Məhkəmə qərarları › İş №2-1(112)-3807/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3807/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3807/2024 16.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2012-ci il tarixli Sərəncamı ilə iddiaçının ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 46 saylı evin 24 saylı mənzilə köçürülməsi qərara alınmışdır. Bu Sərəncamın qəbul edilməsinin əsasında Dövlət Neft Şirkətinin İcra Hakimiyyətinə ünvanladığı məktub və Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramının təsdiq edilməsi haqqında” 27 fevral 2006-cı il tarixli1338 №-li Sərəncamı təşkil edir. Təkzib olunmaz haldır ki, köçürülməyə əsas olan İcra Hakimiyyəti tərəfindən qəbul edilən Sərəncam 2009-cu ilin oktyabrın 1-dən sonraya aiddir. Lakin, nəzərə alınmalıdır ki, sərəncamın qəbul edilməsinə əsas olan Sərəncam 2006-cı ilə aiddir. İddiaçı yaşayış sahəsinə çıxarışın alınması məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, qeyd olunan mənzilə dair təqdim edilmiş sərəncam “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun deyil. Belə ki, Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli sərəncamı xx.xx.2012-ci il tarixlidir. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman mənzilin 3 (üç) otaqlı olmaqla faktiki ümumi sahəsinin 97.6 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün aşağıdakı halı əsas gətirmişdir: -Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 136 saylı sərəncamının xx.xx.2012-ci il tarixdə verilməsi; -Mənzilə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi; -Mənzilin yaşayış sahəsinin 97,6 kv.m təşkil etməsidir. Məhkəmə cavabdeh tərəfindən verilmiş imtinanın əsaslı olub-olmaması istiqamətində dəyərləndirmənin aparılmasını aşağıdaki qanunvericiliyin və normativ hüquqi aktların müddəaları ilə həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 22 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 22 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 22 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 22 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.22. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeydə alınması üçün əsasdır. Lakin nəzərə alınmalıdır ki, həmin maddənin tələbindən də aydın olduğu kimi, qanunvericilikdə həmin sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək aid olması da müəyyən edilmişdir. Təkzib olunmaz haldır ki, hazırki mübahisə predmetini təşkil edən mənzilin əsasında duran Sərəncam xx.xx.2009-cu il tarixdən sonraya aiddir. Məhkəmə diqqətə çatdırır ki, hazırki iddia üzrə Sərəncamın 2009-cu il tarixdən sonraya aid olması iddiaçının ziyanına şərh edilməməli və onun mülkiyyət hüquqlarının qeydiyyata alınmasından məhrum etməməlidir. Belə ki, əvvəla qeyd olunur ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaradağ rayon İcra Hakimiyyətinə 19 mart 2012-ci il tarixli 29-780 BB saylı məktubu ilə müraciət edərək Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən qəza vəziyyətində ola evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarın təsdiq edilməsini, yeni mənzillərə köçürülmüş sakinlərə müvafiq hüquqmüəyyənedici sənədlərin verilməsi, eyni zamanda mənzil uçotunda olmaqla mənzillə təmin edilən sakinlərin mənzil uçotunda olmaqla mənzillə təmin edilən sakinlərin mənzil növbəsindən çıxarılmasına göstəriş verilməsini xahiş etmişdir. Bundan sonra Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2012-ci il tarixli Sərəncamı ilə Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni inşa edilmiş 44 saylı 5 mərtəbəli 20 mənzilli və 46 saylı 6 mərtəbəli 60 mənzilli yaşayış evlərindəki yeni mənzillərə köçürülməsi barədə qərarın təsdiq edilməsi qərara alınmışdır. (28 fevral 2012-ci il tarixli 2 №-li protokol). Həmin Sərəncamda İddiaçı 5 nəfər ailə tərtkibi ilə Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 46, 2-ci giriş, 3-cü mərtəbə, 3 otaqlı, 65,2 kv.m olan 24 saylı mənzilə köçürülməsi nəzərdə tutulmuşdur. Məhkəmə araşdırılması zamanı əldə olunmuş istismara qəbul aktından görünür ki, Baki şəhər İcra Hakimiyyəti Başçısının qərarı ilə təyin edilmiş və tərkibində dövlət qəbul komissiyasının sədri və üzvləri olmaqla ünvan ünvanda yerləşən yaşayış binasının istismara qəbul edilməsi qərara alınmışdır. Beləliklə, iş materialları ilə də aydın olur ki, hal-hazırda iddiaçının daşınmaz əmlaklara mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinanın əsasında yerli icra hakimiyyəti orqanının sərəncamının xx.xx.2009-cu il tarixdən sonra qəbul edildiyi dayanır. Belə ki, cavabdeh göstərilən imtinanı məktubda və etirazda qeyd etsə də nəzərə almamışdır ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2012-ci il tarixli Sərəncamının əsasında Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramının təsdiq edilməsi haqqında” 27 fevral 2006-cı il tarixli 1338 №-li Sərəncamı, yəni xx.xx.2009cu il tarixdən əvvəl ki dövrə aid Sərəncam dayanır. Həmin sərəncamdan da göründüyü kimi Lökbatan qəsəbəsində qəza vəziyyətində olan yaşayış binalarından 220 ailənin köçürülməsi üçün yeni yaşayış binalarının tikintisi Dövlət Neft Şirkətinə həvalə edilmişdir. İddiaçının iradəsindən asılı olmayan hal səbəbindən isə onun ailə tərkibi ilə yeni yaşayış binalarına köçürülməsi həmin sərəncamın qəbul edildiyi vaxt yox, 2009-cu il oktyabr ayının 1-dən sonrakı tarixdə qəbul edilmişdir. Beləliklə, görünür ki, iddiaçının yeni yaşayış sahəsinə köçürülməsinin əsasında Qaradağ rayon İcra Hakimiyyətinin Sərəncamından savayi, həmçinin Azərbaycan Respublikasının Prezidentinin 27 fevral 2006-cı il tarixli 1338 №-li Sərəncamı dayanır. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamının həmin vaxtda və ya 2009-cu il oktyabr ayının 1-dək icrasının hər hansı səbəbə görə təmin edilməməsi, həmin səbəbin iddiaçının mülkiyyət hüquqlarının reallaşdırılması ilə bağlı məhdudlaşdırıla bilməz. Doğrudur ki, Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramının təsdiq edilməsi haqqında” 27 fevral 2006-cı il tarixli 1338 №-li Sərəncam Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə yönələrək qısa müddət ərzində icra edilməli olsa da həmin sərəncam bir-neçə ildən sonra icra edilmişdir. Lakin qeyd olunan Sərəncamın icrasını gec yerinə yetirməsi iddiaçının təməl konstitusion hüquqlarından biri kimi mülkiyyət hüququnu pozmamalıdır. Məhkəmə 2006-cı il tarixli sərəncamı təhlil etdikdə müəyyən edir ki, sərəncamın icrası ilə bağlı göstəriş konkretdir və heç bir haldan asılı edilməmişdir. Başqa sözlə sərəncamın qəbulundan sonra Dövlət Neft Şirkəti və digər aidiyyəti qurumlar bilavasitə “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər proqramında” qeyd olunan göstərişləri həyata keçirməli idilər. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin də müvafiq qərarlarını də nəzərə almaqla hesab etmişdir ki, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. Məhkəmə hesab edir ki, bu zaman sərəncamın 2009-cu il oktyabr ayının 1-dən sonra qəbul edilməsi iddiaçının ziyanına şərh edilməməli, Qaradağ Rayon İcra Hakimiyyətinin 2012-ci il sərəncamının əsasında duran Azərbaycan Respublikasının Prezidentinin 27 fevral 2006-cı il tarixli 1338 №-li Sərəncamı, yəni Lökbatan qəsəbəsində qəza vəziyyətində olan yaşayış binalarından 220 ailənin köçürülməsi üçün yeni yaşayış binalarının tikintisi ilə bağlı sərəncamı (“Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər proqramında” Xİ Mənzil təsərrüfatı sahəsi bölməsinə aid) əsas götürülməlidir. Beləliklə Məhkəmə hesab edir ki, hazırki iddia üzrə mübahisənin həllində hüquq münasibətlərinin yarandığı anın müəyyən olunması mühüm rol oynamışdır.(Bu mövqeyi bir çox oxşar mübahisələrdə əks olunmuşdur: Ali məhkəmənin 2-1(102)-722/2021 saylı qərarı) İddiaçının köçürülən mənzilə hüquqları 2009-cu il oktyabrın 1-dək yaranması müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinin 27 fevral 2006-cı il tarixli 1338 №-li Sərəncamı ilə həyata keçirildiyindən, məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2012-ci il tarixli Sərəncamı hüquqmüəyyənedici sənəd kimi qəbul olunmalıdır. Məhkəmə diqqətə çatdırır ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2012-ci il tarixli Sərəncamına əsasən İddiaçı ilə yanaşı digər 4 nəfərin (ümumilikdə 5 nəfər ailə tərkibi) mənzilə köçürülməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, yuxarıda adıçəkilən sərəncamda qeyd olunan şəxslərin mənzilin iddiaçının adına özəlləşdirilməsi ilə bağlı razılıq ərizələri mövcud olduğundan, o cümlədən iddiaçının özü də sərəncamda mənzilə köçürülən şəxslərdən biri hesab olunduğundan, onun mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması həyata keçirilməlidir. Məhkəmə cavabdehin imtina əsası kimi göstərdiyi üçüncü dəlilə münasibətdə bildirir ki, məhkəmə araşdırılmasından, o cümlədən iddiaçının izahatından və cavabdehin etirazından burada mənzil təhvil verildikdən sonra iddiaçı tərəfindən hər hansı yenidən qurma işi aparılmamış, mənzil mövcud vəziyyətdə dövlət tərəfindən iddiaçıya təhvil verilmişdir. Odur ki, dövlət orqanı tərəfindən ölçülərlə bağlı hər hansı məlumatın mənzil barəsində qeyd edilməsi onun mənzilə mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 46 saylı evin 24 saylı mənzilinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 46 saylı evin 24 saylı mənzilinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar