Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3835/2022 12.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa tərəvəzçilik-südçülük sovxozunun ərazisində yerləşən 0,25 ha torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınmaqla bu barədə texniki pasportun və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa tərəvəzçilik-südçülük sovxozunun ərazisində yerləşən 0,25 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Maştağa tərəvəzçiliksüdçülük sovxozunun 04 fevral 1964-cü il tarixli qaytanlanmış torpaq kitabında vətəndaşlara torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi verilmiş siyahıda X2 adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa tərəvəzçilik sovxozu ünvanında yerləşən 0,25 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhər 15 saylı xüsusi notariat ofisinin 17 aprel 2021-ci il tarixli məktubuna əsasən 12.05.1999-cu il tarixdə ölmüş mərhum X1 qalmış miras əmlaka dair vərəsəlik işi açılmış və vərəsəlik işinin uçotu kitabında müvafiq qeydiyyat aparılmışdır. Qeyd olunan torpaq sahəsinə çıxarış verilməsi üçün cavabdehə müraciət edilmiş, 26.08.2021-ci il tarixli cavab məktubu ilə cavabdeh müraciəti təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, müvafiq torpaq sahəsi Maştağa tərəvəzçilik südçülük sovxozunun ərazisinə aiddir. Lakin torpaq sahəsinin ayrılmasına dair sovxoz rəhbərinin əmri və arxiv arayışı təqdim edilməmişdir. İddiaçı tərəfindən İdarəyə təqdim olunan torpaq sahəsinə dair yerləşmə sxemi Abşeron rayon İcra Hakimiyyətinin baş memarı tərəfindən təsdiq edilmişdir. Bununla bağlı İddiaçı 26.08.2021-ci il tarixli məktub ünvanlanmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 26.08.2021-ci il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa tərəvəzçilik-subtropik sovxozu ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 23.07.2021-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim etdiyiniz torpaq sahəsinə dair yerləşmə sxemi Abşeron rayon İcra Hakimiyyətinin baş memarı tərəfindən təsdiq edilmişdir. Həmçinin torpaq sahəsinin ayrılmasına dair Maştağa tərəvəzçiliksubtropik sovxozu rəhbərinin əmri və arxiv arayışı təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlakın obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən iddiaçıya ünvanlanmış 01.04.2021-ci il tarixli məktubdan görünür ki, 04 fevral 1964-cü il Maştağa tərəvəzçiliksüdçülük sovxozunun qaytanlanmış torpaq kitabından arxiv çıxarışına əsasən Maştağa tərəvəzçilik-südçülük sovxozunun qaytanlanmış torpaq kitabında vətəndaşlara torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi verilmiş (103) siyahıda Əbülfəz Kazım oğlunun adına 0,25 ha şəxsi istifadəsində olan həyətyanı torpaq sahəsi ayrılmışdır. Əsas: F.66, s.1a, s.v.28. Həmin məktuba Maştağa tərəvəzçilik-südçülük sovxozunun ərazisində fərdi yaşayış evi tikmək üçün X4 ayrılmış 0.25 ha torpaq sahəsinin cizgisi də əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər 15 saylı xüsusi notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 17.04.2021-ci il tarixli 431 nömrəli məktubda qeyd edilir: X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhər 15 saylı xüsusi notariat ofisinə vərəsəsi oğlu İddiaçı müraciəti daxil olmuşdur. Vərəsənin müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd yaxud mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında 12.05.1999-cu il tarixində ölmüş mərhum X2 adına vərəsəlik işi açılmış və vərəsəlik işinin uçotu kitabında müvafiq qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Qanunvericiliyə uyğun olaraq vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edildikdən sonra verilə bilər. Qeyd olunanlarla bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq X4 məxsus olan əmlak barəsində daşınmaz əmlakın çıxarışını vərəsəsi oğlu İddiaçı vasitəsilə Bakı şəhər 15 saylı notariat ofisinə göndərməyiniz xahiş olunur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 15.12.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa tərəvəzçilik-südçülük sovxozunun ərazisində yerləşən 0,25 ha torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən 17.01.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş 17.01.2022-ci il tarixli arxiv arayışından görünür ki, 04 fevral 1964-cü il Maştağa tərəvəzçilik-südçülük sovxozunun qaytanlanmış torpaq kitabından arxiv arayışına əsasən Maştağa tərəvəzçilik-südçülük sovxozunun qaytanlanmış torpaq kitabında vətəndaşlara torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi verilmiş (103) siyahıda Əbülfəz Kazım oğlunun adına 0,25 ha şəxsi istifadəsində olan həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 7 ünvanlanmış 19.01.2022-ci il tarixli məktubdan görünür ki, 12.05.1999-cu ildə vəfat etmiş X2 vərəsəsi oğlu İddiaçı müraciəti əsasında vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işində olan Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən 11 fevral 2001-ci il tarixdə verilmiş AZ-İ seriyalı 140618 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 12 may 1999-cu il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 11.02.2001-ci ildə 151 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 01.02.2022-ci il tarixli məktubdan görünür ki, 04 fevral 1964-cü il Maştağa tərəvəzçiliksüdçülük sovxozunun qaytanlanmış torpaq kitabından arxiv arayışına əsasən Maştağa tərəvəzçilik-südçülük sovxozunun qaytanlanmış torpaq kitabında vətəndaşlara torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi verilmiş (103) siyahıda vətəndaş Əbülfəz Kazım oğlu adına 0,25 ha şəxsi istifadəsində olan həyətyanı torpaq sahəsi ayrılmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin sırasına - yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış da daxil edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş arxiv arayışından görünür ki, 04 fevral 1964-cü il Maştağa tərəvəzçilik-südçülük sovxozunun qaytanlanmış torpaq kitabından arxiv arayışına əsasən Maştağa tərəvəzçilik-südçülük sovxozunun qaytanlanmış torpaq kitabında vətəndaşlara torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsi verilmiş (103) siyahıda Əbülfəz Kazım oğlunun adına 0,25 ha şəxsi istifadəsində olan həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin arxiv arayışına torpaq sahəsinin cizgisi də əlavə edilərək məhkəməyə təqdim olunmuşdur. X5 iddiaçının atasıdır və o, 12.05.1999-cu ildə vəfat etmişdir. Sözügedən torpaq sahəsi hazırda iddiaçının istifadəsindədir. Cavabdeh tərəfindən qeyd olunan sənədin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir və həmin sənəd «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən, eləcə də Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa tərəvəzçilik-südçülük sovxozunun ərazisində yerləşən sahəsi 0,25 hektar olan torpaq sahəsinə mülkiyyət hüququnun İddiaçı mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3835/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3835/2022
12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver