Məhkəmə qərarları › İş №2-1(112)-3839/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3839/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3839/2025 22.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər İcra Hakimiyyəti başçısının 156 nömrəli, xx.xx.2001-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma İdarəsinə ayrılmış 10 ha torpaq sahəsindən həmin İdarənin 15 oktyabr 2002-ci il tarixli 01 saylı protokolundan çıxarışa əsasən Bakı şəhəri, Mədən küçəsi 3-də yerləşən, sahəsi 600 kv.m olan 13 saylı bağ (torpaq) sahəsinə hüququn qeydiyyata alınmaqla ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 156 nömrəli, xx.xx.2001-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma İdarəsinin xx.xx.2000-ci il tarixli, 01-7/513 nömrəli məktubunu nəzərə alaraq, ona Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qum adası” adına Neft və Qazçıxarma İdarəsinin kollektiv bağçılıq təsərrüfatı yaratması üçün 10 ha torpaq sahəsini icarəyə verib. “Qum adası” adına Neft və Qazçıxarma İdarəsinin “Qum adası” bağçılıq yoldaşlıq cəmmiyyətinin İdarə Heyətinin iclasının 15 oktyabr 2002-ci il tarixli 01 protokolundan çıxarışına əsasən Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən xx.xx.2001-ci il tarixli sərəncamla Suraxanı rayonunun Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq yoldaşlıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən sahəsi 600 kv.m olan İİİ küçə 13 saylı bağ sahəsi cəmiyyətə üzv qəbul edilməklə ona verilmişdir. “Qum adası” Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən torpaq sahəsinin daimi istifadəsinə verilməsi ilə əlaqədar ona üzvlük vəsiqəsi də, verilmişdir. Eyni zamanda ona, “Qum adası” Neft və Qazçıxarma İdarəsinin bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən ayrılan torpaq sahəsinin qonşularla olan sərhədlərdə yerləşməsinə dair bağlar sahəsinin esgizindən çıxarış da, təqdim olunub. Daha sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma İdarəsinin tərəfindən 15 oktyabr 2002-ci il tarixli 01 saylı protokolundan çıxarışına əsasən Bakı şəhəri, Mədən küçəsi İİİ-də yerləşən sahəsi 600 kv.m olan 13 saylı bağ sahəsinin xx.xx.2001-ci il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadəsinə verilməsinə dair üzvlük kitabçası da, verilmişdir. O, 14 avqust 2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 156 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma İdarəsinə ayrılmış 10 ha torpaq sahəsindən həmin İdarənin 15 oktyabr 2002-ci il tarixli, 01 saylı protokolundan çıxarışa əsasən Bakı şəhəri, Mədən küçəsi 3-də yerləşən 600 kv.m olan 13 saylı bağ (torpaq) sahsəinə hüququnun qeydə alınmaqla ona çıxarışa və texniki pasport verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla müraciəti üzrə hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edərək bildirmişdir ki, müraciətlə əlaqədar “Qum adası” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı və bölgü sxemi İdarənin arxivində aşkar olunmayıb, guya bağ sahələrinə dair verilən üzvlük kitabçası və ya üzvlərinin iclasının protokolundan çıxarış təqdim edilməyib. Sözügedən məktub ona xx.xx.2024-cü il tarixdə təqdim olunub. Cavabdeh nəzərə almayıb ki, 2001-ci ildə ona ayrılan torpaq sahəsi qanuni əsaslarla verilmiş, həmin vaxtdan da, hal-hazıradək bağ sahəsi sahiblik və istifadəsindədir. “Qum adası” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı və bölgü sxemi İdarənin arxivində aşkar olunmaması müraciətindən imtina üçün əsas ola bilməz. Belə ki, o, ərizəsinə həmin sənədlərin surətini əlavə edərək qeyd olaraq bildirmişdir ki, ərizəyə əlavə olunan sənədlərin əslini tələb olunarkən təqdim edəcəkdir və dövlət rüsumunu ödəyəcəkdir. Həmçinin, cavabdeh nəzərə almayıb ki, həmin torpaq sahəsinin üzərində yaşayış sahəsi inşa edilib.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı qeyd edilənlərlə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş xx.xx.2024-cü il tarixli, **********89 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Qum adası” NQÇİ-nin bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və bölgü sxemi idarənin arxivində aşkar olunmamışdır. İdarənin arxivində bölgü sxemi olmaması səbəbindən sənədlərin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi bağçılıq-yoldaşlıq ayrıc aktından kənarda yerləşir və sahənin yaxınlığında neft quyusu olması barədə bazada məlumat mövcuddur.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasınının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-M-1324-8/24 **********89nömrəli məktubla imtina edilmişdir.

8. “Qum adası” NQÇİ-nin bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən iddiaçının adına 13 nömrəli bağ sahəsinin ayrılmasına dair üzvlük vəsiqəsi verilmişdir.

9. “Qum Adası” NQÇİ-nin “Qum adası” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin İdarə Heyətinin iclasının 15 oktyabr 2002-ci il tarixli, 01 saylı protokolundan çıxarışa əsasən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2001-ci il tarixli 156 saylı sərəncamla Suraxanı rayonunun Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq-yoldaşlıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 600 kv.m sahəsi olan İİİ küçə, 13 saylı bağ sahəsi cəmiyyətə üzv qəbul edilməklə İddiaçı ayrılmışdır.

10. “Qum adası” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən verilmiş arayışa əsasən xx.xx.2002-ci il tarixdən “Qum adası” NQÇİ-nin bağçılıq-yoldaşlıq cəmiyyətinə üzv qəbul edilmişdir.

11. “Qum adası” NQÇİ Həmkarlar İttifaqı Komitəsi tərəfindən iddiaçıya ayrılmış bağ sahəsinə dair “Qum adası” NQÇİ-nin bağçılıq yoldaşlığı cəmiyyətinin bağlar sahəsinin eskizindən çıxarış təsdiq edilmişdir.

12. Bakı şəhər İcra Hakimiyyətinin başçısı 156 nömrəli, xx.xx.2001-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qum adası” adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2000-ci il tarixli, 01-7/513 nömrəli məktubunu nəzərə alaraq Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qum adası” adına Neft və Qazçıxarma İdarəsinə kollektiv bağçılıq təsərrüfatı yaratmaq üçün 10 ha torpaq sahəsi icarəyə verilmişdir .

13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş 26 dekabr 2024-cü il tarixli, 14-2/2-6224/2024 nömrəli arxiv arayışına əsasən “Qum adası” NQÇİ-nin “Qum adası” bağçılıq cəmiyyətindən torpaq sahəsi ayrılmış işçilərin siyahısından arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Siyahıda iddiaçının adı 39-cu sırada qeyd edilmişdir.

14. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 06 mart 2025-ci il tarixli, 3- 21-3-30/2-9243/2025 nömrəli məktubla bildirilmişdir ki, idarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki hasardaxili torpaq sahəsi (bağ sahəsi) 622.0 kv.m təşkil edir. Sahə üzərində yaşayış evləri mövcuddur. İdarənin arxivində “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinə aid bağların bölgü sxemi və bağçılıq-yoldaşlığın üzvlərinin siyahısı aşkar edilməmişdir. Bu səbəbdən sənəd üzrə sahənin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə yaxınlığında quyu məlumatı mövcuddur. Həmçinin sahədə yerləşən tikililərin dövlət qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Bundan başqa torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş xx.xx.2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən müəyyən edilmişdir ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 600 kv.m, faktiki ölçüsü 622.0 kv.m-dir.

15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 07 aprel 2025-ci il tarixli, 14-2/2-1491/2025 nömrəli məktubla bildirilmişdir ki, SOCAR-da saxlanılan SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Qum adası” Neft və Qazçıxarma İdarəsinin “Qum adası” bağçılıq cəmiyyətinin sənədləri arasında ayrıc aktı aşkar olunmamışdır. O da, qeyd edilmişdir ki, Bakı şəhəri, Mədən küçəsi İİİ-də yerləşən, sahəsi 600 m2 olan 13 nömrəli torpaq sahəsinin koordinatları göstərilməklə ayrıc aktının daxilində yerləşib-yerləşməməsi barədə məlumatların təqdim edilməsi imkan xaricindədir.

16. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 15 aprel 2025-ci il tarixli, 3- 21-3-30/2-14433/2025 nömrəli məktubla iddia olunan torpaq sahəsinə dair ortofoto görüntüsü və inşaat pasportunun surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş ortofoto görüntüyə əsasən müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi Qum adası NQÇİ-yə ayrılmış 10.0 ha ölçüdə torpaq sahəsinin ayrıc aktının hüdudları daxilində yerləşir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

18. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

21. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

23. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

26. İşin hallarından göründüyü kimi, “Qum Adası” NQÇİ-nin “Qum adası” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin İdarə Heyətinin iclasının 15 oktyabr 2002-ci il tarixli, 01 saylı protokolundan çıxarışa əsasən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2001-ci il tarixli 156 saylı sərəncamla Suraxanı rayonunun Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq-yoldaşlıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 600 kv.m sahəsi olan İİİ küçə, 13 saylı bağ sahəsi cəmiyyətə üzv qəbul edilməklə İddiaçı ayrılmışdır. Həmin bağ sahəsinə dair iddiaçının adına üzvlük kitabçası verilmiş, bağ sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. İddiaçı sözügedən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən “Qum adası” NQÇİ-nin bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və bölgü sxeminin idarənin arxivində aşkar olunmamasına, İdarənin arxivində bölgü sxeminin olmaması səbəbindən sənədlərin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etməyin mümkün olmamasına, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin bağçılıq-yoldaşlıq ayrıc aktından kənarda yerləşməsinə və sahənin yaxınlığında neft quyusunun olması barədə bazada məlumatın mövcud olmasına istinad edilməklə imtina edilmişdir.

27. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: - İşin hallarından göründüyü kimi, iddiaçıya bağ sahəsi “Qum Adası” NQÇİ-nin “Qum adası” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin İdarə Heyətinin iclasının 15 oktyabr 2002-ci il tarixli, 01 saylı protokolundan çıxarışa əsasən ayrılmış və sözügedən sənəd qanunvericiliyin tələblərinə əsasən iddiaçının adının bağçılıq yoldaşlıq üzvlərinin siyasında olmasına zərurət olmadan daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyata alınması üçün əsasdır. Bundan əlavə, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təqdim edilmiş arxiv çıxarışına əsasən “Qum adası” NQÇİnin “Qum adası” bağçılıq cəmiyyətindən torpaq sahəsi ayrılmış işçilərin siyahısında iddiaçının adı 39-cu sırada qeyd edilmişdir. Bu hal isə iddiaçıya mübahisəli bağ sahəsinin qanuni əsaslarla ayrılmasını bir daha təsdiq etmişdir. - Qeyd edilənlərdən əlavə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən torpaq sahəsinin bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda, yerləşməsinə istinad edilsə də, məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ortofo görüntüdən müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi “Qum adası” NQÇİ-yə ayrılmış 10.0 ha ölçüdə torpaq sahəsinin ayrıc aktının hüdudları daxilində yerləşir. Bundan başqa cavabdeh tərəfindən torpaq sahəsinin yaxınlığında neft quyusunun olmasına istinad edilsə də, bu hal iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdehin mülahizəsindən göründüyü kimi, iddiaçıya ayrılmış torpaq sahəsinin neft quyusunun mühafizəsi zonasında yerləşməsi ilə bağlı hər hansı bir mülahizə irəli sürülməmiş, sadəcə torpaq sahəsinin neft quyusunun yaxınlığında yerləşməsi bildirilmişdir. Hətta torpaq sahəsi Neft Şirkətinin istifadəsində olan torpaqların hüdudları daxilində və ya neft-qaz quyularının mühafizə zolağında yerləşirsə idi belə, bu torpaq sahəsi ayrılmış fiziki şəxsin mülkiyyət hüququnun realizəsinə mane ola bilməz. Əksinə fiziki şəxs ona ayrılmış torpaq sahəsindən istifadə edə bilməməsi səbəbindən pozulmuş hüquqlarının müdafiəsi baxımından (ədalətli kompensasiya tələb edə bilməsi və s.) üçün gözlənti mülkiyyət hüququnu reallaşdıra bilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli, 31 nömrəli Qərarının 3.3-cü bəndində əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşahyış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikütürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) müvafiq cədvəldə verilmişdir. Göründüyü kimi, qanunvericilikdə neftqazçıxarma sənayesi obyektlərindən torpaq sahəsinə minimum məsafələr müəyyən edilməsi nəzərdə tutulmamışdır. İddiaçının tələbi torpaq sahəsi ilə bağlı olduğundan sözügedən dəlilə istinad edilməsi əsassızdır.

28. Göründüyü kimi, cavabdehin dəlilləri əsassız olmaqla iddiaçının hüquqlarını əsassız yerə məhdudlaşdırmışdır.

29. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, İddiaçı sözügedən bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

32. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Mədən küçəsi 3-də yerləşən, sahəsi 600 kv.m olan 13 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar