Məhkəmə qərarları › İş №2-1(112)-3831/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3831/2023

06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3831/2023 06.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Savalan” yoldaşlıq bağçılıq təsərrüfatının xx.xx.1991-ci il tarixli qərarı ilə qanuni istifadəsinə verilmiş 0,06 ha sahəsi olan Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən bağ sahəsinin mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, “Savalan” yoldaşlıq bağçılıq təsərrüfatında yerləşən saylı bağ sahəsi xx.xx.1991-ci il tarixli qərar ilə (protokol № 14) iddiaçının mərhum atası X4 verilmiş və bu barədə xx.xx.1991-ci il tarixli kitabça da verilmişdir. X8 təsərrüfat hesablı "RSU Trest BQSM QBS”-də xx.xx.1989-cu il tarixdən xx.xx.2011-ci il tarixə qədər təssərrüfat şöbəsinin müdiri vəzifəsində işləmişdir. X8 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İddiaçı atası X2 yeganə vərəsəsi kimi tanınmış və bu barədə 18 saylı notariat kontoru tərəfindən xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunan bağ sahəsinə iddiaçının atası tərəfindən mülkiyyət hüququ rəsmiləşdirilmədiyi üçün o, vərəsəlik üzrə iddiaçının mülkiyyətinə keçməmişdir. İddiaçı bu barədə cavabdehə ərizə ilə müraciət etsə də, idarənin 20.2022-ci il tarixli, **********77 saylı məktubu ilə bildirilmişdir ki, İdarənin arxivində saxlanılan “Savalan” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar edilməmiş, həmçinin təqdim edilən üzvlük kitabçasında bağın nömrəsi və sahəsi qeyd olunmamışdır”. İddiaçı yalnız onda olan sənədləri dövlət orqanına təqdim edə bilər, özü köhnə dövr üçün hər hansı bir sənədi tərtib edə bilməz, yaxud həmin sənədlərdə hər hansı bir dəyişiklik edə bilməz. Odur ki, publik hüquqi şəxsin bu cavabı imtina kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, İddiaçı “Savalan” yoldaşlıq bağçılıq təsərrüfatının xx.xx.1991-ci il tarixli qərarı ilə qanuni istifadəsinə verilmiş 0,06 ha sahəsi olan Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən bağ sahəsinin mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** saylı ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxivində saxlanılan “Savalan“ bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X2 adı aşkar edilməmişdir. Həmçinin, təqdim edilən üzvlük kitabçasında bağın nömrəsi və sahəsi qeyd olunmamışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, göstərilən bağ sahəsinin faktiki ölçüsü 640.0 kv.m təşkil edir. İddia olunan torpaq sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxeminə əsasən 23 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7 və 11.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizədə “Savalan” yoldaşlıq bağçılıq təsərrüfatının xx.xx.1991-ci il tarixli qərarı ilə X2 qanuni istifadəsinə verilmiş Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən 0,06 ha bağ sahəsinin X4 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********77 saylı məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmış və İdarənin arxivində saxlanılan “Savalan“ bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X2 adının aşkar edilmədiyi, həmçinin, təqdim edilən üzvlük kitabçasında bağın nömrəsi və sahəsinin qeyd olunmadığı bildirilərək torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasından imtina edilmişdir. - X2 nömrəsi qeyd olunmayan xx.xx.1972-ci il tarixdən doldurulmağa başlanan əmək kitabçasının kserosurətindən görünür ki, o, xx.xx.1989-cu il tarixdən xx.xx.2001-ci il tarixə qədər SUM-2003 trestinin “BQSM”-də müxtəlif vəzifələrdə işləmişdir. - Bakı şəhər X5 İcraiyyə Komitəsi “Bakıbaştikinti Sənayeləşdirilmiş” X6 (SEİB) “Savalan” Bağçılıq Yoldaşlığı tərəfindən xx.xx.1991-ci il tarixdə verilən üzvlük kitabçasının kserosurətindən görünür ki, X8 14 №li Protokol əsasında xx.xx.1991-ci il tarixdə üzvlüyə qəbul edilmişdir. X7 ayrılmış bağın nömrəsi və sahəsi göstərilməmişdir. - Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 482729 №-li, xx.xx.2011-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2011-ci il tarixdə ölmüşdür. - Bakı şəhəri 18 saylı notariat kontorunun notariusu A.D.Bəşirov tərəfindən təsdiq edilən xx.xx.2012-ci il tarixli, 2V-01-01 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında 75/2011 №li şəhadətnamədən görünür ki, İddiaçı X2 vərəsəsidir. - Bakı şəhəri 18 saylı Notariat kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, notarius açılan vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar olaraq X2 adına “Savalan” bağçılıq yoldaşlıq cəmiyyətində olan Bakı şəhəri, Hövsan qəsəbəsi 23/92 saylı sahədə yerləşən 600 kv.metr torpaq sahəsinə dair çıxarışın verilməsini xahiş etmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Savalan” bağçılıq yoldaşlıq təsərrüfatına aid arxiv qovluğunda olan sənədlər məhkəməyə təqdim edilmişdir. xx.xx.1988-ci il tarixli, 11/625 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakıbaştikinti” İdarəsinin bağçılıq təsərrüfatı üzvlərinin siyahısı arxiv qovluğunda mövcuddur. Həmin siyahıda X2 adı aşkar olunmamışdır. Qovluqda həmçinin, mərhum Bəylər Hüseynova verilmiş bağçılıqyoldaşlıq təsərrüfatı üzvünün kitabçasında istinad edilmiş xx.xx.1991-ci il tarixli, 14 №li Protokol da aşkar edilməmişdir. Məhkəmə müəyyən edir ki, hazırkı iddia tələbi üzrə iddiaçı mərhum atası X2 “Savalan” bağçılıq yoldaşlığı cəmiyyətinə üzv qəbul edilməsi barədə üzvlük kitabçasına istinad etməklə istifadəsində olan Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində yerləşən 0,06 ha sahəli torpaq sahəsinin atasına məxsus olması barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddiaçı bu məqsədlə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu isə müraciətin təmin edilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Həmin Qanunun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. - 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». Həmin Qanunun keçid müddəaları adlanan 25-ci maddəsində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin İqtisadiyyat Nazirliyinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, qüvvədə olan əmlak qanunvericiliyi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, hüquqların qeydə alınması üçün təqdim edilən sənədlərə dair tələbləri və hüquqların dövlət qeydiyyatından imtina üçün səbəbləri konkret müəyyən edir. Qanunverici 2007-ci il mayın 22-dək yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını həmin bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışla şərtləndirmişdir. Hazırkı mübahisə üzrə isə iddiaçı mərhum atasının adına mülkiyyət hüquqlarının tanınmasını istədiyi bağ sahəsinə dair üzvlük kitabçasını təqdim etsə də, onun adı “Savalan” bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında yoxdur, həmin üzvlük kitabçasında mərhuma ayrılmış bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Bununla yanaşı, kitabçada Bəylər Hüseynovun “Savalan” bağçılıq-yoldaşlıq təsərrüfatına xx.xx.1991-ci il tarixli 14 nömrəli protokol əsasında qəbul edildiyi göstərilsə də, təqdim olunmuş kitabçanın xx.xx.1991-ci il tarixdə verildiyi müəyyən edilmişdir. Həmçinin vurğulanmalıdır ki, Bəylər Hüseynovun bağçılıq təsərrüfatına üzvlüyə qəbul edilməsi barədə istinad olunan protokol “Savalan” bağçılıq-yoldaşlıq təsərrüfatının arxiv sənədlərində aşkar edilməmişdir. İşin araşdırması nəticəsində məlum olur ki, iddiaçı nə inzibati icraat dövründə cavabdeh orqana, nə də məhkəmə araşdırması dövründə bağ sahəsinə dair qanunda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qeyd olunmalıdır ki, bu prosesi tənzimləyən qanunvericiliyə görə əvvəllər vətəndaşların daimi istifadəsinə verilmiş torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məhdudlaşdırılmamış, bir şərtlə ki, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi onların qanuni istifadəsində olsun. Mövcud halda isə qeyd olunan torpaq sahəsinin iddiaçının mərhum atasının qanunun tələblərinə uyğun şəkildə istifadəsində olması işin halları ilə müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növündə olmaqla qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Məhkəmənin qənaətinə görə, hazırkı halda iddaçı hüquqlarının rəsmiləşdirilməsini iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri təqdim edə bilmədiyindən onun iddia etdiyi bağ torpaq sahəsi üzərində mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” yaranmır. Belə olan halda cavabdeh inzibati orqanın imtinası qanunazidd sayılmamalıdır. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar