Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3843/2020 21.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X6 (Bərdə rayonu Qarddəmirçi kəndində ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında 99 saylı mənzilə dair mülkiyyət hüququmu təsdiq edən çıxarışı verilməsi üçün lazım olan hərəkətləri icra edilməsi öhdəliyini Azərbaycan Respublikası Əmlak X2 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1984-cü ildən etibarən Bakı Elektron Hesablayıcı Maşınlar Zavodunda (BEHZM) işləmişdir. xx.xx.1984-cü il tarixindən etibarən X1 ilə ünvan 4 ünvanında 99 saylı mənzildə yaşayırlar. 1993-cü ildə Bakı Elektron Hesablayıcı X8 İttifaqı Komitəsinə müraciət edərək uşağı X7 doğulması və ailəli olduğunu nəzərə alaraq ona otaq verilməsi ilə bağlı müraciət etmişdir. Bakı Elektron Hesablayıcı X8 İttifaqı Komitəsinin xx.xx.1993-ci il tarixli protokoldan çıxarışa əsasən ona zavodun mülkiyyətində olan indiki ünvan 6 ünvanda yerləşən yataqxanadan 16,8 kv.metr olan bir otaq verilmişdir. Həmin vaxtdan bu günə kimi onunla bir yerdə həmin yataqxanada otaqla təmin olunan iş yoldaşları mənzillərə dair çıxarış alaraq, mənzillər üzərində öz mülkiyyət hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə aldırmışlar.Azərbaycan Respublikası dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət proqramının həyata keçirilməsi ilə əlaqədar Bakı Elektron Hesablayıcı Maşınlar Zavodun balansında olan yataqxana Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentinəəvəzsiz olaraq verilmişdir. Bununla əlaqədər məcbur qalaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə razılığa gələrək 1984-cü il tarixindən faktiki olaraq onun istifadəsində olan mənzilə dair kirayə müqaviləsi bağlamışdır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 34/3 nömrəli, xx.xx.2018-ci il tarixli Sərəncamı əsasında həmin ünvanda yerləşən yaşayış sahəsi ona kirayə verilmişdir.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 7ov küçəsi, ev 6/4, 99 saylı mənzil ünvanda yerləşən 16,8 kv.metr olan yaşayış sahəsinə dair mülkiyyətini təsdiq edən çıxarışın verilməsi ilə bağlı müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cavab olaraq **********59 nömrəli, xx.xx.2020-ci il tarixli məktuba əsasən ona imtina məktubu verilmişdi. Həmin imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən ona həmin mənzil 34/3 nömrəli, xx.xx.2018-ci il tarixli Sərəncam əsasında kirayə verilməsi ilə bağlı və həmin mənzilə dair xx.xx.2009-cu il tarixindən sonra yeni Mənzil Məcəlləsi qüvvəyə mindiyi gündən sonra kirayə müqaviləsi bağlandığına əsasən ərizənin icrası mümkün deyildir.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərkən Bakı Elektron Hesablayıcı X8 İttifaqı Komitəsinin xx.xx.1993-ci il tarixli protokoldan çıxarışı ərizəsinə əlavə edərək çıxarışın verilməsini xahiş etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1993-ci il tarixli protokoldan çıxarışı əlavə etməsinə baxmayaraq, aldığı 34/3 nömrəli xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilən Sərəncama əsaslanaraq ona imtina vermişdir. Azərbaycan Respublikası dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət proqramının həyata keçirilməsi ilə əlaqədar Bakı Elektron Hesablayıcı Maşınlar Zavodun balansında olan yataqxana Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentinə əvəzsiz olaraq verilmişdir və o faktı təsdiq edir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Komunal Təsərrüfatı Departamenti hüquqi vərəsəsi olaraq Bakı Elektron Hesablayıcı Maşınlar Zavodun balansında olan yataqxananı qəbul etmişdir və o, öz ailəsi ilə 1984-cü il tarixindən həmin mənzildə yaşayaraq su, qaz, işıq və digər komunal ödənişləri edərək həmin mənzili istifadə etmişdir. X1 və oğlu X10 notarial qaydada özəlləşdirilməyə razılıq vermişlər. Hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində onun mülkiyyətinə dair hüquqları kobud surətdə pozulur. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı xx.xx.2020-ci il tarixində ünvan 8 ünvanında yerləşən 99 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı idarəyə müraciət etmişdir. Bununla əlaqədar bildirilir ki, mənzilin kirayə müqaviləsinin İddiaçı ilə bağlanmasına dair Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 34/3 saylı sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra (2009-cu il oktyabrın 1-dək) verildiyi müəyyən edilmişdir. İddiaçı müraciətinə cavab olaraq idarə tərəfindən 2009-cu ilin 1 oktyabr tarixindən qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə əsasən qeyd olunan mənzilin yalnız istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2020-ci il tarixli **********59 saylı məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17-ci maddəsinin tələblərinə əsasən qeyd olunur ki, Mənzil fondu - Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: xüsusi mənzil fondu - fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; dövlət mənzil fondu - mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu;bələdiyyə mənzil fondu - bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu.İstifadə məqsədlərinə görə dövlət mənzil fondu aşağıdakılara bölünür;sosial təyinatlı mənzil fondu və xüsusi təyinatlı mənzil fondusosial təyinatlı mənzil fondu - dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusudur.Mənzil Məcəlləsinin 48-ci maddəsinin tələblərinə əsasən sosial kirayə müqavilələri əsasında Mənzil Məcəlləsi ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara Mənzil Məcəlləsində müəyyənləşdirilmiş qaydada verilir.Həmin Mənzil Məcəlləsinin 50-ci maddəsinin tələblərinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra - yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir:sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar;sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar;yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar;bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa).Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir.Həmin Məcəllənin 59 və 60-cı maddələrinin tələblərinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf - dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün Mənzil Məcəlləsi ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən Mənzil Məcəlləsinə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. Çoxmənzilli binanın yaşayış sahəsinin kirayəçisi həmin yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə binanın ümumi əmlakından istifadə hüququnu əldə edir.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146-cı maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu Mənzil Məcəlləsi qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara Mənzil Məcəlləsinin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 139-cu maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır.Həmin Qanununun 19-cu maddəsinin müddəalarına əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır.Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Vətəndaş İddiaçı qanunvericiliyin tələblərinə uyğun sənədləri təqdim edildiyi təqdirdə qeyd olunan mənzil üzərində istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıla bilər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2020-ci il tarixli, **********59 saylı məktubdan görünür ki, iddiaçının ünvan 9 ünvanında yerləşən 99 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmış və bildirilmişdir ki, aparılan araşdırma zamanı mənzilin kirayə müqaviləsinin İddiaçı ilə bağlanmasına dair Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 34/3 saylı sərəncamın xx.xx.2018-ci il tarixdə verildiyi müəyyən edilmişdir. Bu səbəbdən də ərizəin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadədə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. İşdə olan Bakı Elektron Hesablayıcı X5 İttifaqı Komitəsinin xx.xx.1992-ci il tarixli protokolundan çıxarışdan görünür ki, 6 saylı sexin operatoru Ənvər Abbasovun evlənməsi ilə əlaqədar zavodun yataqxanasında 99 saylı otağın ayrılması barədə ərizəsinə baxılmış və yataqxananın 99 saylı otağı Ənvər Abbasova ayrılmışdır. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, protokol verildiyi dövrdə iddiaçı həmin zavodda operator vəzifəsində işləmişdir. İşdə olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 34/3 saylı, 22 may 2018-ci il tarixli sərəncamından görünür ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konserlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. ünvan 10 ünvanda yerləşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edildiyindən, İddiaçı Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə öz adına kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Vətəndaş İddiaçı 1984-cü ildən qeydiyyatda olmaqla Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən 6/4 saylı evin yaşayış sahəsi 16,8 kv.metr olan 1 otaqlı 99 saylı mənzilində 3 nəfər ailə üzvü ilə (özü, arvadı və oğlu) yaşayır. Qeyd edilənləri nəzərə alaraq və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsaslanaraq, Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən 6/4 saylı evin, yaşayış sahəsi 16,8 kv.metr olan 1 otaqlı 99 saylı mənzilinə 3 nəfər ailə üzvü ilə (özü, arvadı və oğlu) İddiaçı adına kirayə müqaviləsi bağlanması və onun həmin mənzilin kirayəçisi hesab olunması, qeyd olunan mənzilə İddiaçı adına şəxsi maliyyə hesabının açılması 1 saylı Xüsusi Təyinatlı MKTB-nin 122 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır. İşdə olan Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birlyinin 122 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2019-cu il traixli, 41 saylı Forma 2 arayışdan görünür ki, ünvan 11 ünvanında yerləşən 16,8 kv.metr ümumi sahəsi olan 99 saylı mənzilin icarədarı İddiaçı Qardaş oğludur. Mənzilin icarədarı İddiaçıdur. İddiaçı, X4 və X10 həmin mənzildə daimi qeydiyyatda olan şəxslərdir. İşdə olan X4 tərəfindən verilmiş 21 noyabr 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, V.İbadova ünvan 9 ünvanında yerləşən mənzilin əri İddiaçı adına özəlləşdirilməsinə razıdır. İşdə olan X13 tərəfindən verilmiş 01 dekabr 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, B.Nəsirov ünvan 9 ünvanında yerləşən mənzilin atası İddiaçı adına özəlləşdirilməsinə razıdır. İşdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 34/3 saylı, 22 may 2018-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən 6/4 saylı evin, yaşayış sahəsi 16,8 kv.metr olan 1 otaqlı 99 saylı mənzilinə 3 nəfər ailə üzvü ilə (özü, arvadı və oğlu) İddiaçı adına kirayə müqaviləsi bağlanması qərara alınmışdır. Mənzil hazırda iddiaçının qanuni sahibliyində və istifadəsindədir. İddiaçı qanuni sahibliyinə və istifadəsinə verilmiş mənzil üzərində mülkiyyət hüququnu qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 34/3 saylı, 22 may 2018-ci il tarixli sərəncamın2009-cu il oktyabrın 1-dən sonra verildiyi, qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verildiyini əsas gətirərək imtina etmişdir. Halbuki iş materiallarından görünür ki, mübahisə predmeti olan mənzilin yerləşdiyi bina Bakı Elektron Hesablayıcı Maşınlar Zavodunun balansında olan yataqxana olmuş,Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konserlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. ünvan 10 ünvanda yerləşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edilmişdir. Həmin yataqxanada yerləşən 99 saylı mənzil (otaq) Bakı Elektron Hesablayıcı X5 İttifaqı Komitəsinin xx.xx.1992-ci il tarixli protokolundan çıxarışa əsasən iddiaçıya yaşaması üçün ayrılmışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 34/3 saylı, 22 may 2018-ci il tarixli sərəncamın verilməsinə əsas olaraq iddiaçının ailə üzvləri ilə 1984-cü ildən həmin ünvanda qeydiyyatda olmaqla yaşaması göstərilmişdir. İş materiallarından görünür ki, həmin sərəncamda adları qeyd olunmuş iddiaçının digər ailə üzvləri mənzil üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına razıdırlar. Belə olan halda məhkəmə cavabdehin imtinasını əsasız hesab edir. Məhkəmə hesab edir ki, cavabdehin mənzilə mülkiyyət hüququnun qeydiyyatına dair çıxarışın verilməsindən imtinası qanuni və əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəllsinin 146.1-ci maddəsinə əsasən bu məcəllə qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslərin öz hüquqlarını saxlaması digər vətəndaşların öz hüquqlarının itirməsi ilə nəticələnə bilməz. Başqa sözlə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsi bu məcəllə qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslərin öz hüquqlarını saxlamasını müəyyən edir, həmin kateqoriya vətəndaşların hüqularının mövcudluğunu daha da gücləndirir, bu məcəllə qüvvəyə minən gündən hazırki dövrədək mənzil əldə etmiş vətəndaşların mənzillərini özəlləşdirmək hüququna isə müdaxilə etmir, onlara hər hansı qadağa qoymur. Bu səbəbdən də, cavabdehin iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtinasını Azərbaycan Respublikası Mənzil Məcəllsinin 146.1-ci maddəsi ilə əsaslandırması qanuni və əsaslı sayıla bilməz. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: - mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; - mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; - yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; - özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Həm hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə, həm də keçmiş mənzil qanunvericiliyinin tələblərinə əsasən iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə mənzil hüququ mövcuddur. Bundan başqa, İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. «İnsan Hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin Dövlət qeydiyyatını, habeb Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın Dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin Dövlət qeydiyyatı üçün əsaslardan biri də, bu Qanun qüwəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərdir. Həmin Qanunun 8.0.11-ci maddəsinə görə isə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın ldək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsidir. Yuxarıda sadalanan qanun normalarının tələblərinə görə, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı olduğu halda, mülkiyyət hüququnun tanınması üçün başqa sənədlər (order, kirayə müqaviləsi və s.) tələb olunmur. Göründüyü kimi, iddiaçının qeyd edilən mənzil üzərində mülkiyyət hüququ yaransa da, cavabdeh xx.xx.2020-ci il tarixli, **********59 saylı imtina məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən sərəncamın xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsindən sonra verildiyinə istinad edərək imtina etmişdir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə imtinanı əsassız hesab edərək, ünvan 12 ünvanında 99 saylı mənzilə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bununla bağlı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməli olduğu nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 12 ünvanında yerləşən 99 saylı mənzilədair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3843/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3843/2020
21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver