Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3811/2022 30.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X4, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzinə qarşı «şəhərsalma əsaslandırılmasının düzgünlüyünə rəy verilməsindən imtinanın qanunsuz sayılması və bununla bağlı düzgün inzibati aktın qəbul edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzinə qarşı «cavabdehin imtinası ləğv edilərək şəhərsalma əsaslandırılmasının düzgün olması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 19 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzinə rəsmi ərizə ilə müraciət edərək, ona Bakı şəhəri, Qaradağ rayonu ərazisində Müşfiqabad – Qızıldaş yolunun 15-ci kilometrliyində yerləşən, əvvəllər fəaliyyətdə olmuş 132 saylı yanacaq-doldurma məntəqəsinin rekonstruksiya olunmaqla və müasir avadanlıqlarla təchiz edilməklə tikintisinə icazə verilməsini xahiş etmişdir. Bu məqsədlə o, əvvəlcədən 132 saylı yanacaq-doldurma məntəqəsini qüvvədə olan obyekt kimi satın almış və həmin obyekti müasir abadanlıqlarla təzhiz etməyi planlaşdırmışdır. Obyektin torpaq sahəsinə dair daşınmaz əmlakı dövlət reyestrindən çıxarış iki şəxsin – iddiaçının və digər şəxs X6 adına verilmişdir. Onlar birgə şəkildə fəaliyyət göstərməyə qərar vermişlər. Odur ki, digər bütün sənədləşmə əməliyyatları hüquqi cəhətdən onların adından aparılmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən tikintiyə icazə alınmasının ilkin prosedurlarından biri sayılan şəhərsalma əsaslandırılması 4 fevral 2020-ci il tarixdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birbaşa tabe strukturu olan “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə bağlanmış 9514 saylı “Layihə məhsulunun yaradılması barədə” müqaviləyə əsasən həmin qurum hazırlamalı idi. Sözügedən yanacaq-doldurma məntəqəsinin şəhərsalma əsaslandırılması işlərini yerinə yetirməyi (1.1-ci bənd) və alınmış nəticələri (1.2-ci bənd) nəzərdə tutulmuş qaydada 1 ay müddətində tam başa çatdıraraq təhvil verməyi həmin Layihə İnstitutu öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulmuş şərtləri tərəflər hər hansı şəkildə yerinə yetirmədikdə, yaxud qismən yerinə yetirdikdə, bunun nəticəsində digər tərəfə dəymiş zərərin əvəzini ödəməlidir. Layihə institutu da şəhərsalma əsaslandırılmasını şübhəsiz ki, Komitənin tələb etdiyi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və digər texniki normativlərin tələblərinə uyğun olaraq hazırlayaraq ona (iddiaçıya) təhvil vermişdir. Növbəti mərhələ olan tikintiyə icazə alınması məqsədi ilə 19 fevral 2020-ci il tarixdə verilən ərizəyə 2 mart 2020-ci il tarixdə Komitənin digər tabe strukturu olan hazırda cavabdeh qismində çıxış edən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 02/996 saylı məktubuna əsasən Layihə İnstitutu tərəfindən hazırlanmış şəhərsalma əsaslandırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 saylı qərarı ilə təsdiq edilmiş «Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar»ın tələblərinə uyğun olmaması əsası ilə imtina cavabı verilməklə geri qaytarılmışdır. Həmin Qaydaların 17-ci bəndinə əsasən bu qaydalar yanacaq-doldurma məntəqələrinə və bir sıra digər spesifik tikililərə şamil edilmir, onlar barəsində digər normativ aktlar tətbiq olunur. Layihəçi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tabe qurumdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 48.3.2-ci maddəsində göstərilir ki, layihəçi tikinti layihəsinin bu Məcəllənin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını təmin edir və buna görə cavabdehlik daşıyır. İddiaçı məsələ ilə bağlı Ərazi Tikinti-Planlaşdlrma Mərkəzində qəbulda olmuş, lakin müsbət nəticə əldə olunmamışdır. 4 fevral 2020-ci il tarixli 9514 saylı müqavilənin 3.1-ci bəndinə uyğun olaraq, iddiaçı tərəfindən həmin tarixdə 11 saylı hesab-fakturaya əsasən İnstitutun "xxxx" ASC-nin Mərkəzi Filialındakı hesablaşma hesabına 4.000 manat (ƏDV ilə birlikdə) pul vəsaiti keçirilmişdir. Sonradan iddiaçı məcbur qalaraq, rəsmi şəkildə poçt vasitəsi ilə şəhərsalma əsaslandırılmasının əsassız olaraq təsdiq olunmamasını Ərazi Tikinti Planlaşdırma Mərkəzinə olan iradlarını qeyd etməklə, Komitənin rəhbərliyinə 22 aprel 2021-ci il tarixdə şikayət şəklində göndərmişdir. Həmin şikayətə cavab olaraq ünvanlanmış 8 may 2021-ci il tarixli məktubla cavabdehdən sənədlərin yenidən hazırlanaraq təqdim olunması təklifi gəlmişdir. İddiaçı həmin tarixdə cavabdehə tələb olunan sənədlərlə birlikdə yeni ərizə ilə müraciət etmişdir. 27 may 2021-ci il tarixdə cavabdehdən daxil olmuş digər məktubda isə, ona guya əvvəlki 8 may 2021-ci il tarixli məktubda məsələyə dair ətraflı izah verildiyi bildirilmişdir. Halbuki, əvvəki məktubda ona sənədləri sənədləri yenidən təqdim etmək təklif olunmuşdu ki, iddiaçı da həmin sənədləri 8 may 2021-ci il tarixdə təqdim etmişdir. Yəni, əvvəlki əsassız imtina cavabı nəzərə alınmadan təkrar müraciət etmək məsləhət bilinmiş və bu müraciət təklifi də qəbul olunmuşdur. Bununla da, tikintiyə icazə icraatı qeyri-qanuni olaraq iddiaçının təqsiri olmadan bir ildən çox müddətə ləngidilmişdir. Halbuki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.4 və 75.5-ci bəndlərinin tələblərinə əsasən icazə prosedurunun bu mərhələsində, onun müraciətindən ötən 2 – 3 gün ərzində şəhərsalma əsaslandırılmasının şəhərsalma sənədlərinə uyğun olub-olmaması cavabdeh tərəfindən yoxlanılaraq, düzgün olduğu halda növbəti mərhələnin başlanması üçün həmin Məcəllənin 75.5.2-ci maddəsinə əsasən diğər aidiyyati qurumlara rəsmi göndərilməli idi. Təqdim edilmiş sənədlərdə də qanuni tələblərdən kənar hər hansı xüsusat yox idi ki, əsassız olaraq növbəti mərhələlərə göndərilmədən imtina olunsun. İmtina edilən şəhərsalma əsaslandırılmasında ara məsafələrinə riayət olunmamasına dair tutulan iradlar tamamilə əsassız idi. Bu etiraz ilk öncə adıçəkilən Layihə İnstitutuna bildirdikdə, qurumdan “ara məsafələri”nə riayət olunması tələblərinə əməl olunması məqsədi ilə məlum reyestrdən çıxarışda qeyd olunan 0,24 ha-dan əlavə yanaşı ərazidən əlavə daha 0,20 ha torpaq alınması şərt kimi bildirilmişdir. Halbuki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tabe olan məlum layihəçinin nümayəndəsi bildirmişdir ki, həmin yanacaqdoldurma məntəqəsinin üç tərəfi dövlət ehtiyat fondunun torpaqlarıdır. Əgər əvvəllər qanuni fəaliyyət göstərmiş yanacaq-doldurma məntəqəsi üçün hazırda başqa normativlər tələb olunursa, bu normativlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təsdiq etdiyi 25 oktyabr 2001-ci il tarixli 2718 saylı “Dövlət Şəhərsalma Norma və Qaydaları”na (Az.DTN 2.6-1) ziddir. Məhz bu Qaydalar «Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar»ın 17-ci bəndində nəzərdə tutulmuşdur. Həmin Qaydaların 8.45-ci bəndinə görə yanacaq doldurma məntəqələri 1.200 minik avtomobilinə hər yanacaq paylama kolonkası hesabı ilə layihələndirilməli, onların torpaq sahələrinin ölçüləri aşağıdakı kimi qəbul edilməlidir: 2 kolonkalı məntəqə – 0,1 ha, 5 kolonkalı məntəqə – 0.2 ha, 7 kolonkalı məntəqə – 0,3 ha. Göründüyü kimi, ona (iddiaçıya) aid yanacaq-doldurma məntəqəsinin layihəsi ilə 3 kolonka, reyestrdən çıxarış üzrə mümkün olandan daha az torpaq sahəsi tələb olunur. Bundan əlavə, iddiaçıya aid torpaq sahəsinin yüz metrlərlə hər dörd cəhətində, məlum Qaydaların 8.46-cı bəndində sadalanan obyektlər mövcud deyildir. Həmin Qaydaların 8.46-cı bəndinin tələblərinə görə maye yanacaq saxlanan yeraltı çənləri olan yanacaq-doldurma məntəqəsindən məktəbəqədər tədris müəssisələrinin, ümumtəhsil məktəblərinin, internat məktəblərinin, stasionarı olan müalicə müəssisələrinin torpaq sahələrinin sərhədlərinə, yaşayış, digər ictimai bina və qurğuların divarlarına qədər məsafələr 50 metrdən az olmamalıdır. Göstərilən məsafə məntəqədəki yanacaqdoldurma kolonkaları və maye yanacaq saxlanan yeraltı çənlərdən təyin edilir. Sutkada 500 qədər minik avtomobilinə xidmət olunduqda, məsafəni 25 metrdən az olmamaqla qısaltmaq olar. Yuxarıda sözügedən 2718 saylı Qaydalardan daha sonra ölkə üzrə bu xüsusda yeni Qaydalar təsdiq olunmadığı halda, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tabe olan strukturlar tərəfindən ciddi qanunsuzluqlara yol verilmişdir. Layihə İnstitutunun iddiaçıya ünvanlanmış 5 may 2021-ci il tarixli məktubunda göstərilir ki, şəhərsalma əsaslandırılması işlərinin yerinə yetirilməsi üçün mövcud yanacaq-doldurma məntəqəsinin rekonstruksiyasını nəzərə almaqla, yerləşəcək yeraltı yanacaq çənləri və kolonkalardan 25 metr radiusunda olan torpağa dair müvafiq sənədlərin tələb olunmasına baxmayaraq, həmin torpaq sənədləri təqdim olunmamışdır. Layihə sənədlərində yaşıl rəngdə 25 metr radiusundakı çevrələrin mövcud ərazidən kənara çıxdığı göstərilmişdir. Göründüyü kimi, Ədliyyə Nazirliyinin təsdiq etdiyi qüvvədə olan yuxarıda ətraflı şərh olunmuş məlum 2718 saylı dövlət-tikinti normativlərinə zidd olan tələb qoyularaq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə birbaşa tabe Layihə İnstitutu tərəfindən ona (iddiaçıya) rəsmi məktub göndərilmişdir. Həmin məktubda məlum Layihə İnstitutu özü təsdiq edir ki, İnstitut tərəfindən çəkilən layihə səhvdir, çən və kolonkalardan 25 metr radiusda əlavə yeni, yəni iddiaçıya məxsus mövcud 24 kv.m-dən əlavə torpaq sahəsi tələb olunur ku, bu da sözügedən normativlərə ziddir. Belə ki, 25 metrlik məsafə AZ.DTN 2-6-1 qaydalarına əsasən çənlərdən hesablanaraq həmin qaydalarda sadalanan və yuxarıda adıkeçən obyektlərin sərhədlərinə qədər müəyyən edilərkən həmin məsafənin yanacaq-doldurma məntəqələrinin sərhədləri daxilində olması tələbi mövcud deyil və bu tam məntiqdənkənar haldır. Qurum tərəfindən 3 kolonkası olan yanacaq-doldurma məntəqəsinə əlavə 0,20 ha sahə (ümumilikdə təxminən 0.5 ha) tələb edilir. İddiaçı məsələ ilə bağlı 7 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Dövlət Turizm Ağentliyinə ayrı-ayrılıqda sorğu məktubları göndərmişdir. Nazirlər Kabineti həmin sorğu məktubunu aidiyyati üzrə Əmlak Məsələləri Dövlət Xidmətinə göndərmiş və həmin Xidmətdən daxil olmuş **********94 saylı 5 noyabr 2021-ci il tarixli elektron məktubda bildirilir ki, məlum ərazinin Bakı şəhərinin hazırda hazırlanmaqda olan Baş Planında turizm və rekreasiya zonası kimi nəzərdə tutulması barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Nazirlər Kabineti sorğu məktubunu Əmlak Məsələləri Dövlət Xidmətinə göndərməkdə Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların Dövlət idarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında» Əsasnaməyə istinad etmişdir. Həmin Agentlik isə, Əmlak Məsələləri Dövlət Xidmətinin birbaşa tabe strukturudur. Həmin Əsasnamənin 3.04-cü bəndində qeyd olunur ki, torpaqların dövlət idarəetməsinin təşkili ilə bağlı icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının fəaliyyətlərini əlaqələndirmək Agentliyin müstəsna vəzifəsidir. Həmin Əsasnamənin 3.0.5-ci bəndində isə göstərilir ki, torpaqların kateqoriyaya aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə vəsatətlərə baxmaq, aidiyyati orqanlarla razılaşdırılması, əsaslandırılması istiqamətində tədbirlər görmək və təkliflər vermək də Agentliyin müstəsna səlahiyyətidir. Bununla da, görünən odur ki, turuzm və rekreasiya zonalarının Baş Plana salınması üçün mütləq X10 Nazirlər Kabinetinə rəsmi təklifi olmalı, Nazirlər Kabineti də öz növbəsində bu təklifin torpaq fondu ilə bağlı hissəsini razılaşdırmaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməli idi. X7 Nazirlər Kabinetinə təklif daxil olduğu halda, Əmlak Məsələləri Dövlət Xidmətindən yuxarıda ətraflı qeyd edilən cavab məktubu gəlməzdi. X11 göndərilən rəsmi sorğuya cavab olaraq Agentlikdən verilmiş DİA/03-12/2-1650/2 saylı 5 noyabr 2021-ci il tarixli məktubda qeyd olunur ki, müvafiq ərazi Nazirlər Kabinetinin 2016-cı il 1 avqust tarixli 286 nömrəli qərarı ilə yaradılmış turizm və rekreasiya zonalarının hüdudları daxilində deyildir. Deməli, Agentlik ümumiyyətlə 2016-cı ildən sonra yeni turuzm-rekreasiya zonaları yaradılması üçün torpaq sahəsi ayrılması barədə təkliflə Nazirlər Kabinetinə müraciət etməmişdir. Başqa sözlə, mübahisə predmeti olan ərazinin Bakı şəhərinin hazırlanmaq mərhələsində olan Baş Planına salınması üçün yeganə səlahiyyətli təklifverici və təsdiqedici orqan tərəfindən Baş Planın layihəçisinə heç bir sənəd daxil olmadan 132 saylı yanacaq-doldurma məntəqəsinin rekonstruksiyasına icazə verilməsinə mane ola biləcək ərazinin turizm və rekreasiya zonası elan olunması barədə rəsmi sənədlə iddiaçıya verilən məlumatlar da yanlışdır. Əlavə olaraq 16 oktyabr 2021-ci il tarixdə sonuncu dəfə cavabdehə tikintiyə icazə verilməsi üçün şəhərsalma əsaslandırılmasının təsdiq olunması xahişi ilə bütün aidiyyati sənədləri göndərməklə müraciət olunmuş və cavabdehdən daxil olan XO-03-0/2-2021-04162 saylı 5 noyabr 2021-ci tarixli məktubla artıq 4-cü dəfə əvvəlki göndərilən imtina cavablarına istinad edilərək, şəhərsalma əsaslandırılmasının təsdiq edilməsindən imtina olunmuşdur. Beləliklə də, rekreasiya zonası adı ilə iddiaçıya məxsus obyektin şəhərsalma əsaslandırılmasının təsdiqindən imtina edilməsi, eyni ilə ara məsafələri adı ilə imtina qədər absurddur və hər iki halın baş vermə səbəbləri cinayət motivlidir. Cavabdedən gələn 5 noyabr 2021-ci il tarixli XO-03-0/2-2021-04162 saylı 4-cü imtina cavabı, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətindən və X7 5 noyabr 2021-ci il tarixdə daxil olan cavab məktubları artıq tam qənaət yaradır ki, onun (iddiaçının) hüquqları əsaslı şəkildə, hətta qərəzli və qəsdən pozulmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikasınən Konstitusiyasının 149-cu maddəsinin Vİİ, Vİİİ hissələrinə, Mülki Məcəlləsinin 7-ci maddəsinə, Mülki- Prosessual Məcəlləsinin 296, 297.1-ci maddələrinə əsaslanaraq, məhkəmədən tikintiyə icazə verməkdən əsassız olaraq qəsdən və qərəzli şəkildə imtina etməklə, Cinayət Məcəlləsinin 308-ci maddəsinin tələblərinə uyğun olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin tamah və sair şəxsi marağı üzündən öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə etməsi nəticəsində ona 200.000 manatdan çox zərər dəyə bildiyinə görə cavabdehin aidiyyati məsul şəxsləri barəsində xüsusi qərardad qəbul edilməsi, cavabdeh tərəfindən 132 saylı yanacaq-doldurma məntəqəsinin rekonstruksiya olunaraq tikilməsinə icazə məqsədi ilə rəsmi müraciətlərə verilən qərəzli imtina cavabları ləğv edilərək, 4 fevral 2020-ci il tarixli 9514 saylı müqaviləyə əsasən “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış və cavabdehə təqdim olunmuş şəhərsalma əsaslandırılmasının düzgün olması barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı iddiası əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı öz iddiasında İPM-in 2-ci maddəsinə istinad etsə də, əsası düzgün seçməmişdir. Cavabdehin İPM-in 2-ci maddəsinin hansı tələbini pozması iddia ərizəsində aydın ifadə edilməmişdir. Cavabdeh tərəfindən İPM-in 2-ci maddəsinin tələbinin pozulması qeyri-mümkündür. Çünki cavabdeh inzibati orqan deyildir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanuna əsasən inzibati orqan dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2008-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na Ərazi Tikinti-Planlaşdırma Mərkəzi inzibati orqan kimi daxil edilməmişdir. İddia ərizəsində dəqiq ifadə edilməsə də güman edilir ki, iddiada İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçının arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması məhkəmədən tələb edilir. Bu tələbin də hüquqi əsası düzgün müəyyən edilməmişdir. Çünki Məcəllənin 33.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia ya inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, ya da cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallarda verilə bilər. Bu halda bir neçə sual yaranır: 1) Cavabdeh hansı inzibati aktı qəbul etməkdən imtina etmişdir? Bu sualın təbii ki, cavabı yoxdur. Çünki cavabdehin yuxarıda da qeyd edildiyi kimi, inzibati akt qəbul etmək səlahiyyəti yoxdur və cavabdeh tərəfindən iddiaçıya verilən 2 mart 2020-ci il tarixli 02/996 saylı, 8 may 2021-ci il tarixli XO-03-R-14-2021-01096 saylı və 5 noyabr 2021-ci il tarixli XO-03-0/2-2021- 04162 saylı məktublar da imtina məktubu deyildir. Əksinə, həmin məktubda çatışmazlıqlar konkret olaraq sadalanmaqla aradan qaldırılması tövsiyyə edilmişdir. 2) Cavabdehin hansı hərəkətsizliyi səbəbindən inzibati akt qəbul edilməmişdir? Bu sualın da, cavabı yoxdur. Cünki Məcəllənin 33.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Məhkəmədə Məcəllənin 33.2-ci maddəsinin tələbinin pozulmasını öz əksini tapsa və məhkəmə cavabdeh üçün müddət təyin etsə də, bu normanın necə və hansı formada tətbiq edilməsi müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanına əsasən cavabdehin göstərdiyi ödənişli xidmətlərin siyahısı təşkil edilmişdir. Həmin xidmətlərin göstərilməsi üçün isə, müqavilə bağlanılır və müvafiq xidmət haqqı ödənilir. Cavabdeh isə, müvafiq xidmətləri göstərərkən qanunvericiliyə istinad edir və yalnız qanunun tələblərinə uyğun şəkildə hazırlanmış şəhərsalma əsaslandırılması layihəsinin yoxlanılması xidmətini həyata keçirir. İddiaçı tərəfindən yoxlanılması üçün təqdim edilən şəhərsalma əsaslandırılması layihəsində isə, nöqsanlar mövcuddur və həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edilməsi tövsiyyə olunmuşdur. Qanunvericilikdə nöqsanların mövcud olduğu, qanunvericiliyin tələblərinə uyğun olmayan şəhərsalma əsaslandırılması layihəsinin yoxlanılması xidmətinin həyata keçirilməsi prosedurları mövcud olmadığından, cavabdeh üçün müddətin tətbiq edilməsi göründüyü kimi mümkün deyildir. İddiaçı öz iddiasında cavabdehin aidiyyəti məsul şəxsləri barəsində xüsusi qərardadın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bu tələb əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 265-ci maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məcəllənin həmin maddəsinin tələbindən aydın şəkildə bəlli olur ki, yalnız məhkəmə baxışı zamanı proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, məhkəmə, bu barədə xüsusi qərardad çıxarmalıdır. Məhkəmə baxışı həyata keçirilmədən xüsusi qərardadın çıxarılması proseduru qanunvericilikdə müəyyən edilməmişdir. Eyni zamanda da, məhkəmə baxışı zamanı şəxslərin əməlində cinayətin əlamətləri mütləq şəkildə aşkar olunmalıdır ki, məhkəmə xüsusi qərardad çıxara bilsin. İddiaçının qardaşı X5 Nəsimi rayon prokurorluğuna 12 oktyabr 2021-ci il tarixli müraciətinə (Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarının rüşvət tələb etməsi barədə) əsasən prokurorluqda müvafiq müraciət üzrə araşdırılmanın aparılmasına başlanılmış və araşdırılmanın gedişində iddiaçının da izahatı alınmışdır. Araşdırılmanın nəticəsi olaraq şəxslərin əməlində cinayət hadisəsi müəyyən edilməmiş və 22 oktyabr 2021-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilərək tərəflərə təqdim edilmişdir. İddiaçı öz iddiasında əsaslandığı faktları və digər sübutetmə vasitələrini qeyd etməmiş, yalnız MPM-in bu işə heç bir aidiyyəti olmayan və ləğv edilmiş maddələrini sadalamaqla kifayətlənmişdir. Halbuki, bunun qeyd edilməsi çox vacibdir. İddiaçı əsaslandığı faktları və digər sübutetmə vasitələrini qəsdən öz iddiasına daxil etmir. Çünki bilir ki, o zaman iddia tələbinin əsassız olduğu dərhal aşkar ediləcəkdir. Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın «şəhərsalma əsaslandırılmasının düzgünlüyünə rəy verilməsindən imtinanın ləğv edilməsi və bununla bağlı düzgün inzibati aktın qəbul edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X8 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq cavabdehin inzibati orqan olmaması ilə bağlı mövqeyi ilə razı olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq tikintisi mübahisə obyekti olan yanacaqdoldurma məntəqəsinin ətrafında yaşayış obyektinin olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, Ərazi Tikinti Planlaşdırma Mərkəzi inzibati orqan deyil, Mərkəzinin əməkdaşlarının tutduğu vəzifələr dövlət qulluğu hesab olunmur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktublar imtina deyil, tövsiyyə xarakterlidir. Ərazi Tikinti Planlaşdırma Mərkəzinin bu məsələ ilə bağlı gələcəkdə verə biləcəyi sənəd inzibati akt olunmayacaqdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 16-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əssən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: (36.1.1) inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; (36.1.2) barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; (36.1.3) inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər. Həmin Qanunun 36.3-cü amaddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 36.4-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən icraata iştirakçı kimi cəlb olunan üçüncü şəxslər icraat iştirakçılarının malik olduğu bütün hüquq və vəzifələrə malikdirlər. İştirakı məcburi olan üçüncü şəxs icraata cəlb olunduğu halda, icraatın sonunda qəbul olunmuş inzibati akt ona münasibətdə də etibarlı olur və onun üçün hüquq və vəzifələr yaradır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 48.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan tikinti obyektlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər. Həmin Məcəllənin 48.3.2-ci maddəsinə əsasən layihəçi tikinti layihəsinin bu Məcəllənin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını təmin edir və buna görə cavabdehlik daşıyır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: (75.3.1) torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; (75.3.2) tikinti layihəsi; (75.3.3) sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; (75.3.4) «Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Azərbaycan Respublikası Prezidentinin 597 nömrəli 19 mart 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Ərazi Tikinti-X1»nə görə: - (1.1-ci bənd) Ərazi Tikinti-Planlaşdırma Mərkəzi şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahələrində xidmətlər göstərən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən publik hüquqi şəxsdir; - (3.1.6-cı yarımbənd) Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə «Vətəndaşların müraciətləri haqqında», «İnzibati icraat haqqında» və «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbir görmək Mərkəzin vəzifələri sırasına daxildir. Həmin Fərmanla təsdiq edilmiş «Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi ödənişli xidmətlərin siyahısı»nın 4-cü bəndində “təsdiq üçün təqdim edilən şəhərsalma əsaslandırılması layihələrinin yoxlanılması” nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın V bəndində qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də inzibati orqan qismində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş «Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar»ın 17-ci bəndinə əsasən bina və qurğularla mühəndis-kommunikasiya təminatı obyektləri (qurğuları, xətləri), xüsusi təyinatlı avadanlıqlar, neft-qaz məhsulları saxlanılan çənlər, o cümlədən yanacaqdoldurma məntəqələri və digər istehsal (istismar) təyinatlı obyektlər, həmçinin müxtəlif növ meydançalar (idman, təsərrüfat və s.) arasında məsafələr şəhərsalma və tikinti fəaliyyətinə dair normativ sənədlərlə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə «Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları» təsdiq edilmişdir. Sənədin 9.1-ci b\ndinə görə təhlükə potensiallı kimya, neftkimya və neft-qaz emalı sənayesi obyektlərində təhlükəli maddələrin partlaması, od tutması və tullanışı, tikililərin, texniki qurğuların və ya onların elementlərinin dağılması texnogen xarakterli hadisələr hesab edilməklə, həmin obyektlərin layihələndirilməsi, tikintisi və istismarı zamanı qüvvədə olan yanğın təhlükəsizliyinə dair norma və standartların tələblərinə riayət edilməlidir. Bununla əlaqədar aşağıdakı mühafizə tədbirləri tətbiq olunmalıdır: - (9.1.5) maye yanacaq saxlanılan yeraltı çənləri olan yanacaqdoldurma məntəqələrindən məktəbəqədər təhsil müəssisələri, ümumi təhsil və internat məktəbləri, stasionar olan müalicə müəssisələrinin torpaq sahələrinə, yaşayış, digər ictimai bina və qurğularına qədər məsafə 50 metrdən az olmamalıdır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Kollegiya İclasının 12 oktyabr 2001-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət Şəhərsalma Norma və Qaydaları Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1»-in 8.46-cı bəndinə görə maye yanacaq saxlanılan yeraltı çənləri olan YDM-dən məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil və internat məktəbləri, stasionarı olan müalicə müəssisələrinin torpaq sahələrinin sərhədlərinə, yaşayış, digər ictimai bina və qurğuların divarlarına qədər məsafələr 50 m-dən az olmamalıdır. Göstərilən məsafəni yanacaqdoldurma kolonkalarından və maye yanacaq saxlanılan yeraltı, çənlərdən təyin etmək lazımdır. Sutkada 500 qədər minik avtomobillərinin yanacaqla doldurulması üçün nəzərdə tutulmuş YDM-dən göstərilən obyektlərə qədər məsafələri 25 m-dən az olmamaq şərtilə qısaltmaq olar. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə qiymət verərək, vurğulayır ki, cavabdeh Ərazi Tikinti-Planlaşdırma Mərkəzi publik hüquqi şəxs olduğundan, Nizamnaməsinə görə müraciətlərə müstəqil inzibati icraat çərçivəsində baxmaq səlahiyyəti daşıdığından, eləcə də göstərdiyi xidmətlər (ödənişli şəkildə) sırasına şəhərsalma əsaslandırılması layihələrinin yoxlanılması da daxil olduğundan, hazırkı iddia üzrə müvafiq inzibati orqan qismində çıxış edə bilər. Cavabdeh iddiaçının müvafiq müraciəti üzrə qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçının müraciəti üzrə inzibati icraatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş «Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar»nın müddəalarına istinad etməkdə imtina cavabı verməkdə cavabdeh inzibati orqan haqlı olmamışdır. Belə ki, həmin Qaydaların 17-ci bəndi nəzərdə tutur ki, yanacaqdoldurma məntəqələri ilə bağlı məsafələr digər normativ sənədlərlə tənzimlənir. Həmçinin nəzərə alımalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə «Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları», eləcə də Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Kollegiya İclasının 12 oktyabr 2001-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət Şəhərsalma Norma və Qaydaları Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1» təsdiq edilmişdir. Bununla da, cavabdeh inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» Qanunun 16, 17, 24-cü maddələrinin tələblərinə riayət olunmamışdır. Bundan başqa, məhkəmə diqqətə çəkir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş müvafiq reyestrdən çıxarışın surətindən görünür ki, daşınmaz əmlakın dövlət reyestrində “Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş-Müşfiqabad yolu, 132 saylı YDM” kimi qeydiyyata alınmış qeyri-yaşayış sahəsi iki şəxsin – İddiaçı və X6 ümumi paylı mülkiyyətindədir. Lakin cavabdeh inzibati orqan tərəfindən inzibati icraat onlardan yalnız birinin ərizəsi üzrə və iştirakı ilə aparılmışdır. Digər şəxsin inzibati icraatda hər hansı (ərizə ilə müraciət etmiş şəxs və ya iştirakçı kimi icraata cəlb olunmuş şəxs) qisimdə iştirakı təmin olunmamışdır. Bununla da, cavabdeh inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» Qanunun 36.1, 36.3, 36.4-cü maddələrinin tələblərinə riayət olunmamışdır. Məhkəmə hüquqi mövqeyi belədir ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda göstərilən hallar üzrə tədbir görülməli, nöqsan və çatışmazlıqlar aradan qaldırılmalı və bundan sonra iş üzrə əhəmiyyət kəsb edən bütün hallar araşdırılaraq, iddiaçının qaldırdığı konkret məsələ ilə bağlı müsbət qərar və ya imtina verilməlidir. Nəzərə alınmalıdır ki, qeyd olunan halların bütövlükdə araşdırılması, aradan qaldırılması və qiymətləndirilməsi məhkəmə baxışı çərçivəsində mümkünsüzdür. Odur ki, məhkəmə cavabdehin imtinasını qanunsuz sayır və iddiaçının hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: (73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; (73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; (73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzinin imtinası qanunsuz sayılmalı, İddiaçı məxsus yanacaqdoldurma məntəqəsinin rekonstruksiya olunaraq tikintisi məqsədilə “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış və iddiaçı tərəfindən təqdim olunmuş şəhərslma əsaslandırılmasına dair rəy verilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzinin imtinası qanunsuz sayılsın. İddiaçı məxsus yanacaqdoldurma məntəqəsinin rekonstruksiya olunaraq tikintisi məqsədilə “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış və iddiaçı tərəfindən təqdim olunmuş şəhərslma əsaslandırılmasına dair rəy verilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3811/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3811/2022
30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver