Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3824/2022 08.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi, eyni zamanda vəkili Vəkil (Ünvan: Cəlilabad rayonu, Günəşli kəndi; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Cəlilabad rayon vəkil bürosu, vəkil), cavabdehin nümayəndəsi X7 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində böyük məsləhətçi) iştirakları ilə, iddiaçı- İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanında yerləşən qeyri-yaşayış binasına bitişik inşa etdiyi qeyri-yaşayış sahəsinin texniki göstəricilərinin **********09-06301 reyestr nömrəsi olan daşınmaz əmlakın texniki pasportuna əlavə edilməsi və yeni texniki pasport verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı 21.01.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 08.02.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, Azərbaycan Respublikası DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilən MA seriyalı 05.04.2012-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanında yerləşən qeyri-yaşayış binası (Muğan kafesi) iddiaçının xüsusi mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsinə dair texniki pasport da tərtib edilmiş və obyektin texniki göstəriciləri qeyd edilmişdir. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 25.10.2010-cu il tarixli 227 saylı sərəncamı ilə ona məxsus qeyri-yaşayış sahəsinə bitişik ərazi- Bakı şəhəri, Azadlıq prospekti ilə Vaqif küçəsinin kəsişməsində torpaq sahəsi məişət xidməti məqsədilə yüngül konstruksiya ilə quraşdırmaq şərtilə X6 ayrılmışdır. Sərəncam əsasında həmin ünvanda kafe inşa edilməsi nəzərdə tutulmuş, bu məqsədlə tikiləcək kafenin eskiz layihəsi tərtib edilmişdir. Həmin eskiz layihəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi «Azərdövlətlayihə» DBLİ tərəfindən tərtib edilmiş və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmişdir. X2 arasında bağlanılan “29 avqust 2013-cü il tarixli sərəncam üzrə hüquqların keçirilməsi (tələbin güzəşti) barədə” müqaviləyə əsasən həmin sərəncamdan irəli gələn hüquqlar və vəzifələr ona güzəşt edilmişdir. Həmin sərəncamdan irəli gələn hüquqlar əsasında iddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasına bitişik həmin ərazidə öz qüvvə və vəsaiti hesabına yüngül konstruksiyadan təyinatı qeyriyaşayış olan tikili inşa etmişdir. Tikili təsdiq edilən layihəyə uyğun olaraq inşa edilmişdir. Tikili bir mərtəbədən ibarətdir, tikintialtı sahəsi 326,85 kv.m, sahəsi 298,35, hündürlüyü 4,1 metrdir. Tikili inşa edilib başa çatdıqdan sonra Nəsimi Rayon İcra Hakimiyyətinin 02 fevral 2018-ci il tarixli 15 saylı icazə sənədi ilə tikinti obyektinin istismarına icazə verilmişdir. Bildirir ki, hazırda qeyri-yaşayış sahəsi istifadəsindədir. Lakin 25.10.2010-cu il tarixli 227 saylı sərəncam əsasında inşa edilən həmin qeyri-yaşayış sahəsi nə mülkiyyət hüququna dair reyestrdən çıxarışda, nə də texniki pasportda öz əksini tapmamışdır. Odur ki, həmin tikilinin əsas texniki göstəricilərinin - tikintialtı sahə, sahə, hündürlük və mərtəbəliliyinin texniki pasporta əlavə edilməsi zərurəti yaranmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi daşınmaz əmlaka dair dövlət qeydiyyatı ilə bağlı yerinə yetirilən hərəkətlərdən biridir. Bu mənada hesab edir ki, 25.10.2010-cu il tarixli 227 saylı sərəncam əsasında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanında yerləşən qeyri-yaşayış binasına bitişik inşa edilən qeyri-yaşayış sahəsinin texniki göstəriciləri mövcud texniki pasporta əlavə edilməlidir. Yuxarıda qeyd olunan halları əks etdirən ərizə ilə 09 oktyabr 2021-ci il tarixdə cavabdeh təşkilata müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanında yerləşən qeyri-yaşayış binasına bitişik inşa etdiyi qeyri-yaşayış sahəsinin texniki göstəricilərinin **********09-06301 reyestr nömrəsi olan daşınmaz əmlakın texniki pasportuna əlavə edilməsini və yeni texniki pasport verilməsini xahiş etsə də, cavabdeh təşkilat ona cavab verməmişdir. Odur ki, cavabdehə qarşı iddia tələbi təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili göstərilənlərə əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, texniki baxış keçirilən zaman qeyri-yaşayış binasının Zorge parkının ərazisində inşa olunduğu aşkar olunmuşdur. Həmçinin, təqdim edilən “Tikinti obyektinin istismarına” icazə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir və “Tikintiyə icazə” təqdim olunmamışdır. Bundan başqa, qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********38 saylı 26.11.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Bundan əlavə, göstərilən qeyri-yaşayış binası üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər (tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə) təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub- olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir, lakin cavabdeh inzibati orqan onun müraciətini “qeyd edilən qeyriyaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir” səbəbi ilə təmin etməkdən imtina etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, iş materiallarından görünür ki, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının “Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 04.10.2010-cu il tarixli, 18/03-8/1877 saylı məktubunun icrası barədə” 227 nömrəli 25.10.2010-cu il tarixli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 04.10.2010-cu il tarixli, 18/03-8/1877 saylı məktubu əsas götürülərək, X6 Nəsimi rayonu, Azadlıq prospekti ilə Vaqif küçəsinin kəsişməsində məişət xidməti məqsədilə yüngül konstruksiyadan quraşdırılmasına icazə verilmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA ******* nömrəli 25.01.2011-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanda yerləşən qeyri-yaşayış binası (Muğan kafesi) X5 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarından görünür ki, AN-İ ******* nömrəli 30.03.2012-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən X8 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanda yerləşən qeyri-yaşayış binasını (Muğan kafesini) İddiaçı satmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanında yerləşən qeyri-yaşayış binasının texniki göstəricilərinə dair **********09-06301 reyestr nömrəsi olan daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA ******* nömrəli 05.04.2012-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanda yerləşən qeyri-yaşayış binası (Muğan kafesi) İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan 29.08.2013-cü il tarixli Sərəncam üzrə hüquqların keçirilməsi (tələbin güzəşti) barədə müqavilədən görünür ki, X1 Rayon İcra Hakimiyyəti başçısının 25.10.2010-cu il tarixli 227 №-li sərəncamına əsasən ona ayrılmış Bakı şəhəri, Azadlıq prospekti ilə Vaqif küçəsinin kəsişməsində məişət xidməti məqsədilə yüngül konstruksiya quraşdınlmasına dair sərəncam üzrə hüquqlarını və sərəncamdan irəli gələn digər hüquq və vəzifələri İddiaçı keçməsini güzəşt etmiş; İddiaçı Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 25.10.2010-cu il tarixli 227 №-li sərəncama əsasən X6 ayrılmış Bakı şəhəri, Azadlıq prospekti ilə Vaqif küçəsinin kəsişməsində məişət xidməti məqsədilə yüngül konstruksiya quraşdınlmasına dair sərəncam üzrə hüquqlarını, sərəncamdan irəli gələn digər hüquq və vəzifələri üzrə hüquqlarını X3 qəbul etmişdir. İş materiallarından görünür ki, 02.02.2018-ci il tarixli 15 nömrəli “Tikintisi obyektin istismarına İcazə”yə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanda yerləşən tikintialtı sahəsi 326.85 kv.m, sahəsi 298.35 kv.m olan qeyri-yaşayış binasının (Muğan kafesinin) istismarına icazə verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanında yerləşən qeyri-yaşayış binasının texniki göstəricilərinə dair **********09-06301 reyestr nömrəsi olan daşınmaz əmlakın texniki pasportunda mübahisə predmeti olan tikili göstərilməmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış Bakı şəhəri, Azadlıq prospekti ilə Vaqif küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının eskiz layihəsində qeyri-yaşayış binasının ölçüləri aşağıdakı kimi göstərilmişdir: 1.zal= 268,10 m2, 2. Banket zalı= 23,60 m2, 3.Kababxana=6,65 m2, 4. Meydança= 28,50 m2. Tiklililər ümumlikdə 298.35 kv.m təşkil edir. Göründüyü kimi, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının “227 nömrəli 25.10.2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanda qeyri-yaşayış binasının yüngül konstruksiyadan quraşdırılmasına icazə verilməsi, həmin Sərəncamda qeyri-yaşayış binasının ölçülərinin göstərilməməsi, qeyd edilən Sərəncam üzrə hüquqların İddiaçı keçirilməsi (tələbin güzəşti), Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış eskiz layihədə tikintialtı sahəsinin 326.85 kv.m, sahəsinin isə 298.35 kv.m göstərilməsi, həmçinin tikintialtı sahəsi 326.85 kv.m, sahəsi 298.35 kv.m olan qeyri-yaşayış binasının (Muğan kafesinin) istismarına icazə verilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə cavabdeh inzibati orqanın imtina məktubunda və iddiaya dair yazılı etirazında göstərdiyi dəlillərə, yəni qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməməsi ilə bağlı aşağıdakıları qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. İddia tələbindən isə görünür ki, iddiaçı mübahisə predmeti olan daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsini, başqasına keçməsini, məhdudlaşdırılmasının (yüklülüyünün) və ya xitam verilməsini tələb etmir. İddiaçı hazırkı iddia tələbi ilə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanında yerləşən qeyri-yaşayış binasına bitişik inşa edilən qeyri-yaşayış sahəsinin texniki göstəricilərinin **********09-06301 reyestr nömrəsi olan daşınmaz əmlakın texniki pasportuna əlavə edilməsi və yeni texniki pasport verilməsini tələb edir. Yəni mübahisə predmeti olan sahə üzrə hüquqların daşınmaz əmlakın reyestrində qeydə alınmasını tələb etmir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respubikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmazəmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaəti belədir ki, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının “227 nömrəli 25.10.2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanda qeyri-yaşayış binasının yüngül konstruksiyadan quraşdırılmasına icazə verilməsi, həmin Sərəncamda qeyri-yaşayış binasının ölçülərinin göstərilməməsi, qeyd edilən Sərəncam üzrə hüquqların İddiaçı keçirilməsi (tələbin güzəşti), Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış eskiz layihədə tikintialtı sahəsinin 326.85 kv.m, sahəsinin isə 298.35 kv.m göstərilməsi, tikintialtı sahəsi 326.85 kv.m, sahəsi 298.35 kv.m olan qeyri-yaşayış binasının istismarına icazə verilməsi, **********09-06301 reyestr nömrəsi olan daşınmaz əmlakın texniki pasportunda qeyriyaşayış binasının tikintialtı sahəsinin 326.85 kv.m, sahəsinin isə 298.35 kv.m olması öz əksini tapmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin iddiaçı hazırkı iddia tələbi ilə mübahisə predmeti olan daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını (çıxarışın verilməsini) tələb etmədiyindən və iddiaçı onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanında yerləşən qeyri-yaşayış binasına bitişik inşa edilən qeyri-yaşayış sahəsinin texniki göstəricilərinin **********09-06301 reyestr nömrəsi olan daşınmaz əmlakın texniki pasportuna əlavə edilməsi və yeni texniki pasport verilməsini tələb etdiyindən məhkəmə cavabdehin imtinasının iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19.11.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanında yerləşən qeyri-yaşayış binasına bitişik inşa edilən qeyri-yaşayış sahəsinin texniki göstəricilərinin **********09-06301 reyestr nömrəsi olan daşınmaz əmlakın texniki pasportuna əlavə edilməsi və yeni texniki pasport verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanında yerləşən qeyri-yaşayış binasına bitişik inşa edilən qeyri-yaşayış sahəsinin texniki göstəricilərinin **********09-06301 reyestr nömrəsi olan daşınmaz əmlakın texniki pasportuna əlavə edilməsi və yeni texniki pasport verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-3824/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3824/2022
08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver