Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3815/2020 12.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı Əmrəli oğlunun iştirakı ilə, İddiaçı Əmrəli oğlunun Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin qazlaşdırılması üçün texniki şərtin verilməsi və obyektin qazlaşdırılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əmrəli oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azadlıq prospektinin davamı olan Binəqədi Şossesi 52 ünvanda yerləşən İcra Hakimiyyətinin razılığı icazəsi və onun tərəfindən təsdiq olunmuş eskiz layihə əsasında 250 kv.m torpaq sahəsində tikilmiş olan obyektinin qazlaşdırılması üçün texniki şərtin verilməsi və həmin obyektin qazlaşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Əmrəli oğlu iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2004-cü il tarixdə Azadlıq prospektinin davamı olan Binəqədi Şossesində vətəndaş X4 qanuni qaydada ona ayrılmış 250 kv.m torpaq sahəsində tikilmiş şəxsi evi həyətlə birlikdə almışdır. Həmin evi söküb İcra Hakimiyyətinin razılığı icazəsi və onun tərəfindən təsdiq olunmuş eskiz layihə əsasında orada 250 kv.m sahəsi olan obyekt tikmişdir. Hazırda həmin obyektdə “Azər-Türk Hidrolik” şirkəti kimi fəaliyyət göstərir. Bu obyektdə hazırda 25 nəfər işçi çalışır və ailəsini dolandırır. Obyektin qeyd olunan təyinatı üzrə normal fəaliyyət göstərə bilməsi üçün həmin obyektin qazlaşdırılması zəruridir. Buna görə də Binəqədi Şossesi 53 ünvanda yerləşən həmin obyektinin qazlaşdırılması üçün texniki şərtin verilməsi xahişi ilə Cavabdehnə müraciət etmişdir. Lakin həmin təşkilatdan ona verilən cavabda bildirilmişdir ki, həmin ərazi SOCAR-in daimi istifadəsində olan torpaq sahəsinə düşdüyündən həmin ərazidə inşa edilmiş tikilinin qazlaşdırılması üçün texniki şərtin verilməsi mümkün deyildir. Ona verilən həmin imtina əsassız olduğundan və bir sahibkar kimi onun hüquqlarını pozduğundan və sahibkarlıq fəaliyyətini həyata keçirməyisinə ciddi maneələr yaratdığından bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Energetika Nazirliyi X3 Agentliyinin Bakı Filialına müraciət edərək həmin qanunsuzluğun aradan qaldırılmasını və qanuni xahişinin təmin olunmasını tələb etsə də, ona göndərilmiş xx.xx.2020-ci il tarixli 18-205/20 nömrəli rəsmi cavab məktubu ilə ’’Cavabdeh” İstehsalat Birliyinin ona verdiyi cavabda göstərilənlər təkrarlanaraq, qanuni xahişinin təmin olunmasından imtina edilmişdir və bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdehin həmin hərəkəti onun bir potensial mülkiyyətçi kimi hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Ona görə də həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməyə və həmin məsələnin məhkəmə qaydasında həll olunmasını xahiş etməyə məcbur olmuşdur. Qeyd olunan obyekt 15 ildən çoxdur ki, onun qanuni istifadəsində və sahibliyindədir və orada 25 nəfər ailə başçısı işlə təmin olunmuşdur. Buradan da görünür ki, həmin obyektin bundan sonra da normal fəaliyyət göstərə bilməsi üçün obyektin qazlaşdırılması zəruridir. Qeyd olunanlardan əlavə obyektinin qazlaşdırılması məsələsi ilə əlaqədar müraciətinə baxan Azərbaycan Respublikası Energetika Nazirliyi X3 Agentliyinin Bakı Filialı tərəfindən yerində yoxlama aparılaraq müvafiq akt tərtib edilmişdir. Onun və Bakı Regional Qaz X1 Texniki istismar xidmətinin mühəndisi Rəşad Məmmədovun iştirakı ilə tərtib edilmiş aktda müəyyən edilmişdir ki, qeyd olunan müəssisənin 30-40 metrliyində Cavabdeh İB-nin paylayıcı qaz xətləri mövcuddur. Həmçinin müəssisənin yaxınlığındakı fərdi yaşayış evləri qazlaşdırılmışdır. Eyni zamanda aktda qeyd edilmişdir ki, qeyd olunan ünvanda 2003-cü ilə kimi X5 fərdi yaşayış evi olmuşdur və həmin evdə təbii qazdan istifadə olunmuşdur, həmin evi isə xx.xx.2004-cü il tarixdə evin yerləşdiyi torpaq sahəsi ilə birlikdə ona satmışdır. Aktda daha sonra qeyd edilir ki, müəssisəsnin yaxınlığında (40-45 metr məsafədə) yerləşən fərdi yaşayış evinin qazlaşdırılması üçün çəkilmiş qaz xətti Binəqədi Rayon Texniki İstismar Xidmətinin mühəndisinin bildirdiyinə görə təxminən iki ay əvvəl qaz paylayıcı şəbəkəyə qoşulub. Onun ərizəsi ilə əlaqədar obyektin qazlaşdırılmasının mümkün olub-olmamasını müəyyən etmək üçün tərtib olunmuş həmin aktdan da açıqaşkar şəkildə görünür ki, obyektinin qazlaşdırılması üçün heç bir maneə yoxdur və haqlı xahişi qanunsuz olaraq təmin olunmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 288/1 nömrəli Sərəncamının surətindən görünür ki, Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudlarında Bakı şəhər sakinləri X5 və İddiaçı Əmirəli oğlunun razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 250 kv.m torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini İddiaçı Əmirəli oğlunun adına keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 439 nömrəli arayışının surətindən görünür ki, Teymurov X2 rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şossesi 53 ünvanında yerləşən və istifadəsində olan 250 kv.m qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi X3 Agentliyinin Bakı Filialı tərəfindən İddiaçı Əmrəli oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Nazirlər Kabinetindən Energetika Nazirliyinə ünvanlanmış Binəqədi rayonu, Binəqədi şosesi 53 ünvanında yerləşən "qeyri-yaşayış sahəsinin qazlaşdırılması ilə bağlı texniki şərtin verilməməsi barədə" müraciətiniz X3 Agentliyinin Bakı filialında araşdırılmışdır. Bununla əlaqədar bildiririk ki, filialın müfəttişləri tərəfindən “Cavabdeh" İB-nin nümayəndəsinin və vətəndaşın iştirakı ilə göstərilən qeyriyaşayış sahəsinin yerləşdiyi ünvana baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Baxış zamanı qeyri-yaşayış sahəsindən təxminən 30-40 metr aralı məsafədə qaz paylayıcı şəbəkənin mövcudluğu və ərazidə küçə qaz xətləri çəkilərək fərdi evlərin təbii qazla təmin olunduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar Cavabdehnə xx.xx.2019-cu il tarixli AERA-18-2249/19 nömrəli məktub ünvanlanmış və bu barədə Sizə xx.xx.2019-ci il tarixli AERA-18-2255/19 nömrəli məktubla məlumat verilmişdir. "Cavabdeh” İB xx.xx.2020ci il tarixli SOCAR**********30560046X00158 nömrəli yazılı məlumatında (daxil olma: №17, xx.xx.2020) bildirilir ki, qeyd olunan qeyri-yaşayış sahəsi SOCAR-ın daimi istifadəsində olan torpaq sahələrinə düşdüyü üçün, ARDNŞ-nın xx.xx.2011-ci il tarixli 22/MQ-445Mİ saylı məktubuna əsasən həmin ərazilərdə inşa edilən tikililərin qazlaşdırılması üçün texniki şərtin verilməsi mümkün olmadığını qeyd etmişdir. Göstərilənləri nəzərə alaraq mübahisəli məsələlərin həlli üçün məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur: Binəqədi rayonu, Binəqədi şossesi 53 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qazlaşdırılması üçün texniki şərtin verilməsi və layihə-smeta sənədlərinin hazırlanması barədə "Asan Xidmət” Mərkəzi Kommunal 1-dən daxil olan müraciətinizə “Cavabdeh" İstehsalat Birliyində baxıldı. Bununla əlaqədar bildiririk ki, qeyriyaşayış sahəsinin qazlaşdırılması üçün qeyd olunan ərazi SOCAR-in daimi istifadəsində olan torpaq sahələrinə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən də, ARDNŞ-nin xx.xx.2011-ci il tarixli 22/MQ-455Mİ saylı məktubuna əsasən həmin ərazilərdə inşa edilən tikililərin qazlaşdırılması üçün texniki şərtin verilməsi mümkün deyildir. İş materiallarında olan “X8” Şirkəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, qazlaşdırılması nəzərdə tutulan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi (Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən İddiaçı Əmirəli oğluna ayrılmış) “Hasilat pay bölgüsü haqqında» Sazişə və «X6»nə əsasən Şirkətin qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları və neft quyularının mühafizə zolağı daxilində yerləşir. İnşa edilmiş qeyri-yaşayış sahəsi neft quyusunun və qaz xəttinin yaxınlığında yerləşdiyindən, baş verəcək texniki qəza nəticəsində ətraf mühit və insanların həyatı üçün potensial təhlükə yarada bilər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası qanununun: 1-ci maddəsinə əsasən sənaye qaz qurğusu - ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur (qurğuları); qaz paylayıcısı - alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir; istehlakçı - alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir; texniki şərtlər - tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir; 3-cü maddəsinə əsasən qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın: 1.2-ci bəndinə əsasən qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir; istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir; sənaye qaz qurğusu - ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur (qurğuları); texniki şərtlər - tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir; 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir; 2.1-ci bəndinə əsasən yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir; 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 288/1 nömrəli Sərəncamı ilə onun sahiblik və istifadəsinə verildiyini iddia etdiyi 250 kv.m torpaq sahəsində tikdirdiyi qeyri-yaşayış sahəsinin qazlaşdırılması üçün texniki şərtin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İş materialları ilə müəyyən edildi ki, qeyd olunan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) daimi istifadəsində olan torpaq sahələrinə düşdüyündən həmin ərazilərdə inşa edilən tikililərin qazlaşdırılması üçün texniki şərtin verilməsi mümkün deyildir. “X8” Şirkəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, qazlaşdırılması nəzərdə tutulan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi (Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən İddiaçı Əmirəli oğluna ayrılmış) “Hasilat pay bölgüsü haqqında» Sazişə və «X6»nə əsasən Şirkətin qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları və neft quyularının mühafizə zolağı daxilində yerləşir, inşa edilmiş qeyri-yaşayış sahəsi neft quyusunun və qaz xəttinin yaxınlığında yerləşdiyindən, baş verəcək texniki qəza nəticəsində ətraf mühit və insanların həyatı üçün potensial təhlükə yarada bilər. Göründüyü kimi, iddiaçının qazlaşdırılma üçün texniki şərtin verilməsini tələb etdiyi tikilinin yerləşdiyi ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) daimi istifadəsində olan torpaq sahələridir, eləcə də inşa edilmiş qeyri-yaşayış sahəsi neft quyusunun və qaz xəttinin yaxınlığında yerləşir və qeyd olunan əraziyə qaz xəttinin çəkilməsi ətraf mühit və insanların həyatı üçün potensial təhlükə yarada bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Əmrəli oğlunun Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin qazlaşdırılması üçün texniki şərtin verilməsi və obyektin qazlaşdırılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3815/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3815/2020
12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver