Məhkəmə qərarları › İş №2-1(112)-3833/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3833/2024

30.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3833/2024 30.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai- X9nə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “torpaq sahəsinə dair plan-cizgi sxemin hazırlanıb dövlət reyestr xidmətinə təhvil verilməsi” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinə dair plan-cizgi sxeminin hazırlanıb dövlət reyestr xidmətinə təhvil verilməsi vəzifəsinin cavabdeh orqanların üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Abşeron Rayon İcra Hakimiyyətinin 15 aprel 1999cu il tarixli 096 nömrəli sərəncamı və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X3 Təşkilatı (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən 17 may 2003-cü il tarixli 02 nömrəli əmrdən çıxarışa əsasən müəssisənin balansından olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,12 ha hesabı ilə 3-1349 saylı həyatyanı torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılıb İddiaçı təhvil verilmişdir. Eyni zamanda 3- 1349 nömrəli torpaq sahəsinin yerində faktiki ölçüsü sənəd üzrə olan ölçüyə uyğundur. Həmin ildən torpaq sahəsindən istifadə edir və torpaq sahəsi hər tərəfdən daş hasarla əhatə edilərək hörülmüşdür. Həmin torpaq sahəsinin yerləşmə plan cizgisinin verilməsi ilə əlaqadar Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai X9 İdarəsinə müraciət etmiş və cavabdeh orqan ona 16 oktyabr 2023-cü il tarixli 1-2-27/2-442/2023 saylı məktubu ilə imtina etmişdir. Həmçinin torpaq sahəsinə dair dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə müraciət etdikdə cavabdeh təşkilat torpaq sahəsinin yerləşmə cizgisini tələb etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təssərufatı Müəssisəsinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin mütəxəssisləri tərəfindən iddiaçının istifadəsində olan torpaq sahəsinin cizgisinin tərtib edilib ona təhvil verilməsi zərurəti yaranmışdır. Hazırda cavabdeh orqanlar tərəfindən ona ayrılmış torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınmaması onun qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X1 iddiaçının müraciətinə ünvanladığı 16 oktyabr 2023-cü il tarixli, 1-12-27/2-442/2023 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 balansında olan torpaq sahələrinin vətəndaşların adına ayrılması haqqında, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Dövlət Əmlak Komitəsi tərəfindən birgə qəbul edilmiş və təsdiqlənmiş siyahı üzrə sənədləşmə aparılır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 saxlanılan sənədlərə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən İddiaçı adına fərdi mənzil tikintisi üçün 0,12 ha hesabı ilə 3-1349 saylı həyətyanı torpaq sahəsi ayrılmışdır. Qeyd: Əraziyə baxış zamanı müəyyən olunmuşdur ki, iddia edilən ərazi X4 balansında olan torpaq sahələrinin hüdudları kənarında yerləşir. Bu səbəbdən plan-cizginin təqdim edilməsi mümkün deyildir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi xx.xx.2023-cü il tarixli etiraz məktubunda bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı ərazi idarəsinə rəsmi müraciəti daxil olmamışdır. Həmçinin bildirilir ki, iddia tələbində qeyd olunan “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinə dair plan cizgi sxeminin hazırlanması” 1 saylı Bakı ərazi idarəsinin səlahiyyətləri xaricindədir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, cavabdeh tərəfin iddiaya qarşı yazılı münasibətindən və təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, hazırki iddia tələbi ilə bağlı iddiaçının cavabdeh orqana ilkin müraciəti müəyyən olunmamışdır. İddiaçıya inzibati orqana edilmiş ilkin müraciətin olduğu təqdirdə həmin müraciətin 23 may 2024-cü il tarixədək Bakı İnzibati Məhkəməsinə təqdim edilməsi, həmçinin iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. Məhkəmə tərəfindən təkrarən 01 iyul 2024-cü il tarixdə iddiaçıya hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddia ərizəsində iki fərqli inzibati orqan cavabdeh qismində göstərilmiş və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinə dair plan cizgi sxeminin hazılanıb dövlət reyestr xidmətinə təhvil verilməsi vəzifəsinin cavabdeh orqanların üzərinə qoyulması barədə qərarın qəbul olunması tələb edilmişdir. Lakin inzibati mühakimə icraatı qaydasında müxtəlif cavabdehlərə qarşı eyni tələb üzrə iddia qaldırılması yolverilməzdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X1 imtina məktubundan da görünür ki, müraciəti Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) xx.xx.2003-cü il tarixli, 28 saylı əmrinə əsasən sizə tikinti üçün ayrılmış 0,12 ha hesabı ilə 3-1349 saylı həyətyanı torpaq sahəsinə dair plan-cizginin verilməsi ilə bağlı olmuş və ona müvafiq imtina cavabı verilmişdir. Həmin imtinaya əsasən müəyyən edilmişdir ki, iddia edilən ərazi X4 balansında olan torpaq sahələrinin hüdudları kənarında yerləşdiyindən plan-cizginin təqdim edilməsi mümkün olmamışdır. Hazırkı tələblə cavabdeh qismində qeyd edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastr və X10 Şəxsin 1 saylı Bakı ərazi idarəsinə isə hər-hansı müraciəti mövcud deyildir. Odur ki, inzibati məhkəmə icraatı çərçivəsində fərqli cavabdehlərə qarşı irəli sürülən tələblərə dair iddialara bir icraat çərçivəsində baxılması yolverilməz, bu növ iddialar mümkün hesab edilməməli olduğundan yuxarıda göstərilənlərə 5 gün müddətində münasibət bildirilməsi və ya iddia tələbini müvafiq şəkildə düzgün cavabdehə qarşı konkret tələb göstərilməklə dəqiqləşdirilməsi təklif olunmuşdur. İddiaçı ona göndərilmiş xx.xx.2023-cü il tarixli və 01 iyul 2024-cü il tarixli hüquqi yardım məktublarına heç bir münasibət bildirməmişdir. Məhkəmə iclaslarının yeri və tarixi ilə bağlı İddiaçı həm iddia ərizəsində qeyd etdiyi Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 13, mənzil 56, həm də qeydiyyatda olduğu ünvan 1 ünvanlarına poçt vasitəsilə, həmçinin iddia ərizəsində qeyd etdiyi telefon nömrəsinə (**********) sms vasitəsilə bildiriş göndərilərək məlumat verilməsinə baxmayaraq iddiaçı xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini, həmçinin iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı tələblə iki müxtəlif cavabdehə qarşı iddia qaldırmış, məhkəmənin yardım məktubunu almasına baxmayaraq qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmənin müvafiq göstərişlərinə əməl etməmiş, faktiki olaraq iddia tələbini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaq üçün heç bir tədbir görməmişdir. Həmçinin iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır. İddiaçının dinlənilmə hüququ yazılı icraat çərçivəsində təmin edilmiş, şifahi məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mülmükünlük şərtlərinə əməl edilməklə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai- X9nə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinə dair plan-cizgi sxeminin hazırlanıb dövlət reyestri xidmətinə təhvil verilməsi vəzifəsinin cavabdeh orqanların üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar