Məhkəmə qərarları › İş №2-1(112)-3831/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3831/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3831/2024 25.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndələri X8 və X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx"nin üzvü kimi Bakı şəhər X11 İcraiyyə Komitəsinin 10/369 nömrəli 22 sentyabr 1989-cu il tarixli qərarı ilə Türkan qəsəbəsində ayrılmış torpaq sahəsində 0.6 ha hissəsinin plan-ölçüsünün tərtib edilib onun adına qeydiyyata alınaraq xüsusi mülkiyyət hüquqlarına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Çinar bağçılığın inkişafı ictimai birliyi”nin üzvü kimi Bakı şəhər X11 İcraiyyə Komitəsinin 10/369 nömrəli 22 sentyabr 1989-cu il tarixli qərarı ilə Türkan qəsəbəsində ayrılmış torpaq sahəsində 0.6 ha hissəsinin plan-ölçüsünün tərtib edilib onun adına qeydiyyata alınaraq xüsusi mülkiyyət hüquqlarına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xalq Deputatları İcraiyyə Komitəsinin 10/369 nömrəli 22 sentyabr 1989-cu il tarixli qərarı ilə Türkan qəsəbəsində “Bakıelektropribor” İB-nə hazırki hüquqi varisi "xxxx" ASC-yə 12.45 hektar bağ sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları sxemi tərtib edilərək İdarə tərəfindən təsdiq edilmişdir. Qərarla ayrılan torpaq sahəsi Birliyin 200 (iki yüz) nəfər işçisi arasında bölünmüş və həmin siyahıda olan şəxslərin həmin vaxt əksəriyyəti erməni millətindən olan şəxslər olmuşdur. Məlum hadisələrlə əlaqədar ermənilər ölkəni tərk edəndən sonra siyahıda olan köçüb gedən ermənilərin əvəzinə Birliyin digər işçilərinin əlavə edilməsi qərara alınmışdır. "xxxx" yaradılaraq AR Ədliyyə Nazirliyində qeydiyyatdan keçməklə Birliyin 07 oktyabr 1997-ci il tarixli yığıncağının qərarı ilə əvvəlki siyahıda olan şəxslərin Respublikanı tərk etdiyi üçün onların əvəzinə ASC-nin əməkdaşları üzvlüyə qəbul edilmişdir. Siyahıda olan Birliyin üzvlərinin hər birinə 0.6 ha olmaqla, bağ sahəsi 200 nəfər şəxs arasında bölünmüşdür. Bütün üzvlərə bağçının üzvlük kitabçası verilmişdir. Daha sonra AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən lazımi dövlət rüsumları ödətdirilərək hər bir şəxsin istifadəsinə ayrılmış 0.0562 ha ölçüdə torpaq sahəsi 2018-2019-cu illərdə qeydiyyata alınıb 100 (yüz) nəfərdən çox şəxsə çıxarışlar verilmişdir. Lakin lazımi sənədləri təqdim etsə də istifadəsində olan torpaq sahəsi qeydiyyata alınmamışdır. Bundan sonra AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə müraciət edərək ona ayrılmış və istifadəsində olan torpaq sahəsinin plan-ölçüsünü tərtib edərək, qeydiyyata alınıb çıxarışın verilməsini bildirsə də, cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, xx.xx.2020-ci il tarixli məktubla cavab verilmişdir. Təkrar olaraq 1 Saylı Bakı Ərazi İdarəsinə müraciət etdikdə xx.xx.2020, xx.xx.2023-cü il tarixli müraciətlərinə eyni bildirişlər gəlmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə istinad edilərək, bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina sayılmadığını nəzərə almağını bildirmişlər. Əvvəlki cavab məktubunda göstərilmişdir ki, arxivdə olan siyahıda iddiaçının adının aşkar olunmamış təqdim olunan protokoldan çıxarış isə idarənin arxivində mövcud deyil. Arxivdə olan həmin siyahıda əksəriyyəti erməni millətindən olan şəxslərdir və onların əvəzinə yeni yaradılmış və AR ƏN-də qeydiyyata alınmış "xxxx"-nin ümumi iclasının protokolunun qərarı ilə ASC-nin əməkdaşları üzvlüyə qəbul edilmişdir və həmin protokoldan çıxarış arxivdə olması mümkün deyildir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə uyğun hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Belə ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Çinar” bağçılığın X6 (köhnə adı: “Bakelektrobıtpribor”) üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Təqdim edilən xx.xx.1997-ci il tarixli protokoldan çıxarış bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən deyil, “Çinar” bağçılığın inkişafı ictimai birliyi tərəfindən verilmişdir. İdarənin mütəxəssisləri xx.xx.2023-cü il tarixdə göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, bağ sahəsinin sərhədləri iki tərəfdən qonşu hasarla ayrılıb, digər iki tərəfdən sərhədləri şərtidir. Bundan əlavə iddiaçıya ünvanlanan xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd olunan digər fiziki şəxslər tərəfindən inşa edilmiş hasarlar sökülmüşdür. Həmçinin daha əvvəl İdarənin mütəxəssisləri xx.xx.2023-cü il tarixdə göstərilən torpaq sahəsinə yerli baxış zamanı bağ sahəsində mərzçəkmə işləri tam aparılmamışdır və göstərilən torpaq sahəsinin 495.0 kv.m hissəsi digər şəxslər tərəfindən hasarlanmış iki sahə daxilində yerləşir, qalan 67.0 kv.m hissəsindən bağların bölgü sxemində əks olunmayan yol keçdiyi müəyyən olunmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və ona imtina edilmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

İİİ. Tədqiq edilmiş sənədlər

AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1952-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. “Çinar” bağçılığın X6 07 oktyabr 1997-ci il tarixli yığıncağının 4 nömrəli protokoldan çıxarışdan görünür ki, Bakı şəhəri X9 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/369 №lı qərarına əsasən Bakı şəhəri Əzizbəyov rayonu Türkan qəsəbəsi ərazisində əmək kollektivinə bağçılıq yoldaşlığı üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində “Bakıelektrikməişətcihazqayırma” İstehsalat Birliyinin 200 nəfərlik kollektivinin yoldaşlıq bağçılığı təsərrüfatının üzvü X3 torpaq sahəsi ayrılmışdır. X7 1990-cı ildə respublikanı tərk edərək getdiyinə görə həmin torpaq sahəsi uzun müddət baxımsız qalmışdır. Bu səbəbdən də həmin sahə kollektivin üzvü İddiaçı sahəsi 562,5 kv.m olan 97 saylı sahə bağ sahəsi kimi verilmişdir. “Çinar bağçılıq inkişafı” İctimayi Birliyinin üzvlük kitabçasından görünür ki, İddiaçı bağçılıq cəmiyyəti üzvlərinin 07 oktyabr 1997-ci il tarixli, 04 nömrəli protokoluna əsasən yoldaşlıq bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Əzizbəyov rayonu, Türkan qəsəbəsi, 562,5 kv.m ölçüsü olan 97 saylı bağ sahəsi 22 sentyabr 1989-cu il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-C-0204-8/2023 **********86 nömrəli məktubuna əsasən bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Çinar” bağçılığın X6 üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə Bakı Elektrik Məişət X1 “Çinar” bağçılıqyoldaşlığına aid arxiv qovluğu təqdim edilmişdir. Arxiv qovluğunda olan sənədlərdən görünür ki, Bakı şəhər XDS İK-nın 10/369 saylı, xx.xx.1989-cu il tarixli qərarından çıxarışa əsasən Müdafiə Nazirliyinin nəzdində olan “Bakelektrikməişətcihazları” İB-nin 200 nəfərdən ibarət əmək kollektivinə Bakı şəhər Türkan qəsəbəsində 12.45 ha yoldaşlıq bağçılığı məqsədi ilə torpaq sahəsi ayrılmışdır.

İV. Məhkəmənin mövqeyi

6. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.

7. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: - 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:

- 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

10. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

- 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 8.0. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. -10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun qeyd edilən normanın məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil.

9. İşin faktiki hallarına əsasən iddiaçı “Çinar bağçılıq inkişafı” ictimai birliyinə üzv qəbul edilmiş, ona 97 nömrəli bağ səhəsi daimi istifadə etmək üçün verilmişdir, bu barədə bağçılıq cəmiyyətin üzvlərinin iclasının 07 oktyabr 1997-ci il tarixli, 4 nömrəli protokoldan çıxarış və bağçının üzvlük kitabçası mövcuddur. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, mübahisələndirilən bağ sahəsi qanuni əsaslarla iddiaçının istifadəsinə ayrılmışdır və həmin bağ sahəsinə dair onun mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması üçün qanunvericiliklə müəyyən olunmuş əsaslar mövcuddur. Cavabdeh tərəfindən iddiaçının mübahisəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının mövcudluğunu təsdiq edən sənədlərin mötəbərsizliyi sübuta yetirə bilməmişdir. Cavabdeh inzibati orqanın imtinanın əsası kimi istinad etdiyi və etirazda qeyd etdiyi dəlillərə (bağçılıq yoldaşlığının üzvlərinin siyahısında adının aşkar olunmaması) gəldikdə məhkəmə hesab edir ki, həmin dəlillər əsassızdır. Belə ki, işdə olan sənədlər: “Çinar bağçılıq inkişafı” ictimai birliyinin üzv olmasına dair üzvlük kitabçası, 07 oktyabr 1997-ci il tarixli, 4 saylı protokolundan çıxarışı İddiaçı Əzizbəyov rayonu, Türkan qəsəbəsi, 562,5 kv.m ölçüsü olan 97 saylı bağ sahəsinə dair hüquqlarını təsdiq edir. Bundan əlavə cavabdehin etirazında göstərdiyi hal “Çinar” bağçılığın X6 (köhnə adı: “Bakelektrobıtpribor”) üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmaması həqiqəti əks etdirsə də, “Çinar” bağçılığın X6 07 oktyabr 1997-ci il tarixli yığıncağının 4 nömrəli protokoldan çıxarışdan görünür ki, hazırki mübahisəli torpaq ilkin olaraq X2 adına ayrılmış, sonradan X7 1990-cı ildə respublikanı tərk edərək getdiyinə görə həmin sahə kollektivin üzvü İddiaçı ayrılmışdır. Məhkəməyə təqdim edildən arxiv qovluğunda X2 adı 26-cı siyahıda öz əksini tapmışdır. Buda o nəticəyə gəlmək əsas verir ki, iddiaçının hazırda hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi ona qanuni əsaslarla ayrılmışdır.

11. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir.

10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun

- 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçıya qanuni əsaslarla bağ sahəsi məxsus olmasına baxmayaraq, hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir.

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

12. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx"nin üzvü kimi Bakı şəhər X11 İcraiyyə Komitəsinin 10/369 nömrəli 22 sentyabr 1989-cu il tarixli qərarı ilə Türkan qəsəbəsində ayrılmış torpaq sahəsində 0.6 ha hissəsinin plan-ölçüsünün tərtib edilib iddiaçının adına qeydiyyata alınaraq xüsusi mülkiyyət hüquqlarına dair çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

13. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.

14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. "xxxx"nin üzvü kimi Bakı şəhər X11 İcraiyyə Komitəsinin 10/369 nömrəli 22 sentyabr 1989-cu il tarixli qərarı ilə Türkan qəsəbəsində ayrılmış torpaq sahəsində 0.6 ha hissəsinin plan-ölçüsünün tərtib edilib İddiaçı adına qeydiyyata alınaraq xüsusi mülkiyyət hüquqlarına dair çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar