Məhkəmə qərarları › İş №2-1(112)-3837/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3837/2023

19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3837/2023 19.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan soanra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 27 avqust 2022-ci ildə 65 yaşı tamam olduğu üçün müvafiq sənədlərlə “Asan Xidmət”-ə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçıya əmək pensiyasının təyin edilməsi ilə bağlı imtina cavabı verərək ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmiş, bunun nəticəsində də ona 180 manat məbləğində müavinət təyin etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, əmək kitabçasında şübhəli məqamlar mövcuddur. İddiaçı 1974-cü ilin sonunda 2008-ci ilin sonuna qədər fasiləsiz əmək fəaliyyətində olub. Qurum 1983 – 2008-ci illərdə iddiaçının işlədiyi Nizami rayon 5 nömrəli Stomotoloji Poliklinikanın rəhbərliyinin işçilər haqqında aidiyyatı qurumlara verməli olduqları məlumatların olmadığını nəzərə alıb onların etdikləri səhvə görə iddiaçının əmək stajını şübhə altına almışdır. Göstərilənlərə əsaslanaraq, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini tələb etmişdir. Lakin iddiaçının təqdim etdiyi sənədlərə əsasən qanunvericiliklə müəyyən edilmiş sosial sığorta stajı və ya pensiya kapitalı toplanılmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunazidd hesab olunmuşdur. Belə ki, iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı əmək kitabçasına, hərbi biletinin surətinə, həmçinin təhsil aldığı dövrə əsasən 12 il 11 ay 22 gün təşkil edir. Əmək kitabçasının qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan 11 oktyabr 1983-cü il tarixdən 16 oktyabr 2008-ci il tarixədək Nizami rayonu Səhiyyə şöbəsinin 5 saylı Stomatoloji Poliklinikasında əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Belə ki, iddiaçının Dövlət Arxivinin Bakı Filialının 14 sentyabr 2022-ci il tarixli arayışına əsasən 10 oktyabr 1983-cü il tarixdə 307/K saylı əmrlə işə qəbul edildiyi aşkar edilmişdir. Əməkhaqqı cədvəllərinə baxış zamanı 1987-ci il üzrə 12 ay, 1988-ci il üzrə 10 ay, 1991-ci il üzrə 11 ay, 1992-ci il üzrə 7 ay, 1993-cü il üzrə 5 ay və 1994-cü il üzrə 3 ay əməkhaqqının hesablandığı müəyyən edilmiş və yalnız əmək haqqı hesablanan aylar sığorta stajına daxil edilmişdir. Eyni zamanda, 1989 – 1990-cı illər və 1995 – 1999-cu illər üzrə əməkhaqqı cədvəllərində iddiaçı haqqında məlumat aşkar edilməmişdir. Həmçinin sözügedən poliklinikanın 2000 – 2008-ci illərə dair əməkhaqqı cədvəlləri Dövlət Arxivinin Bakı Fililına təhvil verilmədiyi müəyyən edilmişdir. Qeyd olunan dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmayacağı bildirilmişdir. Lakin İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. «Əmək pensiyaları haqqında» Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hazırkı is üzrə iddiaçının hərbi xidmətdə olduğu, habelə təhsil aldığı dövrlər sığorta stajına daxil edilmişdir. Həmçinin sözügedən maddənin məzmunundan aydın olur ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin iş və digər fəaliyyət müddətlərinin sığorta stajına daxil edilməsi üçün əsasdır. Belə ki, iddiaçının əmək kitabçasında qeyd olunan 2006 – 2008-ci illərdə Nizami rayonu Səhiyyə şöbəsinin 5 saylı Stomatoloji Poliklinikasında işlədiyi dövrlərin araşdırılması zamanı müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi aşkar edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1-ci maddəsində əmək pensiyası anlayışının açıqlaması verilir. Belə ki, əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. İddiaçının əməkhaqqı alması sübuta yetirilmədiyindən, həmin illərin is stajına daxil edilərək iddiaçıya DSMF tərəfindən əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur. Qanunun 22-1-ci maddəsinə əsasən iddiaçının 1 yanvar 2006-ci il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı üçün avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Beləliklə, «Əmək pensiyaları haqqında» Qanununun 7-ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclsında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Miriyeva Fərəh iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Cavabdeh DSMF Sosial Ödənşlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 27.1-ci maddəsinə görə sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin 29.1-1-ci maddəsinə görə sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti ümumi iş stajına daxil edilir. Həmin maddənin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı İddiaçı 65 yaşdan yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmiş və imtinasını iddiaçıya Nizami rayonu Səhiyyə şöbəsinin 5 saylı Stomatoloji Poliklinikasında işlədiyi müddətdə 1989 – 1990-cı illər, 1995 – 1999-cu illər və 2000 – 2008-ci illərə dair əməkhaqqı cədvəllərinin olmaması və bununla da ümumi sığorta stajının 12 il 11 ay 22 gün gün təşkil etməsi, eləcə də 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək pensiyanın sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması ilə əsaslandırmışdır. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında şəxsin 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin (əməkhaqqı cədvəlləri, əmrlər və s.) aşkarlanmaması, arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiqlənməsindən asılı olmayaraq, bu hal özlüyündə müvafiq dövrdə qüvvədə olmuş qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Əmək kitabçasında qeyd olunan dövrdə iddiaçının əmək haqqı almamasına gəldikdə isə, məhkəmə vurğulayır ki, həmin dövrdə (1989 – 1990-cı illər, 1995 – 1999-cu illər, 2000-ci ildən – 1 yanvar 2006-cı il tarixədək) əmək haqqı verilməsə belə iddiaçının işdən azad olunmaması onu başqa qurumda işlə təmin olunma imkanından məhrum etmişdir və belə halda işlədiyi müddətin sığorta stajına daxil edilməlidir. Onun müvafiq dövrdə əmək haqqı almaması işləməməsi kimi birmənalı şəkildə qəbul oluna bilməz və belə hal iddiaçının iradəsi ilə bağlı olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Bundan başqa, İddiaçı Nizami rayonu Səhiyyə şöbəsinin 5 saylı Stomatoloji Poliklinikasında işlədiyi və sığorta stajı kimi nəzərə alınmasını tələb etdiyi əmək fəaliyyətinin bir hissəsi 1 yanvar 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti də qoyulmur. İş fəaliyyətinin 1 yanvar 2002-ci il tarixdən 01 yanvar 2006-ci il tarixədək olan hissəsinə gəldikdə, nəzərə alınmalıdır ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Qeyd olunanlara, habelə 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək kitabçasında əks olunmuş, lakin hazırki iddia üzrə mübahisələndirilən dövrün (1989 – 1990-cı illər, 1995 – 1999-cu illər, 2000 ildən – 1 yanvar 2006-cı il tarixədək) onun sığorta stajına daxil edilməməsi qanuna ziddir. Həmin staj da nəzərə alınmaqla iddiaçının sığorta stajı 25 ildən artıqdır (sözügedən dövr nəzərə alınmadan mübahisələndirilməyən dövr 12 il 11 ay 22 gün təşkil edir). Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapitalla bağlı xüsusatlara qiymət verilməsinə zərurət qalmır. Odur ki, həmin müddət də sığorta stajı kimi nəzərə alındıqda «Əmək pensiyaları haqqında» Qanunun 27 və 29-cu maddələrinin tələblərinə müvafiq pensiya kapitalı hesablanmaqla və indeksləşdirilmə aparılmaqla iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı Nizami rayonu Səhiyyə şöbəsinin 5 saylı Stomatoloji Poliklinikasında işlədiyi dövr (1989 – 1990, 1995 – 1999-cu illər, 2000-ci ildən 1 yanvar 2006-cı il tarixədək) onun sığorta stajına daxil edilməklə 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanunvericiliyə, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 13, 15, 16, 24, 58-ci maddələrinin tələblərinə zidd qiymətləndirilməli və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal sayılmalıdlr. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə İPM-in 68-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia təmin edilməli və İddiaçı 65 yaşdan (27 avqust 2022-ci il tarixdən) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 65 yaşdan (27 avqust 2022-ci il tarixdən) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar