Məhkəmə qərarları › İş №2-1(112)-3844/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3844/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3844/2022 27.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının vəkili X6, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşən 0.25 ha torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınmaqla bu barədə texniki pasportun və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Maştağa tərəvəzçilik südçülük sovxozunun 04 fevral 1964-cü il tarixli qaytanlanmış torpaq kitabında vətəndaşlara torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi verilmiş 121 siyahıda X2 adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa tərəvəzçilik sovxozu ünvanında yerləşən 0.25 ha torpaq sahəsi ayrılmışdır. ünvan inin 252 nömrəli, 09 mart 2021-ci il tarixli məktubuna əssasən X1 miras qalmış miras əmlaka dair 21 may 2011-ci il tarixində ölmüş mərhum X2 adına vərəsəlik işi açılmış və vərəsəlik işinin uçotu kitabında müvafiq qeydiyyat aparılmışdır. Qeyd olunan torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdehə müraciət edilmiş, **********25 nömrəli, 26 avqust 2021-ci iltarixli cavab məktubu ilə cavabdeh orqan müraciətini təmin etməkdən imtina etmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşən faktiki ölçüsü 0.2063 ha olan torpaq sahəsinə dair hüququn ölmüş şəxsə (X3) məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddiaya qarşı etiraz (münasibət) təqdim edilərək bildirilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən torpaq sahəsinə dair yerləşmə sxemi Abşeron rayon İcra Hakimiyyətinin baş memarı tərəfindən təsdiq edilmişdir. Həmçinin, torpaq sahəsinin ayrılmasına dair Maştağa tərəvəzçilik-subtropik sovxozu rəhbərinin əmri və arxiv arayışı təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********25 saylı, 26.08.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Yerli baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi sənəd üzrə 0.25 ha olsa da, faktiki 0.2063 ha-dır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı təqdim edilmiş etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normalarına əsasən hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş 236 saylı, 01.03.2021-ci il tarixli arxiv çıxarışından görünür ki, Maştağa tərəvəzçilik-südçülük sovxozunun qaytanlanmış torpaq kitabının 04 fevral 1964-cü il tarixli arxiv çıxarışına əsasən, Maştağa tərəvəzçilik-südçülük sovxozunun qaytanlanmış torpaq kitabında vətəndaşlara torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi verilmiş (121) siyahıda X2 adına 0.25 ha şəxsi istifadəsində olan həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri tərəfindən təsdiq edilmiş torpaq sahəsinin sxemindən görünür ki, Maştağa Tərəvəzçilik- Südçülük sovxozunun ərazisində yerləşən, fərdi yaşayış evinin tikintisi məqsədi ilə, X3 0.2063 ha ayrılmış torpaq sahəsinin sxemi təsdiq edilmiş, torpaq sahəsinin koordinatları göstərilmişdir. İşdə olan ünvan i tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 09 mart 2021-ci il tarixli, 252 nömrəli məktubdan görünür ki, X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 15 saylı notariat ofisinə vərəsəsi: oğlu – İddiaçı (etibarnamə əsasında X5) 09.03.2021-ci il tarixində müraciəti daxil olmuş və tərəflərindən vərəsəlik işi açılmışdır. Vərəsələrin müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, yaxud mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında 31.05.2021-ci il tarixində ölmüş mərhum X2 adına vərəsəlik işi açılmış və vərəsəlik işinin uçotu kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********25 nömrəli, 26.08.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, təqdim etdiyi torpaq sahəsinə dair yerləşmə sxemi Abşeron rayon İcra Hakimiyyətinin baş memarı tərəfindən təsdiq edilmişdir. Həmçinin, torpaq sahəsinin ayrılmasına dair Maştağa tərəvəzçilik-subtropik sovxozu rəhbərinin əmri və arxiv arayışı təqdim edilməmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 26 avqust 2021-ci il tarixli, **********25 nömrəli imtina məktubu verilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, işin hallarından görünür ki, Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş F-236 nömrəli, 01.03.2021-ci il tarixli arxiv çıxarışına əsasən, Maştağa tərəvəzçiliksüdçülük sovxozunun qaytanlanmış torpaq kitabında vətəndaşlara torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi verilmiş (121) siyahıda iddiaçının mərhum atası X2 adına 0.25 ha şəxsi istifadəsində olan həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı mərhum atasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 15 saylı Notariat Ofisinə müraciət etmiş, iddiaçının müraciəti ilə əlaqədar vərəslik işi açılmışdır. İddiaçı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş cavabdeh tərəfindən onun müraciətindən 26.08.2021-ci il tarixli, **********25 nömrəli məktubla imtina edilmişdir. İddiaçı hazırda atasına məxsus faktik ölçüsü 0.2063 ha olan torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Cavabdeh torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasından imtina cavabında və iddiaya qarşı öz mülahizəsində təqdim etdiyi torpaq sahəsinə dair yerləşmə sxeminin Abşeron rayon İcra Hakimiyyətinin baş memarı tərəfindən təsdiq edilməsinə, həmçinin torpaq sahəsinin ayrılmasına dair Maştağa tərəvəzçilik-subtropik sovxozu rəhbərinin əmri və arxiv arayışının təqdim edilməməsinə istinad etmişdir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndində 07 aprel 2022-ci il tarixli, 1655 nömrəli Azərbaycan Respublikas Prezidentinin Fərmanı ilə “Yaşayış” sözü “yaşayış” sözü ilə əvəz olunmuş, həmin bənddən “yaxud” sözü çıxarılmışdır və həmi bəndə “əmri” sözügedən sonra”, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış” sözləri əlavə edilmişdir. Göründüyü kimi, hazırda qüvvədə olan qanunvericiliyə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış nəzərdə tutulmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının mərhum atasının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmış hesab olunmalıdır. Cavabdehin digər dəlili olan iddiaçının təqdim etdiyi torpaq sahəsinə diar yerləşmə sxeminin Abşeron rayon İcra Hakimiyyətinin baş memarı tərəfindən təsdiq edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsi ayrıldığı dövrdə sözügeden torpaq sahəsi Abşeron rayonunun ərazisində olduğundan, həmin torpaq sahəsinin koordinatlarının verilməsinə səlahiyyətli orqanda Abşeron rayon İcra Hakimiyyəti olmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqındaarayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqındaarayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və mərhum X2 vərəsəsi İddiaçı torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Tərəvəzşçilik-Südçülük sovxozunun ərazisində yerləşən faktiki ölçüsü 0.2063 ha olan torpaq sahəsinə dair hüququn ölmüş şəxsə (X3) məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar