Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-383/2023 08.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Əli-zadə Səbinə Vidadi qızı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi X3 Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Əli-zadə Səbinə Vidadi qızı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X1 Bağlar sahəsindəki 152 nömrəli kooperativi tərəfindən istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən sahəsi 0.12 hektar olan 322 “b” saylı bağ sahəsinə dair çıxarışın, plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X1 Bağlar sahəsindəki 152 nömrəli kooperativi tərəfindən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən sahəsi 0.12 hektar olan 322 “b” saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmənin qərardadı ilə Əli-zadə Səbinə Vidadi qızı üçüncü şəxs qismində məhkəmə icraatına zəruri olaraq cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 0.12 hektar olan 322 “b” saylı bağ sahəsi Bakı şəhəri İK-nin xx.xx.1998-ci il tarixli 1/16 saylı qərarına əsasən 152 saylı BTK tərəfindən iddiaçının istifadəsinə verilmişdir. Həmin vaxtdan torpaq sahəsində abadlıq işləri görüb daim istifadə etmişdir. Torpaq sahəsinə qulluq etməyi qonşular tərəfindən təsdiq oluna bilər. Heç bir fiziki şəxs, dövlət və bələdiyyə orqanları ilə bağ sahəsinə dair mübahisələri olmamışdır. Binəqədi rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(001)-5779/2011 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X1 Bağlar sahəsindəki 152 nömrəli kooperativi tərəfindən B/S nömrəli order üzrə iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Goradil Bağlar massivində yerləşən 322 “b” saylı bağ sahəsinin plan-sxeminin verilməsi cavabdehə həvalə edilmişdir. Qətnamə icra edilərək xx.xx.2012-ci ildə cavabdeh tərəfindən bağ-torpaq sahəsinin planı və sxemi təsdiq edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək istifadəsində və mülkiyyətində olan sözügedən bag sahəsinə hüquqlarının qeydiyyata alınmasını xahiş etmiş, lakin xx.xx.2021-ci il tarixdə qeydiyyat nömrəsi **********45 olan bildirişlə ona imtina verilmişdir. Səbəb kimi “qeyd edilən bağ sahəsinin nömrəsinin sxematik xəritədə aşkar edilmədiyi” qeyd edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerəşən 322B saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın, plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qeyd edilən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Göstərilən bağ sahəsi sxematik xəritəyə əsasən 254 ilə başlayan bağların ərazisinə uyğun gəlir. Əraziyə Əli-zadə Şəbinə Vidadi tərəfindən müraciət edilmişdir. Bundan əlavə, sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, vətəndaşın nümayəndəsi 322B kimi göstərdiyi bağ sahəsini əvvəlki müraciətində 302E saylı bağın ərazisi kimi göstərmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Bununla bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli, **********45 saylı cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 noyabr 2011-ci il tarixli iş № 2(001)-5779/2011 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X1 Bağlar sahəsindəki 152 nömrəli kooperativi tərəfindən B/S nömrəli order üzrə İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Goradil Bağlar massivində yerləşən 322 “b” saylı bağ sahəsinin plan-sxeminin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsinə həvalə edilmişdir. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli torpaq sahəsinin plansxemindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5779/2011 saylı qətnaməsi əsasında Binəqədi rayonu Goradil qəsəbəsində yerləşən 322B-saylı bağ sahəsinin yerləşmə sxemi tərtib edilmiş, bağ sahəsinin ölçüsü 1200.00 kv.m-dir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2021-cu il tarixli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən “322B” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qeyd edilən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, tərəfinizdən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.” - Cavabdehin xx.xx.2021-ci il tarixli **********35 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı adına 152 nömrəli BTK nəzdində Göradil bağ massivində yerləşən, 0.12 ha torpaq sahəsi olan 322b saylı bağ sahəsinə dair B/S nömrəli order, həmçinin həmin BTK-ya dair ayrıc aktı İdarənin arxivində aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq 152 nömrəli BTK sxemi və məlumat üçün arxiv qovluğunda mövcud olan xx.xx.1990-cı il tarixli aktın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. xx.xx.1990-cı il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, 152 nömrəli BTK-də 14 nəfərin hər birinə 0,12 ha torpaq sahəsi ayrılıb təhvil verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyətinin 7-1882/17 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1998-ci ilə dair sənədləri arasında xx.xx.1998-ci il tarixli, 1/16 nömrəli qərar mövcud deyildir. - “X4 və Ekspertiza Mərkəzi” MMC tərəfindən 155 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə verilmiş mütəxəssis rəyinə əsasən Bakı şəhəri X5 İcraiyyə Komitəsinin xx.xx.1998-ci il tarixli, 1/16 saylı qərarına əsasən 152 saylı BTK tərəfindən İddiaçı istifadəsinə ayrılmış Bakı şəhəri Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 0,12 ha olan bağ sahəsinin surəti məktuba əlavə edilmiş sxemə əsasən faktiki yeri naturaya uyğundur, koordinatları rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir, Dövlət mülkiyyətinə aid olmaqla yaşayış məntəqəsinin torpağıdır; bağ sahəsinin faktiki yeri və koordinatlarına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona verilmiş sxemə əsasən naturaya uyğundur; faktiki yeri və koordinatlarına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona verilmiş sxemə əsasən digər bağ sahələrinin faktiki yeri və koordinatlan ilə kəsişmir və üst-üstə düşmür.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vemişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. İddiaçının tələbinin əsaslandığı hallara görə, müvafiq sənədləri cavabdehə təqdim etməklə Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən sahəsi 0.12 hektar olan 322 “b” saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş (30 oktyabr 2015-ci il 664 nömrəli Fərmanla olunmuş dəyişikliklərlə birlikdə) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, arxiv məlumatlarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1998-ci ilə dair sənədləri arasında iddiaçının iddia etdiyi adına 152 nömrəli BTK nəzdində Göradil bağ massivində yerləşən, 0.12 ha torpaq sahəsi olan 322b saylı bağ sahəsinin ayrılmasına dair xx.xx.1998-ci il tarixli, 1/16 nömrəli qərar mövcud deyildir. Bundan əlavə cavabdehin arxivində də iddiaçının adına 152 nömrəli BTK nəzdində Göradil bağ massivində yerləşən, 0.12 ha torpaq sahəsi olan 322b saylı bağ sahəsinin ayrılmasına dair B/S nömrəli order aşkar edilməmişdir. Düzdür Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 noyabr 2011-ci il tarixli 2(001)-5779/2011 saylı qətnaməsi əsasında cavabdeh orqan iddiaçının göstərdiyi bağ sahəsinin plan-sxemi sənədini tərtib etmiş olsa da, həmin sənəd hüquqmüəyyənedici sənəd sayılmır. Çünki yuxarıda da qeyd olundugu kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilməlidir. Beləliklə də iddiaçı bağ sahəsinin üzərində hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsasların hər hansı biri barədə məhkəməyə sübut təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq sadalanmışdır. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. İddiaçı isə sözügedən maddədə nəzərdə tutulmuş sənədlər toplusuna istinad etmədən mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir. Məhkəmə tərəfindən də hazırkı iş üzrə Qanunun 8-ci maddəsində təsbit edilmiş əsaslar toplusundan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. İddiaçının istinad etdiyi işdə olan sənədlər isə hüquqmüəyyənedici sənəd sayılmadıgından mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas təşkil etmədiyindən iddia əsaslı sayıla bilməz. Buna görə də cavabdeh tərəfindən hüquqların qeydiyyatından imtina barədə hərəkətləri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qanunun 15.1.1-ci maddəsinə əsasən isə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. Bu baxımdan da məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bag sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” barədə iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Qarayeva