Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3827/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 publik hüquqi şəxsinə qarşı “zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X2 publik hüquqi şəxsinə qarşı “zərərin ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin süründürməçiliyi nəticəsində ona ziyan dəymişdir. İşsizlikdən sığorta ödənişini almaq hüququ məhkəmə qərarları ilə təsdiq edilmişdir. İddiaçı hesab edir ki, sığorta ödənişinin verilməsi cavabdeh onunla münasibəti zamanı qanuna zidd hərəkətsizlik və 2 illik qərəzli süründürməçiliyi nəticəsində ona dəyən ziyana görə ən azı 2 milyon manat məbləğində birdəfəlik təzminat ödənilməlidir. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə qərarları əsasında iddiaçıya işsizlikdən sığorta ödənişi ödənilərək məhkəmə qərarı icra edilmişdir. İddiaçıya cavabdeh tərəfindən hər hansı maddi və mənəvi zərər vurulmamış, sığorta ödənişi ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddiaçının cavabdehə müraciətinin olmasına dair mümkünlük şərti baxımından da, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddia ərizəsinə etirazında maddi və mənəvi zərərin ödənilməsinə dair iddianın rədd edilməli olması barədə mahiyyəti üzrə mövqe nümayiş etdirmiş, eləcə də iddiaçının məhkəmə icraatı gedişində də kompensasiyanın ödənilməsi barədə müraciətinə cavab vermiş, kompensasiyanın məhkəmədənkənar qaydada ödənilməli olub-olmamasına münasibətdə qiymətləndirilməsi mümkün olan inzibati icraat mövcud olmuşdur ki, məhkəmə hesab edir ki, müraciətin məhkəməyə müraciət edənədək olmamasına münasibətdə mümkünlük şərti sonrakı icraat gedişində aradan qalxmışdır ki, məhkəmə hesab edir ki, həmin hal nəzərə alınmaqla yuxarı instansiya məhkəməsinin təcrübəsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Digər tərəfdən məhkəmə hesab edir ki, süründürməçiliyin aparıldığını iddia edilən qurum kimi məhkəmə icraatında və inzibati icraat zamanı Agentliyin Bakı Regional Məşğulluq Filialı çıxış etməsi, iddianın isə Agentliyə yönəlməsinə münasibətdə də mümkünlüyü istisna edən hər hansı hal mövcud deyildir. Nəzərə alınmalıdır ki, Filialın üst qurumu kimi Agentlik çıxış etməkdədir ki, Filialın hərəkət və hərəkətsizliyindən yarana biləcək zərərlə bağlı Agentliyin cavabdehlik daşıması mümkündür, cavabdehlik daşımaması isə mümkünlük yox, mahiyyəti üzrə kompensasiyanın ödənilməsinə dair iddianın predmetidir. Başqa sözlə, nə qədər ki, tələb kompensasiyanın ödənilməli olubolmaması ilə əlaqədardır, cavabdeh qismində Agentlik çıxış etsə belə kompensasiyaya dair iddianın yönəldiyi qurum kimi onun ödənilməli olub-olmamasına münasibətdə iddia mahiyyəti üzrə qiymətləndirilməli olan iddiadir. Nəzərə alınmalıdır ki, hətta mahiyyəti üzrə qiymətləndirmə zamanı kompensasiyanın digər aidiyyəti qurum tərəfindən ödənilməli olması müəyyən edilsə belə, göstərilən hal zərərin ödənilməsinə münasibətdə hazırkı iddianın mümkünlüyu yox, rədd edilməsi əsası qismində çıxış edə bilər. Hazırkı halda isə, məhkəmə hesab edir ki, Bundan əlavə, iddiaçının müraciətlərindən və cavab məktublarından görünür ki, müraciət məhz Agentliyin rəhbərinə edilmişdir. Həmin müraciətə də, məhz Agentliyin özü tərəfindən baxılmışdır. Göründüyü kimi qiymətləndirilməli olan inzibati icraat Filial və iddiaçı çərçivəsindən çıxmış, iddiaçı məhz Agentliyin hərəkətlərindən şikayət xarakteri olaraq kompensasiyanın ödənilməsini tələb etmişdir ki, alt qurumun hərəkət və hərəkətsizliyinə nəzarət edən qurum kimi məhkəmə hesab edir ki, cavabdeh Agentliyin özünə qarşı qaldırılmış iddia cavabdehin düzgün olub-olmaması baxımından da mahiyyəti üzrə qiymətləndirilməsi mümkün olan iddiadır. Belə ki, iddiaçı həm Filialdan, həmçinin də Agentlikdən, eləcə də onların tabe olduğu Nazirlikdən zərərin ödənilməsini tələb etmək hüququna malikdir ki, həmin hüquq üzrə müraciətin əsaslı olub-olmaması mümkün iddianın predmetidir. Hazırkı iddia isə məhz mümkün iddiadır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: Məşğulluq haqqında arayışdan görünür ki, iddiaçı 21 yanvar 2022-ci il tarixdə işsiz kimi qeydiyyatdadır. İddiaçının 22 avqust 2024-cü il tarixli, 05 fevral 2025-ci il tarixli, 07 mart 2025-ci il tarixli müraciətlərindən görünür ki, iddiaçı cavabdehin hərəkətlərindən narazılığını, eləcə də təzminatın ödənilməli olması barədə müraciətlər etmişdir. Cavabdehin 04 mart 2025-ci il tarixli təzminatın ödənilməsi ilə əlaqədar müraciətinə cavab olaraq işsizlikdən sığorta ödənişinin ödənilməsi formasında cavab verilmişdir. Cavabdehin məktublarından görünür ki, sonuncu iş yeri üzrə sığorta haqqlarının ödənilməsinə dair məlumat aşkar edilməməsi səbəbindən sığorta ödənişinin təyin edilməsi həyata keçirilməmişdir. Bakı İnzibati Məhkəməsinin qərarından görünür ki, Bakı şəhəri, İddiaçı Nazım qızına işsizlikdən sığorta ödənişinin ödəndilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, həmin qərar icra edilmişdir. Qeyd olunmalıdır ki,Azərbaycan Respublikası Mülki Məcəllənin: -21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür -1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər vətəndaşların şəxsi qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmunu və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə diqqətə çatdırır ki, maddi və mənəvi zərərin tutulmasının əsasları bir birindən fərqlidir. Belə ki, qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Eyni zamanda, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün də qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması, sübut olunmur. Mənəvi ziyanın ödənilməsi ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008- ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə sığorta ödənişinin gec alınmasına münasibətdə 2 milyon manat məbləğində zərərin iddiaçıya ödənilməli olub-olmaması ilə əlaqədardır. İddiaçı hesab edir ki, cavabdeh orqanın süründürməçiliyi nəticəsində ona ziyan dəymişdir. Məhkəmə hesab edir ki, cavabdehin orqan tərəfindən iddiaçıya münasibətdə 2 milyon manat məbləğində kompensasiyanın ödənilməsinə əsas ola biləcək hər hansı zərərin vurulduğu aşkar edilmir. Nəzərə alınmalıdır ki, inzibati icraat və inzibati məhkəmə icraatı çərçivəsində cavabdehin müraciəti təmin etmək imtina hüququ mövcuddur ki, həmin hüququn qanunsuz olması barədə məhkəmə qərarından şikayət etmək də cavabdeh orqanın hüququdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatının tərəfi qismində çıxış etmək, qəbul ediləcək qərarlardan yuxarı instansiya məhkəməsinə şikayət etmək inzibati orqanın hüququdur və həmin hüquqdan istifadə edilməsi cavabdehə münasibətdə təzminatın ödənilməsinə səbəb olmur. İnzibati məhkəmə icraatı çərçivəsində müraciətin qanuni və əsaslı olması iddianın təmini üçün əsas yarada bilər ki, iddianın təmin edilməli olması mütləq qaydada cavabdehdən təzminat hüququnun yaranmasına səbəb olmamaqdadır. Əks halda, müraciətin rədd ediləcəyi halda iddiaçıdan təzminat alınması kimi hüququn yaranmasından da söhbət gedə bilər ki, məhkəmə göstərilənlər nəzərə alınmaqla hesab edir ki, sığorta ödənişinin ödənilməli olmasına münasibətdə digər inzibati məhkəmə icraatı üzrə cavabdehin, eləcə də onun Filialının hərəkətlərində zərərin yaranması və ödənilməli olmasına dair hər hansı hal müəyyən edilməməkdədir. Odur ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-3827/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3827/2025
07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver