəsaitinin ödənilməsinə dair razılıqlarını əks etdirən sənəd təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Qeyd edilən razılığın olmaması mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə ziddir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - qanun) 16.5-ci maddəsinə əsasən ləğvetmə barədə zəruri sənədlər təqdim edildikdən sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır və çatışmazlıq aşkar edilmədikdə, sənədləri aldığı vaxtdan 7 gün müddətində qurumun reyestrdən çıxarılması barədə qərar qəbul edir. Həmin Qanunun 11.3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu qanuna və digər qanunvericilik aktlarına zidd olduqda imtina edilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, səhmdar X2 və X7 onlara çatası əmlakın müqabilində pul vəsaitinin ödənilməsinə dair razılıqları olmadığından, cavabdeh inzibati orqan tərəfindən İddiaçı ASC-nin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmasına dair verdiyi imtina əsaslıdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı (3-cü şəxslər X8 və X12) İddiaçı ASC-nin ləğv prosesi başa çatdığı üçün Cəmiyyətin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-3804/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3804/2021
23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver