Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3826/2022 06.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1978-ci ildən 1994-cü ilədək ayrı-ayrı vəzifələrdə və peşə sahələrində işləmişdir. 1994-cü ildən 2006-cı ilin dekabr ayınadək Bakı Şəhəri Tikinti Trestində mühəndis-mexanik vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində ştat cədvəlinə uyğun olaraq əmək haqqı almışdır. 1975-1977-ci illərdə Sovet Ordusunun sıralarında hərbi xidmətdə olmuşdur. Əmək kitabçasında 2006-cı ilə qədər olan əmək illəri 28 ildir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 19.10.2021-ci il tarixli məktubu ilə əmək kitabçada, hərbi biletdə sigorta stajının 13 il 8 ay olmaqla tələb olunan 25 ildən az olduğunu bildirmişdir. Eyni zamanda, əsas gətirərək fərdi hesabın sıgorta hissəsində qeydə alınmış pensiya kapitalının 01.01.2006-cı il tarixinədək 10.414,98 manat təsdiq olunduğu göstərilməklə qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kaptalindan az olduğu göstərilməklə pensiya təminatına imkan verilmədiyi bildirmişdir. Əlavə olaraq, 1994-cü ilin 20 avqustundan 2006-cı ilin dekabr ayınadək olan müddət sığorta stajına daxil edilməmişdir. Ona görə də yaşa və qocalığa görə əmək pensiyasının verilməsi Fond tərəfindən məhdudlaşdırılmışdır. Hal-hazırda yaşa görə 130 manat müavinət alır. 1994-cü ildən 2006-ci ilin dekabr ayınadək Bakı Şəhər Tikinti Trestində işlədiyi dövrü nəzərə almaqla əmək kitabçada olan və pensiyaya çıxmaq üçün əsas sənəd hesab olunan göstərilən illəri hesablamaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı barəsində müvafiq qərarın verilməsi və yaşa və qocalığa görə pensiyaya çıxmağına köməkliyin edilməsini xahiş etmişdir.
3. Cavabdehin 19.10.2021-ci il tarixli məktubu ilə iddiaçıya pensiyanın təyin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 19.10.2021-ci il tarixli **********8 saylı məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş əmək kitabçası, attestat, diplom və hərbi biletin surətlərinə əsasən sığorta stajı 13 il 8 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01.2006-cı il tarixədək 10414,98 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 21.09.2021-ci il tarixli № 7-4052M7 saylı arayışına əsasən əmək kitabçasında qeyd olunmuş 20.08.1094-cü il tarixindən 01.01.2006-cı il tarixinədək “Bakışəhərtikinti" Ümumi Trestinin sonodləri Bakı Şəhər İcra Hakimiyyətinin arxivinə təhvil verilmədiyindən həmin dövrlərin araşdırılması imkan xaricindədir. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanları nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Şifahi dinləmələr zamanı (məhkəmənin baxış iclasında) iddiaçı iştirak etmir.
5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın məzmununa uyğun izahat verərək iddiaya yazılı etirazını təqdim etdi. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 20.08.1994-cü il tarixdən 01.01.2006-cı il tarixədək “Bakışəhərtikinti” Ümumtikitni Trestində çalışdığını iddia edir. Ərizəçinin işlədiyini iddia etdiyi müəssisənin qeyd oluna dövrlərdə mövcud olubolmaması barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı İdarəsinə və Azərbaycan Respublikası Mili Arxiv İdarəsinə 24.12.2021ci il tarixli sorğular ünvanlanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yaında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinin 11.01.200-ci il tarixli cavab məktubunda “Bakışəhərtikinti” Ümümtikinti Tresti adlı qurumun aşkar olunmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialının 29.12.2021-ci il tarixli cavab məktubunda “Bakışəhərtikinti” Ümümtikinti Trestinin arxiv sənədlərinin təhvil verilmədiyi barədə məlumat öz əksini tapmışdır. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün əsas şərt onun dövlət qeydiyyatından keçməsidir. Bu səbəblə, hüquqi şəxsin yaradılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməlidir. İddiaçının qeyd etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyə əsasən mümkün olmadığından, İddiaçı tələb olunan 25 il sığorta stajına və pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından iddiaçının yaşa görə pensiya almaq hüququ yaranmır.
6. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 05.03.2022-ci il tarixli məktubla bildirilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərinin Dövlət Reyestrində “Bakı Şəhər Tikinti” Ümumi Trestinə dair məlumat mövcud deyildir.
7. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 14.03.2022-ci il tarixli məktubla bildirilmişdir ki, “Bakı Şəhər Tikinti” Ümumi Tresti barədə daşınmaz dövlət əmlakının registrində hər hansı məlumat yoxdur.
8. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 27.04.2022-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 2.14-cü bəndində Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatında olan vəzifələrin “Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Həmin siyahıda “Bakıbaştikinti” “Bakışəhərtikinti” Ümumtikinti Tresti nəzərdə tutulmamışdır.
9. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 26.04.2022-ci il tarixli məktubla bildirilmişdir ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində “Bakı Şəhər Tikinti” Ümumi Tresti adlı təşkilat fəaliyyət göstərmədiyi üçün sorğuda qeyd edilən məlumatların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır.
10. İddiaçının təqdim etdiyi hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, o iyun 1975may 1977-ci il tarixlərdə hərbi xidmət keçmişdir.
11. İddiaçının təqdim etdiyi əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o, 20.11.1978-01.02.1979 (həmin dövrdə 01.08.1978-ci il tarixdən 10.02.1979-cu il tarixinədək olan müddətdə təhsil müddətidir), 10.03.1979-18.12.1979, 27.03.1980- 23.04.1980, 19.08.1980-17.02.1981, 04.03.1981-02.11.1989, 24.04.1990-27.08.1990, 01.09.1990-15.02.1991, 20.09.1991-19.08.1994, 20.08.1994-30.11.2006-cı il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh tərəfindən bu dövrə aid olan 20.08.1994ci il tarixdən 30.11.2006-cı il tarixinədək əmək kitabçasındakı “Bakqorstroy” Trestindəki əmək fəaliyyəti mübahisələndilir.
12. Cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 11 yanvar 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Bakışəhərtikinti” Ümumtikinti Tresti adlı kommersiya qurumu aşkar edilməmişdir.
13. Cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının 29 dekabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Bakışəhərtikinti” Ümumtikinti trestinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
14. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdi.
15. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək onun təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
16. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
17. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
18. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
19. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
21. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
22. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
III. Məhkəmənin mövqeyi
23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
24. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.
25. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür, pensiya təyin edilməsi ilə müraciət etdiyi vaxta yaşı 65-dir. Əmək kitabçasına əsasən inzibati orqan tərəfindən nəzərə alınmış sığorta stajı 13 il 08 aydır. İddiaçı əmək kitabçası qeydlərinə əsasən 20.11.1978-01.02.1979, 10.03.1979-18.12.1979, 27.03.1980-23.04.1980, 19.08.1980-17.02.1981, 04.03.1981- 02.11.1989, 24.04.1990-27.08.1990, 01.09.1990-15.02.1991, 20.09.1991-19.08.1994, 20.08.1994-30.11.2006-cı il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı bu dövrə aid olan 20.08.1994-ci il tarixdən 30.11.2006-cı il tarixinədək olan müddət ərzində əmək kitabçasındakı qeydə əsasən “Bakqorstroy” Trestində əmək fəaliyyətinə cəlb edildiyini bildirir. İddiaçı 01.08.1978-ci il tarixdən 10.02.1979-cu il tarixinədək tədrisə cəlb edilmişdir. Məhkəmə araşdımasının nəticəsində 20.08.1994-01.01.2006-cı illərdə fəaliyyət göstərən “Bakışəhərtikinti” Ümumi Trestinin mövcudluğu müəyyən edilmədiyindən cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilmir. Odur ki, iddiaçının sığorta stajı əmək kitabçasına əsasən 16 il 02 ay 04 gün müəyyən edilir.
26. İddiaçının 25 il stajı və ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı müəyyən edilmir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına uyğun olaraq iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 10.414,98 manat olmaqla, həmin məbləğ tələb olunan pensiya kapitalından azdır.
27. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva