Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3819/2025 09.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “icra vərəqəsi üzrə icra işinin görülməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icra məmuru X1 hərəkət və hərəkətsizliyi ilə nəticəsində icra edilməyən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1520/2021 saylı və Nəsimi Rayon Məhkəməsinin 2(006)-1440/2019 saylı qərarlarının icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Ədliyyə Nazirliyi hərəkət və hərəkətsizlik göstərərək, öhdəliklərini yerinə yetirmir, iddiaçının şikayətinə baxmır və ya əsassız cavab məktubu göndərir. Belə ki, 2(103)-1620/2021 və 2(006)-1440/2019 saylı məhkəmə qətnamələri üzrə verilmiş icra vərəqələri icra şöbəsinə göndərilsə də, bugünədək icra edilmir.
3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı inzibati orqanın hərəkətsizliyinə (Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmuru Murad Xudaverdiyevdən şikayət) dair iddia ərizəsi üzrə 2-1(112)-15022/2024 saylı inzibati iş vardır. Eyni zamanda, hazırda Bakı İnzibati Məhkəməsinin icraatında İddiaçı daha bir iddiası vardır: - Ədliyyə Nazirliyinə qarşı (3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Kəmalə Hüseynzadədən və Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmuru Murad Xudaverdiyevdən şikayət) inzibati orqanın öhdəliklərinin yerinə yetirilməsi və qərarların icrası tələbinə dair iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İş üzrə mümkünlük məsələsinə baxılması ilə əlaqədar iclas xx.xx.2025-ci il tarixə təyin olunmuşdur (hakim Həmid Ağalarov). Həmçinin qeyd olunur ki, İddiaçı bundan əvvəl də Ədliyyə Nazirliyinə qarşı çoxsaylı, o cümlədən yuxarıda qeyd olunan tələblərə oxşar məzmunlu (müraciətlərinə baxılmaması, şikayət ərizələrinin araşdırılmaması, bununla bağlı hərəkətsizliyə son qoyulması və müraciətlərinə baxılması, icra məmuru barəsində qərar qəbul olunması, öhdəliklərin yerinə yetirilməsi) iddialarla Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(112)- 3289/2024 nömrəli (hakim Rüstəm Kərimli), xx.xx.2024-cü il tarixli 2-1(112)-5539/2024 nömrəli (hakim Elvin Əliyev) və xx.xx.2024-cü il tarixli 2-1(112)-7767/2024 nömrəli (hakim Tural Məlikov) qərardadları ilə iddiaları mümkün sayılmamışdır. Sonuncu dəfə eyni məzmunlu iddia tələbi ilə işə xx.xx.2024-cü il tarixdə Bakı inzibati Məhkəməsində baxılmış və iddia mümkün sayılmamışdır. Eyni zamanda hazırkı məsələ rayon məhkəməsində də mübahisələndirilmişdir. Belə ki, İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 “icraata xitam verilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarından Nəsimi rayon Məhkəməsinə şikayət vermiş, lakin Məhkəmənin 8(006)-37/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadına əsasən şikayət təmin edilməmişdir. Həmin qərarlar (barəsində şikayət verilənlər) yuxarı instansiya məhkəmələrində mübahisələndirilsə də dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyi həmin rayon məhkəməsində X3 qarşı iddia qaldıraraq ünvan 1 ünvanda S.Rəhimov tərəfincən bağlanmış qapı oyuğununun onun vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin işdə İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1410/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, iş üzrə verilmiş icra sənədi xx.xx.2019-cu il tarixdə həmin rayon icra şöbəsinin icra məmuru Murad Xudaverdiyevin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri ilə qapı oyuğu əvvəlki vəziyyətinə qaytarılaraq məhkəmə qərarı tam icra olunmuş və iş üzrə xx.xx.2019-cu il tarixdə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddianın mümkün sayılmaması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir.
II. İddianın mümkünlüyü
6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
7. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14754/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı eyni tərəflər arasında eyni məzmunlu iddia üzrə yekun məhkəmə aktı qəbul edilərək iddia mümkün sayılmamış və həmin qərardaddan apellyasiya şikayəti verilmişdir. Həmin iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.
8. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının məqsədi icra qurumunun icra icraatı çərçivəsindəki hərəkətləri (hərəkətsizliyi) ilə bağlı olduğu halda, bunu inzibati məhkəmə icraatı qaydasında deyil, icra vərəqəsini vermiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində aidiyyəti icra qurumunun hərəkətsizliyinin qanuniliyinin yoxlanılması ilə bağlı qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq şikayət verməklə mübahisələndirə bilər.
9. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən: - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. - İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.
10. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ... icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir...
11. Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.
12. X9 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X9 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).
13. İddiaçı faktiki olaraq icra məmurunun hərəkətlərindən şikayət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsin 2(006)-1410/2019 saylı 18 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə icra məmurunun hərəkətlərini mübahisələndirir. Həmin icra sənədi icra olunması üçün aidiyyəti üzrə Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, icra məmurunun hərəkətlərindən şikayətə aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
16. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).
17. İddiaçıya müvafiq şikayətlə səlahiyyətli məhkəməyə (Nəsimi Rayon Məhkəməsinə) müraciət etmək hüququ izah olunsun.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva