Məhkəmə qərarları › İş №2-1(112)-384/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-384/2022

10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-384/2022 10.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X5 məhkəmə icraatına cəlb edilməklə “bağ sahəsinin iddiaçı mərhum ərinin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə arayışın verilməsi” iddiası üzrə işə Bakı şəhərində məhkəmənin binasında (ünvan: ünvan 2axaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4214 saylı 0.12 ha bağ sahəsinin mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, cavabdehin hərəkətlərinin (hərəkətsizliklərinin) qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcraiyyə komitəsinin 14 dekabr 1990-cı il tarixli, 7/439 saylı qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsindən 212 saylı ВТК nəzdindən 0.12 ha torpaq sahəsi olan 4214 saylı bağ sahəsi b/c nömrəli order əsasında iddiaçının mərhum əri X4 ayrılmışdır. xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. İddiaçının mərhum əri 18 aprel 2012-ci il tarixdə vəfat etmişdir. Dövlət Arxivinin Bakı filialının verdiyi 02 iyul 2012-ci il tarixli, H-354 nömrəli arxiv çıxarışından da görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 dekabr 1990-cı il tarixli, 7/439 nömrəli qərarına 1 nömrəli əlavəyə əsasən 212 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısında 27-ci sırada X2 adı qeyd olunmuşdur. Ərinin vəfatından sonra ondan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə əlaqədar iddiaçı Bakı şəhəri 18 saylı notariat kontoruna müraciət etmişdir. Sonra iddiaçı bağ sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdehin xx.xx.2020-ci il tarixli, **********62 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, torpaq sahəsinə mütəxəssis tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, bağ sahəsi mişar daşından olan hasar daxilindədir və bağda natamam tikili mövcuddur, elektron kadastr baza məlumatlarına görə (şimaldan-cənuba) qeydiyyatdan keçmiş bağ nömrələrinə əsasən 4214 saylı bağın ərazisinə uyğundur, lakin cənub hissədə isə qeydiyyata alınmış bağ nömrələrinin ardıcıllığına əsasən 4215 saylı bağın ərazisinə uyğun gəlir, qonşu bağ sahələrində hasarlanma işlərinin düzgün aparılmaması nəticəsində bir bağ sahəsi itmişdir, bağ sahəsinin yerləşdirildiyi əraziyə digər vətəndaşın da müraciəti olmuş, bağ sahəsi mübahisəlidir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, qanunvericilikdə imtinanın bu cür halı nəzərdə tutulmamışdır, hansısa itirilmiş bağın nömrəsini iddiaçının tapmaq öhdəliyi və ya vəzifəsi yoxdur. İmtinadan görünür ki, reyestr xidmətinin şimaldan-cənuba ölçülən arşınına əsasən bağın nömrəsi uyğun gəlir, amma cənub hissədə qeydiyyata alınmış bağ sahələrinin nömrələri ilə iddiaçının bağında uyğunsuzluq var, bu imtina cavabı əslində iddiaçının inzibati proses iştirakçısı kimi bərabərlik hüququnu pozur, çünki qonşuluqda yerləşən bağlara çıxarış verilib. Həmçinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə sözügedən bağ sahəsinə plan (plan-sxem) da verilmiş, orada 4114 saylı bağın yan ətraflarında 4213 və 4215 saylı bağ sahələrinin qeyd olunması göstərilmişdir. Bunlardan başqa, imtinanın bağ sahəsinin mübahisəli olmasına dair hissəsi də əsaslandırılmamışdır. Əgər bu barədə sübutlar varsa, onlara istinad edilməli idi. Həmçinin imtinada sözügedən bağ sahəsinə digər vətəndaşın müraciətinin olması qeyd edilsə də, bu hissəsi də əsaslandırılmamış, naməlum vətəndaşa verilən cavabın nədən ibarət olması məhkəməyə təqdim olunmalıdır. Həmçinin həmin mütəxəssis rəyi də məhkəməyə təqim edilməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının qanuni hüquqlarını məhdudlaşdırmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş **********19 nömrəli, xx.xx.2020-ci il tarixli yazılı etirazda bildirilmişdir ki, iddia etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2020-ci ildə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sözügedən torpaq sahəsinə 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən texniki baxış keçirilmişdir. Nümayəndənin iştirakı ilə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, bağ sahəsi mişar daşından olan hasar daxilindədir və bağda natamam tikili mövcuddur. İdarənin elektron kadastr baza məlumatlarına görə (şimaldan-cənuba) qeydiyyatdan keçmiş bağ nömrələrinə əsasən 4214 saylı bağın ərazisinə uyğundur, lakin cənub hissədə isə qeydiyyata alınmış bağ nömrələrinin ardıcıllığına əsasən 4215 saylı bağın ərazisinə uyğun gəlir. Qonşu bağ sahələrində hasarlanma işlərinin düzgün aparılmaması nəticəsində bir bağ sahəsi itmişdir. Sözügedən bağ sahəsinin yerləşdiyi əraziyə X1 da müraciəti olmuşdur, bağ sahəsi mübahisəlidir. Bununla bağlı iddiaçıya xx.xx.2020-ci il tarixli, **********62 saylı cavab ünvanlanmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçiliq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6748/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilərək, iş üzrə X5 məhkəmə icraatına 3-cü şəxs qismində zəruri olaraq cəlb olunmuşdur. İddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4214 saylı 0.12 ha bağ sahəsinin İddiaçı mərhum əri X2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi və cavabdehin hərəkətlərinin (hərəkətsizliklərinin) qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi yazılı etiraza uyğun izahat verdi və iddianın təmin edilməməsini xahiş etdi. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı, onun nümayəndəsi və vəkili, habelə 3-cü şəxs məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi ərizə göndərərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, iş materiallarında olan: - Cavabdehin iddiaçıya ünvanlanmış **********62 nömrəli, xx.xx.2020-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, torpaq sahəsinə 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən texniki baxış keçirilmişdir. Nümayəndəsinin iştirakı ilə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, bağ sahəsi mişar daşından olan hasar daxilindədir və bağda natamam tikili mövcuddur. İdarənin elektron kadastr baza məlumatlarına görə (şimaldan-cənuba) qeydiyyatdan keçmiş bağ nömrələrinə əsasən 4214 saylı bağın ərazisinə uyğundur, lakin cənub hissədə isə qeydiyyata alınmış bağ nömrələrinin ardıcıllığına əsasən 4215 saylı bağın ərazisinə uyğun gəlir. Qonşu bağ sahələrində hasarlanma işlərinin düzgün aparılmaması nəticəsində bir bağ sahəsi itmişdir. Sözügedən bağ sahəsinin yerləşdiyi əraziyə digər vətəndaşın da müraciəti olmuşdur, bağ sahəsi mübahisəlidir. - Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının İnkişafı və istismarı birliyinin verdiyi б/с nömrəli orderə əsasən Bakı şəhər icraiyyə komitəsinin 14 dekabr 1990-cı il tarixli 7/439 nömrəli qərarına əsasən X4 Ləhiş bağlar sahəsindəki 212 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4214 nömrəli bağ ayrılmışdır. - 24 aprel, 2012-ci il tarixli, AZ-İ seriyalı, 534091 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə ünvanlanmış 49 nömrəli, 27 iyun 2018-ci il tarixli məktubuna əsasən mərhum X2 xx.xx.2012-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmiş, mərhumun adına olan Bakı şəhəri, Ləhiş bağlar ərazisində 4214 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsinə çıxarış verilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş arxiv arayışına görə Bakı şəhər icraiyyə komitəsinin 14 dekabr 1990-cı il tarixli 7/439 nömrəli qərarına 1 nömrəli əlavədə verilmiş 212 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısının 27-ci sırasında X4 bağ sahəsinin ayrılması nəzərdə tutulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə təsdiq edilmiş torpaq sahəsinin planından görünür ki, X2 istifadəsinə verilmiş 4214 saylı bağın ölçüləri 1200.00 kv.m. sənəd üzrə, faktiki sahəsi 1435.00 kv.m. təşkil edir. Tələb edilmiş materiallardan görünür ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********42 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, X4 212 nömrəli Bağ Tikinti Kooperativi nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur. Lakin, 212 nömrəli Bağ Tikinti Kooperativi nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində X4 bağ sahəsinin ayrılmasına dair sənəd (order) İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 4214 və 4215 saylı bağ sahələrinə dair sənəd aşkar olunmamışdır. - Məktuba əlavə edilmiş Bakı şəhər icraiyyə komitəsinin 14 dekabr 1990-cı il tarixli 7/439 nömrəli qərarına 1 nömrəli əlavədə verilmiş 212 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısının 27-ci sırasında X4 bağ sahəsinin ayrılması göstərilmişdir. - BTK-212 Ləhiş massivində bağ sahələrinin yerləşmə sxemində 4214 saylı bağ sahəsinin yeri əksini tapmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********68 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, göstərilən sahəyə ********** və ********** nömrələri ilə 4213 saylı bağ sahəsi kimi digər şəxs iddia edir. Qonşu cənubda yerləşən və qərb qonşu bağ nömrəsinə əsasən göstərilən sahə 4215 saylı bağın ərazisinə uyğun gəlir. - “X8 və Ekspertiza Mərkəzi” MMC tərəfindən 18 nömrəli, 21 yanvar 2022-ci il tarixli məktubu ilə verilmiş mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4214 saylı 0,12 ha bağ sahəsinin təyinatı yaşayış məntəqəsinin torpaqlarına aiddir, konfiqurasiyası sxemə uyğundur, koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilir, tikililərin mövqeyində hər hansı uyğunsuzluq yoxdur, faktiki sahəsi 1135 kv.metr təşkil edir və bağların sxematik xəritəsinə uyğundur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli, 10/910 nömrəli ekspert rəyinə əsasən “X8 və Ekspertiza Mərkəzi” MMC-nin 20 dekabr 2021-ci il tarixli 96 nömrəli mütəxəssis rəyində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4214 saylı 0.12 ha bağ sahəsinin təyinatının yaşayış məntəqəsinin torpaqlarına aid olduğu, konfiqurasiyasının sxemə uyğun olduğu, tikililərin mövqeyində hər hansı uyğunsuzluğun olmadığı, faktiki sahəsinin 1135 kv.m təşkil etdiyi və bağların sxematik xəritəsinə uyğun olduğu göstərilmişdir. Mərkəzdə torpaq kadastrının baza məlumatları olmadığı üçün ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim olunması barədə vəsatət verilmişdir. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilmədiyindən ekspert tərəfindən müqayisəli tədqiqat aparılaraq nəticə verilməsi mümkün oİmamışdır. İddiaçının tələbi ona mərhum əri X9 oglunun Bakı şəhər icraiyyə komitəsinin 14 dekabr 1990-cı il tarixli 7/439 nömrəli qərarı ilə Bağlar təsərrüfatının İnkişafı və istismarı birliyinin verdiyi б/с nömrəli orderə əsasən istifadəsinə verilmiş Ləhiş bağlar sahəsindəki 212 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4214 saylı bağ sahəsi üzərində mülkiyyət hüququna dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərunə qoyulmasından ibarətdir. İddia tələbinin hüquqi əsaslarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələri təşkil edir. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, ərizə cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı imtina məktubunda isə bildirilmişdir ki, cənub hissədə qeydiyyata alınmış bağ nömrələrinin ardıcıllığına əsasən 4215 saylı bağın ərazisinə uyğun gəlir, qonşu bağ sahələrində hasarlanma işlərinin düzgün aparılmaması nəticəsində bir bağ sahəsi itmişdir, sözügedən bağ sahəsinin yerləşdiyi əraziyə digər vətəndaşın da müraciəti olmuşdur, bağ sahəsi mübahisəlidir. Bu əsaslara görə ərizənin icrası mümkün olmamışdır. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhər icraiyyə komitəsinin 14 dekabr 1990-cı il tarixli 7/439 nömrəli qərarı ilə Bağlar təsərrüfatının İnkişafı və istismarı birliyinin verdiyi б/с nömrəli orderə əsasən Ləhiş bağlar sahəsindəki 212 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4214 saylı bağ sahəsi iddiaçının mərhum əri X9 oglunun istifadəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənəd – bağ sahəsinin iddiaçının mərhum ərinə ayrılmasına dair hüquqmüəyyənedici sənədlər (müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarəsi tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən order) iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edilmişdir. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh etirazının dəlili olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, məhkəmə tərəfindən cavabdehə müraciət olunaraq 4214 və 4215 saylı bağ sahələrinin arxiv sənədlərinin məhkəmə təqdim edilməsi tələb olunmuş, bağ sahələrinə iddia edən şəxs cavabdehin vəsatəti ilə iş üzrə 3-cü şəxs qismində tanınmış, iş üzrə müvafiq mütəxəssis və ekspert rəyləri alınmışdır. Lakin cavabdeh inzibati orqan iddiaçının iddia tələbi ilə bağlı tələbin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, həmin iddiaçının təqdim etdiyi sənədlər sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının həmin torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir. Belə ki, cavabdehin dəlilləri məhkəmənin aldığı ekspert rəyi ilə təkzib edilmişdir. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4214 saylı 0.12 ha bağ sahəsinin təyinatının yaşayış məntəqəsinin torpaqlarına aid olduğu, konfiqurasiyasının sxemə uyğun olduğu, tikililərin mövqeyində hər hansı uyğunsuzluğun olmadığı, faktiki sahəsinin 1135 kv.m təşkil etdiyi və bağların sxematik xəritəsinə uyğun olduğu müəyyən edilmişdir. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Beləliklə də məhkəmə cavabdehin “İdarənin elektron kadastr baza məlumatlarına görə (şimaldan-cənuba) qeydiyyatdan keçmiş bağ nömrələrinə əsasən 4214 saylı bağın ərazisinə uyğundur, lakin cənub hissədə isə qeydiyyata alınmış bağ nömrələrinin ardıcıllığına əsasən 4215 saylı bağın ərazisinə uyğun gəlməsi” ilə bağlı dəlilini əsassız hesab edir. Cavabdehin “qonşu bağ sahələrində hasarlanma işlərinin düzgün aparılmaması nəticəsində bir bağ sahəsi itmişdir, bağ sahəsinin yerləşdiyi əraziyə digər vətəndaşın da müraciəti olmuşdur” dəlili ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, hansısa bağ sahəsinin itməsi dəlili iddiaçının təqsiri hesab edilə bilməz, habelə üçüncü şəxsə aid isə heç bir hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən, hər-hansı üst-üstə düşmə halı müəyyən edilmədiyindən bu hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq imtina üçün əsas deyildir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; … 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Məhkəmə qeyd edir ki, sadalanan normaların təhlili göstərir ki, qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmçinin nəzərə alınmalıdır ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı da qanunvericiliyin tələblərinə əməl edərək, torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan biri kimi torpaq sahəsinin mərhum ərinin istifadəsinə verilməsinə dair səlahiyyətli torpaq ayıran müvafiq icra hakimiyyəti orqanının qərarını və ona əsasən verilmiş orderi cavabdehə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndində qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs DƏDRX-in ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən sözügedən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə DƏDRX-in ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir. İstinad olunan normaların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçının mərhum atasının mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün bu barədə müvafiq arayış verilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xahişinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Həmin Qanunun 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hazırkı iddiaçının mərhum ərinin vərəsəsi olması müvafiq vərəsəlik işi açmış notarius tərəfindən müəyyən edildiyindən, həmin torpaq sahəsinə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan vəfat etdiyindən və sonuncu müvafiq torpaq sahəsinin qanuni istifadəçisi kimi vaxtilə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən ona mülkiyyət hüququ əldə etdiyindən, cavabdehin imtinası qanuna zidd və vərəsə qismində iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehin imtinası qanunsuz hesab edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4214 saylı 0.12 ha bağ sahəsinin İddiaçı mərhum əri X2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İş üzrə məhkəmə xərcləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərclərindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/910 saylı məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 110.4-cü maddəsinə əsasən yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iş üzrə prosessual xərclər cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Cavabdehin imtinası qanunsuz hesab edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4214 saylı 0.12 ha bağ sahəsinin İddiaçı mərhum əri X2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar