Məhkəmə qərarları › İş №2-1(112)-3834/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3834/2021

17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3834/2021 17.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, İddaçı İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası iqtisadçı, işləmir), cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı Ənvər oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan publik hüquqi şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Ənvər oğlu cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan publik hüquqi şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 18 iyul 1988-ci il tarixdən 01 aprel 1992-ci il tarixədək Qaradağ rayonu Müşfiqabad qəsəbə sovetinin sədri vəzifəsində çalışdığı müddətin dövlət qulluğu stajı kimi nəzərə alınması və bu müddətin ümumi dövlət qulluğu stajına əlavə edilərək iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət dövlət qulluğunda çalışıb və onun ümumi dövlət qulluğu stajı 16 il 05 ay 13 gündür. İddiaçı lazımı sənədləri, o cümlədən dövlət qulluğu stajını özündə əks etdirən əmək kitabçasını və bununla bağlı digər zəruri sənədləri cavabdehə təqdim edib. Cavabdeh 23 iyun 2020-ci il tarixli məktubla dövlət qulluğuna görə əmək pensiyasının təyin edilməsindən imtina edib və əsas kimi də iddiaçının dövlət qulluğu stajının az olmasını göstərib. Cavabdehin imtinası qanunsuz olmaqla yanaşı qanunla müəyyən edilmiş hüququnu məhdudlaşdırır. Cavabdeh orqan ümumi əsaslar gətirməklə iddiaçının işlədiyi 18 iyul 1988-ci il tarixdən 01 aprel 1992-ci il tarixədək Qaradağ rayonu Müşfiqabad qəsəbəsi üzrə nümayəndəsi vəzifəsindəki dövlət qulluğu stajını qanunsuz olaraq nəzərə almır. Baxmayaraq ki, iddiaçının qeyd etdiyi vəzifəsinin dövlət qulluğu, o cümlədən icra hakimiyyəti orqanının ərazi üzrə dövlətin səlahiyyətli şəxsi olması hamıya məlumdur və bu halı hər hansı üsulla sübut etməyə ehtiyac yoxdur.“Dövlət qulluğu haqqında” Qanunun 17.1-ci maddəsinin ikinci cümləsində aydın şəkildə qeyd edilib ki, dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçıya yaşa görə əmək pensiyası ödənilir.Həmin Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının dövlət qulluğunda iş stajı 15 ildən az (13 il 1 ay 27 gün) olduğundan iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbi baxımından mümkün hesab edilmir. Cavabdeh göstərilənlərə əsasən iddianın qanunsuz və əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddiaçı cavabdehə müraciət etmiş, imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat və çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Kərimov iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1954-cü il təvəllüdlü Azərbayacn Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Milli Məclisinin Aparatı dövlət qulluğu və kadr məsələləri şöbəsinin 09-01/0Q nömrəli, 01.06.2020-ci il tarixli “əmək fəaliyyəti haqqında” arayışına əsasən iddiaçı 14 mart 2011-ci il tarixdən Azərbayca Respublikası Milli Məclisinin İqtisadi qanunvericilik şöbəsinin Təbii ehtiyyatlar, energetika və ekologiya məsələləri üzrə qanunvericilik sektorunda məsləhətçi, 22 iyun 2012-ci il tarixdən böyük məsləhətçi vəzifələrində çalışıb. Milli Məclisin sabiq əməkdaşı İddiaçı Azərbaycan Respublikasının Milli Məclisə dövlət qulluğuna qəbul olunduğu tarixədək 1988-ci il iyul ayının 18-dən 1992ci il aprel ayının 01-dək Qaradağ rayonu Müşfiqabad qəsəbə sovetliyinin sədri və 1993-cü avqust ayının 04-dən 1997 mart ayının 14-dək Qaradağ rayon İcra Hakimiyyəti başçısının Müşfiqabad qəsəbəsi üzrə nümayəndəsi işlədiyi müddətlər onun dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğinin müəyyən edilməsi üçün 07 il 03 ay 25 gün təşkil etmişdir. İddiaçı ümumi qulluq stajı 16 il 05 ay 13 gündür. İddiaçının əmək kitabçasına əsasən o, 02.01.1970-ci ildən 20.09.1970-ci ilədək Ağdam pioner və məktəblilər evində dərnək rəhbəri, 01.09.1971-ci ilədn 01.06.1972-ci ilədək turist dərnəyin rəhbəri, 21.11.1972-ci ildıən 16.10.1975-ci ilədək Lenin rayon Qarışıq Ticarətdə kiçik satıcı, 04.01.1978-ci ildən 15.02.1978-ci ilədək Şaumyan rayon 89 nömrəli MİS-də bağban, 17.02.1978-ci ildən 29.08.1979-cu ilədək Volodar adına Tikiş fabrikasında əmtəəşünas, 30.11.1979-ci ildən 30.12.1983-ci ilədək “Azqaztikinti” trestin TQİ-2 böyük iqtisadçı, 17.01.1984-ci ildən 18.07.1988-ci ilədək Bakı Broyler fabrikasında baş iqtisadçı, 18.07.1988-ci ildən 01.04.1992-ci ilədək Qaradağ rayon Sovetinin icraiyyə komitəsində Müşfiqabad qəsəbə sovetinin sədri, 04.08.1993-cü ildən 14.03.1997-ci ilədək Qaradağ rayon İcra Hakimiyyəti başçısının Müşfiqabad qəsəbəsi üzrə nümayəndəsi, 11.04.1997-ci ildən 06.01.2006-ci ilədək Qaradağ rayon MKTİB-də 6 saylı MİS-in, 3 saylı MİS-in rəisi, 06.01.2006-ci ildən 15.05.2006-ci ilədək Qaradağ rayon Müşfiqabad bələdiyyəsinin sədri, 23.02.2007-ci ildən 29.11.2010-cu ilədək Milli Məclisdə deputatın köməkçisi, 14.03.2011-ci ildən 01.05.2020-ci ilədək böyük məsləhətçisi, baş məsləhətçisi vəzifələrində işləmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 23.01.2021-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, dövlət qulluğunda 15 ildən az (13 il 1 ay 27 gün) olduğundan dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, yaşa görə əmək pensiyaçısıdır, hazırda iddiaçı 18 iyul 1988ci il tarixdən 01 aprel 1992-ci il tarixədək Qaradağ rayon Müşfiqabad qəsəbə sovetinin sədri vəzifəsində çalışdığı müddədtin dövlət qulluğu stajı kimi nəzərə alınmaqla, cəmi dövlət qulluğu stajı 15 ildən çox olduğundan dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış pensiya məbləğinin fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab edir. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini “Əmək pensiyaları haqqında” Qanun müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 20.1.-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); Həmin Qanunun 20.11.-ci maddəsinə əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1.-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; İşin faktiki hallarına əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Lakin iddiaçıya pensiya təyin edərkən cavabdeh qulluq stajına görə əlavələri təyin etməmişdir. Buna səbəb kimi cavabdeh iddiaçının dövlət qulluğu stajının 15 ildən az olması kimi göstərmişdir. Məhkəmə hesab edir ki, iddiaçının 1988-ci il iyul ayının 18-dən 1992-ci il aprel ayının 01-dək Qaradağ rayonu Müşfiqabad qəsəbə sovetinin sədri vəzifəsində işlədiyi müddət onun dövlət qulluğu stajında nəzərə alınmalıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 17.1. –ci maddəsinə əsasən, ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. İşin faktiki hallarına əsasən iddiaçı “Dövlət qulluğu haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək, yəni 2001-ci ilin 01 sentyabr tarixədək, Qaradağ rayonu Müşfiqabad qəsəbə sovetinin sədri vəzifəsində qulluq etmişdir. Buna görə də həmin dövr iddiaçının dövlət qulluğu stajına daxil edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli , 18 iyul 1988-ci il tarixdən 01 aprel 1992-ci il tarixədək Qaradağ rayonu Müşfiqabad qəsəbə sovetinin sədri vəzifəsində çalışdığı müddətin dövlət qulluğu stajı kimi nəzərə alınması və bu müddətin ümumi dövlət qulluğu stajına əlavə edilərək İddiaçı Ənvər oğluna dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan publik hüquqi şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 33-cü, 68-ci, 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Ənvər oğlunun 18 iyul 1988-ci il tarixdən 01 aprel 1992-ci il tarixədək Qaradağ rayonu Müşfiqabad qəsəbə sovetinin sədri vəzifəsində çalışdığı müddətin dövlət qulluğu stajı kimi nəzərə alınması və bu müddətin ümumi dövlət qulluğu stajına əlavə edilərək İddiaçı Ənvər oğluna dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan publik hüquqi şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar