Məhkəmə qərarları › İş №2-1(112)-384/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-384/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-384/2024 25.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun peşə tanınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Ukraynanın Dnepropetrovsk Milli Universiteti tərəfindən verilmiş 25 iyun 2002-ci il tarixli, Dİ № 011603 saylı diplomun xx.xx.2020-ci ildə Apostil olunmasının yeni situasiya yaratmasını nəzərə alaraq, işə mahiyyəti üzrə baxılması, diplomdakı ixtisasın tanınması, onun ekvivalentliyinin müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsildə X2 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci ildə Ukrayna dövlətində Dnepropetrovsk Dövlət Universitetinə qəbul olmuş və 2002-ci ildə həmin universiteti bitirmişdir. İddiaçı təhsilini əyani almışdır. Təhsil aldığı müddətdə Ukrayna respublikasının Dnepropetrovsk şəhərində yaşamışdır. Təhsilini bitirmək haqqında iddiaçıya X5 təqdim olunmuşdur. Diplomda qeyd olunmuşdur ki, “X5 Dİ № 011603 verilir ondan ötrü ki, İddiaçı 1998-ci ildə Dnepropetrovsk Dövlət Universitetinə qəbul olunmuş, 2002-ci ildə həmin universiteti bitirmiş və Hüquq üzrə əsas ali təhsil qazanmışdır. Dövlət İmtahan Komissiyasının 25 iyun 2002-ci il tarixli qərarı ilə ona Hüquq üzrə bakalavr dərəcəsi verilmişdir. Bu diplom ona yuxarıda qeyd edilən ixtisasa uyğun hər hansı peşə ilə məşğul olmaq hüqüqu verir”. Sözü gedən diplom və Qiymətlər cədvəli 11 iyul 2002 ci il X8 Nazirliyində Leqalizasiya olunmuşdur. Dnepropetrovsk Dövlət Universitetinin adı 2000-2001 ci illərdə dəyişilərək Dneprepetrovsk Milli Universiteti adlandırılmışdır. İddiaçı ilk dəfə 2006 ci ildə Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması, ekvivalentliyin müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Əlavə olaraq Təhsil Nazirliyinə, Ukrayna respublikasının Azərbaycandakı səfirliyindən arayış, universitetin xarici tələbələr ilə işlər departamentindən orada yaşadığım müddət və qeydiyyat ünvanlarım barəsində arayış və subut üçün həmən tarixdə çəkilmiş fotoşəkillər iddiaçı tərəfindən təqdim edilmişdir. 2009-cu il iyun 6 iyun 37T saylı protokola əsasən iddiaçıya imtina məktubu verilmişdir. Məktubda bildirilmişdir ki, “№ 011613 saylı diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq olunmuş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması,ekvivalentliyin müəyyən edilməsi Qaydaları"na uyğun gəlmədiyi ekspert Qrupu tərəfindən müəyyən olunmuş və müvafiq şəhadətnamənin verilməsinin məqsədəuyğun sayılmaması haqqında qərar qəbul etmişdir”. İddiaçı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarının 2.1 bəndinə əsasən Təhsil Nazirliyinə bu bənddə sadalanan bütün sənədləri təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2.5 bəndinə əsasən Ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Təhsil Nazirliyinin iddiaçıya ünvanladığı cavab məktubuna əsasən heç bir konkret səbəb göstərilmədən müraciət rədd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.7 bəndinə əsasən "Mənfi rəy aşağıdakı hallarda verilə bilərıxarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasına təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda, təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa), xarici ölkədə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə". İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarında imtinaya səbəb olan əsaslardan heç biri yoxdur. Belə olan vəziyyətdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçıya Şəhadətnamə verilməsindən imtina etməsi mövcud Qaydalara və qanunvericiliyimizə ziddir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarını 4.2 bəndinə əsasən - "Tanınmadan və ekvivalentlik haqqında şəhadətnamə verilməsindən imtina olunması səəbəbləri müraciət edəni qane etməzsə, o, müvafiq qaydada şikayət edə bilər..." İddiaçı xx.xx.2010-cu ildə Nərimanov rayon məhkəməsinə müraciət etdim.Amma heç bir müsbət nəticə əldə olunmamışdır. Bu vəziyyət iddiaçıya pis təsir etmiş və apellyasiya şikayəti verməkdən imtina etmişdir. İddiaçı sonuncu dəfə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edib ona məxsus diplomun yeni Apostil olunması faktını və digər sübutları təqdim etməyimə baxmayaraq xx.xx.2022-ci il tarixli №D-248/03-TKTA saylı cavab məktubu ilə bildirilmişdir ki, iddiaçının diplomu barəsində 2009-cu il iyun 6 iyun 37T saylı protokola əsasən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması,ekvivalentliyin müəyyən edilməsi Qaydaları"na uyğun gəlmədiyi ekspert tərəfindən müəyyən olunmuşdur. Diplomun Azərbaycan respublikasında tanınmaması iddiaçının peşə faliyyətinə mənfi təsirlər göstərirr. Xarici diplomların tanınması prosesinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə olunması və ən başlıcası 2020-ci ildə iddiaçının diplomunun Apostil olunması yeni situasiya yaratmışdır ki, bu da qanunvericiliyə əsasən iddiaçının işimə yenidən məhkəmədə mahiyyəti üzrə baxılmasına şərait yaradır.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd olunmuşdur ki, Ukraynanın Dnepropetrovsk Milli Universiteti tərəfindən verilmiş Dİ № 011603 saylı diplom Azərbaycan Respublikası Naizrlər Kabinetinin xx.xx.2023-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən olunmuş və müvafiq şəhadətnamənin verilməsinin məqsədəuyğun sayılmaması haqqında qərar qəbul etmişdir.

4. İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh qismində Təhsildə Keyfiyyət Təminat Agentliyinin nəzərə alınmasını xahiş etmişdir.

5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2022-ci il tarixli Qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsi ilə əvəz edilmişdir.

6. Məhkəmənin hazırki iş üzrə xx.xx.2022-ci il tarixli Qərardadı ilə İddiaçı adına Ukraynanın Dnepropetrovsk Milli Universiteti tərəfindən verilmiş 25 iyun 2002-ci il tarixli, Dİ № 011603 saylı diplomu üzrə aldığı ixtisasının ekvivalentliyinin müəyyən olunması məqsədilə ekspertiza apararaq ekspert qrupu tərəfindən rəyin verilməsi üçün 1 (bir) ay müddət təyin edilmişdir.

7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı Ukrayna Dnepropetrovsk Milli Universiteti tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, Dİ № 011603 nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə qərar qəbul edilmiş, tanınma haqqında elektron şəhadətnamə ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim olunmuşdur. Həmin sənəd sahibinə təhsilin növbəti səviyyəsinə qəbul olunmaq hüququ verir.

8. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli yazılı mülahizədə qeyd edilmişdir ki, İddiaçı Ukraynada yerləşən Dnepropetrovsk Milli Universitetinin blankında ona təqdim olunmuş xx.xx.2002-ci il tarixli, Dİ № 011603 nömrəli diplom üzrə eldə etdiyi xarici ali təhsilə aid kvalifikasiyanın tanınması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi müraciət etmiş, aparılan icraat zamanı diploma aid apostil şəhadətnamələri təqdim edilmədiyi üçün və təhsil aldığı dövr üzrə xarici ali təhsil aldığı ölkədə olmağı ilə bağlı sərhədkeçmə məlumatları mövcud olmadığından, Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən kvalifikasiyanın akkreditasiyasız(lisenziyasız) Dneproptrovsk Milli Universitetinin Bakı filialında eldə edildiyi səbəb göstərilərək xx.xx.2009-cu il tarixində ona tanınma haqqında şəhadətnamələrin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə(bundan sonra Agentlik) çevrilmə yolu ilə yenidən təşkil edilmiş və Agentlik iddiaçının tələbi üzrə məhkəmə işində cavabdeh qismində cəlb olunmuşdur. Sözügedən inzibati icraatın nəticələri ilə bağlı Məhkəmə Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 33.3-cü bəndinə uyğun olaraq yenidən inzibati icraatın aparılması ilə bağlı cavabdeh orqana inzibati aktın qəbul olunması üçün müəyyən müddət edilməsi barədə xx.xx.2022-ci il tarixli, 2-1(112)-11820/2022 nömrəli qərardad qəbul etmişdir. Agentlik cavabdeh inzibati orqan kimi öz növbəsində çıxarılmış qərardad əsasında yenidən inzibati icraatı təzələmiş, əvvəllər ənənəvi qaydada sənədlərə əyani baxış aparılaraq təşkil edilmiş icraat, “Təhsil Mərkəzləşdirilmiş informasiya Sistemi”ndə elektron ərizə sistemi vasitəsilə yenidən aparılmış, bununla bağlı elektron qaydada müvafiq sorğular göndərmişdir. Həmin müddət ərzində Azərbaycan Respublikasının 2023-cü il 03 fevral tarixli, 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyalarının tanınması Qaydaları”(bundan sonra-Qaydalar) qüvvəyə minmiş, eyni Qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ləğv edilmişdir. Yeni normativ-hüquqi aktın qüvvəyə mindiyi tarixdə inzibati icraatın davam etməsi, məsələ ilə bağlı iddiaçının vəziyyətinə nisbətdə əvvəlki normativ-hüquqi akt əsasında qəbul edilmiş inzibati aktla qazanılmış hüquq yaxud real fayda mövcud olmadığı üçün Qaydaların tələbləri inzibati icraat zamanı tətbiq edilmişdir. İnzibati icraatın nəticəsində göndərilmiş sorğuya Dnepropetrovsk Milli Universitetindən daxili olmuş (daxil olma: xx.xx.2023) xx.xx.2023-cü il tarixli, № 88-495-04 nömrəli məktuba əsasən iddiaçının ali təhsil müəssisəsinin Ukraynadakı müəssisəsində təhsil aldığı müəyyən edilmiş və sərhədkeçmə məlumatlarının aşkarlanmaması iddiaçının xeyrinə hal kimi nəzərə alınmışdır. Qaydaların 6.2-ci bəndinə əsasən müəyyən edilmiş peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifıkasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Hüquqşünas ixtisası üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası X7nin (bundan sonra - DlM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. İddiaçı Dadaşov X4 tələbinə uyğun olaraq DİM-in təşkil etdiyi imtahana göndərilmiş, toplam 30 sualdan 11-inə düzgün cavab verdiyi üçün inzibati icraat yekunlaşdırılaraq xx.xx.2023-cü il tarixli qərarla ona yalnız akademik tanınma haqqında şəhadətnamə təqdim olunmuşdur. Yekun olaraq qeyd edilmişdir ki, iddiaçının əldə etdiyi diplom üzrə xarici ali təhsilə aid kvalifikasiyasının tanınması üzrə Məhkəmənin cavabdeh inzibati orqan kimi Agentliyin üzərinə qoyduğu öhdəlik yerinə yetirilərək inzibati icraat yenidən aparılmış və bu barədə Azerbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə uyğun olaraq məhkəməyə məlumat verilmişdir.

9. Cavabdeh qurum tərəfindən diplomun akademik tanınması həyata keçirilmiş, bununla əlaqədar iddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək ona məxsus diplomun peşə tanınmasının təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “diplomun peşə tanınması vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi” kimi dəyişdirilmişdir.

11. xx.xx.2002-ci il tarixli, Dİ № 011603 nömrəli Bakalavr Diplomuna əsasən İddiaçı 1998-ci ildə Dnepropetrovsk Dövlət Universitetinə qəbul olunmuş və 2002-ci ildə Dnipropetrovsk Dövlət Universitetini bitirmiş və Hüquq üzrə əsas ali təhsil qazanmışdır. Dövlət İmtahan Komissiyasının 25 iyun 2002-ci il tarixli qərarı ilə ona Hüquq üzrə bakalavr dərəcəsi verilmişdir. Bu diplom ilə ona yuxarıda qeyd edilən ixtisasa uyğun hər hansı peşə ilə məşğul olmaq hüququ verilir.

12. İş materiallarına əlavə olunmuş Transkriptdə (Dİ № 011603 saylı Diploma Əlavə) qeyd olunmuşdur ki, 1998-2002-ci il tarixləri arasında Dnipropetrovsk Dövlət Universitetində Hüquqşünaslıq fakültəsində təhsil aldığı müddətdə Hüquqşünaslıq ixtisası üzrə müvafiq fənlərdən imtihan və məqbullar vermişdir.

13. Azərbaycan Respublikasının Dövlət Sərhəd xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2000-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı 1998-1999-cu illər ərzində dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkanımız xaricindədir. Bununla yanaşı, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağdakı məlumat qeydə alınmışdır: Tarix İstiqamət Çıxış qeydi yoxdur xx.xx.2000 Giriş

14. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı xx.xx.1998-ci il tarixdə P0512277 nömrəli, xx.xx.2003-cü il tarixdə P1074635 nömrəli, xx.xx.2010-cu il tarixdə P4007009 nömrəli ümumvətəndaş pasportları almışdır. Sonuncu dəfə aldığı pasport vaxtı keçmiş kimi qeydiyyatdan keçmiş və xx.xx.2021-ci il tarixdə İddiaçı C03719979 nömrəli ümumvətəndaş pasportu verilmişdir. Qeyd olunan pasport xx.xx.2031-ci il tarixədək etibarlıdır. Sərhədkeçmə məlumatlarının əldə edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət edilməsi məqsədəmüvafiqdir.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(005)-2725/2010 nömrəli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun ekvivalentliyinin müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.

16. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və bildirdi ki, Ukraynanın Dnepropetrovsk Milli Universiteti tərəfindən ona verilmiş 25 iyun 2002-ci il tarixli, Dİ № 011603 saylı diplom yalnız akademik formada deyil, tam (peşə tanınması da) tanınmalıdır. İddiaçı eyni zamanda bildirdi ki, 2000-2002-ci illər ərzində ölkədən çıxışı və ölkəyə girişi olub. Təhsil aldığı 1998-2002-ci illərdə Ukrayna Respublikasında daimi qeydiyyatı olub, sorğu əsasında bu məlumat cavabdeh orqana da təqdim edilib. Ümumvətəndaş pasportunu yeniləmişdir, əvvəlki pasportunda giriş-çıxışla bağlı bütün qeydlər mövcuddur.

17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı mülahizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi və bildirdi ki, iddiaçının 2001- 2002-ci illərdə sərhədkeçmə məlumatları aşkar edilmir. Əlavə olaraq bildirdi ki, iddiaçı “X7” publik hüquqi şəxsi tərəfindən təşkil edilən imtahanlarda iştirak etdiyi və minimum 15 bal topladığı təqdirdə diplomun peşə tanınmasının da həyata keçirilməsi mümkündür, lakin iddiaçı “X7” publik hüquqi şəxsi tərəfindən təşkil edilən imtahanda iştirak etmiş və 11 bal toplamışdır.

II. İddianın növü və mümkünlüyü

18. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi zahirən məcburetmə növündə iddiaya bənzəsə də, iddia tələbi faktiki olaraq diplomun tanınması ilə bağlıdır. Diplomun tanınması zamanı inzibati orqan inzibati akt qəbul edir. Lakin bu, müvafiq iddianın məcburetmə növündə iddia kimi qiymətləndirilməsi üçün yetərli deyildir. Belə ki, həmin qərarla iddiaçı üçün status müəyyən edilmir. Müvafiq qərarla şəxsin diplomu tanınır və ya tanınmaqdan imtina edilir.

19. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. Odur ki, iddia müəyyən etmə növündə iddiadır.

21. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.

22. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, imtina məktubunun iddiaçıya çatdırılma tarixi müəyyən edilmir. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

23. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyınin müəyyən edilməsi (noslrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir...

24. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 1.5.5. kvalifikasiyanın akademik tanınması (bundan sonra – akademik tanınma) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi; 1.5.6. kvalifikasiyanın peşə tanınması (bundan sonra – peşə tanınması) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsi; 1.5.7. qismən tanınma – xarici dövlətin ali təhsil müəssisəsində təhsil alan şəxsin natamam ali təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirə bilməsi üçün həyata keçirilən akademik tanınma növü; 1.5.8. tanınma şəhadətnaməsi – “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) elektron sənəd formasında yaradılan və elektron formada verilən tanınmaya dair sənəd; 1.5.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi; 7.8. Tanınma şəhadətnaməsində aşağıdakı məlumatlar əks olunmalıdır: 7.8.4. tanınmanın növü: 7.8.4.1. akademik tanınma (tam, qismən, şərti, alternativ); 7.8.4.2. peşə tanınması; 6.1. Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. 6.2. Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası X7nin (bundan sonra – DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əlavədə müəyyən olunmuş Peşə tanınması zamanı sınaq imtahanlarının keçirilməsi tələb olunan ixtisasların siyahısı:

51. 060212.Hüquqşünaslıq

27. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, xx.xx.2002-ci il tarixli, Dİ № 011603 nömrəli Bakalavr Diplomuna əsasən İddiaçı 1998-ci ildə Dnipropetrovsk Dövlət Universitetinə qəbul olunmuş və 2002-ci ildə Dnipropetrovsk Dövlət Universitetini bitirmiş və Hüquq üzrə əsas ali təhsil qazanmışdır. Məhkəmənin hazırki iş üzrə xx.xx.2022-ci il tarixli Qərardadı ilə İddiaçı adına Ukraynanın Dnepropetrovsk Milli Universiteti tərəfindən verilmiş 25 iyun 2002-ci il tarixli, Dİ № 011603 saylı diplomu üzrə aldığı ixtisasının ekvivalentliyinin müəyyən olunması məqsədilə ekspertiza apararaq ekspert qrupu tərəfindən rəyin verilməsi üçün 1 (bir) ay müddət təyin edilmişdir. Cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsi tərəfindən İddiaçı Ukrayna Dnepropetrovsk Milli Universiteti tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, Dİ № 011603 nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə qərar qəbul edilmiş, tanınma haqqında elektron şəhadətnamə ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim olunmuşdur.

28. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Ukraynanın Dnepropetrovsk Milli Universiteti tərəfindən ona verilmiş 25 iyun 2002-ci il tarixli, Dİ № 011603 saylı diplomun yalnız akademik formada deyil, tam tanınmasını (peşə tanınmasını da) tələb edir (odur ki, məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “diplomun peşə tanınması vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi” kimi dəyişdirilmişdir).

29. Cavabdeh (nümayəndəsi) etirazın dəlili olaraq yazılı mülahizədə və şifahi izahatında bildirmişdir ki, iddiaçı “X7” publik hüquqi şəxsi tərəfindən təşkil edilən imtahanlarda iştirak etdiyi və minimum 15 bal topladığı təqdirdə diplomun peşə tanınmasının da həyata keçirilməsi mümkündür, lakin İddiaçı “X7” publik hüquqi şəxsi tərəfindən təşkil edilən imtahanda iştirak etmiş və 11 bal toplamışdır.

30. Məhkəmə diplomun peşə tanınması tələbinə münasibətdə cavabdeh tərəfindən təqdim edilmiş etirazın (mülahizənin) dəlilləri ilə razılaşır və qeyd edir ki, iddiaçı Dadaşov X1 Dövlət Universitetində hüquq üzrə ali təhsil qazanmış və Dövlət İmtahan Komissiyasının 25 iyun 2002-ci il tarixli qərarı ilə ona Hüquq üzrə bakalavr dərəcəsi verilmişdir. Odur ki, iddiaçının ixtisası (hüquqşünaslıq) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əlavədə müəyyən olunmuş Peşə tanınması zamanı sınaq imtahanlarının keçirilməsi tələb olunan ixtisasların siyahısına daxildir (51. 060212. Hüquqşünaslıq).

31. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən hüquq ixtisası üzrə peşə tanınmasının əldə edilməsi üçün şəxsin (iddiaçının) Azərbaycan Respublikası X7nin təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur və sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası, keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.

32. Məhkəmə müəyyən edir ki, X7 tərəfindən müəyyən olunmuş tələblərə əsasən xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün 15 və ya daha yuxarı bal toplaması tələb olunur.

33. Məhkəmə qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası X7 tərəfindən keçirilmiş xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahanda iştirak etmiş və 11 bal toplamışdır (bu fakt işin mübahisəsiz halı olmaqla iddiaçı tərəfindən münasibət bildirilməmişdir).

34. Məhkəmə nəzərə alır ki, xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahanda müvəffəqiyyət qazanılması (keçid balının toplanması) qanunvericiliyin birbaşa tələbi olduğundan və imtahan nəticələrinin qiymətləndirilməsi qaydası, keçid balı X7 tərəfindən müəyyən edildiyindən İddiaçı müvafiq imtahanda keçid balını (15 bal) toplamaması diplomun peşə tanınmasından imtina edilməsi üçün qanuni əsasdır.

35. Məhkəmə eyni zamanda nəzərə alır ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.4-cü bəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 30 kredit müəyyənləşdirilir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5 Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.

38. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda sərhədkeçmə məlumatlarının əldə edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət edilməsinin məqsədəmüvafiq olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda isə qeyd olunmuşdur ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2000-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı 1998-1999-cu illər ərzində dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkan xaricindədir və xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasına əsasən yalnız xx.xx.2000-ci il tarixdə iddiaçının dövlət sərhəddindən giriş qeydi nəzərə alınmışdır.

39. Məhkəmə qeyd edir ki, İddiaçı 1998-1999-cu il tarixlərində təhsil aldığı ölkədə olma müddətini müəyyən etmək mümkün olmasa da, xx.xx.2000-ci il tarixdən sonra Azərbaycan Respublikası sərhədlərindən çıxış etmədiyi və nəticədə təhsil aldığı ölkədə olmadığı aydındır.

40. Beləliklə, iddiaçının 2000-2001 və 2001-2002-ci tədris illərində təhsil aldığı ölkədə (Ukrayna Respublikasında) olmadığı və auditoriya dərslərində iştirak etmədiyi təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, ağlabatanlıq kriteriyası baxımından qiymətləndirildikdə, iddiaçının 2000-2001 və 2001-2002-ci tədris illərində təhsil aldığı ölkədə (Ukrayna Respublikasında) olmadığı və auditoriya dərslərində iştirak etmədiyi halda tədris normativlərini yerinə yetirməsi inandırıcı sayıla bilməz.

41. Digər tərəfdən məhkəmə qeyd edir ki, hazırda iddianın təmin edilməməsi iddiaçının X7 tərəfindən müəyyən olunmuş tələblərə əsasən xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan(lar)da təkrarən iştirak etmək hüququnu istisna etmir.

42. Odur ki, məhkəmə iş üzrə müəyyən edilmiş faktiki halları ixtisasın peşə tanınması ilə bağlı qanunvericiliyin tələbləri baxımından dəyərləndirərək hesab edir ki, cavabdeh tərəfindən diplomun peşə tanınmasından imtina edilməsi mübahisəyə dair işin hallarına və qanunvericiliyə uyğun olduğundan, cavabdeh tərəfindən iddiaçının diplomunun peşə tanınmasından imtina olunması onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.

43. Məhkəmə işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının diplomunun peşə tanınmasından imtina etməkdə cavabdeh haqlı olmuşdur.

44. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

45. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

46. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.

48. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar