Məhkəmə qərarları › İş №2-1(112)-3832/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3832/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3832/2023 28.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 65 yaşının tamam olduğu xx.xx.2022ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ona ödənilmiş sosial müavinət məbləği ilə təyin ediləcək əmək pensiyası arasında yaranacaq fərqin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1957-ci il tarixdə Ermənistan SSR, Masis rayonunun Rəncbər kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra Bakı şəhərində 12 №-li Texniki Məktəbə daxil olmuş, 01 sentyabr 1974-cü il tarixdən 22 iyul 1976-cı il tarixədək orada təhsil alaraq Televiziya və radio təmiri üzrə rediomexanik peşəsi almışdır. 04 iyul 1978-ci il tarixdən 05 noyabr 1988-ci il tarixədək Rəncbər sovxozunda 3-cü dərəcəli sürücü işləmişdir. Doğma yurd-yuvasından qaçqın düşdükdən sonra Bakı şəhərində 06 iyun 1989-cu il tarixdən 02 noyabvr 1993-cü il tarixədək “Azərsutikinti" Birliyinin 2 saylı TQİ-də sürücü, maşinist, çilingər, çilingər-sürücü peşələrində işləmişdir. xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ASC-də işləmişdir. 2002-ci ilin fevral ayının 1-dən həmin müəssisədə ödənişsiz məzuniyyətə göndərilmiş, həmin müəssisədə işə qayıdacağına ümidli olduğu üçün əmək kitabçasını oradan götürməmişdir. Bir müddət işsiz qaldıqdan sonra yeni əmək kitabçası açdırmaqla xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək “X5 Revises" Kompeniyasmda, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "Nexus Qroup" Kompansiyasının Azərbaycan nümayəndəliyində" xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "X2 LTD" MMC-də işləmişdir. Daha sonra xəstələndiyi üçün uzun müddət müalicə olunmuş, əlillik müəyyən edilmədiyi üçün pensiya ala bilməmişdir. xx.xx.2022-ci il tarixdə 65 yaşının tamam olması ilə əlaqədar yaşa görə pensiya təyin edilməsi üçün müraciət etmişdir. Əmək stajının 25 ildən az olduğu və kifayət qədər sığorta kapitalı olmadığı üçün ona pensiya təyin edilməmiş, yaşa görə sosial müavinət təyin edilmişdir. Yol verilmiş yanlışlığın aradan qaldırılması üçün İddiaçı ərizə ilə cavabdehə müraciət etmiş və ona pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdehin 07 aprel 2022-ci il tarixli **********4 saylı məktubla onun xahişi təmin edilməmişdir, sığorta stajının 21 il 7 ay təşkil etməsi və pensiya kapitalının olmadığı göstərilmişdir. Eyni zamanda ona bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı 25 il və daha çox olarsa, pensiya təyin edilməsi məsələsinə yenidən baxıla bilər. 09 avqust 2022-ci il tarixli ərizə ilə bir sıra əlavə sənədlər təqdim etməklə iddiaçı adından yenidən cavabdehə pensiya təyinatı üçün müraciət etmişdir. Cavabdehin 2 sentyabr 2022-ci il tarixli **********6 nömrəli məktubu ilə yenə də pensiya təyinatından imtina edilmiş, bu dəfə sığorta stajının 24 il 6 ay olduğu göstərilmiş, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "Nexus Qroup" və "X2 LTD" MMC-də işlədiyi dövrlər nəzərə alınmamışdır. Həmin məktubun tarixi 2 sentyabr 2022-ci il göstərilsə də, məktub ona 3 saylı Bakı "Dost" Mərkəzində Təhvil-Təslim aktı isə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" ASC-də faktiki işləmədiyi dövrü (ödənişsiz məzuniyyətdə olduğu üçün) nəzərə almasaq, əmək fəaliyyətini dayandırdığı 20 aprel 2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 27 il 10 ay 23 gün təşkil edir (cədvəl ərizəyə əlavə olunmuşdur). Qeyd olunanları nəzərə alaraq və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 25 ildən artıq sığorta stajı olan şəxs kimi, təmsil etdiyi İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməli və ödənilməlidir. Eyni zamanda iddiaçının pensiya hüququnun digər əsasla, yəni "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 22-1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla da yaranmışdır. Belə ki, 2006-cı ilin yanvar-aprel aylarında işlədiyi üçün həmin dövrdə onun fərdi hesabında pensiya kapitalı olmalı idi. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il **********6 nömrəli məktubunda göstərilir ki, "X2 LTD" MMC tərəfindən 2006-cı il üzrə "Məcburi dövlət sosial sığorta üzrə hesabat" (Forma Bİ) və "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat''lar (Forma B3) təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, Fərdi uçot haqqında Qanun xx.xx.2006-cı ildən qüvvəyə minsə də, faktiki olaraq həmin hesabatlar 2007-ci ilin sonuncu rübündən təqdim olunmağa başlamışdır və istisna olunmur ki, 2006-cı il üçün həmin hesabatlar sonrakı illərdə təqdim edilmişdir. Neft Kontraktlarının icrasına dünyanın müxtəlif ölkələrindən cəlb edilmiş təşkilatlarda işləmiş şəxslər, həmin təşkilatlar Respublikamızda işlərini başa çatdırdıqdan sonra harada olmalarını müəyyən edə bilməzlər. Vətəndaşların pensiya hüquqları dövlətin səlahiyyətli orqanlarının və vəzifəli şəxslərinin həmin işlədiyi xarici şirkətlərin filiallarının və nümayəndəliklərinin sənədlərini, hesabatlarını tələb edib almaq, onların sosial sığorta ödənişlərinin gedişinə və tamlığına nəzarət etmək səlahiyyətləri və vəzifəsi də həmin dövrdə Dövlət Sosial Müdafiə Fondunda olmuşdur. Əgər Fond bu vəzifəsini lazımınca icra etməyibsə, buna görə sıravi işçilər ziyan çəkməli deyil. Qeyd olunanlar nəzərə alınmaqla, təmsil etdiyi şəxs öz pensiya hüquqlarından istifadə etmək üçün məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir.

3. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına mkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə və azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası Hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim edilən xx.xx.1978-ci il tarixli ПT-l № ******* saylı və xx.xx.2005-ci il tarixli ******* saylı əmək kitabçalarının surətlərinə əsasən iddiaçının sığorta stajı 21 il 7 ay təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.1978-ci il tarixli ПT-İ № ******* saylı və xx.xx.2005-ci il tarixli ******* saylı əmək kitabçalarının surətlərində qeyd olunmuş xx.xx.1994-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək, xx.xx.2004-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək və xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş "xxxx" ASC-dəki xx.xx.1994-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyəti zamanı xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Eyni zamanda Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçasının surətində qeyd olunmuş “Nexus Group of companies” LTD-nin və “X3” LTD-nin yerləşdiyi ünvan məlum olmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.

4. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilən vətəndaş İddiaçı məxsus əmək kitabçasının və təhsil haqqında diplomun surətlərinə əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək əyani təhsil aldığı illər) 24 il 6 ay təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilir ki, İddiaçı adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək, xx.xx.2004-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək və xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli monitorinqinə əsasən İddiaçı əmək kitabçasının surətində xx.xx.1994-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək qeyd olunmuş "xxxx" ASC-də xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğundan sözügedən dövrlər sığorta stajına əlavə edilməmişdir. Araşdırma zamanı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2004-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək “Nexus Group of companies” LTD-nin və xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək “X3” LTD-nin yerləşdiyi ünvan məlum olmadığı üçün həmin dövrlər ərzində əməkhaqqı alıb-almadığının yoxlanılması mümkün olmamışdır. Həmçinin əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2003-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək qeyd “X4 Revises” Kompaniyasının faktiki və arxiv ünvanı məlum olmadığından sözügedən dövrün araşdırılıb sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim ediləcəyi təqdirdə İddiaçı sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq İddiaçı xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.

5. Vəkil sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə xx.xx.2006-cı il tarixdən başlandığı üçün sözügedən tarixdən əvvəlki dövr üzrə İddiaçı üçün hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların təqdim edilməsi Filial tərəfindən mümkün olmamışdır. Məlumat üçün bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Sığorta” (Hesabat) altsistemində sığortaedən, “X2 LTD” MMC (SUN: **********3) tərəfindən 2006-cı il üzrə “Məcburi dövlət sosial sığortası üzrə "hesabata (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) təqdim edilmədiyindən sığortaedən tərəfindən hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları İddiaçı fərdi şəxsi hesabında öz əksini tapmamışdır. Əlavə olaraq bildirilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2.1 -ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunmaması ilə bağlı məsələnin araşdırılması üçün “X2 LTD” MMC-yə müraciət edə bilər.

6. Azərbaycan Respublikası Təhsil Nazirliyi Dəmiryolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən 19 aprel 2022-ci il tarixli arayışında bildirilmişdir ki, iddiaçı həqiqətən xx.xx.1974-cü il tarixində indiki Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin (keçmiş 12 nömrəli Peşə məktəbi) “Radiomüxanik radio və televizor təmiri ustası” ixtisas qrupuna daxil olmuş və xx.xx.1976-cı il tarixində həmin məktəbi əyani formada bitirmişdir.

7. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı P. T.Mustafayevə təqdim etdiyi əmək kitabçasının və təhsil haqqında diplomun surətlərinə əsasən sığorta stajının (01 09.1974 cü il tarixdən xx.xx.1976-cı il tarixədək əyani təhsil aldığı illər) 24 il 6 ay təşkil etməsi səbəbindən imtina verilmişdir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq İddiaçı adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək və xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin araşdırılması zərurətinin olduğu qeyd olunmuşdur. Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli monitorinqinə əsasən iddiaçının əmək kitabçasının surətində xx.xx.1994-cü il tarixindən xx.xx.2004-cü il tarixədək qeyd olunmuş "xxxx" ASCdə xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğundan sözügedən dövrlər sığorta stajına əlavə edilməmişdir. Araşdırma zamanı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək “Nexus Group of companies” LTD-də və xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “X3” LTD-də həmin dövrlər ərzində İddiaçı əməkhaqqı alıbalmadığının yoxlanılması mümkün olmamışdır. Bundan sonra İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh hesab edir ki, iş üzrə iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. İPM-in 47.2-ci maddəsinə əsasən, iş üzrə iddia tələbinə qarşı etirazı təqdim edir və icraata qəbul edib hüquqi qiymət verilməsini xahiş etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Normanın məzmunundan aydın olduğu kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 tələb ödənilməlidir: 1.Vətəndaşın yaşı bu qanunla nəzərdə tutulan yaş həddinə çatmalıdır; 2.Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir, yaxud azı 25 il sığorta stajı mövcud olmalıdır. İddiaçı qanunla nəzərdə tutulmuş yaş həddinə çatmışdır. Belə ki, xx.xx.1957-ci təvəllüdlü iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçının əmək kitabçasının surətində qeyd olunan "xxxx" ASC-də xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğu, xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək “Nexus Group of companies” LTD-də və xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “X3” LTD-də işlədiyi, həmçinin 15.01,2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək qeyd “X4 Revises” Kompaniyasında işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda göstərilən müəssisədə işlədiyi dövrlər nəzərə alınmadıqda iddiaçının ümumi sosial sığorta stajı cəmi 24 il 6 ay təşkil edir və qanunvericiliyin minumum 25 il sosial sığorta stajı tələbi ödənilmir. İddiaçının mövcud sosial sığorta stajı aşağıdakı göstərilmişdir: Mübahisələndirilməvən illər - 24 il 6 ay Mübahisələndirilən illər: ümumi 4 il 7 ay 4 gün xx.xx.2003-xx.xx.2003 - “X4 Revisie” - 11 ay 15 gün xx.xx.2002-xx.xx.2004 - "xxxx"və “Nexus Group of Companies”də ortaq işlədiyi illər - 2 il 5 ay xx.xx.2005-xx.xx.2006 - “X7” - 1 il 2 ay 19 gün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Belə ki, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü tarixədək “X4 Revisie”də işlədiyi illərlə bağlı inzibati orqan hər hansı bir araşdırma apara bilmədyi üçün həmin dövrləri sığorta stajına daxil edə bilməmişdir. Bundan əlavə, iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx"də ödənişsiz məzuniyyətdə olduğu müəyyən olunmuş və bu səbəbdən də həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Mübahisəli digər bir məsələ isə, iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək “Nexus Group of companies” LTD-də və xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “X3” LTD-də həmin dövrlər ərzində İddiaçı əməkhaqqı alıb-almadığının yoxlanılması mümkünlüyü ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası dedikdə bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir Qanunun tələblərindən də göründüyü kimi əmək pensiyası pensiya təyin olunduqdan əvvəl alınan əmək haqqı və həmin əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqları ilə bağlıdır. Əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə müvafiq qanunvericiliyə uyğun olaraq sığorta stajına daxil edilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər sığorta stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.

8. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş məktubda bildirilmişdir ki, “Namco Texnikal Services LTD MMC-nin (VÖEN: **********) xx.xx.2004-cü il tarixdən vergi uçotuna alınması fəaliyyətinin xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək dayandırılması, xx.xx.2008-ci il tarixdə bərpa olunması, xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək dayandırılması, xx.xx.2011-ci il tarixdən bərpa edilməsi barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti aktiv vəziyyətdədir. xx.xx.2022-ci il tarixə olan uçot baza məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) əsas fəaliyyət növü “Kommersiya və sahibkar təşkilatların (Cəmiyyətlərin, Birliklərin, İttifaqların) fəaliyyəti” (94110), əlavə fəaliyyət növü “Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri" (45200) kimi qeyd edilmişdir. "xxxx" MMC-nin (VÖEN: **********) hüquqi ünvanının AZ1012, ünvan 1yyən edilmişdir. uçot baza məlumatlarına əsasən işçi sayı barədə məlumat mövcud deyil. Vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən uçot baza məlumatlarına əsasən "xxxx" MMC-nin vergi orqanında vergi ödəyicisi kimi vergi uçotuna alınması barədə məlumat müəyyən edilməmişdir.

9. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, dövlət reyestrində fəaliyyətləri aktiv olan "Neksus Qroup of Kompanis Limited” Şirkətinin (VÖEN **********) xx.xx.1999-cu il tarixdə 773 nömrə ilə dövlət qeydiyyatından keçməsi, hüquqi ünvanının AZ1095 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 60, mənzil 20 və "X2 Ltd" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) xx.xx.2004-cü il tarixdə 0104-P79- 41351 nömrə ilə dövlət qeydiyyatından keçməsi, hüquqi ünvanının AZ1012 ünvan 3uddur. Vergi uçotunun məlumat bazasında "xxxx" Şirkətinin və "X2 Ltd" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsas fəaliyyət növünün kommersiya və sahibkar təşkilatların (cəmiyyətlərin, birliklərin, ittifaqların) fəaliyyəti olması barədə məlumat mövcuddur.

10. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “X4 Revisie B.V” Kompaniyasının filialı xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu,X8, ev 33, mənzil 27-dir. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Odur ki, filialın hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixə olan uçot məlumatlarına əsasən bildirilmişdir ki, “X4 Revisie B.V” Kompaniyasının filialı tərəfindən təqdim olunan hüquqi şəxsin fəaliyyətinin dayandırılması ərizəsinə əsasən fəaliyyəti xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək dayandırılmış və müddət başa çatdığı üçün aktivləşmişdir.Hal-hazırda hüquqi şəxsin fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. Əlavə olaraq bildirilmişdir ki, hüquqi şəxsin fəaliyyət növü barədə məlumat Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 30.2-ci maddəsinə əsasən vergi sirri və şəxsi həyata dair məlumat hesab olunduğu üçün həmin Məcəllənin 30.6-maddəsində göstərilən hallar istisna olmaqla, bu məlumatların digər şəxslərə verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.

11. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

12. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

13. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. İddiaçı xx.xx.1957-ci ildə anadan olub.

16. Diplomuna və əmək kitabçasındakı qeydlərə əsasən iddiaçının sığorta stajı ən azı 25 ildir.

17. Lakin cavabdeh qurum tərəfindən iddiaçının əmək kitabçasındakı xx.xx.1994-xx.xx.2004cü illərdə "xxxx" ASC-də, xx.xx.2004-xx.xx.2005 – “Nexus Group of companies” LTD-də və “X3” LTD-də işlədiyi dövr xx.xx.2005-xx.xx.2006-cı illərdə işlədiyi dövr sığorta stajına daxil edilməmişdir.

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

19. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. 1 iyul 2020 – 30 iyun 2021 il üçün kişilər üçün pensiya yaşı 65 yaş, qadınlar üçün 62 yaşdır.

20. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “X3” LTD xx.xx.2004-cü il tarixdən vergi uçotuna alınmış, “Nexus Group of companies” LTD (VÖEN: **********) xx.xx.1999-cu il tarixdə 773 nömrə ilə, “X4 Revises” Kompaniyasının filialı (VÖEN: **********) xx.xx.2001ci il tarixdə dövlət qeydiyyatından keçmişdir.

21. İddiaçının əmək kitabçasında xx.xx.2004-xx.xx.2005 – “Nexus Group of companies” LTDyə dair qeydlərin aparıldığı dövrdə həmin müəssisə mövcud olmuş, “X3” LTD-yə dair qeydlərin aparıldığı dövr xx.xx.2005-xx.xx.2006-cı illərə aid olmaqla həmin LTD xx.xx.2004-cü ildən mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən dövrdə həmin müəssisələrin fəaliyyətdə olub-olmaması barədə hər hansı məlumat aşkar edilməməsi iddiaçı ilə əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz.

22. Məhkəmə hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

23. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

24. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin qurumların mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının xx.xx.2002-xx.xx.2004-ci illərdə ("xxxx" ASC-də işlədiyi dövr), xx.xx.2004-xx.xx.2004-ci illərdə (“Nexus Group of companies” LTD-də işlədiyi dövr) xx.xx.2005-xx.xx.2006-cı illərdə (“X3” LTD-də işlədiyi dövr), eləcə də xx.xx.2003-xx.xx.2003-cü illərdə (“X4 Revises” Kompaniyasında işlədiyi dövr) sığorta stajını müəyyən etməyin mümkün olmamasına və ya nəzərə alınmamasına dair dəlilini məhkəmə əsassız hesab edir.

25. Qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə ən azı 25 il sığorta stajının və bununla da yaşa görə pensiya hüququnun olduğunu müəyyən edir.

26. Nəticə etibarilə iddiaçının yaşa görə pensiya təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var.

27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar