Məhkəmə qərarları › İş №2-1(112)-3842/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3842/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3842/2023 30.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, iddiaçının nümayəndəsi (atası) X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, pensiyaçı), cavabdehin nümayəndəsi Nümayəndə (Bakı şəhərində qeydiyyatdadır, hüquq şöbəsinin məsləhətçisi işləyir) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "qanunsuz müdaxilədən çəkinmə öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti 1.İddiaçı Bakı İnzibati Məhkəməsinə Cavabdehnə qarşı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanda yerləşən 0,0242 ha ölcüdə torpaq sahəsində məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə cavabdeh tərəfindən edilən müdaxiləni qanunsuz hesab edərək iddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə qanunsuz müdaxilədən çəkinmə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə müraciət etmişdir. 2.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanında yerləşən 0.0242 ha ölçüdə torpaq sahəsi onun xüsusi mülkiyyətindədir və mülkiyyət hüquqları AR ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi tərəfindən qeydiyyata alınaraq iddiaçıya xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi torpaq sahəsinin planı və ölçüsünü tərtib edərək həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları olduğunu qeyd etməklə təsdiq etmişdir. İddiaçı cavabdehə müraciət edərək AR Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş qaydada lazımi sənədləri təqdim edib xüsusi mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılması barədə məlumat vermişdir. Lakin cavabdeh 10-N-52/3-151 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”a əsasən, hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində ara məsafəsi olmalıdır. Tikinti ərazisinin sərhədləri daxilində torpaq sahəsində layihələndirilən fərdi yaşayış evinin xarici divarlarından ərazinin sərhəddinə qədər ara məsafəsi saxlanılmalıdır.Əlavə olaraq qeyd edilmişdir ki, ərazinin tikinti və tikinti sıxlığı əmsalları həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evləri üçün müəyyən edilmiş normadan artıqdır. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçının təqdim etdiyi sənədin AR Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə uyğun tərtib edilməməsi əsası ilə qaldırdığı məsələnin icrası məqsədəmüvafiq hesab edilməmişdir. İddiaçı hesab edir ki, dövlət orqanının verdiyi rəsmi sənədlərə əsasən əldə edilən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin inşa edilməsindən imtina etməkdə cavabdeh haqlı olmamışdır. Belə ki, təqdim edilən və qanuni qüvvədə olan sənədlərdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanda yerləşən 0.0242 ha ölçüdə torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və reyestr xidməti həmin torpaq sahəsinin planı və ölçüsünü tərtib edərək,qeydiyyata alıb iddiaçının adına çıxarış vermişdir. Torpaq sahəsində fərdi yaşayış evinin ara məsəfəsi saxlanılmaqla inşa edilməsi nəzərdə tutulmuşdur, lakin cavabdeh əsassız olaraq həmin əsasla imtina edərək iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən cаvаbdеh Cavabdeh iddia ərizəsinə etirazını təqdim edərək göstərmişdir ki, iddiaçının ərizəsində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş qaydada lazımi sənədlərin təqdim edildiyi qeyd olunsa da həmin Məcəllənin 80-ci maddəsinin tələblərinə uyğun olaraq ara məsafəsi, tikinti əmsalı, tikinti sıxlığı əmsalı və sair tərtib olunmamışdır. İddiaçının qeyd etdiyi kimi Cavabdeh xx.xx.2022-ci il tarixli, 10-N 52/3-151 saylı məktubu ilə bildirmişdir ki, “Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar”a əsasən hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində ara məsafəsi olmalıdır. Tikinti ərazisinin sərhədləri daxilində torpaq sahəsində layihələndirilən fərdi yaşayış evinin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Əlavə olaraq qeyd edilmişdir ki, ərazinin tikinti və tikinti sıxlığı əmsalları həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evləri üçün müəyyən edilmiş normadan artıqdır. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ümumi ölçüsü 0.0242 hektardır. Fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsində ərazinin tikinti əmsalı 0.0242 x 0.4 = 96 kv.m., ərazinin tikinti sıxlığı əmsalı 0.0242 x 0.6 = 145 kv.m. olmalıdır. Lakin məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikintisi məqsədilə icra hakimiyyətinə təqdim olunmuş memarlıq planlaşdırma həllində ərazinin əmsalı 186 kv.m. (qanunda nəzərdə tutulmuş ölçüdən 90 kv.m. artıq), ərazinin tikinti sıxlığı əmsalı 674.78 kv.m. (qanunda nəzərdə tutulmuş ölçüdən 529.78 kv.m. artıq) nəzərdə tutulmuşdur. Təqdim olunmuş memarlıq planlaşdırma həllində tikiləcək fərdi yaşayış evinin hündürlüyü 11 metrdən artıqdır, bu da o deməkdir ki, fərdi yaşayış evinin hər tərəfindən 3 metrdən artıq ara məsafəsi saxlanılmalıdır. Mülkiyyətçi tərəfindən təqdim olunmuş memarlıq planlaşdırma həllində baş plan bölməsi olmadığından ara məsafəsi ölçülərini dəqiqləşdirmək mümkün deyildir, lakin 0.0242 ha torpaq sahəsində 3 metrdən çox ara məsafəsi saxlanılmaqla 3 mərtəbəli fərdi yaşayış evinin tikintisi mümkünsüzdür. Bu səbəbdən də təqdim edilən sənəd Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (ara məsafəsi, tikinti sıxlığı, tikinti sıxlığı əmsalı və s.) tələblərinə uyğun tərtib edilmədiyindən qaldırılmış məsələnin icrası məqsədəmüvafiq hesab edilməmişdir. Bu barədə vətəndaşa cavab məktubu göndərilmişdir.Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İİ.İddianın növü və mümkünlüyü.

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Tərəflərin çıxışları və tədqiq edilmiş sənədlər.

6.İddiaçının nümayəndəsi F.Nağıyev iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 7.Cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. 8.İddaçı tərəfindən məhkəməyə təqdim edilmiş: Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçı tikinti işlərinin aparılmasına dair məlumatlandırma icraatı qaydasında tərtib olunmuş memarlıq-planlaşdırma həllinin təsdiq olunması barədə müraciət etmiş, lakin müraciət təmin olunmamışdır, imtina onunla əsaslandırılmışdır ki, təqdim edilmiş memarlıqplanlaşdırma həlli Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə uyğun tərtib edilməmişdr; Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 1-B ünvanda inşa edilən fərdi yaşayış evinin eskiz layihəsinə əsasən yaşayış evinin 3 mərtəbəli, ümumi hündürlüyünün 11,860 metr olması nəzərdə tutulmuşdur; xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən iddiaçı Bakı şəhər Səbail rayonu Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1 B ünvanında yerləşən torpaq sahəsini 8500 manat məbləğinə X1 almışdır, həmin torpaq sahəsi X4 ********** nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyə hüququ ilə məxsus olmuşdur; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanda yerləşən 0,0242 ha torpaq sahəsi iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmışdır,torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi göstərilmişdir. 9.Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinin nəticələrinə dair Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzindən daxil olmuş 10/3506 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 1B ünvanında tikiləcək fərdi evin eskiz layihəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu (“Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri”) maddəsinin 69.6-cı bəndinin və 80-cı maddəsinin 80.1-ci bəndinin və Dövlət tikinti normalarının tələblərinə uyğun tərtib edilmişdir.

İV. Məhkəmənin mövqeyi

10.Məhkəmə, iddiaçının və cavabdehin nümayəndələrinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.

11. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 12.Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur; 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur; 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur; 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır; 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır; 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) həyata keçirir; 80.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir.

13. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanında yerləşən torpaq sahəsinə (0.0242 ha) İddiaçı xüsusi mülkiyyət hüququ (tam) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin ünvanda yerləşən fərdi yaşayış evinin inşa edilməsi məqsədi ilə eskiz layihə hazırlanmış və Cavabdehnə təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda təqdim edilən memarlıq-planlaşdırma həllinin Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə uyğun tərtib edilmədiyindən qaldırılan məsələnin icrasının məqsədəmüvafiq hesab edilmədiyi bildirilir. 14.Lakin Məhkəmə-Ekspertiza Mərkəzindən daxil olmuş 10/3506 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 1B ünvanında tikiləcək fərdi evin eskiz layihəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu (“Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri”) maddəsinin 69.6-cı bəndinin və 80-cı maddəsinin 80.1-ci bəndinin və Dövlət tikinti normalarının tələblərinə uyğun tərtib edilmişdir.

15. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Cavabdeh inzibati orqan təqdim edilən memarlıq-planlaşdırma həllinin Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə uyğun tərtib edilməsi məsələsini araşdırmadan, həmin haldan etirazın əsası kimi istinad edilməsi üçün istifadə etdiyi üçün cavabdehin hərəkətləri “İnzibati icraat haqqında “Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olmamışdır. 16.Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanda yerləşən 0,0242 ha ölcüdə torpaq sahəsində məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə cavabdeh tərəfindən edilən müdaxiləni qanunsuz hesab edilərək iddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə qanunsuz müdaxilədən çəkinmə öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. 17.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 18.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 19.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanda yerləşən 0,0242 ha ölcüdə torpaq sahəsində məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə Cavabdeh tərəfindən edilən müdaxiləni qanunsuz hesab edilərək İddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə qanunsuz müdaxilədən çəkinmə öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Cavabdehndən aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı: Adı: X5, kodu: 210005, VÖEN ********** Müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar