Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3811/2023 19.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır), üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 (Bakı şəhərində qeydiyyatdadır,hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X1rşı kreditin qalıq məbləği üzrə faizlərin subsidiyalaşdırılmasının məqsədəuyğun hesab edilməməsinə dair imtinanın əsassız hesab edilməsi və COVİD-19 pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə üçüncü şəxs qismində "xxxx" QSC cəlb edilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının X1rşı iddia qaldıraraq "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 11846 nömrəli məktubu ilə verilmiş cavabda Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun kredit komitəsinin xx.xx.2022-ci il tarixli iclasının qərarına əsasən iddiaçıya verilmiş kredit vəsaitinin istifadə istiqaməti kreditin təyinatına uyğun olmadığından kreditin qalıq məbləği üzrə faizlərin subsidiyalaşdırılmasının məqsədəuyğun hesab edilməməsinə dair gətirilən əsasların (imtinanın) əsassız hesab edilməsi, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun üzərinə Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin iddiaçıya münasibətdə subsidiyalaşdırılması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 08 avqust 2019-cu il tarixli, 035L**********11 nömrəli uzunmüddətli kredit müqaviləsi əsasında o, Access Bank QSCnin İsmayıllı filialından 07 fevral 2020-ci il tarixində 150 (yüz əlli) manat komissiya ödəməklə 30000 (otuz min) manat məbləğində kredit vəsaiti əldə etmişdir. Müqavilənin əlavə və ayrılmaz hissəsi olan ödəniş planına uyğun, əldə edilmiş kreditin ödənilməsini aybaay gecikdirmədən məsuliyyətli ödəyici kimi tələb olunan şərtlərə uyğun olaraq ödənişləri həyata keçirmişdir.2022-ci ilin may ayında ona məlum olmuşdur ki, COVİD-19 pandemiyası dövründə kredit əldə etmiş sahibkarlara dövlət tərəfindən həmin əldə olunmuş kredit faizlərinin subsidiyalaşdırılması həyata keçirilir.Bununla əlaqədar o, Access Bank QSC-nin İsmayıllı filialından 07 fervral 2020-ci il tarixində aldığı kredit üzrə subsidiyanın əldə edilməsi üçün, "xxxx" QSC-nin baş ofisinə müraciət etmişdir. Baş ofisdən verilən cavab məktubunda Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən imtina verilməsi qeyd edilmiş və bildirilmişdir ki, Fondun kredit komitəsinin xx.xx.2022-ci il tarixli iclasının qərarına əsasən verilmiş kredit vəsaitinin istifadə istiqaməti kreditin təyinatına uyğun olmadığından kreditin qalıq məbləği üzrə faizlərin subsidiyalaşdırılması məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli, 249 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavədə (Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması qaydaları) faiz subsidiyasının verilməsi və imtina şərtləri açıq qeyd edilmişdir. Həmin qərarda göstərilən imtina şərtləri iddiaçıya münasibətdə mövcud deyildir. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 2.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə cаvаbdеh Azərbaycan Respublikasının Sahibkarlığın İnkişaf Fondundan iddia ərizəsinə etirazın təqdim edilməsi tələb edilsə də etiraz təqdim edilməmişdir. 3.Üçüncü şəxs "xxxx" QSC məhkəməyə təqdim etdiyi yazılı izahatında göstərmişdir ki, İddiaçı "xxxx" QSC-yə mikrosahibkarlıq subyekti kimi kredit üçün müraciət etmiş, bank tərəfindən həmin şəxsin sahibkarlıq fəaliyyəti qiymətləndirilməklə ona mikro sahibkarlıq subyekti kimi fərdi mikro kredit verilmişdir. İddiaçı ilə xx.xx.2019-cu il tarixli 035R********** nömrəli və xx.xx.2020-ci il tarixli 035R********** nömrəli kredit razılaşması imzalanarkən onun sahibkar qismində çıxış etməsinin təsdiqi kimi vergi ödəyicisinin eyniləşdirmə nömrəsi qeyd edilmişdir. Sahibkar krediti bu məqsədlərlə istifadə üçün nəzərdə tutulmuş və Vergi Xidməti tərəfindən təqdim olunmuş (hesabın açıldığı anda qüvvədə olan Vergi Məcəlləsinin tələbinə uyğun olaraq) şəhadətnamə-dublikat əsasında açılmış sahibkarlıq məqsədləri üçün istifadə olunan bank hesabına köçürülmüşdür. İİ.İddianın növü və mümkünlüyü.
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, müraciəti təmin edilməmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
6.İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 7.Üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 etirazda göstərilən məzmunda çıxış etmiş və çıxışının sonunda iddianın təmin edilməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. 8.İnzibati məhkəmə işinin materiallarında olan:
İnternet vergi portalından məlumata əsasən, iddiaçı ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı və ölkədaxili yük və sərnişin daşıma (o cümlədən taksi) (zərərçəkmiş fəaliyyət növləri) fəaliyyəti ilə məşğul olan fərdi sahibkar kimi qeydə alınmışdır; Üçüncü şəxsin iddiaçıya ünvanladığş xx.xx.2022-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyul 2020-ci il tarixli, 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması” Qaydasına uyğun olaraq 12 Dekabr 2019-cu il tarixli 035R********** nömrəli kredit müqaviləsinə münasibətdə mövcud faiz dərəcəsinin 10 (on) faizi miqdarında subsidiyanın təmin olunması barədə iddiaçının müraciətinə əsasən iddiaçının sənədləri bank tərəfindən Azərbaycan Respublikası Sahibkarlığın İnkişaf Fonduna təqdim edilmişdir. Fondun kredit komitəsinin xx.xx.2022-ci il tarixli iclasının qərarına əsasən verilmiş kredit vəsaitinin istifadə istiqaməti kreditin təyinatına uyğun olmadığından kreditin qalıq məbləği üzrə faizlərin subsidiyalaşdırılması məqsədəuyğun hesab edilməmişdir; İddiaçı ilə üçüncü şəxs "xxxx" QSC arasında bağlanmış 035R********** nömrəli kredit razılaşmasına əsasən Bank məbləği 30000.00 (otuz min manat) manat olan krediti (bundan sonra «Kredit») aylıq faiz dərəcəsi 1.6667 (bir tam on mində altı min altı yüz altmış yeddi) % olmaqla 30 ( otuz ) ay müddətinə iddiaçıya vermişdir; Cavabdehin üçüncü şəxsin müraciəti əsasında sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə faiz dərəcələrinə subsidiya verilməsi üçün aparılmış ekspertizanın nəticələrinə dair rəyə əsasən İddiaçı 29233,67 manat qalıq kredit məbləği üzrə faizlərin subsidiyalaşdırılması məqsədəuyğun hesab edilməmişdir, əsas kimi verilmiş kredit vəsaitinin istifadə istiqamətinin kreditin təyinatına uyğun olmaması göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş: xx.xx.2019-cu il tarixli üzünmüddətli kredit müqaviləsinə əsasən iddiaçıya 500000 manat məbləğində uzunmüddətli kredit xətti açılmışdır, həmin tarixli kredit razılaşmasına əsasən iddiaçıya 20000 manat kredit verilmişdir, xx.xx.2020-ci il tarixli kredit razılaşmasına əsasən iddiaçıya 30000 manat kredit verilmişdir.
İV. Məhkəmənin mövqeyi
10.Məhkəmə, iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.
11. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
12. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun nizamnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində yaradılmış, Azərbaycan Respublikasında sahibkarlığın inkişafına maliyyə dəstəyi verən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2-ci bəndinə əsasən fondun fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.2.1. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirmək; 2.2.1-1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası vermək. Həmin Nizamnamənin 3.1-ci bəndində göstərilir ki, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Fondun vəzifələri aşağıdakılardır: 3.1.1. Fondun vəsaiti hesabına Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini maliyyələşdirmək; 3.1.1-1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası vermək.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına əsasən və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi və “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından manatla alacaqları kreditlərə dövlət zəmanəti və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verilməsinə dair tələbləri, müraciət qaydasını, zəmanət və faiz subsidiyası üzrə ödəniş şərtlərini və digər məsələləri müəyyən edir. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən zəmanət zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından almaq istədikləri kreditlərə verilir. Həmin Qaydanın 3.2-ci bəndinə əsasən faiz subsidiyaları zəmanət verilən kreditlərə hesablanıb ödənilir. Həmin Qaydanın 3.3-cü bəndində göstərilir: Zəmanət aşağıdakı hallarda verilmir: 3.3.1. sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatından almaq istədiyi kreditin təyinatı zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə uyğun deyildirsə; 3.3.2. kredit hesabatına əsasən sahibkarlıq subyektinin 2020-ci il 10 mart tarixinə 60 (altmış) gündən artıq (zamin durduğu öhdəliklər istisna olmaqla) gecikməsi olduqda; 3.3.3. sahibkarlıq subyektinin bank hesabları üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkarlıq subyekti arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda; 3.3.4. sahibkarlıq subyekti zəmanət üçün müraciət etdiyi müvəkkil kredit təşkilatına aidiyyəti şəxs olduqda; 3.3.5. sahibkarlıq subyekti zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növü ilə məşğul olmadıqda; 3.3.6. sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 faizdən çox olduqda; 3.3.7. sahibkarlıq subyektinə münasibətdə vergiləri ödəməkdən yayınma ilə bağlı cinayət təqibi həyata keçirildikdə; 3.3.8. sahibkarlıq subyekti Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara əsasən riskli vergi ödəyicisi olduqda; 3.3.9. sahibkarlıq subyektinin fəaliyyət növü təsərrüfat subyektinin (və ya obyektinin) uçota alınmasının tələb edildiyi halda, belə obyekt vergi orqanında uçota alınmadıqda; 3.3.10. sahibkarlıq subyektinin müraciət tarixinə fəaliyyəti dayandırılmış olduqda və (və ya) ləğvetmə prosesində olduqda;3.3.11. sahibkarlıq subyektinin faktiki fəaliyyəti və göstəriciləri ilə onun vergi ödəyicisinin uçot məlumatları arasında uyğunsuzluqlar aşkar edildikdə.
14. İşin faktiki hallarına əsasən iddiaçı fərdi sahibkardır, bank təşkilatı olan üçüncü şəxs tərəfindən iddiaçıya 500000 manat məbləğində uzunmüddətli kredit xətti açılmışdır, iddiaçıya sahibkarlıq fəaliyyəti məqsədilə 20000 manat və 30000 manat məbləğində kreditlər verilmişdir. İddiaçının müraciətinə əsasən kredit müqaviləsinə münasibətdə mövcud faiz dərəcəsinin 10 (on) faizi miqdarında subsidiyanın təmin olunması üçün iddiaçının sənədləri bank (üçüncü şəxs) tərəfindən Azərbaycan Respublikası Sahibkarlığın İnkişaf Fonduna təqdim edilmiş, lakin cavabdeh verilmiş kredit vəsaitinin istifadə istiqamətinin kreditin təyinatına uyğun olmamasını əsas gətirərək kreditin qalıq məbləği üzrə faizlərin subsidiyalaşdırılmasını məqsədəuyğun hesab etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanununun müddəalarına uyğun olmamışdır. Belə ki, cavabdeh Azərbaycan Respublikasının Sahibkarlığın İnkişaf Fondu imtina cavabını iddiaçıya üçüncü şəxs "xxxx" QSC tərəfindən verilmiş kredit vəsaitinin istifadə istiqamətinin kreditin təyinatına uyğun olmaması ilə əsaslandırsa da buna dair heç bir sübutu məhkəməyə təqdim etməmiş və həmin sübutlar barədə məlumat verməmişdir. Bundan əlavə inzibati iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti göstərən şəxsdir, Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektidir, ona "xxxx" QSC tərəfindən böyük məbləğdə kredit xəttinin açılması və kifayət qədər böyük məbləğlərdə kreditlərin verilməsi və bankın məktubuna görə verilmiş kreditin sahibkarlıq məqsədləri üçün istifadə olunan bank hesabına köçürülməsi həmin kreditlərdən sahibkarlıq məqsədləri üçün istifadə edilməsi nəticəsinə gəlməyə əsas verir.
15. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 16.Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması qaydası”nın 3.3-cü bəndində göstərilən halların mövcud olması cavabdeh tərəfindən sübuta yetirilmədiyi halda yuxarıda göstərilənlərə əsasən iddiaçının iddia tələbi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi nəticəyə görə iddia tələbi təmin edilməli, ’’ACCESSBANK” QSC-nin xx.xx.2022-ci il tarixli, 11846 nömrəli məktubu ilə verilmiş cavabda Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun kredit komitəsinin xx.xx.2022-ci il tarixli iclasının qərarına əsasən iddiaçıya verilmiş kredit vəsaitinin istifadə istiqaməti kreditin təyinatına uyğun olmadığından kreditin qalıq məbləği üzrə faizlərin subsidiyalaşdırılmasının məqsədəuyğun hesab edilməməsinə dair gətirilən əsaslar (imtina) əsassız hesab edilməli, İddiaçı münasibətdə Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Sahibkarlığın İnkişaf Fondun üzərinə qoyulmalıdır. 17.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 18.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 19.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. 20.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. ’’ACCESSBANK” QSC-nin xx.xx.2022-ci il tarixli, 11846 nömrəli məktubu ilə verilmiş cavabda Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun kredit komitəsinin xx.xx.2022-ci il tarixli iclasının qərarına əsasən İddiaçı verilmiş kredit vəsaitinin istifadə istiqaməti kreditin təyinatına uyğun olmadığından kreditin qalıq məbləği üzrə faizlərin subsidiyalaşdırılmasının məqsədəuyğun hesab edilməməsinə dair gətirilən əsaslar (imtina) əsassız hesab edilsin, İddiaçı münasibətdə Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Sahibkarlığın İnkişaf Fondun üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova