Məhkəmə qərarları › İş №2-1(112)-3820/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3820/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3820/2021 20.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respubılikasının Mərkəzi Bankına və üçüncü şəxs “xxxx” Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı «kredit müqaviləsi üzrə qalıq kredot borcunun restrukturizasiya edilənlərin siyahısına salınması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respubılikasının Mərkəzi Bankına və üçüncü şəxs “xxxx” Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı «kredit müqaviləsi üzrə qalıq kredot borcunun restrukturizasiya edilənlərin siyahısına salınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, “xxxxBank” ASC-nin “Azadlıq” filialı (indiki “xxxx” BOKT ASC) ilə iddiaçı arasında 24 oktyabr 2014-cü il tarixli 272/14/PBA saylı kredit müqaviləsi bağlanmışdır. Bankın lisenziyası ləğv edildikdən sonra onun krediti Müştəri Xidmətləri Departamentinə keçirilmişdir. Həmin kredit müqaviləsi üzrə ona illik 26 faizlə, 36 ay müddətinə 21.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsində problemlər olmuş və o, uzun müddət kredit borcunu ödəyə bilməmişdir. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı verildikdən sonra o (iddiaçı), ümid edirdi ki, həmin Fərmana uyğun olaraq onun adında olan bütün kredit müqavilələri restrukturizasiya ediləcəkdir. Lakin “xxxxBank” ASC-də olan bir kredit müqaviləsi restrukturizasiya edilsə də, digər kredit müqaviləsi restrukturizasiya edilmədi. Halbuki, hər iki kredit müqaviləsi üzrə ümumi məbləğ 17.000 manatdan az idi. Bank tərəfindən ona əvvəlcə hər iki kredit müqaviləsi üzrə Fərmanın təsiri altına düşməsi bildirilsə də, sonradan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yalnız bir kredit müqaviləsi restrukturizasiya edildi. Bundan sonra Banka müraciət edrək bunun səbəbini soruşduqda, ona heç bir məlumat verilməmiş, sonradan isə işin məhkəmyə verildiyi məlum olmuşdur. Bank tərəfindən verilən məlumata görə bu kredit müqaviləsinin restrukturizasiya edilməməsinə səbəb kredit müqaviləsinin “Azadlıq” filialından Müştəri Xidmətləri Departamentinə köçürüldükdən sonra müqaviləyə yeni tarixçə açılaraq gecikmə günlərinin köçürmədən sonrakı gündən hesablanmağa başlaması olmuşdur. Halbuki, “Azadlıq” filialında olan gecikmə günlərimdə nəzərə alınmalı idi. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən müəyyən edilmiş “fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsinə dair” Qaydalara əsasən qalıq borcu 17.000 manata qədər olan və gecikmmə günlərinin sayı 360 gündən çox olan borcalanların qalıq məbləğləri restruktrizasiya edilməlidir. Qaydaların 6.1-ci bəndində deyilir: “Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: (6.1.1) həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır; (6.1.2) fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17.000 manatdan və ya 10.000 ABŞ dollarından (Mərkəzi Bankın 2019-cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10.000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; (6.1.3) fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. Bununla bağlı o, 13 yanvar 2021-ci il tarixdə Mərkəzi Banka müraciət edərək 24 oktyabr 2014-cü il tarixli 272/14/PBA saylı kredit müqaviləsi üzrə qalıq əsas borcunun restrukturizasiya edilməsinə köməklik edilməsini xahiş etmişdir. X4 tərəfindən bu müraciətə heç bir cavab verilməmişdir. Bank tərəfindən borcun tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edilmiş, Rayon Məhkəməsində yekun qətnamə çıxmış, həmin qətnamədən verilən apellyasiya şikayətinə isə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılmaqdadır. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 1 və 5.1-ci bəndlərinə əsaəsn 24 oktyabr 2014-cü il tarixli 272/14/PBA saylı kredit müqaviləsi üzrə qalıq əsas borc məbləği restrukturizasiya edilməli idi. Lakin təəssüflər olsun ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti nəticəsində o (iddiaçı), bu hüquqdan məhrum olmuşdur. Hazırda qalıq borcu ödəyə bilmədiyindən və sözügedən Fərmanın təsirinə düşdüyündən kredit müqaviləsinin restruktirizasiysı ona da tətbiq edilməlidir. «İnzibati icraat haqqında» AR Qanununun Preambulasmda qeyd edilmişdir ki, bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Göstərilənlərə və İPM-in 2.2.2, 33.1-ci maddələrinə əsaslanaraq, məhkəmədən 24 oktyabr 2014-cü il tarixli 272/14/PBA saylı kredit müqaviləsinin qalıq məbləğinin restrukturizasiya edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh AR Mərkəzi Bankının iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilir: - «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın 1 mart 2019-cu il tarixə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən “xxxx Bank” ASC (indiki “xxxx” BOKT ASC) ilə bağlanmış 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi Fərman çərçivəısində restrukturizasiya olunacaq kredirlərin siyahısına daxil edilməmişdir. Belə ki, məlumat bazalarına əsasən Fərmanın qüvvəyə mindiyi tarixə – 1 mart 2019-cu il tarixinə borclunun sözügedən kredit müqaviləsi üzrə əsas kredit borcunun cəmi 207 gün gecikdirildiyi barədə məlumat ötürülmüşdür. Bununla bağlı qeyd olunur ki, Fərmana əsasən 1 mart 2019-cu il tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə görə bu Fərmanın məqsədləri üçün vaxt keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 1 yanvar 2012-ci il tarixdən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit qavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Borclu İddiaçı sözügedən kredit müqaviləsi üzrə borcu 360 gündən az gecikdirildiyindən, sözügedən kredit borcu restrukturizasiya siyahısına daxil edilməmişdir. Üçüncü şəxs “xxxx” BOKT ASC-nin məhkəməyə iddia ilə bağlı ünvanladığı 13 aprel 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - “xxxxBank” ASC-nin “Azadlıq” filialı ilə (indki “xxxx” BOKT ASC) İddiaçı arasında bağlanmış 24 oktyabr 2014-cü il tarixli 272/14/PBA saylı kredit müqaviləsi üzrə öhdəliyin icrası üzrə borclu tərəfindən gecikmələr olmuşdur. “xxxxBank” ASC-nin lisenziyasının ləğv edilməsindən sonra Bankın bir sıra filialları o cümlədən “Azadlıq” filialı bağlandığından, həmin filialın müştəriləri “MXD” filialına (Müştəri Xidmətləri Departamenti) köçürülmüşdür. Başqa filiala körürmə edildiyi zaman müştərinin taqrixçəsi yenidən hesablandığı üçün gecikmə günlərinin sayı az görünür. “MXD” filialına köçürüldükdən sonrakı gecikmə günləri ilə yanaşı “Azadlıq” filialında olan gecikmə günlərinin sayı ümumilikdə 1.377 gün təşkil edir. 28 iyun 2018-ci il tarixdə BOKT tərəfindən 24 oktyabr 2014-cü il tarixli 272/14/PBA saylı kredit müqaviləsi üzrə borcun tutulması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Həmin mülki iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 19436 saylı rəyindən də görünür ki, iddiaçı tərəfindən 13 fevral 2017-ci il tarixindən bu günə kimi heç bir ödəniş edilməmişdir. 1 mart 2019-cu il tarixinə iddiaçının gecikmə günlərinin sayı 780 gündən çoxdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı tərəflərə və üçüncü şəxsə bildiriş məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı, üçüncü şəxsin nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X2 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan sənədlər və məhkəmə prosesində işdə iştirak edən şəxslərin verdikləri izahatlar əsasında aparılan məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı ilə “xxxx Bank” ASC (hazırkı “xxxx” BOKT ASC) arasında 24 oktyabr 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqavilə əsasında “xxxx Bank” ASC iddiaçıya 26%-lə 36 ay müddətinə 21.000 manat məbləğində kredit vermişdir. Müvafiq məhkəmə icraatında alınmış ekspert rəyinə əsasən müqavilə üzrə nəzərdə tutulan ödənişdən sonuncusunun tarixi 13 fevral 2017-ci il tarixdə olmuşdur, 1 mart 2019-cu il tarixə borcun ödənilməsi üzrə gecikdirilmiş günlərin sayı 780-dən artıqdır. Müvafiq bazada kreditin gecikdirilmiş günlərinn sayı isə, 207 gün göstərilmişdir. Bunu əsas gətirərək, Azərbaycan Respublikasının Mərkəzi Bankı (ləğv olunmuş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətlərini həyata keçirən qurum kimi) İddiaçı qalıq kredit borcunu Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının müddəalarına uyğun olaraq restrukturizasiya ediləcək kreditlərin siyahısına daxil etməmişdir. Bundan sonra iddiaçı cavabdehin hərəkətlərini mübahisələndirir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə qərar alınmışdır: - (1-ci bənd) Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: (1.1) 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; (1.2) 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; (1.3) 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. - (3-cü bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (3.2) bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (5-ci bənd) Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: (5.1) bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; - (7-ci bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (7.1) banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (8-ci bənd) müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: (8.1) fiziki şəxslərin xarici valyutada 10.000 ABŞ dollarınadək və ya milli valyutada 17.000 manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; (8.2) 10.000 ABŞ dollarınadək və ya 17.000 manatadək məbləğ dedikdə müvafiq olaraq 10.000 ABŞ dollarının və ya 17.000 manatın da daxil olduğu məbləğ; (8.3) bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; - (8.6-cı bənd) vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar. Qeyd olunmalıdır ki, İddiaçı 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə qalıq borcunun Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının müddəalarına uyğun olaraq restrukturizasiya ediləcək kreditlərin siyahısına daxil edilməsi üçün zəruri şərtlərin bir hissəsi, yəni kreditin 2014-cü ilin oktyabr ayında verilməsi, qalıq məbləğin hər bir halda 17.000 manatdan və ya 10.000 ABŞ dollarından az olması və ödəyicinin (borc alanın) fiziki şəxs olması işin mübahisələndirilən hallarına aid deyil. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçının müvafiq kredit müqaviləsi əsasında borcun ödənilməsi üzrə gecikdirilmiş günlərin sayının 780 gündən artıq olması da aidiyyəti bankın (“xxxx” BOKT ASC-nin) yazılı məktubunda təsdiqini tapmışdır. Mübahisənin mahiyyətinə gəldikdə isə, iddaçının 1 mart 2019-cu il tarixə müvafiq kredit müqaviləsi üzrə qalıq borcunun gecikdirilmiş günlərinin sayının Mərkəzi Bankın MKR və PK bazalarına daxil edilməməsi onun iradəsindən asılı olan hal kimi olmadığından, tam şəkildə təkzib olunduğundan, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraatı tam və hərtərəfli aparmamış, formal mülahizələrə əsaslanaraq qaldırılan məsələnin həllindən qanunsuz olaraq imtina etmişdir. Cavabdehin iddiaçının kredit borcları restrukturizasiya ediləcək borcların siyahısına daxil edilməməsi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15, 17 və 24.2-ci maddələrinin tələblərinı ziddir. Odur ki, məhkəmə cavabdehin hərəkətlərini (imtinasını) qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3 və 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı “xxxx Bank” ASC ilə bağlanmış 24 oktyabr 2014-cü il tarixli 272/14/PBA nömrəli kredit müqaviləsi üzrə qalıq borcunun restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2, 4.1, 13, 14, 23.1, 52, 58.7, 62, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı “xxxx Bank” ASC ilə bağlanmış 24 oktyabr 2014-cü il tarixli 272/14/PBA nömrəli kredit müqaviləsi üzrə qalıq borcunun restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar