Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3809/2025 18.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSS İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılır ki, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 383 nömrəli qərarına əsasən Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7-ci mkr., 151 saylı Uşaq Bağçasının yanında sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün 411 kv.metr torpaq sahəsi əlavə edilmiş cizgi əsasında iddiaçının mülkiyyətinə verilmişdir. Bu barədə bələdiyyə ilə iddiaçı arasında "Torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilə" və "Torpaqların alqı-satqısına dair" Akt da bağlanmış və torpaq sahəsinin dəyərini təşkil edən pul iddiaçı tərəfindən bələdiyyənin hesabına keçirilmişdir. Həmçinin, bildirilir ki, bələdiyyə qərarı, müqavilə, akt və ona əlavə edilmiş eskiz layihəsi dövlət arxivinin Bakı filialında da mövcuddur. İddiaçı 2005-ci ildən bu günə kimi həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edir və ona ayrılmış torpaq sahəsində sərəncama uyğun olaraq abadlaşdırma işlərini də həyata keçirmişdir. İstifadəsində olan torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədlərlə birlikdə cavabdeh inzibati orqana müraciət edilmişdir. Lakin müraciətə heç bir cavab verilməmiş, torpaq sahəsinə baxış keçirilməmiş, ümumiyyətlə, müraciət üzrə heç bir inzibati hərəkətlər aparılmamışdır. İddiaçı hesab edir ki, cavabdehin iddiaçının mülkiyyət hüquqlarını qeydə almamaqdan imtina etməsinə dair öz üzərinə düşən vəzifələri yerinə yetirməkdən imtina etməsi iddiaçının mülkiyyət hüquqlarını pozur. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim edilməmiş və torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır, sahənin bələdiyyə torpağı olması barədə bazada məlumat yoxdur. Həmçinin sahə 151 saylı Uşaq Bağçasının hasarından 1.6 metr məsafədə yerləşir. Təqdim edilmiş cizgidə perimetrik ölçü və konfiqurasiya ilə faktiki sahə arasında fərqlər mövcuddur. Vahid elektron kadastr bazada sözügedən torpaq sahəsinin yerləşdiyi ərazidə Azərsu ASC-yə məxsus yeraltı su anbarı olması ilə bağlı məlumat mövcuddur (bununla bağlı aidiyyəti təşkilatın rəyi alınmalıdır). Bundan əlavə, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinadlar, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən sənədlərin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin faktiki olaraq 430,0 kv.m təşkil etdiyi, torpaq sahəsinin üzərində beton örtüklü idman meydançası olmaqla hər tərəfdən metal torla sərhədləndiyi müəyyən edilmişdir. Faktiki sahənin bir tərəfindən 0,5-1,0 m məsafədə çoxmərtəbəli bina mövcuddur. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Bakı şəhəri İcra Hakimiyyətininxx.xx.2000-ci il tarixli, 809 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi barədə xx.xx.1999-cu il tarixli Fərmanına əsasən Binəqədi rayonu üzrə 295,73 ha torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sahələr daxilində Binəqədi Bələdiyyəsinə təhvil verilmişdir. Bakı ŞİH-nin xx.xx.2002-ci il tarixli, 393 saylı sərəncamına əsasən Binəqədi rayonu üzrə 295,73 ha torpaq sahəsinin sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Binəqədi Bələdiyyəsinə verilməsi barədə Bakı ŞİH-nin xx.xx.2000-ci il tarixli, 809 saylı sərəncamına qismən dəyişiklik edilmiş və sərəncama edilmiş əlavədə göstərilən 37,2 ha olan 8-ci sahənin şərqində, Atatürk və Z.Bünyadov prospektlərinin, Ə.Naxçivani küçəsinin kəsişməsində yerləşən torpaq sahəsindən dövlət mülkiyyətində olan 3,02 ha torpaq sahəsi çıxıldıqdan sonra bələdiyyə verilmiş 8-ci torpaq sahəsinin ərazisi 34,18 ha, Binəqədi Bələdiyyəsinə verilən ümumi torpaq sahəsi 292,71 ha müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 383 nömrəli qərarı ilə Binəqədi rayonu, 7 mkr. 151 saylı saylı Uşaq Bağçasının yanında İddiaçı istifadə etdiyi 411 kv.m. bələdiyyəyə məxsus torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün, alqı-satqı yolu ilə, əlavə edilmiş cizgiyə uyğun olaraq, onun mülkiyyətinə verilməsi (hər kv.m üçün 25 000 manat ödəmək şərtilə) qərara alınmışdır. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqısatqı yolu ilə mülkiyyətə verilməsi barədə müqaviləyə əsasən Binəqədi rayonu, 7 mkr. 151 saylı saylı Uşaq Bağçasının yanında yerləşən 411 kv.m. bələdiyyəyə məxsus torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Situasiya planından görünür ki, iddiaçıya ayrılmış 411 kv.m torpaq sahəsinin planı Bələdiyyə mülkiyyətinin İdarə edilməsi şöbəsinn mühəndis-memarı tərəfindən tərtib olunmuşdur. Kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı torpaq sahəsinin dəyərini bələdiyyəyə ödəmişdir. Bakı şəhəri Binəqədi RİH 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş məktubdan görünür ki, nümayəndəliyin əməkdaşları tərəfindən 7-ci mikrorayon 151 saylı uşaq bağçasının ətrafına baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, 151 saylı bağçanın hasarı ilə torpaq sahəsi arasında məsafə var və bağçaya heç bir maneəçilik törətmir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, aparılmış araşdırma zamanı Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 383 (983) nömrəli qərarı ilə İddiaçı 411 kv.m torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, mərkəzin arxivində aparılmış araşdırma zamanı Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 383 nömrəli qərarı ilə İddiaçı 411 kv.m torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi məhəllədaxili ərazidə, beton örtüklü idman meydançasından ibarət olmaqla dörd tərəfdən metal torla sərhədlənmişdir. Faktiki sahəsi 430.0 kv.m təşkil edir. Binəqədi Bələdiyyəsinin 25 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, həmin bələdiyyə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bələdiyyəyə torpaq sahəsinin ayrılmasına dair sərəncama istinad edərək iddia olunan sahənin həmin ərazi hüdudları daxilində olduğunu və iddiaçının vergi uçotunda olması və s barədə aidiyyəti sənədlərin məhkəməyə təqdim etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun: 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı istifadəsində olan torpaq sahəsinin bələdiyyə orqanının qərarı əsas götürülməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmişdir ki, cavabdeh həmin hüququn dövlət qeydiyyatına alınmasından imtinanı onunla əsaslandırır ki, alqı-satqı aktı DTXK tərəfindən təsdiq edilməmiş, torpaq dövlət torpağıdır, yerləşmə cizigisində istinad məsafələri qeyd edilməmiş, torpaq sahəsi 151 saylı Uşaq Bağçasının hasarından 1.6 metr məsafədə yerləşmişdir. Eyni zamanda torpaq sahəsinin yerləşdiyi ərazidə Azərsu ASC-yə məxsus yeraltı su anbarı olmuşdur. Məhkəmə, bununla bağlı ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adıçəkilən maddi hüquq normalarının tələbindən də göründüyü kimi bələdiyyə orqanı mülkiyyətində olan torpaq sahəsini fiziki və hüquqi şəxslərin mülkiyyətinə verilməsi ilə bağlı sərəncam vermək kimi müstəsna səlahiyyətə malikdir ki, bunun davamı kimi həmin torpaq ayırma barədə qərar əsasında torpaq sahəsi ayrılmış şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması zəruriliyi də adıçəkilən maddi hüquq normalarında öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələbindən də görünür ki, bələdiyyə qərarı hüququn dövlət qeydiyyatına alınması əsası qismində çıxış edir. Cavabdehin imtina dəlilləri ilə bağlı isə məhkəmə Konstitusiya Məhkəməsinin məhz hazırkı mübahisəli məsələyə dair qəbul etdiyi qərarın müddəalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, orpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Konstitusiya Məhkəməsinin hazırkı növ işlər üzrə formalaşdırdığı mövqeyə uyğun olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istər DTXK-nın rəyinin olmaması, yerləşmə cizgisində dəqiq istinad məsafələri və perimetrik ölçülərin göstərilməməsi inzibati aktın qüvvədə olması, eləcə də iddiaçının həmin akta münasibətdə etimad hüququnun mövcud olması baxımından aparılan qiymətləndirmə nəticəsində hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsasın olmadığı ilə bağlı nəticəyə gəlinməsinə əsas yaradır. Məhkəmə, eyni zamanda onun da qeyd edilməsini zəruri hesab edir ki, ayrılmış torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmuşdur ki, bununla bağlı bələdiyyə orqanının təqdim etdiyi yerli icra hakimiyyəti orqanının sərəncamı, eləcə də xəritədən də müəyyən edilir ki, adıçəkilən torpaq sahəsi məhz bələdiyyə mülkiyyətinə verilmiş ərazidə yerləşir. Odur ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin bələdiyyə orqanı tərəfindən rəy alınmadan iddiaçının etimad hüququnun mövcudluğuna xələl gətirə bilməz, bu səbəbdəndir ki, qüvvədə olan inzibati akt əsasında hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün də əsas ola bilməz. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmamasını müəyyən edən konkret sübut məhkəməyə təqdim edə bilməmişdir. AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından aparılan qiymətləndirmə iddianın təmininin istisna edilmədiyi qənaətinin formalaşmasına əsasdır. Məhkəmə, torpaq sahəsinin yerləşdiyi ərazidə "xxxx" ASC-yə məxsus yeraltı su anbarının olmasına münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydalarının aşağıdaki müddəalarını əsas gətirir. Həmin Qaydaların:
25. Su mühafizə zonalarının, sahil mühafizə zolaqlarının və su mühafizə nişanlarının lazımi vəziyyətdə saxlanması su istifadəçilərinə həvalə edilir. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri onların torpaq sahələrində yerləşən su mühafizə zonaları və sahil mühafizə zolaqları üçün müəyyən edilmiş istifadə rejiminə riayət etməlidirlər.
26. Mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələrində su mühafizə zonalarının müəyyən edilməsi həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsinə səbəb olmur, habelə onlara dair əqdlərin bağlanmasına qadağan qoymur. Göründüyü kimi qüvvədə olan Qaydalarda su mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə rejiminə riayət edilməsi nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Məhkəmə cavabdehin irəli sürdüyü digər imtina əsası ilə bağlı bildirir ki, cavabdeh mübahisə predmetini təşkil edən torpaq sahəsinin 151 saylı uşaq bağçasına 1.6 metr, çoxmənzilli yaşayış binasına isə 0.5-1 metr məsafədə yerləşdiyini iddia etsə də, bu halın iddiaçının gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olduğunu hüquqi və faktiki əsaslarla sübuta yetirməmişdir. Belə ki, birincisi, cavabdeh tərəfindən göstərilən məsafənin torpaq sahəsinin istifadəsinə hansı konkret formada maneə yaratdığı aydın şəkildə əsaslandırılmamış, bu barədə hər hansı hüquqi və ya texniki dəlillər təqdim olunmamışdır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, aidiyyəti üzrə yerli icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılmış baxış nəticəsində torpaq sahəsinin uşaq bağçasının normal fəaliyyətinə hər hansı maneə törətmədiyi müəyyən edilmişdir. Bu hal məhkəmə üçün əlavə əsas kimi çıxış edir və cavabdehin irəli sürdüyü mövqenin hüquqi baxımdan əsassız olduğunu bir daha təsdiq edir. Torpaq sahəsinin faktiki ölçüsünün sənəddə göstərilən ölçüdən çox olması isə iddianın təminini istisna etmir. Belə ki, iddiaçı hazırki iddia tələbi ilə ona bələdiyyə qərarı əsasında ayrılmış 411 kv.m torpaq sahəsinə hüquqlarının qeydiyyatını reallaşdırmağa nail olmaq istəyir ki, bu da faktiki olaraq onun əlavə torpaq sahəsinə deyil yalnız qanunla ona ayrılmış sahəyə iddialı olduğunu göstərir. Bundan əlavə, məhkəmə tərəfindən həyata keçirilmiş yerli baxış nəticəsində də müəyyən edilir ki, iddia edilən torpaq sahəsi dəmir metal torla əhatələnmişdir və futbol meydançası xüsusiyyətinə malikdir. Qərb hissə bir-neçə mərtəbəli qeyri-yaşayış sahəsi, arxa hissə bağça ilə sərhəddir. Bağça ərazisinə hər hansı müdaxilə müəyyən edilmir, həm bağça, həm iddia olunan ərazi fərqli formada hasarlanmışdır. Belə ki, torpaq sahəsi dəmir metal torla, ümumi bağça ərazisi isə daşla hasarlanmış, bir-birindən təcrid edilmiş vəziyyətdədir. Yeraltı su anbarının giriş hissəsi hasarlanmış sahə daxilində yox, hasardan kənar ərazidədir. Futbol meydançası yaşayış binasından aralıda yerləşir. Binanın qarşısında yaşıllıq ərazisi mövcuddur ki, iddia olunan sahə həmin yaşıllıq ərazisi ilə təxminən bir-neçə metr məsafədə olmaqla, yaşayış binasının özündən aralı məsafədə yerləşir. Bundan əlavə, yaşayış sahələrinin ön hissəsində müxtəli təyinatlı qeyri-yaşayış sahələri mövcud oluğu müəyyən edilir ki, iddia olunan sahə digər qeyri-yaşayış sahəsi ilə yan-yanadır. Bundan əlavə, Binəqədi Bələdiyyəsinin 25 noyabr 2024-cü il tarixli məktubundan da görünür ki, həmin bələdiyyə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bələdiyyəyə torpaq sahəsinin ayrılmasına dair sərəncama istinad edərək iddia olunan sahənin həmin ərazi hüdudları daxilində olduğunu və iddiaçının vergi uçotunda olması və s barədə aidiyyəti sənədlərin məhkəməyə təqdim etmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1695/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında, 2-1(102)-1299/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında, 2-1(102)-1621/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023cü il tarixli qərarında, 2-1(102)-970/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il saylı qərarında da analoji mövqedən çıxış etmişdir. Bakı şəhəri üzrə bələdiyyə orqanının qərarı əsasında ayrılmış torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair iş üzrə Ali Məhkəmənin 2- 1(102)-2117/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı, 2-1(102)- 2109/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarında, 2-1(102)-2108/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il saylı qərarında, 2-1(102)-950/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il qərarında və digər aidiyyəti qərarlarında da analoji mövqedən çıxış etmişdir. Nəzərə alınmalıdır ki, 2-1(102)-2833/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadında isə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan edilmiş və qərardad onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda(o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, 2- 1(102)-832/2024 nömrəli, X6 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2- 1(102)-426/2023 nömrəli, X2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1299/2023 nömrəli, X3 Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1861/2023 nömrəli və X7 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1494/2023 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Eyni zamanda, 2-1(102)-2693/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardadında da qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin cavabdehin iddia etdiyi kimi bələdiyyə üçün nəzərdə tutulmuş torpaqlara aid olmaması dəlili öz təsdiqini tapmamış, iş üzrə cavabdeh də mübahisəli torpaq sahəsinin bələdiyyəyə aid olmaması ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Beləliklə də, sözügedən torpaq sahəsi Binəqədi bələdiyyəsinə ayrılmış torpaq sahəsi olmuş, bələdiyyə də ona aid olan torpaq sahəsini həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya satmışdır. Həmçinin qeyd edilməlidir ki, torpaq sahəsinin plan-ölçüsü torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirməklə yanaşı, mülkiyyət hüququnun qeydə alınması üçün zəruri sənəd hesab olunur. İş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin situasiya planı da tərtib edilmişdir. Nəticədə həmin iş üzrə də cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan edilmişdir. Eyni zamanda Məhkəmə qeyd edir ki, texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifəsidir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirildiyi zaman, eyni zamanda cavabdeh tərəfindən həmin torpaq sahəsinə münasibətdə plan-ölçünün verilməsi də təmin olunmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7-ci mkr., 151 saylı uşaq bağçasının yanında yerləşən 411 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov