Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3814/2021 01.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı təqdimatların aidiyyatı üzrə göndərilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsi məqsədilə tərtib olunmuş təqdimatların aidiyyatı üzrə Daxili İşlər Nazirliyi vasitəsilə Prezident Aparatına göndərilməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda olan zabitidir. 1992-ci ilin sentyabr ayından Daxili Qoşunların N saylı hərbi hissəsində istehkam bölüyünün komandiri kimi hərbi xidmətə başlamış, sonradan hərbi hissənin istehkam xidmət rəisi kimi xidmət keçmişdir. 1-ci Qarabağ Müharibəsi zamanı döyüş əməliyyatlarında göstərdiyi qəhrəmanlıqları nəzərə alaraq Daxili Qoşunların o vaxtkı rəhbərliyi tərəfindən “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməyi məqsədilə bir neçə təqdimat yazılmış, lakin həmin təqdimatlar naməlum səbəblər üzündən aidiyyatı üzrə göndərilməmişdir. Sadalanan igidlik və qəhrəmanlıqlar hazırki iddia ərizəsinə əlavə olunmuş sənədlərdə əks olunur, hərbi hissənin vəzifəli şəxslərinin imzaları və möhürləri ilə təsdiqlənmişdir: 9 (doqquz) ədəd düşmən tankını partlatmış, bu faktlar hərbi hissə komandirinin, qərargah rəisinin və digər zabitlərin gözü qarşısında baş vermişdir və müvafiq sənədlərdə əks olunmuşdur; Düşmənin şəxsi heyətini daşıyan 2 (iki) ədəd “Kamaz” markalı hərbi avtomobilini partlatmışdır; Düşmənin 2 (iki) ədəd yanacaqdaşıyan “URAL” markalı hərbi avtomobilini partlatmışdır; 20 yanvar faciəsinin törədilməsində iştirak etmiş, Xocalı faciəsini törətmiş 366-cı alayın qərargah rəisini diri tutub tankı ilə birlikdə Qarabağ Hərbi Prokuroruna təhvil vermişdir. Həmin zaman hücuma keçmiş 3 (üç) erməni tankının birini pusquya salaraq körpünü altında batırmış, qalan 2 (iki) tankdan birini partlatmış, 3-cü tankı geri dönməyə məcbur etmiş və həmin tank da döyüş meydanından uzaqlaşmışdır. Partladılmış düşmən tankının içərisindən 366-cı alayın kontuziya vəziyyətdə olan qərargah rəisi çıxmış, onun üzərində isə məxfi sənədlər, o cümlədən düşmənin Böyük Ermənistan xülyalarına əsasən işğal etmək istədiyi Azərbaycan ərazilərinin xəritəsi olmuşdur; Ermənistan Ordusunun 97ci X5 mühəndis xidmətinin rəisi mayor X2 əsir götürərək Daxili Qoşunların o vaxtki komandanı Ramiz Məmmədova, Baş prokuror Əli Ömərova və Daxili İşlər naziri Ramil Usubova təhvil vermişdir. Mayor Luqovoyu əsir götürərkən onun yanında olmuş 6 (altı) erməni zabitini, o cümlədən Ermənistan Ordusunun kəşfiyyat rəisi Aşotu və daha 5 zabitini məhv etmişdir. X7 ümummilli lider Heydər Əliyevin göstərişinə əsasən Azərbaycan televiziyasında çıxış edərək “Ey nayomniklər, təslim olub Azərbaycan tərəfə keçin və buradan təyyarə ilə hər kəsi öz vətəninə göndərəcəklər" çağırışını etmişdir; 1994-1996-cı illərdə Bakı şəhərində qiyamçılar və terrorçular tərəfindən institutlara, univermaqlara, metrolara, “H.Əliyev sarayı”na (o vaxtki Respublika Sarayına) quraşdırılmış partladıcı maddələrin zərərsizləşdirilməsini təşkil edib həyata keçirmişdir; Ümummilli lider Heydər Əliyevin Respublika Sarayında çıxışı zamanı vedrələrin içinə qoyulmuş 16 (on altı) ədəd əl qumbarasını zərərsizlşdirmişdir; 1995-ci ilin aprel ayında Türkiyə Cümhuriyyətinin Baş X8 Azərbaycana səfəri zamanı Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyinin açılışı mərasimində qırmızı lentin kəsilməsi zamanı 13 yaşlı uşağın verdiyi gül dəstəsində quraşdırılmış 3 (üç) ədəd mexanizm tipli minanı zərərsizləşdirmişdir. Bu zaman onun yanında DİN-nin müavini Z.Dünyamalıyev, Nəsimi RPİ-nin rəisi və MTN əməkdaşları olmuşdur və s. Bir daha qeyd etmişdir ki, bütün bu sadalanan igidlik və qəhrəmanlıqların canlı şahidləri var, bunlar hərbi hissənin sənədlərində əks olunmuşdur. Artıq bir neçə ildir ki, X1 həmin təqdimatların əslinin tapılaraq aidiyyatı üzrə Prezident Aparatına göndərilməsini xahiş etməyinə baxmayaraq cavabdeh orqan bundan israrla imtina edir. Sonuncu dəfə həmin qurumdan aldığı 26.12.2020-ci il tarixli, 13-15/3871-150/30 saylı cavab məktubunda qeyd olunmuşdur ki, "Daxili Qoşunların sabiq hərbi qulluqçusu İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarındakı fəaliyyəti nəzərə alınmış və o. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında, hərbi borcunu, xidməti vəsifələrini və xüsusi tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və cəsarət göstərdiyinə görə Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab ilham Əliyevin 6 may 2005-ci il tarixli, 803 nömrəli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir. Cavabdehin bu mövqeyini əsassız hesab edərək onu qane etmədiyindən pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar 13-15/3871-150/3Q №-li, 26.12.2020-ci il tarixli məktubundan görünür ki, Daxili Qoşunların sabiq hərbi qulluqçusu İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarındakı fəaliyyəti nəzərə alınmış və o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində, hərbi borcunu, xidməti vəzifələrini və xüsusi tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və cəsarət göstərdiyinə görə Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 6 may 2005-ci il tarixli 803 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının 15.07.1992-ci il tarixli, 209 №-li Qanunu ilə təsdiq edilmiş “Azərbaycanın Milli Qəhrəmanı” adı haqqında” Əsasnaməyə əsasən “Azərbaycanın Milli Qəhrəmanı” adı respublikanın ən yüksək fərqlənmə dərəcəsidir, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir. İlkin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının tələbi ona “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi üçün müvafiq vəsatətin göndərilməsinin cavabdehə həvalə edilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun məqsədi baxımından iddiaçının qaldırdığı məsələ müstəqil inzibati icraatın predmeti ola bilməz. Çünki aidiyyatı hərbi qulluqçuların təltif edilməsi ilə bağlı təşəbbüs göstərilməsi, vəsatət irəli sürülməsi cavabdeh inzibati orqanın hüququdur və bununla bağlı onun üzərində öhdəlik qoyula bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3814/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3814/2021
01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver