Məhkəmə qərarları › İş №2-1(112)-3807/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3807/2022

11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3807/2022 11.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “mülkiyyət hüquqlarının daşımaz əmalkın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni İddiaçı istifadəsində olan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun qəsəbəsi, S.Vurğun küçəsi, 55/56 saylı evin 76 saylı mənzilinə dair mülkiyyət hüquqlarının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, 55/56 saylı evin 76 saylı mənzilində yaşayır. Həmin mənzili şəhid ailəsi kimi 2015-ci ildə Abşeron rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə verilib. Mənzil veriləndən sonra ailəsi yaşayış yeri üzrə mənzil nöbəsindən çıxarılmışdır. Qeyd etdiyi kimi Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, 55/56 saylı evin 76 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. Mənzilə dair bütün kommunal xərcləri vaxtında ödəyir. Hal-hazırda yaşadığı mənzili özəlləşdirmək istəyir. Bununla bağlı DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə istifadəsində olan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, 55/56 saylı evin 76 saylı mənzilinə dair mülkiyyət hüquqlarının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə müraciət etsə də, İdarə **********18 nömrəli, 03.11.2021-ci il tarixli məktubuna əsasən, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, 55/56 saylı evin, 76 sayiı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi, həmçinin mübahisəli mənzilə dair Abşeron Rayon İcra Hakimiyyəti başçısının sərəncamının 2015-ci il tarixdə verildiyini və ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olduğu bildirilmişdir. Daha sonra imtina məktubunda qeyd olunan sənədləri yəni, mənzil kirayəsi müqaviləsi və müvafiq icra hakimiyyəti orqanının sərəncamı əlavə edərək, yenidən ərizə ilə müraciət etsə də **********18 nömrəli, 03.11.2021-ci il tarixli məktubu ilə imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 22 noyabr 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. 28.12.2021-ci il tarixdə məhkəməyə cavabdeh tərəfindən verilmiş iddiaya dair etiraz daxil olmuşdur. Məhkəmənin 03.02.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi, 15.03.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi 3-cü şəxs qismində inzibati məhkəməyə cəlb olunmuşlar. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, 55/56 saylı evin, 76 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən İdarəyə təqdim olunan mənzilə dair Abşeron Rayon İcra Hakimiyyəti başçısının sərəncamı 2015-ci il tarixdə verilmişdir. Bununla bağlı İddiaçı **********52 qeydiyyat nömrəli 15.10.2021-ci il tarixli, **********18 qeydiyyat nömrəli 03.11.2021-ci il tarixli məktublar ünvanlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1- dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti) orderi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, İPM-nin 48.2-ci maddəsi rəhbər tutularaq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş olunmuşdur. Üçüncü şəxslər Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə iddiaçıya və üçüncü şəxslərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, müvafiq olaraq məhkəmə iclasında iştirak etməmiş və nümayəndəsinin məkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etdi. Əvvəlki məhkəmə icasında iştirak etmiş üçüncü şəxs qismində cəlb olunmuş Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X6 izahatında iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə icasında iştirak etmiş üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X1 məhkəmədən iddianın məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İddiaçıya məxsus Pirallahı RPŞ tərəfindən 30.01.2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1954-cü ildə Sumqayıt şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Abşeron rayon İcra Hakimiyyətinin “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 iyul 2011-ci il tarixli, 11/7-115 nömrəli əmri ilə yaradılmış komissiyanın 28 sentyabr, 2011-ci il tarixli qərarı ilə Xəzər rayonu (hal-hazırda Pirallahı rayonu) Pirallahı qəsəbəsində ayrılmış mənzilin vətəndaş İddiaçı adına rəsmiləşdirilməsi haqqında” 08.01.2015-ci il tarixli 02 saylı sərəncamının surətindən müəyyən olunur ki, Vətəndaş İddiaçı Abşeron rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə 7 nəfər ailə tərkibi ilə şəhid anası kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülmüşdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 iyul 2011-ci il tarixli, 11,7-115 nömrəli əmri ilə yaradılmış komissiyanın 28 sentyabr 2011-ci il tarixli, qərarı ilə Xəzər rayonu (hal-hazırda Pirallahı rayonu) Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində 55/56 saylı 81 mənzilli yaşayış binasının ümumi sahəsi 92,05 kv. metr, yaşayış sahəsi 42,24 kv metr, olan 2 otaqlı, 76 saylı mənzili şəhid anası İddiaçı ayrılmışdır. Bu barədə vətəndaş ƏƏSMN-nin 28 sentyabr 2011-ci il tarixli qərarından çıxarışı rayon icra hakimiyyətinə təqdim etmişdir. Qeyd olunanlara əsasən aşağıdakıla qərara alınmışdır: - Pirallahı rayonu S.Vurğun küçəsindəki 81 mənzilli, 55/56 saylı binanın 3-cü mərtəbəsindəki ümumi sahəsi 92,05 kv. metr, yaşayış sahəsi 42,24 kv. metr olan 2 otaqlı, 76 saylı mənzili 7 nəfər ailə tərkibi ilə şəhid anası İddiaçı adına (gələcəkdə sosial kirayə müqaviləsi bağlamaq şərti ilə) rəsmiləşdirilsin. - İddiaçı yaşayış yeri üzrə mənzil növbəsindən çaxarılsın. - Vətəndaş İddiaçı ailə üzvləri ilə birlikdə qeyd edilən ünvana pasport qeydiyyatına alınması Pirallahı RPİ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqələri bölməsinə həvalə edilsin. ünvan 4tismar Sahəsi ilə kirayəçi İddiaçı arasında bağlanmış 06.09.2021-ci il tarixli 58 №li “Yaşayış Sahəsinin kirayə müqaviləsi”ndən müəyyən olunur ki, qeyd olunan müqavilə “Yaşayış sahəsinin verilməsi haqqında” 08.01.2015-ci il tarixli 02 nömrəli Sərəncam əsasında Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə uyğun olaraq yaşayış sahəsinin kirayəsinə dair bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə görə Kirayəyə verən Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, döngə, 56 a №-li evdə 76 №li mənzildə yerləşən, Dövlət mənzil fonduna aid, ümumi sahəsi 2.05 kv. metr, yaşayış sahəsi 42.24 kv. metrdən ibarət 2 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə (müvafiq dövlət proqamları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla), müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə müddətsiz kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin ünvan 4tismar Sahəsi tərəfindən verilmiş 06.09.2021-ci i tarixli 839 saylı və 04.02.2022-ci il tarixli 122 saylı Forma-2 arayışlarının surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Pirallahı rayon Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi 56a №-li 9 mərtəbəli evin 8-ci mərtəbəsində sahəsi 42,24 kv. metr olan 76 nömrəli evdə yaşayır və qeydiyyatdadır. ünvan 4tismar Sahəsi tərəfindən verilmiş 04.02.2022-ci il tarixli 123 saylı arayışdan görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi 56 a, mənzil 76 ünvvanında yaşayan İddiaçı əvvəlki yaşayış ünvanı ev 55, hazırki yaşayış ünvanı isə ev 56 a ünvanıdır. ünvan 4tismar Sahəsi tərəfindən verilmiş 04.02.2022-ci il tarixli 124 saylı və 26.02.2022-ci il tarixli 187 saylı arayışlardan görünür ki, İddiaçı 18.07.2011-ci il tarixdən (04.02.2022-ci il tarixli arayışa əsasən 28.09.2011-ci il tarixdən) ünvan 5 ünvanında yaşayır, 30.01.2015-ci il tarixdən isə qeydiyyatdadır. Yaşadığı bina 2010-cu ildə istifadəyə verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş 004967 №-li vəsiqənin notarial qaydada təsdiq olunmuş surtindən müəyyən olunur ki, İddiaçı şəhid ailəsi üzvü kimi 21.05.2021-ci il tarixli vəsiqə verilmişdir. İddiaçının müraciətinə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş aşağıdakı: - **********552 №li 15 oktyabr 2021-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, 55/56 saylı evin, 76 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, 24.09.2021-ci il tarixli müraciətə İdarə tərəfindən baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirirlər ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, 55/56 saylı evin, 76 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin ərizəsinə əlavə etdiyi qeyd olunan mənzilə dair Abşeron Rayon İcra Hakimiyyəti başçısının sərəncamı 2015-ci il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198- İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. - **********18 №li 03.11.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, 55/56 saylı evin, 76 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 30.10.2021-ci il tarixli ********** nömrəli təkrar müraciətə baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı müraciətinə **********52 nömrəli 14.10.2021 -ci il tarixli məktubda cavab verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 4-cü maddəsinə əsasən Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin razılıq ərizələri və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən: Yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır (maddə 16). Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur (maddə 17). Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür (maddə17.2):. Xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu (17.2.1); Dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu (17.2.2); Bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu (17.2.3). İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür(17.3): Sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu (17.3.1); Xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu (17.3.2); Mənzil fondu qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət uçotuna alınmalıdır (17.4). Mənzil fondunun dövlət uçotu mənzil fondunun uçotunun digər formaları ilə yanaşı, onun texniki uçotunun aparılmasını, o cümlədən mənzil fondunun inventarlaşdırılmasını və texniki pasportlaşdırılmasını (yaşayış sahələrinin müəyyən edilmiş tələblərə uyğunluğunun təmin edilməsi ilə əlaqədar yaşayış sahələri barədə texniki və digər məlumatları özündə əks etdirən sənədlərin – yaşayış sahələrinin texniki pasportlarının tərtib edilməsi (rəsmiləşdirilməsi) də daxil olmaqla) nəzərdə tutmalıdır (17.5). Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür (maddə 59.1) Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır (maddə 59.2-ci). Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir ( maddə 91.1): xidməti yaşayış sahələri (91.1.1).; yataqxanalarda yaşayış sahələri (91.1.2); . manevr fondu yaşayış sahələri (91.1.3); əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri (91.1.4); məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri (91.1.5); qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri (91.1.6); ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri (91.1.7); Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir 91.2.Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz (91.3) “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir (maddə 146.2). Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər (maddə 146.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1- dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti) orderi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. - 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. - 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, 2009-cu ilin oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə əsasən dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalniz istifadəyə verilə bilər. İşin araşdırılan hallarından müəyyən olunur ki, mübahisələndirilən mənzil iddiaçıya şəhid ailəsi kimi yaşayış yeri üzrə güzəştli mənzil yaşayış sahəsi ilə təmin olunması üçün ayrılmışdır. Həmin yaşayış sahəsinin hazırki balanssaxlayıcısı ilə iddiaçı arasında kirayə müqaviləsi isə 08.01.2015-ci il tarixdə verilmiş sərəncam əsasında bağlanılmış və iddiaçı həmin tarixdən mənzilin kirayəçisi hesab olunmuşdur İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar