Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3810/2022 01.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti) “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Arzu Mirzəyev küçəsində yerləşən 8 saylı evin yaşayış sahəsi 28,45 kv.m olan 2 otaqlı 49 saylı mənzilin onun adına ilkin hüquqi qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birgə uzun müddətdir ki Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Arzu Mirzəyev küçəsində yerləşən 8 saylı evin yaşayış sahəsi 28,45 kv.m olan 2 otaqlı 49 saylı mənzildə yaşayır. Həmin mənzil Bakı Aviasiya İstehsalat Birliyinin Mənzil Kommunal İdarəsinin Həmkərlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin və Müdriyyətin 05.01.2004-cü il tarixli, 01 saylı birgə iclas protokoluna əsasən ona verilmiş, həmin mənzil barəsində kirayə müqaviləsi də bağlanılmışdır. Cavabdeh heç bir əsaslı səbəb göstərmədən mənzil mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçı mənzilə dair hüquqmüəyyənedici sənədlər təqdim edə bilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşin faktiki hallarından, o cümlədən cavabdehin etirazından göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının mənzilə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hal qismində hüquqmüəyyənedici sənədin təqdim edilməməsini göstərmişdir. İddiaçının mənzilə dair hüquqmüəyyənedici sənədinin olub-olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Lakin həmin maddənin tələbindən də aydın olur ki, həmin sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək qəbul edilməsi şərti də müəyyən edilmişdir. Məhkəmə isə hesab edir ki, iddiaçının adına mənzil kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın 08.01.2021-ci il tarixdə, yəni 2009-cu il oktyabrın 1-dən sonra bağlanılması vəziyyəti iddiaçının ziyanına dəyişməyən haldır. Belə ki, mübahisəli daşınmaz əmlak 08.01.2021-ci il tarixli sərəncam əsasında iddiaçıya ayrılsa da, həmin mənzilə dair ilkin hüquqmüəyyənedici sənəd kimi daha əvvəllər Bakı Aviasiya İstehsalat Birliyinin Mənzil Kommunal İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin və Müdriyyəti tərəfindən verilmiş birgə iclasının 01 №-li, 05.01.2004-cü il tarixli protokolu mövcud olmuşdur ki, bununla da iddiaçının mübahisəli mənzil üzrə hüquqları 2009-cu il oktyabrın 1-dək yaranmışdır. Doğrudur ki, mübahisə predmetini təşkil edən mənzil ilə bağlı ilkin sənədlər digər fiziki şəxsin adına olmuşdur. Belə ki, Azərbaycan SSR X6 İcraiyyə Komitəsi tərəfindən verilmiş 212203 №-li order əsasında Bakı şəhəri, Buzovna qəsəbəsi, Ağa Neymətulla (indiki Araz Mirzəyev) küçəsində yerləşən 8 saylı evin yaşayış sahəsi 28,45 kv.m olan 2 otaqlı 49 saylı mənzil 1982-ci il tarixdə X1 ayrılmış, bundan sonra 1987-ci il tarixdə X2 2 nəfər ailə tərkibi ilə (X5, X3) sözügedən mənzildən qeydiyyatdan çıxmışdırlar. Bundan sonra Bakı Aviasiya İstehsalat Birliyinin Mənzil Kommunal İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin və Müdriyyətinin 06 №-li, 13.08.2002-ci il tarixli protokolu ilə Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi ev 8, mənzil 49 X4 başqa ölkəyə gətməsi ilə əlaqədar olaraq Məmmədov Rza oğlunun adına keçirilmiş və son olaraq X7 vəfatı ilə əlaqədar sözügedən yaşayış sahəsi 01 №-li, 05.01.2004-cü il tarixli birgə iclas protokolu ilə İddiaçı adına keçirilmişdir. Göründüyü kimi hər nə qədər də həmin dövrdə yaşayış sahəsinə münasibətdə digər şəxslər barəsində sənədlər olsa da (birgə iclas protokolları və s.), son olaraq yaşayış sahəsinin iddiaçıya məxsus olması barədə Mənzil Kommunal İdarəsinin rəisi ilə Həmkarlar İttifaqı Komitəsinin sədrinin birgə iclas protokolu mövcud olmuşdur ki, həmin dövrdə balanssaxlayıcı tərəfindən mənzilin iddiaçıya verilməsi təmin olunmuşdur. Bununla əlaqədar qeyd olunmalıdır ki, hazırki mübahisə üzrə hüququn yaranması anı 01.10.2009cu il tarixədək yarandığından, cavabdehin imtinasının əsasının qiymətləndirilməsində 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları nəzərə alınmalıdır. 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 45-ci madəssinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Həmin Məcəllənin 46-ci maddəsindən də müəyyən edilir ki, ictimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın giriş hissəsində qeyd olunan Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 07.11.2001-ci il tarixli, 709 saylı Sərəncamdan və 67 №-li, 17.04.2009-cu il tarixli Sərəncamdan göründüyü kimi İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv edilmiş nazirlik, dövlət şirkəti, konsernlərinə, digə təşkilatların müraciətinə əsasən onlara məxsus yaşayış binaları, o cümlədən yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. İddiaçının yaşadığı keçmiş yaşayış binası da mənzil fonduna daxil edildiyindən, iddiaçının müraciəti təmin edilmiş, mənzilə dair kirayə müqaviləsinin bağlanılması və iddiaçının kirayəçi hesab olunması qərara alınmışdır. Göründüyü kimi balanssaxlayıcı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən iddiaçı və ailə üzvlərinin 2009-cu il oktyabr ayının 1dən əvvəl qeydiyyatda olmaqla yaşadığı mənzilə hüquqları tanınmış, şəxsin mənzilin kirayəçisi hesab olunması məqbul hesab edilmişdir. Bundan əlavə, iddiaçının ailə üzvlərinin də mənzilə mülkiyyət hüquqlarının iddiaçının adına qeydiyyata alınmasına razılıq ərizələri də təqdim edilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Maddə 8. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Göründüyü kimi balansaxlayıcı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən mənzil kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam mülkiyyət hüququnun qeydiyyata alınma əsaslarından biri kimi çıxış edir. Beləliklə, cavabdehin etirazda əsaslandırdığı iddia tələbinin təminini istisna edən hüquqmüəyyənedici sənədin təqdim edilməməsi barədə faktiki şərt sübut edilə bilməmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilənhallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Arzu Mirzəyev küçəsi, ev 8, 28,45 kv.m olan 2 otaqlı 49 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Arzu Mirzəyev küçəsi, ev 8, 28,45 kv.m olan 2 otaqlı 49 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-3810/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3810/2022
01.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver