Məhkəmə qərarları › İş №2-1(112)-383/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-383/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-383/2021 06.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv olunması və həmin qərar əsasında hesablanmış vergi məbləğinin silinməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 18.04.2019-cu il tarixli, **********184400 nömrəli “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi və həmin qərara əsasən hesablanmış ümumilikdə 513065.18 manat əlavə vergi məbləğinin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə “Vergilərin hesablanması barədə” 18.04.2019-cu il tarixli, **********184400 nömrəli qərara əsasən 2017-ci ilin mənfəət vergisi üzrə 513065.18 manat əlavə vergi məbləği hesablanmışdır. Həmin qərarda hesablamaya əsas kimi cəmiyyət tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 200-cü sətrində göstərilən 16 433 523.0 manat ümumi gəlir məbləği ilə 2017-ci il üzrə təqdim edilmiş ƏDV bəyannamələrində öz əksini tapan 16 514 471.51 manat vergiyə cəlb edilən dövriyyə arasındakı fərqin olması göstərilmişdir. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul ediliş 18.04.2019-cu il tarixli, **********184400 nömrəli “Vergilərin hesablanması barədə” Qərarı qanunsuz və əsassız hesab edirlər: ilk növbədə qeyd edilər ki, mübahisələndirilən inzibati aktda hesablamaya əsas kimi 2017-ci il üzrə təqdim edilmiş ƏDV bəyannamələrində öz əksini tapan ümumi dövriyyə (********.51 manat) ilə mənfəət vergisi üzrə bəyannamədə göstərilən ümumi gəlir (********.0 manat) arasında fərqin olması göstərilmişdir. Halbuki, sadə riyazi hesablama nəticəsində hər iki göstərici arasında fərqin cəmi 80948.51 manat (1651471.51-********.0) olması müəyyən edilir ki, bu da mübahisələndirilən inzibati akta əsasən hesablanmış 513065.18 manat əlavə vergi məbləğinin hər hansı əsasının olmamsını göstərir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Kameral vergi yoxlaması ilə əalqədar bildirirlər ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci ilin mənfəət vergisi bəyannaməsində gösətrilmiş dövriyyə məbləğinin, müvafiq dövr üçün təqdim edilmiş ƏDV bəyannamələrində göstərilmiş cəmi dövriyyə məbləğindən az olduğu müəyyən edilmiş və bu hal vergidən yayınma halı kimi qiymətləndiirlmişdir. Yaranmış uyğunsuzluq ilə əlaqədar vergi ödəyicisinə 19.03.2019-cu il tarixli, **********896300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların)tələb edilməsi haqqında” məktub göndərilmişdir. Vergi Məcəlləsinin 16.1.6cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formada aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. Qanunvericiliyin qeyd olunan normasına istinad edərək bildirilmişdir ki, vergi ödəyicisi Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrini icra etməyərək, Vergi Məcəlləsinin tələblərinə uyğun hesablanmış əlavə vergi məbləğini ödəməmək üçün vergidən yayınma sxemi yaratmaqla, mqəsədli şəkildə eyni dövr üzrə təkrar dəqiqləşdirilmiş mənfəət vergisi bəyannamələri təqdim etmiş, 2017-ci il ərzində təqdim edilmiş və əldə edilmiş mal, iş və xidmətlərlə bağlı araşdırma üçün əhəmiyyət kəsb edən zəruri sənədlərin kameral vergi yoxlamasının keçirilməsi ilə əlaqədar vergi orqanına və eyni zamanda 02.08.2018-ci il və 17.04.2019-cu il tarixli şikayətlərin araşdırılması zamanı Vergilər Nazirliyinə təqdim etməmişdir. Kameral vergi yoxlamasının keçirilməsi üçün zəruri olan məktubda qeyd olunan təsdiqedici sənədlər və izahat vergi ödəyicisi tərəfindən təqdim olunmadığından 2017-ci ilin mənfəət vergisi üzrə 513065.18 manat əlavə vergi hesablanmış və yoxlamanın nəticəsi üzrə “Vergilərin hesablanması barədə” 18.04.2019-cu il tarixli, **********184400 nömrəli qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 16.1.5-ci maddəsinə əsasən vergi orqanlarının vergi qanunvericiliyinin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra etmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilmiş verginin (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tədbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə səasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.06.2020-ci il tarixli, **********396700 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Dəqiqləşdirilmiş iddia ərizəsinə qarşı cavabdeh tərəfindən etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əssasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. İlk növbədə qeyd etməyi zəruri hesab edirlər ki, 2017-ci ilin mənfəət vergisi üzrə hesablanmış vergi məbləği barədə iddiaçı 2018-ci il iyul ayından məlumatlı olmasına və ötən müddət ərzində yazışmalar aparmasına baxmayaraq, bu günə qədər 2017-ci il ərzində təqdim edilmiş və əldə edilmiş mal, iş və xidmətlərlə bağlı araşdırma üçün əhəmiyyət kəsb edən zəruri sənədləri kameral vergi yoxlamasının keçirilməsi ilə əlaqədar vergi orqanına təqdim etməmişdir. Eyni zamanda 2017-ci ilin mənfəət vergisi üzrə hesablanmış vergi məbləğini məhkəmə qaydasında mübahisələndirməsinə baxmayaraq, tələbi əsaslandıran sənədlər təqdim olunmamışdır. "xxxx" MMC-nin rəhbərliyi Vergi Məcəlləsinin tələblərinə uyğun hesablanmış əlavə vergi məbləğindən yayınmaq üçün qərəzli və məqsədli şəkildə eyni dövr üzrə təkrar dəqiqləşdirilmiş mənfəət vergisi bəyannamələri təqdim etməklə eyni dövr üzrə qəbul edilmiş qərarlar üzrə əsassız yazışmalar (məhkəmə mübahisələri də, daxil olmaqla) aparır. Mübahisənin predmetini təşkil edən qərarın 2017-ci ilin mənfəət vergisi ilə bağlı olduğunu nəzərə alaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edirlər. İlk növbədə cəmiyyətin Vergilər Nazirliyinə müraciətləri ilə əlaqədar bildirirlər ki, 2017-ci ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğinin azaldılması barədə "xxxx" MMC-nin Vergilər Nazirliyinə (hazırki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) daxil olmuş 02.08.2018-ci il və 17.04.2019-cu il tarixli müraciətlərinin hərtərəfli, tam və obyektiv araşdırılması üçün əhəmiyyət ksəb edən bütün sübutların (vergi tutulan dövriyyənin həcminə və məzmununa dair sənədlərin, alınmış və təqdim edilmiş malların (işlərin, xidmətlərin) tərkibi və alınmış malların müvafiq təsərrüfat subyektində (obyektində) saxlanılması barədə məlumatlar, icarə, alğı-satqı müqavilələri, nəzarət kassa aparatından həmin dövrə aid “Z” və dövrü hesabatlar, idxal-ixrac əməliyyatları barədə sənədlər, kassa mədaxil-məxaric sənədləri, bank hesabından çıxarış, müqavilələr, üzləşmə aktı, qaimə-fakturalar, xərc sənədləri və nağd ödənişlər zamanı tərtib edilmiş digər sənədlər və.s) nazirliyin Sənədlərlə iş və müraciətlərə baxılması Departamentinə təqdim edilməsi barədə cəmiyyətə rəsmi məktublar (№ **********422400, 06.08.2018-ci il; **********143100, 27.10.2018-ci il və **********351900, 03.06.2019-cu il) göndərilməsinə baxmayaraq, göndərilmiş məktublara münasibət bildirilməmiş və araşdırma üçün zəruri sənədlər təqdim edilməmişdir. Bununla da, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinin tələbləri inzibati icraatda tərəf kimi iştirak edən cəmiyyətin rəhbəri tərəfindən pozulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsində göstərilir ki, inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. Bildirirlər ki, vergi ödəyicisi tərəfidnən təqdim edilmiş 2017-ci ilin mənfəət vergsii bəyannaməsində gösətrilmiş dövriyyə məbləğinin, müvafiq dövr üçün təqdim edilmiş ƏDV bəyannamələrində göstərilmiş cəmi dövriyyə məbləğindən az olduğu müəyyən edilmiş və bununla əlaqədar vergi ödəyicisinə 03.04.2018-ci il tarixli, **********901400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan izahat və təsdiqedici sənədlər təqdim olunmadığından 2017-ci ilin mənfəət vergisi üzrə 528801.19 manat əlavə vergi məbləği hesablanmış və yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 11.05.2018-ci il tarixli, **********684200 nömrəli qərar tərəflər arasında imzalanmış “Elektron sənəd mübadiləsi haqqında” 02.07.2014-cü il tarixli müqavilənin 2.1.1-ci bəndinə əsasən elektron üsulla vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 02.08.2018-ci il tarixdə 2017-ci ilin mənfəət vergisi üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin tələblərinə uyğun kameral qaydada yoxlanılmış, hesablanmış məbləğ qismən azaldıldıqdan sonra qeyd edilən bəyannamə nəzərə alınmayaraq, yenidən 528801.19 manat vergi hesablanmış (əlavə hesablanmış məbləğ: 513065.16 manat) və yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 13.09.2018-ci il tarixli, **********489100 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən təkrarən 2017-ci ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Həmin bəyannamə yenidən vergi orqanı tərəfindən kameral qaydada yoxlanılmış və yoxlama zamanı 13.09.2018-ci il tarixli qərarla hesablanmış əlavə vergi məbləği bir daha tam təsdiq olunmuşdur. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 18.04.2019-cu il tarixli, **********184400 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Qeyd edirlər ki, 2017-ci ilin mənfəət vergisi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 18.04.2019-cu il tarixli, **********184400 nömrəli qərarın ləğv edilməsi barədə inzibati iş üzrə aparılan məhkəmə araşdırmaları zamanı həmin tələb üzrə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürüldüyünü hiss edən iddiaçı məqsədli şəkildə təkrarən 2017-ci ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim etmişdir. Həmin bəyannamə yenidən vergi orqanı tərəfindən kameral qaydada yoxlanılmış və yoxlama zamanı 18.04.2019-cu il tarixli qərarla hesablanmış əlavə vergi məbləği bir daha tam təsdiq olunmuşdur. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.06.2020-ci il tarixli, **********96700 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Əlavə olaraq, 2017-ci ilin mənfəət vergisi üzrə hesablanmış 513065.16 manat əlavə vergi məbləği ilə əlaqədar qəbul edilmiş qərarın ləğv edilməsi barədə inzibati iş məhkəmənin icraatında olduğu vaxtda, iddiaçı həmin dövr üzrə məqsədli şəkildə dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş, eyni zamanda həmin dövr üzrə hesablanmış vergi məbləği ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciətlər etmiş (baxmayaraq ki, vergi ödəyicisinin eyni dövr üzrə hesablanmış əlavə vergi məbləğindən narazı olması barədə 02.08.2018-ci il və 17.04.2019-cu il tarixli inzibati şikayətlərinə baxılması zamanı heç bir sənəd araşdırmaya təqdim edilməmiş, eyni zamanda inzibati şikayətin araşdırıldığı dövrdə vergi ödəyicisi hesablamaya əsas olmuş qərarı məhəmə qaydasında mübahisələndirdiyinə görə 29.06.2019-cu il tarixli qərarla inzibati şikayət üzrə icraata xitam verilmişdir) və sonradan həmin şikayətlərinin etibarsız hesab edilməsini xahiş etmişdir. Bununla bağlı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” 16.06.2020-ci il tarixli, **********757600 nömrəli qərarı vergi ödəyicisinə göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirirlər ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.06.2020-ci il tarixli, **********396700 nömrəli qərara əsasən 2017-ci ilin mənfəət vergisi üzrə hesablanmış 513065.18 manat əlavə vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Ona görə də, iddiaçının formal və qərəzli mülahizələri əsasında vergi orqanı tərəfindən hesablanmış vergilər əsassız hesab edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən olunur ki: - 2017-ci ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğinin azaldılması barədə "xxxx" MMC-nin Vergilər Nazirliyinə daxil olmuş 02.08.2018-ci il və 17.04.2019-cu il tarixli müraciətlərinin hərtərəfli, tam və obyektiv araşdırılması üçün əhəmiyyət kəsb edən bütün sübutların nazirliyin X2 təqdim edilməsi barədə vergi orqanı tərəfindən vergi ödəyicisinə rəsmi məktublar və vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci ilin mənfəət vergisi bəyannaməsində göstərilmiş dövriyyə məbləğinin, müvafiq dövr üçün təqdim edilmiş ƏDV bəyannamələrində göstərilmiş cəmi dövriyyə məbləğindən az olduğu müəyyən edilmiş və bununla əlaqədar vergi ödəyicisinə 03.04.2018-ci il tarixli, **********901400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən məktubda qeyd edilən izahat və təsdiqedici sənədlər təqdim olunmadığından 2017-ci ilin mənfəət vergisi üzrə 528801.19 manat əlavə vergi məbləği hesablanmış və yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 11.05.2018-ci il tarixli, **********684200 nömrəli qərar tərəflər arasında imzalanmış “Elektron sənəd mübadiləsi haqqında” 02.07.2014-cü il tarixli müqavilənin 2.2.1-ci bəndinə əsasən elektron üsulla vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 02.08.2018-ci il tarixdə 2017-ci ilin mənfəət vergisi üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin tələblərinə uyğun kameral qaydada yoxlanılmış, hesablanmış məbləğ qismən azaldıldıqdan sonra qeyd edilən bəyannamə nəzərə alınmayaraq, yenidən 528801.19 manat vergi hesablanmış (əlavə hesablanmış məbləğ: 513065.16 manat) və yolxamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 13.09.2018-ci il tarixli, **********489100 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən təkrarən 2017-ci ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Həmin bəyannamə yenidən vergi orqanı tərəfindən kameral qaydada yoxlanılmlış və yoxlama zamanı 13.09.2018-ci il tarixli qərarla hesablanmış əlavə vergi məbləği bir daha tam təsdiq olunmuşdur. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 18.04.2019-cu il tarilxi, **********184400 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Həmin qərarın ləğv edilməsi barədə inzibati iş üzrə məhkəmə araşdırılması aparıldığı dövrdə iddiaçı yenidən vergi orqanına dəqiqləşdirilmiş bəyannamə təqdim etmişdir. Həmin bəyannamə yenidən vergi orqanı tərəfindən kameral qaydada yoxlanılmlış və yoxlama zamanı 18.04.2019-cu il tarixli qərarla hesablanmış əlavə vergi məbləği vergi orqanı tərəfindən bir daha təsdiqlənmiş və bununla bağlı qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.06.2020-ci il tarixli, **********396700 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. İşdə olan vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 2017-ci il mənfəət vergisi üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin surətindən görünür ki, vergi ödəyicisi tərəfindən həmin bəyannamədə 242-ci və 246-cı sütunlarda 2017-ci ilin mənfəət vergisi üzrə ödənilməli olan məbləğ 15.736,00 manat göstərilmişdir. İşdə olan cavabdeh tərəfindən təqdim edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********396700 nömrəli, 05 iyun 2020-ci il tarixli qərardan görünür ki, 2017-ci ilin mənfəət vergisi üzrə 513 065.18 manat məbləğində vergi məbləği hesablanmışdır. Məhkəmənin 2-1(112)-635/2020 saylı, 29.09.2020-ci il tarixli qərardadı ilə mübahisəli qərar ilə vergi məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı məzmunda suallar qoyulmuşdur: 1. Mühasibatlıq sənədləri və vergi bəyyanmələri nəzərə alınmaqla iddiaçı "xxxx" MMC-nin 2017-ci il üzrə hesablamalı və ödəməli olduğu mənfəət vergisi nə qədərdir?

2. gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırmı? 3. əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi) nədən ibarətdir? 4. əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birində əks olunmuş məbləğ ayrılıqda nə qədərdir və bu sənədləri hansı vergi ödəyiciləri təqdim (tərtib) etmişdir? 5. əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərdə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birinin əks etdirdiyi təsərrüfat əməliyyatlarının məzmunu ayrılıqda nədən ibarətdir? 6. Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi kassa və ya hesablama metodunun tələblərinə uyğundurmu? Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması vergi qanunvericiliyinin tələblərinə uyğundurmu? Gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlər ciddi hesabat sənədləridirmi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmənin sözügedən qərardadının icrası ilə əlaqədar olaraq 9/5090 nömrəli, 07 aprel 2021-ci il tarixli ekspert rəyi təqdim edilərək, rəyin nəticə hissəsində göstərilmişdir ki, birinci, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci və səkkizinci suallar üzrə: rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (elektron qaimələr, iki tərəfli aktlar, bank çıxarışları və s.) və məlumatlara (yük gömrük bəyannaməsi məlumatları (idxal-ixracla bağlı), mənfəət vergisi bəyannamələrinin məlumatları və s.) əsasən müəssisənin 2017-ci il üzrə mənfəət vergisi 15736.00 manat məbləğində müəyyən olunur. Göstərilənlərə əsasən qeyd edilir ki, iş materiallarında olan vergi ödəyicisi tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə də (mənfəət vergisi üzrə) dövlət büdcəsinə 15736.0 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Yəni 2017-ci il üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə əlavə olaraq ödənilməli olan mənfəət vergisi müəyyən olunmur. Həmçinin qeyd edilir ki, müəssisənin vergi ödəyiciləri tərəfindən tərtib olunmuş xərc sənədləri təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Həmin sənədlərin adı, tarixi, rekvizitləri, məbləğləri, təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında olan sənədlərdə göstərilmişdir. Bundan başqa, həmin sənədlərin müəssisənin tətbiq etdiyi metodun tələblərinə və vergi qanunvericiliyinə (hesabat dövründə qüvvədə olan) uyğunluğu müəyyən olunur. Eyni zamanda qeyd edilir ki, həmin sənədlər ciddi hesabat sənədləridir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iş materiallarında olan sənədlərə (elektron qaimələr, iki tərəfli aktlar, bank çıxarışları və s.) və məlumatlara (yük gömrük bəyannaməsi məlumatları (idxal-ixracla bağlı), mənfəət vergisi bəyannamələrinin məlumatları və s.) əsasən müəssisənin 2017-ci il üzrə mənfəət vergisi 15736.00 manat məbləğində müəyyən olunur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə də, (mənfəət vergisi üzrə) dövlət büdcəsinə 15736.0 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Yəni, 2017-ci il üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə əlavə olaraq ödənilməli olan mənfəət vergisi müəyyən olunmur. Həmçinin müəssisənin vergi ödəyiciləri tərəfindən tərtib olunmuş xərc sənədləri təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Həmin sənədlərin adı, tarixi, rekvizitləri, məbləğləri, təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında olan sənədlərdə göstərilmişdir. Bundan başqa, həmin sənədlərin müəssisənin tətbiq etdiyi metodun tələblərinə və vergi qanunvericiliyinə (hesabat dövründə qüvvədə olan) uyğunluğu müəyyən olunur. İş materiallarında həmin halları təsdiq edən ekspert rəyi də, mövcuddur ki, məhkəmə həmin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki digər sənədlərlə öz təsdiqini tapır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iş üzrə mübahisəli qərarla vergi məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi halları düzgün araşdırılmayaraq, iddiaçıya münasibətdə qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən, mübahisəli qərar əsassız olmaqla ləğv edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 78-ci maddəsinin tələblərinə əsasən Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi öhdəliklərinin yerinə yetirilməsi Mülki Məcəllədə nəzərdə tutulmuş ardıcıllıqla həyata keçirilir. Vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Vergi öhdəliklərinin yerinə yetirilməsi əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs istisna olmaqla, digər şəxsin üzərinə qoyula bilməz. Bu maddənin məqsədləri üçün faydalanan şəxs əmtəəsiz əməliyyat aparmaqla mənfəət əldə etmək məqsədilə həyata keçirilən fəaliyyət üzrə faktiki olaraq gəlir əldə edən, o cümlədən əmtəəsiz əməliyyat aparmaqla mənfəət (gəlir) əldə edən hüquqi şəxsin faktiki sahibi və ya əmtəəsiz əməliyyat aparmaqla gəlir əldə edən vergi ödəyicisinə nəzarəti həyata keçirən fiziki şəxsdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanununun 24-cü maddəsinin tələblərinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanununun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 07 aprel 2021-ci il tarixli, 9/5090 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manatdır və iddiaçıdan 200 (iki yüz) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.06.2020-ci il tarixli, **********396700 nömrəli qərarı ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul iddiaçı "xxxx" MMC-dən, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar