Məhkəmə qərarları › İş №2-1(112)-3819/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3819/2021

10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3819/2021 10.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X11, Cavabdeh nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 42 saylı evin 51 saylı mənzilinə dair kirayə müqaviləsinin onun adına bağlanılması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Apellyasiya Məhkəməsinin 26 noyabr 2004-cü il tarixli 1MK-5340/2004 saylı qətnaməsinə əsasən onun, qızının ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 42 saylı evin 51 saylı mənzilində yaşayış sahəsindən istifadə hüququ tanınmışdır. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 42 saylı evin 51 saylı mənzilinə dair onunla icarə müqaviləsinin bağlanması cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin Sosial Xidmətlər İdarəsinə tapşırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə edilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli 435s saylı Sərəncamına əsasən SOCAR-ın Sosial İnkişaf İdarəsinin mənzil, qeyri-yaşayış sahələri və qeyd edilən mənzil Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentinin 24.12.2019-cu il tarixli 988 saylı cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli 435s saylı Sərəncamına əsasən SOCAR-ın Sosial İnkişaf İdarəsinin Mənzil, qeyri-yaşayış sahələri və sorğuda qeyd edilən mənzil Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 25.01.2012-ci il tarixli 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Komunal Xidmətlər Departamentinin balansında olan Mənzil Fondu o cümlədən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 42 saylı ev 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Daha sonra 23.09.2020-ci il tarixdə cavabdeh orqana yenidən müraciət olunaraq, kirayə müqaviləsinin surətini təqdim olunmasi istənilsə də, 13.10.2020-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin Sosial Xidmətlər İdarəsi tərəfindən sözü gedən mənzilə dair hər hansı bir hüquq müəyyənedici sənəd təqdim olunmadığından müraciəti cavabsız qalmışdır. 23.11.2020-ci il tarixli müraciətdə isə bildirilmişdir ki, sözügedən mənzilə dair kirayə müqaviləsi imzalanması istənilsə də cavabdeh orqan sosial kirayə müqaviləsinin imzalanmasından imtina edilmişdir. Cavabdeh orqanın ona təqdim etdiyi cavablar bir biri ilə ziddiyyət təşkil edir belə ki, cavabdeh orqan 1-ci cavabında bildirir ki, “onunla sosial kirayə müqaviləsi imzalanmışdır.” 2-ci cavabında bildirilir ki, “ARDNŞ tərəfindən sənədlər və ya kirayə müqaviləsi onlara təqdim olunmamışdır.” 3-cü cavabında bildirilmişdir ki, “müraciətçi ilə sosial kirayə müqaviləsi imzalana bilməz”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin və üçüncü şəxsin iddiaya dair yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili X15 iddia tələbinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X12 iddia məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İş materiallarında olan; Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 26 noyabr 2004-cü il tarixli MK-5340/2004 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh ARDNŞ “Azneft” İB-nin Sosial Xidmətlər İdarəsinə qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və icarə müqaviləsinin bağlanması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri, B.Nuriyev küçəsi, 42 saylı mənzilindən istifadə hüququnun tanınması və həmin mənzilə dair onunla icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdeh ARDNŞ “Azneft” İB-nin Sosial Xidmətlər İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2004-cü il tarixli 2-1029/2004 qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 26 noyabr 2004-cü il tarixli MK-5340/2004 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2004-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 42 saylı evin 51 saylı mənzilində yaşayış sahəsindən istifadə hüququnun tanınması, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 42 saylı evin 51 saylı mənzilinə dair İddiaçı ilə icarə müqaviləsinin bağlanmasının cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin Sosial Xidmətlər İdarəsinə tapşırılması, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 42 saylı evin 51 saylı mənzilinə dair X10 adına verilmiş 23 noyabr 1979-cu il tarixli 176435 saylı orderin etibarsız hesab edilməsi qət edilmişdir. Qeyd olunan qətnamə ilə işin müəyyən olunmuş hallarından görünür ki, 1992-ci ildən qaçqın düşmüş iddiaçı ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşamışlar. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 26 noyabr 2004-cü il tarixli MK-5340/2004 saylı qətnaməsi 26 noyabr 2004-cü il tarixdə qanuni qüvvəsini almışdır, 22 dekabr 2004-cü il tarixdə qətnamənin icrası ilə bağlı 1MK5340 saylı icra vərəqəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X13” tərəfindən Sosial Xidmətlər İdarəsinə ünvanlanmış və surəti X5 göndərilmiş 15.04.2005-ci il tarixli JC-017/1985 saylı məktubda Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 26 noyabr 2004-cü il tarixli iş-1mk-5340 saylı qətnaməsinə əsaslanaraq B.Nuriyev küçəsində yerləşən 42 saylı evin, 51 saylı mənzilin (2 otaq,30,14 kv.m.) şəxsi hesabını X2 adına keçirib, onunla yaşayış sahəsinin kirayəsi üçün iki nəfər ailə üzvü ilə (onlardan özü X8 və X6) şəxsi hesab açıb müqavilə bağlanılması tapşırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən X4 (vəkili Tural Şahbazova) ünvanlanmış 19 dekabr 2019-cu il tarixli **********30490089X00066 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 435s saylı Sərəncamına əsasən, SOCAR-ın Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri yaşayış sahələri, o cümlədən sorğuda qeyd edilmiş ünvanda yerləşən mənzil Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən X4 (vəkili Tural Şahbazova) ünvanlanmış: - 24 dekabr 2019-cu il tarixli 988 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli, 435s nömrəli sərəncamının icrası haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25.01.2012-ci il tarixli, 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan mənzil fondu, o cümlədən ünvan 2 ünvanında yerləşən yaşayış binası 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Hal-hazırda qeyd edilən ünvanda yerləşən yaşayış binası dövlət mənzil fonduna aid olmaqla 3 saylı Xüsusi Təyinatlı MKTB-nin balansındadır. - 10.02.2020-ci il tarixli 87 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 26 noyabr 2004-cü il tarixli, 1MK-5340/2004 saylı qətnaməsinə əsasən ünvan 2 saylı evin 51 saylı mənzilinə dair iddiaçı X9 ilə icarə müqaviləsinin bağlanılması cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər İdarəsinə tapışırlmışdır. "Azneft" İstehsalat Birliyinin "Şəxsi hesabın adını dəyişdirmək barədə" 15.04.2005-ci il tarixli, YC-017/1985 saylı sənədi əsasında ünvan 2 saylı evin 51 saylı mənzilinə İddiaçı adına yaşayış sahəsinə kirayə müqaviləsi bağlamlmaqla adıçəkilən məhkəmə qərarının icrası təmin edilmişdir. - 13.10.2020-ci il tarixli 696 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 26 noyabr 2004-cü il tarixli, 1MK-5340/2004 saylı qətnaməsinə əsasən ünvan 2 saylı evin 51 saylı mənzilinə dair iddiaçı X9 ilə icarə müqaviləsinin bağlanılması cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinin Sosial Xidmətlər İdarəsinə tapışırlmışdır. Qeyd edilən məhkəmə qərarının icrasının təmin edilməsi üçün "Azneft" İstehsalat Birliyinin "Şəxsi hesabın adını dəyişdirmək barədə" 15.04.2005-ci il tarixli, YC-017/1985 saylı məktubu ilə Bəhruz Nuriyev küçəsi, 42 saylı evin 51 saylı mənzilinə İddiaçı adına yaşayış sahəsinə kirayə müqaviləsi bağlanılması Sosial Xidmətlər İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli, 435s nömrəli sərəncamının icrası haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25.01.2012-ci il tarixli, 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan mənzil fondu, o cümlədən ünvan 3 ünvanda yerləşən yaşayış binası Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Qeyd edilən bina balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən sözügedən mənzilə dair hər hansı hüquqmüəyyənedici sənəd 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə təhvil verilməmişdir. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 01.12.2020-ci il tarixli 696/1 nömrəli məktubunda müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 27 avqust 2009cu il tarixli Fərmanına əsasən Mənzil Məcəlləsinin 62.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinin sosial-kirayə müqaviləsinin birtipli forması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyindən, qeyd edilən mənzilə dair X3 adına sosial kirayə müqaviləsinin bağlanması mümkün olmamışdır. Yaşayış sahəsinə sosial kirayə müqaviləsinin bağlanması (və ya dəyişdirilməsi) ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 13.10.2020-ci il tarixli 696 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 42 saylı evin 51 saylı mənzilinin heç bir sənədi (order, sərəncam) yoxdur. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 42 saylı evin 51 saylı mənzilinin hazırkı iş üzrə iddiaçı X1 və istifadəsinə verilməsi dair hər hansı sənəd aşkar edilməmişdir. Belə olan təqdirdə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sözügedən mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasından imtinası qanuna zidd olmamışdır. Belə ki, Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır; 51-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir; 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 54-cü maddəsinə əsasən, İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 83-cü maddəsinə əsasən, SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər 84-cü maddəsinə əsasən, icarədarın ailə üzvünün payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Məhkəmə həmçinin, diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; 51.4-cü maddəsinə əsasən, uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir; 51.5-ci maddəsinə əsasən, uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir; 51.6-cı maddəsinə əsasən, uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir; 53.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1 bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2 müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3 bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2-ci maddəsinə əsasən, Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır; 53.3-cü maddəsinə əsasən, uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. İddiaçı tərəfindən istinad olunan məhkəmə qətnaməsi ilə mübahisəli mənzilə dair onunla icarə müqaviləsinin bağlanması “Azneft” İstehsalat Birliyinin Sosial Xidmətlər İdarəsinə həvalə edilmiş, qeyd olunan qətnamə icra olunmuşdur və həmin qətnamə hazırda həmin mənzilin balansaxlayıcısı olan cavabdehlə kirayə müqaviləsinin bağlanması üçün hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının adına kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədlər olmadığından, iddiaçı X2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı Cavabdeh 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində cəlb edilməklə “kirayə müqaviləsinin bağlanması” barədə iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar