Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3809/2020 20.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi İddiaçının vəkili X1 iştirakı ilə, iddiaçı Kipr şirkəti "xxxx"in cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qərarın ləğv edilməsi və cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kipr şirkəti "xxxx" Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İcra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılmasına dair” 26 noyabr 2018-ci il tarixli qərarın ləğv edilməsi və cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 fevral 2016-ci il tarixli, 2-(81)-3232/2014 saylı qətnaməsi ilə cavabdeh “AZEL” Azərbaycan Elektronikası X4 Cəmiyyətindən 71,900 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" Şirkətinin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 29 iyun 2016-cı il tarixli, 2-2(103)-285/l 6 saylı qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 fevral 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməmişdir. Qətnamə üzrə 2-1(81)-3232/2014 saylı icra sənədi Cavabdehnə göndərilmiş və 28 noyabr 2016-cı ildə icra məmuru Ramin Muradov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Ancaq 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq, icra sənədi üzrə heç bir icra tədbiri həyata keçirilməmiş və cavabdeh orqana bununla bağlı edilmiş çoxsaylı müraciətlər nəticəsiz qalmışdır. 28 iyun 2019-cu ildə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış müraciət əsasında icra sənədi yenidən Cavabdehnə göndərilmiş və həyata keçirilmiş icra hərəkətləri barədə məlumat verilməsi icra orqanından xahiş edilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh nə həyata keçirdiyi icra tədbirləri, nə də qəbul etdiyi qərar barədə "xxxx" Şirkətinə məlumat verməmişdir. Şirkətin çoxsaylı müraciətlərindən sonra cavabdeh 09 yanvar 2020-ci il tarixli məktubla bildirmişdir ki, 11 fevral 2016-cı il tarixli icra sənədi 26 noyabr 2018-ci ildə və 19 iyul 2019-cu ildə məhkəməyə geri qaytarılmışdır. Bununla belə, icra sənədinin geri qaytarılması barədə qərar Şirkətə təqdim olunmamışdır. İcra məmuru Ramiz Quliyev tərəfindən qəbul edilmiş 26 noyabr 2018-ci il tarixli “icra sənədinin geri qaytarılması haqqında” qərar 15 fevral 2020-ci ildə iddiaçı tərəfə verilmişdir. Eyni zamanda, Cavabdeh tərəfindən Şirkətin nümayəndəsinə bildirilmişdir ki, icraata başlamaq haqqında qərar qəbul etmiş icra məmuru Ramin Muradov və icra sənədinin geri qaytarılmasına dair qərar qəbul etmiş icra məmuru Ramiz Quliyev hazırda həmin icra orqanında fəaliyyət göstərmirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun üzərinə qoyulduğundan, iş üzrə cavabdeh qismində Cavabdeh göstərilmişdir. İcra sənədinin qaytarılması barədə qərarda Ədliyyə Nazirliyinin elektron məlumat bazasında borclu “AZEL” X4 Cəmiyyətinin hazırda fəaliyyət göstərmədiyi və rəhbərinin olmadığı göstərilmişdir. Ona görə də icra sənədinin icrası mümkün deyildir və geri qaytarılmalıdır. Qərarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.2, 23.1.3 və 70.4-cü maddələrinə istinad olunmuşdur. Hesab edilir ki, aşağıdakı əsaslara görə “İcra edilməyən icra sənədinin məhkəməyə qaytarılmasına dair” 26 noyabr 2018-ci il tarixli qərar ləğv edilməli və Cavabdeh hərəkətsizliyi qanunsuz hesab olunmalıdır: 1) cavabdeh “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur, 2) mübahisələndirilən qərarda “AZEL” X4 Cəmiyyətinin fəaliyyətini dayandırmasının icra sənədinin geri qaytarılması əsası olaraq göstərilməsi qanunsuzluqdur, 3) cavabdeh bilərəkdən və ya kobud səhvlə mübahisələndirilən qərardan 10 gün müddətində şikayət verilməsi mümkünlüyünü göstərmişdir ki, bu da kobud qanun pozuntusudur, 4) İcra sənədi 19 iyul 2019-cu il tarixli məktubla yenidən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır, ancaq cavabdeh yenə öhdəliyini yerinə yetirməmiş və bu məktubun surətini Şirkətə təqdim etməkdən yayınmışdır. Məktubun surəti 7 aydan artıq vaxt keçdikdən sonra müraciət əsasında, 24 fevral 2020-ci ildə Şirkətin nümayəndəsinə verilmişdir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədinin qaytarılmasına dair qərarın qəbul edilməsi barədə həmin qərarın qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara məlumat verməlidir. 5) Məhkəmə qərarlarının vaxtında və düzgün icrası cəmiyyətdə ədalət mühakiməsinin səmərəliliyinə olan inamın artması, ictimai qaydanın təmin edilməsi və qanunçuluğun möhkəmləndirilməsində mühüm rol oynayır. Məhkəmə qərarlarının icrası məhkəmə prosesinin mühüm əhəmiyyəti olan yekun mərhələsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. 20 may 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında tərəflərin nümayəndələri iştirak etmədiyinə görə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Kipr şirkəti "xxxx"in vəkili X2 iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Belə ki, iş materiallarından məlum olur ki, icra sənədi üzrə tərəf Kipr şirkəti "xxxx" 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3232/2014 saylı icra sənədi əsasında Bakı şəhəri Cavabdeh icra məmuru Ramiz Quliyev tərəfindən xx.xx.2018-ci il tarixdə qəbul olunmuş “İcra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” qərarının qanuniliyini mübahisələndirmişdir. Məhkəmə, iddiaçının nəzərinə çatdırır ki, icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia (və ya şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş icra sənədinin onu vermiş məhkəməyə geri qaytarılmasına dair qərar məhkəmə qərarının icrasının təmin edilməsinə yönəlmiş icra icraatı çərçivəsində qəbul edilmiş qərar olmuşdur. Ona görə də, həmin qərarın hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda və bu gümandan çıxış etməklə sözügedən qərarın ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərar qəbul edilməsini tələb edərkən iddiaçı bu barədə icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməlidir. Məhkəmə o halı iddiaçı tərəfin diqqətinə çatdırmağı zəruri hesab edir ki, “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən 2020-ci il 1 yanvar tarixindən etibarən Bakı şəhərində Bakı Kommersiya Məhkəməsi təşkil edilmişdir. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən kommersiya məhkəməsinə müraciət etməmiş, ayrıca inzibati iddia (şikayət) vermişdir. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar (şikayətlər) inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. İnzibati Prossessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, iddiaçı tərəfə izah edilir ki, məzmunu yuxarıda şərh edilən qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, iddia tələbində qaldırdığı məsələlər barəsində icra sənədini vermiş məhkəməyə (Bakı Kommesiya Məhkəməsinə) şikayət vermək hüququndan istifadə edə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia mümkün sayılmadığından, iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması və inzibati məhkəmə icraatına cəlb etmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-3809/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3809/2020
20.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver