Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3841/2023 31.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ödədiyi məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabına əlavə edilərək ona avtomatlaşdırılmş qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarına əlavə etdiyi ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən də, göründüyü kimi, onun xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 21 il 11 ay olmaqla qanunla tələb olunan müddətdən azdır. Lakin, işlədiyi həmin illər pensiya alması üçün kifayət etməsə də, işlədiyi illərə görə fərdi hesabında olan kapitalın məbləği onun yaşa görə əmək pensiyasına çıxması üçün kifayət edir. Bütün bunları nəzərə alaraq ona pensiyanın təyin olunması üçün müvafiq İdarəyə müraciət etmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona gələn 19 aprel 2022-ci il tarixli, **********4 saylı imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində 2 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olmuş xx.xx.2021-ci il tarixli ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. Pensiyaya çıxması üçün sosial sığorta stajı kifayət etmir, həmçinin bu yaş bəs eləməsə də, ən azından yaşa görə pensiyaya çıxması üçün kapital tələb olunur ki, xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Ona görə müraciətinin təmin olunmasından imtina edilmişdir. Həmin imtina qanunsuzdur. Ən azından iddia ərizəsinə əlavə etdiyi 08 oktyabr 2010-cu il tarixli 2(82)-1273/2010 saylı 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin əmrindən görünür ki, kreditor Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinin borclu İddiaçı qarşı 210 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsi təmin edilmişdir. Müvafiq qəbzləri də, iddiasına əlavə etmişdir. Bütün bu qeyd etdiklərindən görünür ki, onda sosial sığorta ödənişlərinin məcburi qaydada tutulması ilə bağlı məhkəmə əmri vardır ki, ən azından bu belə onu deməyə əsas verir ki, onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması məsələsi həqiqətə uyğun deyil. Hər dəfə sosial sığorta ödənişləri ilə bağlı qəbzlərin onun hesabında qeydə alınması üçün müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bu əsasla da, hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da, göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixli **********4 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, təqdim edilən xx.xx.1975-ci il tarixdə və xx.xx.1991-ci il tarixdə tərtib edilmiş ИT-İ seriyalı № ******* saylı əmək kitabçalarına əsasən İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 21 il 11 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, xx.xx.2006-cı il tarixdən onun pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Göründüyü kimi, İddiaçı qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajının və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür.
8. İddiaçının müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X7 Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********0 nömrəli “Ödənilmiş məcburi dövlət sosial sığorta haqları haqqında” məktuba əsasən bildirilmişdir ki, Nazirliyin elektron proqram təminatlarında sığortaedən kimi 2006-2009-cu illər üçün “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlarının (Forma B1) və onlara uyğun olaraq təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatları (Forma B3) aşkar edilməmişdir. Sözügedən illər üzrə tərəfinən müvafiq hesabatlar təqdim edilmədiyindən ödədiyi məcburi dövlət sosial sığorta haqları **********194 saylı fərdi şəxsi hesabında öz əksini tapmamışdır. Müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur.
9. Azərbaycan Respublikası 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(82)- 1273/2010 saylı 08 oktyabr 2010-cu il tarixli məhkəmə əmrinə əsasən kreditor Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsi məhkəməyə məhkəmə əmri haqqında ərizə ilə müraciət edərək borclu İddiaçı 210 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun tutulması barədə əmr verilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, kreditor borcludan 01 yanvar 2008-ci il tarixdən 01 aprel 2010-cu il tarixədək olan dövr üçün məcburi dövlət sosial sığorta ödəmələri üzrə 210 manat məbləğində yaranmış borcu tələb etmişdir. Məhkəmə əmri haqqında ərizə təmin edilərək borclu İddiaçı məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 210 (iki yüz on) manat məbləğində pul vəsaiti kreditor Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinin xeyrinə tutulmuşdur.
10. Xətai rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinə xx.xx.2011-ci il tarixli xx/xx-19938/14 nömrəli məktub ünvanlanaraq Xətai rayon İcra Şöbəsinin icraatında olan X2 210 manat pul vəsaitinin kreditor DSMF Xətai rayon Şöbəsinin xeyrnə tutulmasına dair Azərbaycan Respublikası 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(82)-1273 saylı xx.xx.2010-cu il tarixli icra sənədi həmin icra sənədi üzrə yazılmış təqdimatla birlikdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2 və Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinə əsasən baxılması üçün göndərilmişdir.
11. Məhkəmə əmrinin icrası ilə əlaqədar ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə pul məbləğinin ödəniş qəbzləri, ümumilikdə 210 manat məbləğində iş materiallarına əlavə edilmişdir.
12. İddiaçının adına 03 aprel 1975-ci il tarixdə və 23 fevral 1984-cü tarixdə açılmış əmək kitabçalarına əsasən müəyyən edilmişdir ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 21 il 11 ay təşkil etmişdir.
13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********666000 nömrəli məktubla bildirilmişdir ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) xx.xx.2006-cı il tarixdə vergi orqanında uçota alınması, xx.xx.2018-ci il tarixdə ləğv edilməsi müəyyən edilmişdir. Vergi orqanında olan uçot-baza məlumatlarına əsasən İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan fəaliyyət dövrü ərzində məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı ödənilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası vergi orqanlarına həvalə edilmişdir. Vergi orqanlarının məlumat bazasında vergi ödəyiciləri tərəfindən xx.xx.2018ci il tarixdən sonrakı dövrdə aparılmış ödənişlər barədə məlumatlar mövcuddur. Əvvəlki dövrlər üzrə aparılmış ödənişlər barədə məlumat alınması üçün qeydiyyatda olduğu Azərbaycan Respublikasının Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq şəhər (rayon) idarəsinə (şöbəsinə) müraciət edilməsi tövsiyə olunur. Əlavə olaraq bildirilmişdir ki, müraciətə əlavə edilmiş ödəniş qəbzlərində vergi ödənişləri də, olduğu üçün vergi orqanında olan uçot-baza məlumatlarına əsasən İddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsinə ödənilmiş vergilər barədə 2006-2009-cu illər üzrə məlumat təqdim olunmuşdur.
14. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu tərəfindən 22 iyun 2023-cü il tarixli 3-17-1/2-142330/2023 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı məcburi dövlət sosial sığorta məqsədləri üçün 2013-cü il 16 may tarixində sığortaolunan kimi SSN: **********194 ilə, 2010-cu il 10 iyun tarixində fərdi sahibkar (sığortaedən) kimi SUN: **********7 ilə uçota alınmışdır. Bildirirlər ki, məktuba qoşma kimi əlavə edilmiş 2006 - 2009-cu illər üzrə ödəniş qəbzlərinin təyinatı sadələşdirilmiş vergi və texniki müayinə qeyd edildiyindən və həmin ödənişlər məcburi dövlət sosial sığorta haqqına aid olmadığından İddiaçı pensiya təminatı hüququ yaratmır. Əlavə olaraq bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında İddiaçı tərəfindən təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar (bundan sonra - Forma B1) və təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (bundan sonra - Forma B3), həmçinin ödənilmiş 210 manat vəsait ilə bağlı məlumatlar aşkar edilməmişdir. Məlumat üçün bildirilmişdir ki, 2006 - 2016-cı illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi sığortaedənlər tərəfindən təqdim edilmiş Forma B1 və Forma B3 məlumatları əsasında həyata keçirildiyindən, lakin, İddiaçı tərəfindən müvafiq hesabat məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatlar onun fərdi şəxsi hesabında əks olunmamışdır. Müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur.
15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu tərəfindən 11 oktyabr 2023-cü il tarixli 3-17-1/2-237154/2023 nömrəli məktubla bildirilmişdir ki, araşdırma zamanı Nazirliyin elektron informasiya ehtiyatlarında fiziki şəxs (sığortaedən) İddiaçı (SUN: **********7) tərəfindən təqdim edilmiş “Məcuri dövlət sosial sığortası üzrə rüblük hesabatlar” (Forma B1) və təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3), həmçinin ödənilmiş 210 manat vəsait ilə bağlı məlumatlar aşkar edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun)7-ci maddəsinə əsasən müvafiq yaş həddinə çatmış şəxslərin fərdi hesbaının sığorta hissəsində qeydə alınmış penisya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan verdikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 2020-ci ilin 1 iyul tarixindən kişilər üçün pensiya yaş həddi 65 yaş müəyyən edilib. Əlavə olaraq bildirilmişdir ki, Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericilikdə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin, həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu ilin 1 yanvar tarixindən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin 1 yanvar tarixinədək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunun 22-1.2.1ci maddəsinə əsasən 2019 - 2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı ilin 1 yanvar tarixinədək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Məlumat üçün bildirilmişdir ki, araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı müəyyən edilmişdir. Əlavə olaraq “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikas Qanununun 7.0.2-ci maddəsinə əsasən hazırda əmək pensiyası almaq hüququ olmayan Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış şəxslər yaşa görə müavinət almaq hüququna malikdirlər. Qeyd olunanları nəzərə alaraq, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən ona 2017-ci il 30 mart tarixindən yaşa görə sosial müavinət təyin olunub. Müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçot həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
20. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bu hal cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində qeyd edilmiş cavabdehin mülahizəsində də bir daha öz təsdiqini tapmışdır. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
22. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
23. Məhkəmə araşdırması zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktubla imtina edilmişdir. İmtinanın əsası kimi ona məxsus əmək kitabçalarına əsasən xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 21 il 11 ay olmasına, eyni zamanda xx.xx.2006-cı il tarixdən onun pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığına istinad edilmişdir.
24. İddiaçı tərəfindən hazırda qanunvericilikdə nəzərdə tutulmuş ümumi iş stajı toplanmadığından xx.xx.2006-cı il tarixdən pensiya hüququ yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması əsası ilə ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələb irəli sürülmüşdür. Həmin tələbinin əsası ilə bağlı iddiaçı tərəfindən qanuni qüvvəsini almış, iddiaçıdan məcburi dövlət sosial sığorta haqlarının tutulması barədə məhkəmə əmri və həmin əmrin icrası ilə əlaqədar məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə müvafiq təsdiqedici qəbzlər əlavə edilmişdir.
25. Məhkəmə tərəfindən həmin ödənişlərin iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınması ilə bağlı aidiyyəti qurumlara (konkret halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna) müvafiq sorğular ünvanlansa da, sonuncu tərəfindən sosial sığorta haqqının sığortaçıya ödənilməsi, sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanın sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etməyin sığortaedənin vəzifəsi olmasına istinad edilməklə, həmin ödənişlərin iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində öz əksini tapmadığı bildirilmişdir.
26. Məhkəmə aşağıda qeyd edilən qanunvericiliyin normalarına istinad etməklə cavabdehin imtina və etirazında göstərilən dəlillərini əsassız hesab edir.
27. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr)
28. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
29. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanuna 7 mart 2023-cü il tarixli 835-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədərki redaksiyasının 1-ci maddəsinə əsasən ( Sosial sığorta anlayışı) Sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.
30. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 01 yanvar 2019-cu il tarixədək qüvvədə olan redaksiyasının 8-ci maddəsinə əsasən Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta fondlarını idarə edən hüquqi şəxslərdir. Sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar — xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. Sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun sözügedən dövrədək qüvvədə olan redaksiyasının 10-cu maddəsinə əsasən Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək; müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; Həmin Qanunun sözügedən dövrədək qüvvədə olan redaksiyasının 18-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı: məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir; məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarını müəyyən edir; qanunvericiliklə müəyyən olunmuş qaydada kameral və səyyar yoxlamalar aparır; sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir; məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir; məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır; ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır; Azərbaycan Respulikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən sığortaedən tərəfindən hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilən işçiləri qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortasına cəlb edir; Əsasnaməsində müəyyən edilmiş digər fəaliyyətlə məşğul olur. Həmin Qanunun sözügedən dövrədək qüvvədə olan redaksiyasının 29-cu maddəsinə əsasən sosial sığorta ilə əlaqədar sığortaedənlə sığortaolunan arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, sığortaçı ilə sığortaedən arasında yaranan mübahisələrə isə bilavasitə məhkəmələrdə baxılır.
31. Hazırki işin hallarından müəyyən edildiyi kimi, sözügedən dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı olmuş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsi bu hüquqlarından istifadə edərək məhkəmə qaydasında hazırki iş üzrə İddiaçı 01 yanvar 2008-ci il tarixdən 01 aprel 2010-cu il tarixədək olan dövr üçün məcburi dövlət sosial sığorta ödəmələri üzrə 210 manat məbləğində yaranmış borcu tələb etmiş və qanuni qüvvəsini almış məhkəmə əmrinə əsasən həmin məbləğ iddiaçıdan tutulmuşdur. Sözügedən məhkəmə əmri iddiaçı tərəfindən icra olunaraq mübahisəli borc məbləği sonuncu tərəfindən tam məbləğdə ödənilmişdir (iş materiallarına əlavə edilmiş kifayət qədər mötəbər sübutlara əsasən). Lakin, iddiaçı tərəfindən həmin borc məbləği tam şəkildə ödənilməsinə baxmayaraq, məhkəmə qaydasında tutulmuş məcburi dövlət sosial sığorta haqqı sözügedən dövrdə həmin sahədə idarəetməni heyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən, yəni cavabdeh inzibati orqanın öz vəzifə səlahiyyətlərinin yerinə yetirilməməsi nəticəsində iddiaçının fərdi şəxsi hesabında əks olunmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, məhkəmə qaydasında tutulmuş məcburi dövlət sosial sığorta haqqının iddiaçının fərdi şəxsi hesabında əks olunmaması ilə bağlı onun hər hansı bir təqsiri olmadığı təqdirdə bununla bağlı məsuliyyət iddiaçının üzərinə qoyula bilməz və bu səhv hazırki halda iddiaçının hesabına aradan qaldırıla bilməz, eləcə də, bu əsasla iddiaçının qanuni və əsaslı olan tələbinin təmin olunmasından imtina edilə bilməz.
32. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə (Qanunçuluq prinsipi) əsasən İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 13.1-ci maddəsinə (Etimadın qorunması prinsipi) əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 24-cü maddəsinə (İşin hallarının obyektiv araşdırılması) İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
35. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinə əsasən: ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).
36. Beləliklə yuxarıda sadalanan qanunvericiliyin normalarının hazırki işin faktiki hallarına tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, qanuni qüvvəsini almış məhkəmə əmrinə əsasən iddiaçıdan məcburi dövlət sosial sığorta haqları üzrə borc məbləğinin tutulması və həmin borc məbləğinin iddiaçı tərəfindən ödənilməsi işin mübahisəsiz halı olmaqla, inzibati orqanın səhvi nəticəsində həmin məbləğin onun fərdi şəxsi hesabında əks edilməməsinin hazırki halda iddiaçının hesabına düzəlməsi yolverilməzdir və eləcə də, həmin halın cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı iddiaçının xeyrinə araşdırılmaması və nəzərə alınmasından imtina edilməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun təməl prinsiplərinə zidd olmaqla qanunsuz olmuşdur.
37. Məhkəmə eləcə də, hazırki iş üzrə iddiaya mahiyyəti üzrə tam həcmdə qiymət verərək qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
38. Həmin artırılma nəticəsində 01 iyul 2020-ci il tarixdən kişilər üçün yaşa görə əmək pensiyası hüququnun yarandığı yaş həddi 65 yaş müəyyən edilmişdir.
39. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən o, xx.xx.1956-cı il təvəllüdlü olmaqla, pensiya hüququnun yaranması üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddi, yəni 65 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur.
40. İş matariallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçalarına əsasən onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 21 il 11 ay təşkil etdiyindən ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22- 1.1-ci maddəsinin tələbləri tətbiq edilməklə ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməlidir.
41. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22- 1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; ...
42. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasının 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
43. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir.
44. Hazırki məhkəmə qərarının yuxarı hissəsində qeyd edilənlərə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalının olması sübuta yetirildiyindən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslı hesab edilməklə ona yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməli və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləği ödənilməlidir.
45. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
47. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
48. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva