Məhkəmə qərarları › İş №2-1(112)-3820/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3820/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3820/2025 13.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqqı ilə birlikdə digər növ 60% vəsaitddən (Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilən 60 (altmış) faiz vəsaitin) DSMF-na bütün tələb olan (22%+3%=25%) məcburi dövlət sığorta haqqının ödənilməsini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 21 iyun 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə, 149-cu maddəsinin Vİİ bəndinə, həmçinin, Azərbaycan Respublikası “Sosial sığorta haqqında” Qanuna əsasən, əmək pensiyasının yenidən hesablanması üçün məlumat vərəqində, əmək haqqı qrafasında 60 % aldığı məbləği əmək pensiya təminatı üçün tərtib olunan şəxsi məlumat vərəqində göstərilməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, DGK tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim olunmuş ona dair məlumat vərəqində işlədiyi illər boyu və aldığı vəzifə ştatına uyğun aylıq məvacibinə əlavə 60 % məvacibi məlumat vərəqində göstərilmədən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun hərbi qulluçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ümumiyyətlə hesab edir kki, DGK məlumat vərəqəsini düzgün tərtib etməyərək onun hüquqlarını pozmuşdur. 30 noyabr 2018-ci il, 1362-VQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində dəyişikliyə əsasən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) sözlər əlavə edilmişdir. Qanun xx.xx.2019-cu ildə qanuni qüvvəsini almışdır. Qeyd edir ki, qanun qüvvəyə mindiyi günə görə qanunla tələb edilən 20 təqvim ilindən artıq iş stajı olduğu üçün artıq onun təqaüdə çıxmaq hüququ yaranmışdır və qeyd edilən Qanunda dəyişiklik onun illər boyu aldığı aylıq məvacib və əlavələr (yəni 60 %) və onlardan ödədiyi məcburi dövlət sosial sığorta haqqına baxmayaraq hesab edir ki, onun konstitusion və s. aidiyyəti hüquqları pozulmuşdur. Daha sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarının 1-ci hissəsində “Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir”. Dəyişiklik edərək və həmin Qərarın 2-ci hissəsinə əsasən “2023 yanvarın 1” söləri “bu qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir” sözləri ilə əvəz edilmişdir. Bu dəyişikliyə əsasən, əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan ona aid məlumat vərəqində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən (01 yanvar 2023-cü ilə qədər qüvvədə olan sözlər (sonrakı artımlar nəzərə alınmaqla)) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən vəzifə maaşında yeni hesablama apararaq məlumat vərəqəsində düzəliş edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini xaihş etmişdir. Müraciətlərinə baxmayaraq, məsələ öz həllini tapmamışdır. Həmçinin bildirmək istəyir ki, Komitə sədrinin bir neçə dəfə qəbulunda olarkən bu işin həll olduğu ilə bağlı onun tərəfindən vəd vermələri də, bir nəticə verməmişdir. Belə ki, son müraciətinə əsasən cavabdeh inzibati orqan 3-33/2-Ə-002027/1- 42/2024 saylı, xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirmişdir ki, qanunvericiliyə uyğun olaraq 1 yanvar 2019-cu il tarixdən 1 iyul 2022-ci il tarixədək gömrük orqanlarında xidmətinə xitam verilmiş və pensiyaya çıxmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlavələr təminat xərcliyinə daxil edilməmişdir və bu səbəbdən, həmin dövrü nəzərə alaraq ona yenidən pensiyanın hesablanması və “Əmək pensiyası təminat üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan Məlumat vərəqi”nin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərəl Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi qanunvericiliklə mümkün deyildir” bildirərək, bir neçə Azərbaycan Respublikası Qanunlarına və əsas olaraq Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə zidd olaraq cavablandırmışdır. Bu da, onun birbaşa konstitusion hüquqlarını pozmuş olur. Bildirmək istəyir ki, qanunda dəyişiklik zamanı 2019-cu ildə onun 20 ildən artıq iş stajı var idi və bu da, şəxsin hüquqi vəziyyətini pisləşdirən yeni norma, onun əvvəllər əldə etdiyi hüquqlara təsir edə bilməz prizmasının, DGK tərəfindən göndərilən məlumat vərəqində aldığı 60 % məvacibin göstərilməməsi ilə pozulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin birinci hissəsində isə qeyd edilir ki, normativ hüquqi aktlar hüquqa və haqqa-ədalətə (bərabər mənafelərə bərabər münasibətlərə) əsaslanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndi və bir neçə qanunlar imkan verir ki, irəli sürdüyü bu iddiasına müsbət baxılaraq həll edilsin.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 2014-cü il tarixdən 2018-ci il tarixə kimi yəni 60 aya aid onlara ödənilmiş əmək haqlarının və ona əlavə edilərək ödənilmiş digər növ əlavələrin ödənilməsi barədə məlumat vərəqəsində göstərilməklə əmək pensiyalarının təmin olunması üçün Filiala təqdidm edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 388 nömrəli, xx.xx.2016-cı il tarixli 810 nömrəli və xx.xx.2017-ci il tarixli, 1207 nömrəi Fərmanlarına uyğun olaraq gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələrin iddiaçının təminat xərcliyinə hesablanmaqla yeni məlumat vərəqəsinin Filiala təqdidm edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbinə baxan Bakı İnzibati Məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə xx.xx.2020-ci il tarixli qərar qəbul etmişdir. Həmin qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi iddiaçının apellyasiya şikayətini təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə xx.xx.2021-ci il tarixli qərarı qəbul etmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından kassasiya şikayəti verərək qeyd olunan qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-cii l tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərarı qəbul etmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli 1000/773Ş nömrəli Komitə sədrinin əmri ilə Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən qeyd olunan Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə gömrük orqanlarında xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları “Əmək pensiyaları haqqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır. Qeyd olunan Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Filiala təqdim olunması Qaydalarının 2-ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 93-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyənn ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir. Həmin Əsasnamənin 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.5.2-ci maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli, 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarının 2-ci bəndində bu qərarın xx.xx.2022-ci il tarixdən qüvvəyə minməsi qeyd olunmuşdur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-33/2-Ə-002027/1-42/2024 nömrəli məktubla imtina edilmişdir.

8. iddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən verilmiş 03 sentyabr 2020-ci il tarixli, 2000-018/0xx-xx/000843 nömrəli məktubla iddiaçı və qeyrilərinə məxsus 2014-2018-ci illər ərzində hesablanmış əmək haqları və məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

9. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

10. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

12. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

13. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

14. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

15. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları və işin halları ilə əsaslandırır.

16. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

17. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

18. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

19. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir.

20. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır.

21. Dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir.

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarı).

24. Hüquq normasının müəyyənliyi, aydınlığı, ikimənalı olmamasının ümumi hüquqi şərtləri kimi hamının qanun və məhkəmə qarşısında bərabərliyinə dair Konstitusiya prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsi). Belə bərabərlik hüquqtətbiqedicilər tərəfindən yalnız normanın eyni cür şərhi və anlaşılması şərtilə təmin edilə bilər. Hüquq normasının məzmununun qeyri-müəyyənliyi isə əksinə, hüquqtətbiqi prosesində onun qeyri-məhdud anlaşılmasına imkan yaradır və qaçılmaz olaraq özbaşnalığa, hamının qanun və məhkəmə qarşısında bərabərliyi, eləcə də qanunun aliliyi prinsiplərinin pozulmasına gətirib çıxarır.

25. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı).

26. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır.

27. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar).

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən bir sıra qərarlarda ifadə edilən hüquqi mövqe ondan ibarət olmuşdur ki: ...Nəzərə alınmalıdır ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2 və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sosial sığorta haqqında” Qanun) 8-ci maddəsi) ... (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25 - ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli Qərarı). ...Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir... (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərhedilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarı).

29. Hüquqi vəziyyət (status)” kateqoriyası hər hansı subyektin hüquq və vəzifələrinin məcmusunu xarakterizə edir. Bu anlayış qanun nöqteyi-nəzərindən subyektin cəmiyyətdə tutduğu mövqeyi və malik olduğu imkanları səciyyələndirir. “Hüquqi vəziyyət (status)” hüququn ayrı-ayrı subyektləri (həmin subyektlər sırasına dövlət də aiddir) arasında qarşılıqlı əlaqələrin qurulmasının hüquqi prinsiplərinin əsasını təşkil edir. Beləliklə, hüquqi vəziyyətin strukturunu bir-biri ilə dialektik əlaqədə olan şəxsiyyətin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür (“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 yanvar 2014-cü il tarixli Qərarı).

30. Məhkəmə iş materiallarının araşdırılması nəticəsində müəyyən etmişdir ki, iddiaçının gömrük orqanlarında xidmətinə 23 iyul 2019-cu il tarixində xitam verilmişdir. İddiaçının həmin tarixdə pensiya hüququ yaranmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddiaçı barəsində məlumat vərəqəsi tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdfiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir.

31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir (30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilən tarixədək); 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla (22 dekabr 2023-cü il tarixli 1074 - VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilən tarixədək).

32. 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu: - “Əmək pensiyaları haqqında” Qanununun 1.0.5-ci maddəsində “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasına yeni məzmunda 20.30cu maddə əlavə edilmişdir: 20.30. Bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.

33. Beləliklə, 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə büdcədənkənar vəsait hesabına hesablanan əlavələrin və digər ödənişlərin təminat xərcliyinə daxil edilməsi istisna edilmişdir (30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir).

34. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydaları”: 1.3. Vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir (əvvəlki redaksiyaya əsasən)

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 170 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydaları”nda müvafiq dəyişiklik edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın 1.3-cü bəndi yeni redaksiyada verilmişdir: “1.3. Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir”.

36. Qeyd edilən dəyişikliklə qanunvericilikdə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin müvafiq hissəsinin dövlət büdcəsinə köçürülməsi və mülki işçilərin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edildiyi nəzərdə tutulmuşdur. Beləliklə, bu dəyişikliklə Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına verilən əlavə təminat xərcliyinə daxil edilmişdir. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 170 nömrəli Qərarı xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir).

37. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 170 nömrəli Qərarı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən həmin müddətdən sonra yaranan münasibətlərə şamil edilir və geriyə tətbiq edilmir.

38. Belə ki, məhz həmin tarixdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin müvafiq hissəsinin dövlət büdcəsinə köçürülməsi və mülki işçilərin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edildiyi nəzərdə tutulmuşdur. Odur ki, həmin tarixədək ödənilən əmək haqqına əlavənin mənbəyi “büdcədənkənar” hesab edilmiş, qeyd edilən tarixdən sonra isə müvafiq ödənişlər dövlət büdcəsinə köçürüldüyündən “dövlət büdcəsi” vəsaiti hesabına aparılan ödəmələr hesab edilir.

39. Beləliklə, qeyd edilən normaların təhlilinə əsasən məhkəmə müəyyən edir ki, qanunvericiliyə uyğun olaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gömrük orqanlarında xidmətinə xitam verilmiş və pensiya hüququ yaranmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlavələr təminat xərcliyinə daxil edilmir və əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən nəzərə alınmır. Belə ki, qeyd edildiyi kimi həmin əlavələr qeyd edilən tarixədək büdcədənkənar vəsaitlər, müvafiq dəyişiklikdən sonra isə (ödənişin statusu dəyişərək) dövlət büdcəsi vəsaiti hesabına verilən ödəniş hesab edilmişdir.

40. Odur ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyinə uyğun olaraq müvafiq dəyişiklik qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, əmək haqqının tərkib hissəsi olan əlavənin statusunun dəyişdirilməsi (maddi vəziyyətinin yaxşılaşması) dövlət qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz.

41. Məhkəmə nəzərə alır ki, İddiaçı xx.xx.2019-cu il tarixdə xidmətdən tərxis olunduğu və iddiaçının pensiya hüququ yarandığı üçün aylıq vəzifə maaşlarına verilən əlavələrin təminat xərcliyinə daxil edilməməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmur və iddiaçının aylıq vəzifə maaşlarına verilən əlavələrin təminat xərcliyinə əlavə edilərək yeni məlumat vərəqinin tərtib olunması ilə bağlı “qanuni gözlənti”si yoxdur.

42. Odur ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi həmin dövrü nəzərə alaraq İddiaçı əmək pensiyasının yenidən hesablanmasından və “Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan Məlumat Vərəqi”nin tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsindən imtina etməkdə haqlıdır.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

44. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

45. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

46. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar