Məhkəmə qərarları › İş №2-1(112)-3838/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3838/2021

30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3838/2021 30.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “1-ci dərəcə əlilliyin təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il tarixdən əlilliyinin bərpa olunması və almadığı 7305 (yeddi min üç yüz beş) manat pensiyasının alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1991-ci ildə o, Bakı şəhəri Oktyabr rayon İcra Hakimiyyətində (indiki Yasamal) iqtisadçı vəzifəsində çalışmışdır. Həmin vaxt Oktyabr rayonu, Qarabağın Martuni rayonuna bitişik olan Xocavənd kəndini ərzaq ləvazimatı ehtiyacını ödəmək üçün 6 ədəd yük maşınını həmin Xocavənd kəndinə çatdırmaq üçün o, könüllü olaraq öz üzərinə götürmüşdür. Qızğın döyüş zamanı Naxçivanik istiqamətində yaralanmışdır.Gürcüstanın paytaxtı Tbilisi şəhərində müalicə olunmuşdur. 2016-cı il tarixində hələ Binəqədi rayon ərazisində kirayədə yaşadığı vaxt xəstələnmişdir. Baş nahiyəsində kapilyar damarlar partlamış və nəticədə də beyninə qan sızmışdır. Beləliklə, 5121 b diaqnozu ilə yataq xəstəsi olmuşdur. Xəstəliyi ilə əlaqədar olaraq 2017-ci ilin yanvar ayından 1-ci qrup əlillik pensiyası verilmişdir. 2019-cu ilin iyun ayından pensiyasını dayandırmışlar. Çox saylı müraciətlərindən sonra məlum olmuşdur ki, Yasamal rayonunda qeydiyyatda olub yaşadığı üçün, elə Yasamal rayonunda təzədən müayinədən yoxlamalardan keçməlidir.03 dekabr 2020-ci il tarixində ona verilən imtinanın ləğv edilməsi və xəstəliyə görə pensiya verilməsinə köməklik göstərilməsi barədə ərizə yazaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. 22.12.2020-ci il tarixində **********8 saylı məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq atanızın əlilik vəziyyəti dövlət səhiyyə müəssisinin 2750003AAEKF nömrəli göndərişi əsasında 24.11.2020-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar qəbul edilmişdir. Belə ki, Bakı şəhəri M.Hüseynov adına 3 nömrəli göndərişdə Xəstənin göndərişində xəstəliyin 1999-cu ildən başlanması göstərilmiş, lakin reyestrdə 13.08 2011ci ildə sağlamlıq arayışı alıb sürücülük vəsiqəsi almışdır. Bu da göndərişdə əlilliyin təyini ilə uyğunsuzluq yaradır. Bu səbəbdən əlliliyin təyin olunması mümkün olmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Heyətinin sədrinin müavini Mətanət Məmmədovanın onun ünvanına yazdığı cavab reallığı əks etdirmir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. İddiaçı 01.02.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində iddia tələbi üzrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qəbul edilməsini, həmçinin iddia tələbinin əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3838/2021 nömrəli 01.02.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi, iddia tələbi üzrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qəbul edilməsi, həmçinin iddia tələbinin əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması şəklində qəbul edilməsi qərara alınmışdır. Bir sıra prosessual hərəkətlər edildikdən sonra iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 1-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və iş materiallarına əlavə edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin səlahiyyətli nümayəndələrinin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir .İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1 -ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-nin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından görünür ki, iddiaçının müraciətinə 22.12.2020-ci il tarixli məktubla (iddiaçı tərəfindən alınma tarixi bəlli deyil) cavab verilmiş, iddiaçı isə 19.01.2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi 26.01.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İPM-nin 45.4-cü maddəsinin tələblərinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.Göründüyü kimi iddiaçı tərəfindən iddianın verilməsi müddətinə əməl olunmuşdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - 1 saylı Xəstəxana şua Diaqnostika şöbəsinin X4 müayinəsi 30 sentyabr 2019-cu il tarixli protokolundan görünür ki, Əldə edilmiş tomoqramlarda :Beyin yarımkürələrində, beyincikdə həcmli patologiya aşkar olunmamışdır. Hazırda , kəskin dövrə aid patoloji görüntü qeyd edilməmişdir. Lakin hər iki beyin yarımkürəsində beyin toxumasının dərin ağ maddəsində çoxsayda postişemik demiylinizasiya və qlioz sahələri izlənilir. Kortikal sulcus və girusların dərinliyi və genişliyi artmışdır.Orta anatomik strukturlarda yerdəyişmə təyin olunmamışdır. İİİ-cü və lateral mədəciklər normal qeyd edilmişdir. Sellyar, parasellyar və pineal sahələr genişlənməmişdir. Görmə siniri, görmə çarpazı normaldır. Arxa kəllə çuxuru beyin strukturlarında həcmli patologiya aşkar olunmamışdır. Medulla oblonqata, pons, mezensefalon, bazal sisternlər, İV mədəciyin genişliyi və konfiqurasiyası normaldır. Vİİ-Vİİci sinir kompleksi, vestibulyar apparat və koxleada patologiya təyin edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Eşıtmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzi tərəfindən 22.11.2019-cu il tarixldə İddiaçı 4-cü dərəcəli ağır eşitmə diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi sağlamlıq Mərkəzi tərəfindən verilmiş 10 fevral 2020-ci il tarixli 1034 nömrəli diaqnozdan görünür ki, İddiaçı diaqnozu üzvi mənşəli orta dərəcəli demensiya F02.8-dir. - Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətlərindən görünür ki, 1957-ci il təvəllüdlü İddiaçı əsas xəstəliyi üzvi mənşəli orta dərəcəli demensiya F02.8-dir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 22.12.2020-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilmiş 2750003AAEKF nömrəli göndərişdə xəstəsinin göndərişində xəstəliyi 1999-cu ildən başlanması göstərilir lakin reyestrdə 13.08.2011-ci ildə sağlamlıq arayışı alıb sürücülük vəsiqəsi almışdır. Bu da göndərişdə əlilliyin təyini ilə uyğunsuzluq yaradır. Bu səbəbdən əlilliyin təyin edilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0001 saylı qiymətləndirilmə aktından görünür ki, Bakı 15 nömrəli şəhər Poliklinikası tərəfindən 25.01.2017-ci il tarixli 0033003AACA1 nömrəli Forma 88 göndərişi əsasında iddiaçı 27.01.2017-ci il tarixdə müayinə olaraq, ona “generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, esnefolopatiya tez tez təkrarlanan generalizə olunmuş qıcolma tutmaları 9ayda 7-8 dəfə) vago-vegetativ krizlər. Qanaxma və ya infarkt olduğu dəqiqləşdirilməyən insult. Keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri” diaqnozu qoyulmuş, ona müddətsiz ümümumi xəstəlik səbəbilə birinci dərəcəli əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0002 saylı qiymətləndirilmə aktından görünür ki, Bakı M.Hüseynov adına 3 nömrəli şəhər Poliklinikası tərəfindən 18.11.2020-ci il tarixli 2750003AAEKF nömrəli Forma 88 göndərişi əsasında iddiaçı 24.11.2020-ci il tarixdə müayinə olmuş, göndəriş üzrə diqnozun mətni kimi əsas diaqnoz F02.8*başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, üzvi mənşəli orta dərəcəli demensiya, Ağırlaşma F02.8* başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, üzvi mənçəli orta dərəcəli demensiya. Yanaşı xəstəliklər H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli xr.adgeriv otit, iki tərəfli xr. Koklear nefrit.Sol tərəfli İ-İİ (birinci – ikinci) sağ tərəfli İV (dördüncü) dərəcəli ağır eşitmə kimi qeyd edilmiş, diaqnoz öz təsdiqini tapmaması səbəb: xəstənin göndərişində xəstəliyi 1999-cu ildən başlanması göstərilir lakin reyestrdə 13.08.2011-ci ildə ağlamlıq arayışı alıb sürücülük vəsiqəsi almışdır. Bu da göndərişdə əlilliyin təyini ilə uyğunsuzluq yaradır əsası ilə imtina edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 22.12.2020-ci il tarixli **********8 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq atanızın əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 2750003AAEKF nömrəli göndərişi əsasında 24.11.2020-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Belə ki, Bakı şəhəri M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilmiş 2750003AAEKF nömrəli göndərişdə Xəstənin göndərişində xəstəliyi 1999-cu ildən başlanması göstərilir, lakin reyestrdə 13.08.2011-ci ildə sağlamlıq arayışı alıb sürücülük vəsiqəsi almışdır. Bu da göndərişdə əlilliyin təyini ilə uyğunsuzluq yaradır. Bu səbəbdən əlilliyin təyin edilməsi mümkün olmamışdır. Bununla əlaqədar səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə olunub, ixtisaslaşmış bərpa müalicə aldıqdan sonra ona dair yenidən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Bakı İnzibati Məhkəməsinin 06.04.2021-ci il tarixli 2-1(112)-3838/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 tərəfindən təqdim olunmuş T 118/2021 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, vətəndaş İddiaçı adına əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı tərtib olunmuş xxxxxxx0001 və xxxxxxx0002 müayinə aktlarında qeyd olunan xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq 2.1-ci və 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Diaqnozda göstərilən xəstəliklər aparılmış funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün 3 nömrəli şəhər poliklinikası tərəfindən 2750003AAEKF saylı göndərişlə göndərilmiş №-li 088 saylı arayışda qeyd olunan xəstəliklərin yaranma tarixi ilə əlaqədar onun adına açılmış ambulator tibbi kartada hər hansı bir qeydiyyat olmadığından bu barədə fikir söyləmək mümkün olmadı. Qeyd edilən xəstəliklər müalicə olunmur, müalicələr xəstəliyin kəskinləşməməsi, yaxud onun xroniki hala keçməməsi məqsədi ilə aparılır. İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 2-ci bəndində birinci, ikinci və üçüncü dərəcəli əlilliyinin təyin edilməsi üçün əhatə dairəsinə düşən xəstəliklər göstərilmişdir. Həmin Əsasnamənin 2.1-ci maddəsinə əsasən, Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlığı (İ01-İ09, İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9); talassemiya-homoziqot böyük talassemiya, güclü və tez-tez təkrar olunan hemolitik sindrom (D56-D56.9); üçüncü dərəcəli ağciyər-ürək çatışmazlığı dekompensasiya mərhələsi (İ27.0-İ27.9, İ28.0-İ28.8); xroniki böyrək çatışmazlığının terminal mərhələsi (N18.1-N18.9); xroniki qaraciyər çatışmazlığının terminal mərhələsi (K72.0-K72.9); ürək transplantasiyasından sonrakı vəziyyət (digər orqan transplantasiyalarında əlillik dərəcəsi transplantın funksional vəziyyətindən asılı olaraq təyin edilir) (Y83.0); inkurabel onkoloji xəstəliklər (C00-C97); ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri-baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri (İ60-İ66.9,G80-G80.9, S06.0-S06.9); hər iki gözün tam və ya əməli korluğu (yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.04 və ondan az olması və ya görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54-H54.9); iki ətrafın güdülü (S48.0-S48.9, S58, S68, S78, S88, S98); birinci barmaq da daxil olmaqla, hər iki əlin üç və ya birinci barmaqsız dörd barmağının olmaması, həmin barmaqların kəskin kontrakturası və ya daha yuxarıdan amputasiya nəticəsində əllərin güdülü (S68, M16.0-M16.9); hər iki budçanaq oynaqlarının ankilozu (M24.6); etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpan inbesillik (İQ-35-dən aşağı olanlar) (F70-F79); davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar (F23.0-F23.9, F91-F92.9); şizofreniya xəstəliyi nəticəsində baş verən psixi qüsur halı (F20-F20.9); İİV-infeksiyasının İV(QİÇS) mərhələsi, terminal vəziyyət (B20-B24). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 2.10. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X1 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. İş üzrə araşdırılmış hallardan, həmçinin xüsusi bilik tələb edilən məqamlar olduğu üçün ekspert rəyindən aydın olur ki, İddiaçı adına əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı tərtib olunmuş xxxxxxx0001 və xxxxxxx0002 müayinə aktlarında qeyd olunan xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq 2.1-ci və 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Diaqnozda göstərilən xəstəliklər aparılmış funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün 3 nömrəli şəhər poliklinikası tərəfindən 2750003AAEKF saylı göndərişlə göndərilmiş №-li 088 saylı arayışda qeyd olunan xəstəliklər müalicə olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddia təmin edilməli,xx.xx.1957-ci ildə doğulmuş İddiaçı əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü İddiaçı 1-ci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar