Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3841/2020 01.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndələri X3 (ünvanı: ünvan 1 iş yeri və vəzifəsi: Sərhəd Qoşunları aparatının təhqiqat bölməsinin rəisi, ədliyyə polkovnik leytenantı) və X2 (ünvanı ünvan 2 iş yeri və vəzifəsi: Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsinin zabiti leytenantı) iştirakları ilə, iddiaçı -İddiaçı cavabdeh - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli əmrin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.9-cu maddəsinə əsasən öz arzusu ilə ehtiyata buraxılması kimi dəyişdirilməsi ödəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. İddia ərizəsində bildirilmişdir ki,İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 25 ildən artıq qüsursuz xidmət etmiş, AR Silahlı Qüvvələrinin veteranıdır. Azərbaycan Repsublikasının Silahlı Qüvvələrinin 10 illiyi münasibəti ilə (xx.xx.2004-cü il tarixli əmr), qüsursuz xidmətə görə üçüncü dərəcəli medal (xx.xx.2007-ci il tarixli əmr), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi münasibəti ilə yubiley medalı (xx.xx.2008-ci il tarixli əmr), “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi münasibəti ilə (xx.xx.2008-ci il tarixli əmr”, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal, hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal, daha sonra 2-ci dərəcəli medal, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medala, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin veteranı, Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi yubileyi medallarına layiq görülmüşdür. Xidmətində həmişə fərqlənmişdir. xx.xx.2019-cu il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılması ilə əlaqədar raportla müraciət etmişdir. xx.xx.2019-cu il tarixdə təxris raportu ilə bağlı DSX Kadrlar Baş İdarəsinə çağırılmış və onunla Baş İdarəsi rəisi general-mayor A.Hüseynov müvafiq söhbət apardıqdan sonra, “Hərbi qulluqçunun pensiya üçün xidmət illərinin hesablanması vərəqəsi ilə” tanış edilmişdir. (xx.xx.2019-cu il tarixinədək xidmət illərinə hesablanan müddət ümumilikdə 25 il, 08 ay, 27 gün təşkil edilmişdir.) xx.xx.2019-cu il tarixdə DSX ƏABİ tərəfindən Sahil Mühafizəsi ƏAŞ-ın fəaliyyətinin yoxlanılmasına dair aşkarlanmış nöqsanlarla (nöqsanlar ümumi xarakter daşımış, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqında” Azərbaycan Respublikası Qanununa əsasən pozuntuya yol verilməmişdir) əlaqədar xx.xx.2019-cu il tarixdə DSX aparatında barəsində attestasiya keçirilmişdir. Attestasiya komissiyasının son qərarına əsasən iddiaçının DSX-dən AR Silahlı Qüvvələrinin ehtiyatına “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı maddəsi ilə buraxılması barədə xx.xx.2020-ci il tarixli 107 nömrəli ş/h üzrə əmr imzalanmışdır. Sözügedən əmr ona rəsmi qaydada təqdim edilməmişdir, əmrin ona təqdim edilməsi ilə bağlı DSX komandanlığına müraciətini təsdiq edən poçt qəbzi (xx.xx.2020-ci il) ərizəyə əlavə edilmişdir. Hesab edir ki, DSX-nın əmri qanunsuzdur. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh orqanın yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmri ilə xx.xx.2017-ci il tarixdə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsində əməliyyat-axtarş şöbəsi rəisinin müavini vəzifəsinə təyin edilərək 2-ci dərəcəli kapitan hərbi rütbəsində xidmət etmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin «Azərbaycan Respublikası-nın Silahlı Qüvvələri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarət olduğu göstərilmişdir. Sabiq hərbi qulluqçu İddiaçı iddia ərizəsində xx.xx.2019-cu il tarixdə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar yuxarı komandanlığa raportla müraciət etdiyini, xx.xx.2019-cu il tarixdə qeyd olunan məsələ ilə əlaqədar DSX-nin Kadrlar Baş İdarəsində onunla söhbət ararıldığını, xx.xx.2019-cu il tarixdə isə DSX-nin Əməliyyat Axtarış Baş İdarəsi tərəfindən X1 Axtarış Şöbəsinin fəaliyyəti yoxlanılan zaman aşkar edilmiş nöqsanlarla əlaqədar xx.xx.2019-cu il tarixdə DSX aparatında barəsində attestasiya keçirildiyini və DSX rəisinin 18.01 2020-ci il tarixli, 107 ş/h nömrəli əmrinə əsasən «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxıldığını bildirmişdir. Sabiq hərbi qulluqçu İddiaçı xidmətində yol verdiyi nöqsanlarla əlaqədar xx.xx.2019-cu il tarixdə DSX aparatında barəsində keçirilmiş attestasiyada onun əməliyyat axtarış şöbəsi rəisinin müavini vəzifəsinə təyin olunduqdan sonra hər-hansı bir təşəbbüskarlıq göstərmədiyi, fəaliyyətində durğunluq yarandığını və ciddi nöqsanlara yol verdiyi, həvalə olunmuş sahədə rəhbərliyi və nəzarəti yetərincə həyata keçirə bilməməsi, şöbənin fəaliyyətinin yoxlanılması zamanı aşkarlanmış nöqsanları qəbul edərək aradan qaldırılması istiqamətində tədbirlər görmək əvəzinə əsassız bəhanələr gətirdiyini, xasiyyətcə iddialı olması, vəzifələrinin icrasına isə laqeyd yanaşdığı göstərilmişdir. Attestasiya komissiyasının qeyd olunan tarixli protokoluna əsasən onun hərbi rütbəsinin bir pillə endirilməsi barədə qəbul edilmiş qərar Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə olunmuş, lakin qərarın icrası məqsədə uyğun hesab edilməmişdir. 2-ci dərəcəli kapitan İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılmasına dair yazdığı raport, xidməti fəaliyyətində yol verdiyi nöqsanlar və DSX attestasiya komissiyası iclasının rəyi nəzərə alınaraq onun «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə qərar qəbul edilmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 25 ildən artıq xidmət etmişdir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli məhkkəmə iclasında cavabdehin nümayəndəsi məhkəmənin sorğusuna cavab olaraq iddiaçı barəsində xidməti sənədlərin surətlərini təqdim etmiş və həmin sənədlər iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılması ilə əlaqədar raportla müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti attestasiya komissiyası iclasının 03 nömrəli protokolunun surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı barəsində attestasiya keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti attestasiya komissiyasının yekun rəyin surətindən görünür ki, 2-ci dərəcəli kapitan İddiaçı xidməti vəzifələrinin icrasında yol verdiyi ciddi nöqsanlara görə hərbi rütbəsinin bir pillə aşağı salınması məqsədəuyğundur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2020-ci il tarixli 107 ş/h nömrəli Əmrindən çıxarışının surətindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq 2-ci dərəcəli kapitan İddiaçı əməliyyat-axtarış şöbəsi rəisinin müavini vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrinin ehtiyatına buraxılmışdır. 2-ci dərəcəli kapitan İddiaçı xx.xx.2020-ci il tarixə xidmət illəri təqvimi-25 il 03 ay 15 gün, güzəştli – 07 ay 12 gün, cəmi 25 il 10 ay 27 gün təşkil edir. Əsas: Sahil Mühafizəsi rəisinin xx.xx.2019-cu il tarixli 3605m nömrəli sənədi və DSX attestasiya komissiyası iclasının xx.xx.2019-cu il tarixli 03 nömrəli protokolu. Göründüyü kimi, mübahisələndirilən əmrin qəbul edilməsinə əsas kimi Sahil Mühafizəsi rəisinin xx.xx.2019-cu il tarixli 3605m nömrəli sənədi və DSX attestasiya komissiyası iclasının xx.xx.2019-cu il tarixli 03 nömrəli protokolu göstərilmişdir. Məhkəmə DSX attestasiya komissiyası tərəfindən iddiaçı barəsində keçirilmiş xx.xx.2019-cu il tarixli attestasiya ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti attestasiya komissiyasının yekun rəyinin surətindən göründüyü kimi, keçirilmiş attestasiyanın nəticəsində İddiaçı həqiqi hərbi xidmətdən buraxılması deyil, onun hərbi rütbəsinin bir pillə aşağı salınmasının məqsədəuyğun olduğu göstərilmişdir. Həmçinin, iş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli attestasiya iddiaçının xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılması ilə əlaqədar müraciətindən sonra keçirilmiş, həmçinin iddiaçı attestasiya keçirilən dövrdə, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək DSX-nın Hərbi hospitalında müayinələrdə olmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hərbi Hospitalının məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2020-ci il tarixli 754 nömrəli məktubunda göstərilmişdir ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu ikinci dərəcəli kapitan İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “Hipertoniya xəstəliyi, birinci mərhələ” və 15-xx.xx.2020-ci il tarixlərdə “Ürəyin işemik xəstəliyi. Yavaş axın fenomeni. Hipertoniya xəstəliyi, birinci mərhələ. Birinci dərəcəli alimentar piylənmə. Qaraciyərin piy distrofiyası. Vertebrogen sağtərəfli lumboişalgiya. Allergik rinit. Anadangəlmə damar anomaliyası: LAD-da muskulyar körpü spazmı” diaqnozları ilə DSX Hərbi hospitalında ambulator müayinələrdə olmuşdur. Həmçinin, xx.xx.2019-cu il tarixdə DSX aparatında İddiaçı barəsində keçirilmiş attestasiyada onun əməliyyat axtarış şöbəsi rəisinin müavini vəzifəsinə təyin olunduqdan sonra hər-hansı bir təşəbbüskarlıq göstərmədiyi, fəaliyyətində durğunluq yarandığını və ciddi nöqsanlara yol verdiyi, həvalə olunmuş sahədə rəhbərliyi və nəzarəti yetərincə həyata keçirə bilməməsi, şöbənin fəaliyyətinin yoxlanılması zamanı aşkarlanmış nöqsanları qəbul edərək aradan qaldırılması istiqamətində tədbirlər görmək əvəzinə əsassız bəhanələr gətirdiyini, xasiyyətcə iddialı olması, vəzifələrinin icrasına isə laqeyd yanaşdığı göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan iddiaçının Xidməti Vərəqəsinin surətindən görünür ki, iddiaçı kəşfiyyat bölməsinin rəisi, həmçinin əməliyyat axtarış şöbəsi rəisinin müavini vəzifəsinə təyin olunduqdan sonra dəfələrlə mükafatlandırılaraq ona “Təşəkkür” bildirilmiş, Hərbi xidmətdə fərqlənməyə görə, Qüsursuz xidmətə görə müvafiq medallarla təltif edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq gətirilən İddiaçı aid şəxsi işinə qapalı məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, şəxsi işin 2-ci nüsxəsinin 6-cı səhifəsində iddiaçı 2018-ci ilin sonu və 2019-cu il ərzində 0263, 0235, 0229, 0114 nömrəli əmrlərlə mükaftlandırılmışdır, hərbi xidmətdə fərqlənməyə görə İİ dərəcəli medal, Silahlı Qüvvələrin Veteranı, 100 illiklə bağlı yubiley medalı, İ dərəcəli məharət dərəcəsi verdiliyi halda 4 ay sonra barəsində tərtib edilmiş xidməti xasiyyətnamədə “vəzifələrinin icrasına laqeyd yanaşır” ifadəsi qeyd edilmişdir. Həmçimim, müəyyən edilmişdir ki, şəxsi işdə olan sənədlərdə iddiaçının fəaliyyəti ilə bağlı məqamlar ziddiyyətlidir. Belə ki, təqdim edilmiş məxfi arayışda (fəaliyyətinin yoxlanılması barədə) 2017-ci ildən əks-kəşfiyyata rəhbərlik etdiyi dövrdə öz fəaliyyətində dönüş yaratmadığı qeyd edilmiş, lakin buna baxmayaraq həmin dövrlərdə İddiaçı rəhbərlik tərəfindən order və medallarla təltif olunmuşdur. Yuxarıda qeyd edilən protokoldan görünür ki, cavabdehin nümayəndəsi öz izahatında bildirmişdir ki, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq ehtiyata buraxılması haqqında Raportla müraciət etmiş və bu istiqamətdə müvafiq sənədləşdirmə işlərinin aparılmasına başlanılsa da, sonradan iddiaçının fəaliyyətinin yoxlanması bildirildiyindən, yoxlama aparılaraq və attestasiya keçirilərək müvafiq qərar qəbul edilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının attestasiyasından əvvəl mövcud qanunvericiliyə uyğun olaraq hazırlıq işinin (təşkilati və tərbiyəvi tədbirlər, attestasiya edilənlə fərdi şəxsi söhbətlər və s.) görülməsinə dair cavabdeh orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 86-cı bəndinə əsasən hərbi kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədilə hərbi qulluqçuların (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından başqa) attestasiyası keçirilir. Attestasiya zaman hər bir hərbi qulluqçunun işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək üçün namizədlərin ehtiyatı aşkar edilir. Həmin Əsasnamənin 88-ci bəndinə əsasən zabitlərin attestasiyasından əvvəl hazırlıq işi (təşkilati və tərbiyəvi tədbirlər, attestasiya edilənlərlə fərdi şəxsi söhbətlər və s.) görülməlidir. Həmin Əsasnamənin 91-ci bəndinin b yarımbəndinə əsasən attestasiya edilənlə onun xidmət keçməsi məsələləri, təkmilləşməsi, işgüzar, mənəvi döyüş və mənəvi keyfiyyətləri, peşə hazırlığı, stili, iş üsulları üzrə ən azı üç fərdi söhbət (birinci — növbəti attestasiya keçirilməsi haqqında göstərişlərin elan edilməsi ilə, ikinci — attestasiyaya hazırlığın gedişində və üçüncü bilavasitə attestasiya vərəqələri tərtib edilməzdən əvvəl) keçirməli və çatışmazlıqların aradan qaldırılması, şəxsi hazırlığın və onun cavabdeh olduğu sahədə işlərin vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar zəruri məsləhətlər və tövsiyələr verməkattestasiya vərəqəsi tərtib edən rəislərin vəzifələrindəndir. Həmin Əsasnamənin 93-cü bəndinə əsasən attestasiya üzrə nəticədə attestasiya edilənin tutduğu vəzifəyə uyğun olub-olmadığı göstərilir, bundan sonra işgüzar və mənəvi keyfiyyətlərindən, iş təcrübəsindən, bacarıq və meyllərindən, eləcə də işin mənafeyindən asılı olaraq onun gələcəkdə daha məqsədəuyğun xidməti istifadəsi haqqında rəy göstərilir. Bu zaman aşağıdakı tövsiyələr verilə bilər: -yuxarı vəzifəyə irəli çəkilməsi haqqında (hansı vəzifəyə və nə vaxt); -hərbi təhsil müəssisəsinə, yaxud kurslara oxumağa göndərilməsi haqqında; -bərabər vəzifəyə keçirilməsi haqqında (hansı vəzifəyə keçirmək məqsədəuyğundur və keçirilmənin səbəbi: başqa vəzifələrin komplektləşdirilməsi zərurəti, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı dəyişdirilmənin keçirilməsi, daha məqsədəuyğun istifadəsi üçün və digər səbəblər); -başqa işə keçirilməsi haqqında komanda, qərargah, müəllimlik və digər işə (keçirilmə səbəbləri göstərilməklə); - hansı vəzifəyə, nə vaxt təyin etmək; - həmin vəzifəyə təyin etməkdən qabaq nə vaxt hansı kurslara, yaxud toplanışlara göndərmək; -yuxarı vəzifələrdən aşağı vəzifəyə keçirmək, hansı əsasla (bu Əsasnamənin 81-ci maddəsi) və hansı vəzifəyə təyin etmək məqsədəuyğundur; -həqiqi hərbi xidmətdən buraxılma haqqında və hansı əsasla. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti attestasiya komissiyası “2-ci dərəcəli kapitan İddiaçı xidməti vəzifələrinin icrasında yol verdiyi ciddi nöqsanlara görə hərbi rütbəsinin bir pillə aşağı salınması məqsədəuyğundur” barədə yekun rəy verərkən yuxarıda qeyd edilən Əsasnamənin 93-cü bəndində nəzərdə tutulmuş səlahiyyətlərdən kənara çıxmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin 2-ci cümləsinə əsasən qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.9cu maddəsinə əsasən öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçı barəsində attestasiya mövcud qanunvericiliyin normaları pozulmaqla keçirilmişdir. Belə ki, hərbi qulluqçuların attestasiyası hərbi kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədilə keçirilir, yəni öz arzusu ilə ehtiyata buraxılması üçün müraciət edən hərbi qulluqçunun fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə attestasiyanın keçirilməsi yuxarıda qeyd edilən qanunvericilikdə nəzərdə tutulmamışdır. Daha sonra, iddiaçının attestasiyasından əvvəl mövcud qanunvericiliyə uyğun olaraq hazırlıq işi (təşkilati və tərbiyəvi tədbirlər, attestasiya edilənlə fərdi şəxsi söhbətlər və s.) görülməmiş və attestasiyadan əvvəl və attestasiya keçirilən ərəfədə DSXnın Hərbi hospitalında ambulator müayinələrdə olmuşdur. Mübahisələndirilən əmrin qəbul edilməsinə əsas DSX attestasiya komissiyası iclasının xx.xx.2019-cu il tarixli 03 nömrəli protokolu göstərilsə də, DSX attestasiya komissiyasının gəldiyi nəticə fərqli olmuşdur. Belə ki, keçirilmiş attestasiyanın nəticəsində İddiaçı hərbi rütbəsinin bir pillə aşağı salınmasının məqsədəuyğun olduğu göstərilsə də, cavabdeh orqan həmin rəyi nəzərə almamış və iddiaçının həqiqi hərbi xidmətdən buraxılması qərarına gəlmişdir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti attestasiya komissiyası yekun rəy verərkən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 93-cü bəndində nəzərdə tutulmuş səlahiyyətlərdən kənara çıxmışdır. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, müvafiq qanunvericilik aktlarının düzgün tətbiq edilməməsi, həmçinin cavabdeh inzibati orqan hazırda mübahisələndirilən qərarın qəbulunu (xidmətə uyğunsuzluq qaydasında) şərtləndirən hallara dair yetərli sübutlar, o cümlədən hazırkı İddiaçı münasibətdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.9-cu maddəsinin tətbiq olunmasının yolverilməzliyini əsaslandıran sübut və dəlil təqdim etməməsi onu deməyə əsas verir ki, inzibati orqanda aparılan icraat zamanı işin bütün halları, o cümlədən iddiaçının xeyrinə ehtimal olunan hallar araşdırılmamışdır. Bununla da «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələbləri pozulmuşdur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçıya münasibətdə həmin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41-ci maddəsində göstərilən bəndlərdən hər hansı birini seçmək cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid deyil. Odur ki, məhkəmə mübahisələndirilən əmrin əsaslı olması qənaətinə gəlmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qulluq keçməsinə “xidməti uyğunsuzluğu ilə bağlı” xitam verilməsi üçün heç bir əsas olmadığından, cavabdehin xx.xx.2020-ci il tarixli əmrin 107 ş/h nömrəli əmri qismən qanuna zidd sayılmalı və dəyişdirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərardad məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli əmr “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.9-cu maddəsinə əsasən öz arzusu ilə ehtiyata buraxılması kimi dəyişdirilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 52-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli əmr “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.9-cu maddəsinə əsasən öz arzusu ilə ehtiyata buraxılması kimi dəyişdirilir. Qərardan, tam formada təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-3841/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3841/2020
01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver