Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3825/2022 27.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə və 16 saylı Cəzaçəkmə müəssiəsinə qarşı “internet saytlarına girişə icazə verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə və 16 saylı Cəzaçəkmə müəssiəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun nəzarət altında “www.e-qanun.az", “www.president.az”, “www.azertag.az”, “www.echr.coe.int”, www.meclis.qov.az internet saytlarına daxil olması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı həbs olunana qədər “Yüksəliş naminə" qəzetin baş redaktoru olmuş, eyni zamanda hüquq müdafiəçisi qismində fəaliyyət göstərmişdir. İddiaçının baş redaktoru olduğu qəzetdə mütəmadi olaraq ölkədə və dünyada baş verən hadisələrlə bağlı məlumatlar dərc edilir. Həmin qəzet internet informasiya ehtiyatlarında da “yukselis.info” saytında fəaliyyət göstərir. Eyni zamanda iddiaçının rəhbəri olduğu “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyi ölkədə baş verən insan hüquq pozuntuları ilə bağlı illik hesabatlar hazırlayır, həmin hesabatları yerli və beynəlxalq təşkilatlara təqdim edir. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4 və 228.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda iddiaçı 16 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. İddiaçının müdafiəçisi hər iki cavabdehə müraciət edərək onun nəzarət altında “www.e-qanun.az”, “www.president.az”, “www.azertag.az”, “echr.coe.int”, www.meclis.gov.az internet saytlarına daxil olmasına şərait yaradılmasını xahiş etmişdir. 16 saylı Cəzaçəkmə müəssisəsi müraciətə cavab verməmişdir. Penitensiar Xidmət 30 sentyabr 2021-ci il tarixli cavabında göstərmişdir ki, müraciətin təmini üçün qanunvericilikdə hüquqi əsaslar müəyyən edilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası qanunsuzdur və onun məlumat almaq hüququnu pozur. İddiaçı bildirir ki, cavabdehlərin onun müraciətdə göstərdiyi internet saytlarına girişinin təmin edilməməsi onun məlumat əldə etmək hüququnu pozub. Azərbaycan qanunvericiliyində məhkumların cəzaçəkmə müəssisələrində internet informasiya ehtiyatlarından istifadə etmək imkanları nəzərdə tutulmasa da, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə görə, bu, məhkumların Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulan hüquqlarını pozur. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə görə, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. İddiaçı bildirir ki, daxili qanunvericilikdə məhkumların internetə çıxış imkanları nəzərdə tutulmasa da, internet informasiya ehtiyatlarından istifadə etməklə iddiaçı məlumatlar əldə edə bilər. Ona bu imkanın yaradılmaması məlumat almaq hüququnu pozmuş olacaq. İddiaçı yuxarıda qeyd edildiyi kimi, həbs olunana qədər jurnalist və hüquq müdafiəçisi kimi fəaliyyət göstərmiş, mətbuatda silsilə yazılar yazmışdır. O, gündəlik internet saytlarından məlumat əldə edib, onları paylaşıb və yazılar hazırlamışdır. Hazırda onun həbs edilməsi, cəzaçəkmə müəssisəsində saxlanılması onu bu işləri görməkdən məhrum etmişdir. İddiaçı cavabdehlərdən nəzarət altında 5 internet saytına daxil olmasına şərait yaradılmasını xahiş etmişdir. Bu saytlar rəsmi dövlət saytları, xəbər agentliyinin saytı olub və bir sayt da Avropa İnsan Hüquqları Məhkəməsinin saytı olub. İddiaçı bu saytlara daxil olmaqla həm rəsmi məlumatları əldə edəcək, həm də Avropa Məhkəməsinin presedent hüququ ilə tanış olacaqdı. Çünki iddiaçının bir neçə şikayəti Avropa İnsan Hüquqları Məhkəməsinin icraatındadır və hazırda da bir neçə şikayətlə Məhkəməyə müraciət etməyi planlaşdırır. Bu şikayətlərin keyfiyyətli tərtibatı üçün Avropa Məhkəməsinin presedentlərindən istifadə etməyi zəruridir. Cavabdehlər qanunvericilikdə belə mexanizmin nəzərdə tutulmadığını əsas gətirərək iddiaçının məlumat almaq hüququnu pozublar. Bu müdaxilə qanunvericilikdə nəzərdə tutulsa da, hər hansı qanuni məqsəd daşımamış və demokratik cəmiyyətdə zəruri olmamışdır. Göstərilənlərə əsasən iddiaçının nəzarət altında “www.e-qanun.az", “www.president.az”, “www.azertag.az”, “www.echr.coe.int”, www.meclis.qov.az internet saytlarına daxil olması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Namazlı Fariz tərəfindən 16 saylı Cəzaçəkmə müəssisəsinə ünvanlanmış 16.09.2021-ci il tarixli məktubda qeyd olunur: Hüquqlarını müdafiə etdiyim İddiaçı 16 saylı Cəzaçəkmə müəssisəsində saxlanılır. O, həbs olunmamışdan əvvəl jurnalist və hüquq müdafə fəaliyyəti ilə məşğul olub, xeyli sayda vətəndaşlara təmənnasız hüquqi yardım göstərib, mətbuatda silsilə yazılar yazıb. İddiaçı jurnalist və hüquqşünas olduğundan onun gündəlik xəbərləri oxumasına, ölkədə baş verən hadisələri və məhkəmə işləri barədə xəbərləri, qərarları izləməsinə ehtiyacı var. Bunun üçün onun bir sıra xəbər saytlarını izləməsi lazımdır. Odur ki, 16 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan İddiaçı nəzarət altında "www.e-qanun.az", "www.president.az", "www.azertag.az", "echr.coe.int", www.meclis.gov.az internet saytlarına daxil olmasına şərait yaradılmasını təmin etməyiniz xahiş olunur. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Namazlı Fariz tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə ünvanlanmış 16.09.2021-ci il tarixli məktublarda qeyd olunur: Hüquqlarını müdafiə etdiyim İddiaçı 16 saylı Cəzaçəkmə müəssisəsində saxlanılır. O, həbs olunmamışdan əvvəl jurnalist və hüquq müdafə fəaliyyəti ilə məşğul olub, xeyli sayda vətəndaşlara təmənnasız hüquqi yardım göstərib, mətbuatda silsilə yazılar yazıb. İddiaçı jurnalist və hüquqşünas olduğundan onun gündəlik xəbərləri oxumasına, ölkədə baş verən hadisələri və məhkəmə işləri barədə xəbərləri, qərarları izləməsinə ehtiyacı var. Bunun üçün onun bir sıra xəbər saytlarını izləməsi lazımdır. Odur ki, 16 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan İddiaçı nəzarət altında "www.e-qanun.az", "www.president.az", "www.azertag.az", "echr.coe.int", www.meclis.gov.az internet saytlarına daxil olmasına şərait yaradılmasını təmin etməyiniz xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən ünvan 1 ünvanlanmış 30.09.2021-ci il tarixli 17/4-17158 saylı məktubda qeyd edilir: Hüquqlarını müdafiə etdiyiniz 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkər məhkum İddiaçı internet saytlardan istifadə etməsinə şərait yaradılması barədə ünvanladığınız müraciətə baxılmışdır. Bildirilir ki, müraciətinizin təmini üçün qanunvericilikdə hüquqi əsaslar müəyyən edilməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-317/2020 saylı 14.10.2020-ci il tarixli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərinə qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, İddiaçı cəzasını ümumi rejimli çəzacəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 30 mart 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaqdır. 2.2-ci maddəsinə əsasən bu Məcəllənin vəzifəsi cəzaların icrası və çəkilməsi, habelə cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqi qaydalarını və şərtlərini tənzimləməkdən, məhkumların islah edilmə vasitələrini müəyyən etməkdən, məhkumların hüquq və azadlıqlarını, qanuni mənafelərini qorumaqdan ibarətdir. 2.3-ci maddəsinə əsasən bu Məcəllə qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzaların icrasının ümumi müddəaları və prinsiplərini, digər cinayət-hüquqi xarakterli tədbirləri, məhkumlara islah edilmə vasitələrinin tətbiqini, cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini, məhkumların hüquqi vəziyyətini, cəzanı icra edən müəssisə və orqanların fəaliyyət qaydasını, məhkumların islah edilməsində müvafiq icra hakimiyyəti orqanlarının, digər müəssisə, idarə və ya təşkilatların ictimai birliklərin və vətəndaşların iştirakını, məhkumların cəza çəkməkdən azad edilməsi və cəza çəkməkdən azad edilmiş şəxslərə yardım edilməsi qaydalarını müəyyənləşdirir. 74.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində rejim qanunla və normativ hüquqi aktlarla müəyyən olunmuş müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrası və çəkilməsi qaydasıdır. Rejim məhkumların mühafizəsini və təcrid olunmasını, onlara daim nəzarət edilməsini, onların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsini, onların hüquq və azadlıqlarının həyata keçirilməsini, işçi heyətinin və məhkumların şəxsi təhlükəsizliyini, müxtəlif kateqoriyalı məhkumların bir-birindən ayrı saxlanılmasını, cəzaçəkmə müəssisəsinin məhkəmə tərəfindən təyin edilmiş növündən asılı olaraq, müxtəlif saxlanılma şəraitini, cəzanın icrası şərtlərinin dəyişdirilməsini təmin edir. 74.4-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin X5 ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. Məhkumlarda, cəzaçəkmə müəssisəsinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə həmin əşyalar götürülür və cinayətprosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. 74.5-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində məhkumlara özlərində saxlamağa, əldə etməyə, habelə onlara bağlama və banderollarda göndərilməsinə, sovqatlarda gətirilməsinə icazə verilən əşya, mallar və ərzaq məhsullarının siyahısı cəzaçəkmə müəssisələrinin X5 ilə müəyyən edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş Cəzaçəkmə müəssisələrinin X2: 1.1-ci bəndinə əsasən cəzaçəkmə müəssisələrinin X5 (bundan sonra - Qaydalar) Azərbaycan Respublikasının cəzaların icrası qanunvericiliyinin tələblərinə uyğun olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslərin cəzalarının icrası və çəkilməsi qaydalarının həyata keçirilmə mexanizmini müəyyənləşdirir və Avropa Şurası Nazirlər Komitəsinin 11 yanvar 2006-cı il tarixli iclasında qəbul edilmiş «X1»nın tələblərinə uyğun hazırlanmışdır. 1.2-ci bəndinə əsasən bu Qaydalar cəzaçəkmə müəssisələrinin, habelə istintaq təcridxanalarının (bu müəssisələr təsərrüfat və məişət xidməti işlərinə görə orada saxlanılan məhkumlar üçün cəzaçəkmə müəssisələrinin vəzifələrini yerinə yetirirlər) işçi heyəti, orada saxlanılan məhkumlar və bu müəssisələrə baş çəkən şəxslər üçün məcburidir. 59.5-ci bəndinə əsasən cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında təsərrüfat və məişət xidməti işlərinə cəlb olunan məhkumlar üçün müvafiq avadanlıqlarla təchiz edilmiş kompüter otaqları təşkil olunur. Məhkumlarla tərbiyə işinin aparılmasında kompüterlərdən istifadə zamanı onların internet şəbəkəsinə qoşulmasına nəzarət altında yol verilir. Hər həftə üçün məhkumların kompüter otağından istifadə proqramı tərbiyə işinin təşkili xidməti tərəfindən müəyyən edilir. Eyni zamanda müəssisənin müdiriyyəti tərəfindən məhkumlar üçün kompüter kursları təşkil edilə bilər. Tənbeh tədbiri qismində intizam və cərimə təcridxanalarına, birnəfərlik kameralara, kamera tipli otaqlara, həbsxanalarda ciddi saxlanma şəraitinə, habelə Cəzaların İcrası Məcəlləsinin 70.4.3-cü maddəsinə əsasən həbsxanaya keçirilmiş məhkumlara kompüter otaqlarından istifadəyə icazə verilmir. Cəzaçəkmə müəssisələrinin X4 5-ci əlavənin davamında cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların Siyahısı təsdiq edilmişdir və həmin Siyahıda optik cihazlar, peycer, mobil telefon, faks, kompüter, internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular da nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 14.10.2020-ci il tarixli hökmünə əsasən 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və hazırda 16 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. İddiaçı nəzarət altında “www.e-qanun.az", “www.president.az”, “www.azertag.az”, “www.echr.coe.int”, www.meclis.qov.az internet saytlarına daxil olması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Lakin qanunvericilikdə məhkumların istədiyi zaman internet şəbəkəsinə qoşulmasına və istədiyi saytlara daxil olmasına icazə verilməsi nəzərdə tutulmamışdır. Cəzaçəkmə müəssisələrinin X3 cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında məhkumlarla yalnız tərbiyə işinin aparılmasında kompüterlərdən istifadə zamanı onların internet şəbəkəsinə qoşulmasına nəzarət altında yol verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan Qaydalarda hətta internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyalar siyahısında nəzərdə tutulur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göründüyü kimi, qanunvericilikdə məhkumların istədiyi zaman internet şəbəkəsinə qoşulmasına və istədiyi saytlara daxil olmasına icazə verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin, Cəzaçəkmə müəssisələrinin X2, eləcə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri baxımından məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3825/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3825/2022
27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver