Məhkəmə qərarları › İş №2-1(112)-3846/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3846/2022

04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3846/2022 04.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0.1250 ha torpaq sahəsinin X1 adına qeydiyyata alınmaqla bu barədə texniki pasportun və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının müraciətindən imtina etmişdir. İddiaçı bildirir ki, həmin torpaq sahəsinin ona ayrılması və onun istifadəsində olması müvafiq qərar ilə təsdiqlənmiş, torpaq sahəsinin yeri yerləşmə cizgisi ilə müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, qeyd olunan torpaq sahəsi Bakı şəhəri inzibati ərazi hüdudlarında olsa da, təqdim edilmiş yerləşmə cizgisi Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş və həmin yerləşmə cizgisi səlahiyyəli şəxs tərəfindən imzalanmamışdır. Sözügedən cizgidə torpaq ayırlmasında dar istinad olunan sənədin verilməsi tarixi və nömrəsi ilə torpaq ayrılmasına dair təqdim edilmiş sənəddə qeyd olunan tarix və nömrə arasında fərq mövcuddur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, imtina məktubundan və etiraz ərizəsinin surətindən görünür ki, iddiaçının müraciətinə qiymət verilərkən cavabdeh imitna üçün 3 halı əsas götürülmüşdür.

1. Yerləşmə cizgisinin Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilməsi;

2. Yerləşmə cizgisində torpaq ayrılmasına istinad olunan sənədin verilmə tarixi və nömrəsi ilə təqdim olunan sənəddə qeyd olunan tarix və nömrə arasında fərqliliyin olması;

3. Yerləşmə cizgisinin səlahiyyətli şəxs tərəfindən imzalanmamasıdır. Məhkəmə tərəfindən araşdırmalı hal odur ki,mübahisə predmetini təşkil edən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüqlarının mövcud olub-olmaması müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1cı maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun): 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanınaverilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun:

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 12.1.Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır. 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

14. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında” Əsasnamənin;

1. Bu Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir.

2. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında payı olan subyektlərə düşən orta torpaq payı fiziki sahə (hektarla) və torpaq qayiməsi ilə müəyyən olunan torpaq dəyəri (manatla) formasında hesablanır.

7. Hər bir vətəndaşa (ailəyə) düşən torpaq payının sərhədini dövlət yerquruluşu xidməti yer üzərində göstərir, mərzlə ayırır, torpağa mülkiyyət hüququna dair müəyyən edilmiş formada sənədləri hazırlayır və 10 gün müddətində Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirildikdən sonra onlara təqdim edir. (25.05.2006-cı il tarixədək olan redaksiyası) Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında 25 may 2006-cı il tarixli 411 №-li Fərmanının 2.3-cü bəndi ilə həmin Fərmanla təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə”nin 7-ci bəndində “torpağa mülkiyyət hüququna dair müəyyən edilmiş formada sənədləri hazırlayır və 10 gün müddətində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində qeydiyyatdan keçirildikdən sonra” sözləri “qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə verilən torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayır və” sözləri ilə əvəz edilmişdir. Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Mühim olan arqumentlərdən biri odur ki, qanunvericilik fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqları əvəzsiz olaraq mülkiyyətçilərə verilməsini şərtləndirmiş, mənzil kimi xidmət edən daşınmaz əmlakın yerləşdiyi binanın altındakı torpaq sahəsinin isə ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərinə mənsubluğunu tanımışdır. Məhkəmə bildirir ki, dövlətə məxsus olan daşınmaz əmlakın istifadəsinə dair qəbul edilmiş akt daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsaslardan biri sayılır ki, bu əsas vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tənzimləyən Qanunun 8.0-ci maddəsinin əhatə dairəsinə düşmüşdür. Məhkəmə cavabdehin imtina üçün göstərdiyi birinci əsasa münasibət bildirir. Belə ki, iş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin arxivdən çıxarışdan görünür ki, Maştağa “Bolgaristan” tərəvəzçiliksüdçülük sovxozunun əmri ilə Abşeronjjm sovxoz istehsalat idarəsinin 01 mart 1965-ci il tarixli 74 №-li əmri əsasında sovxozun yerli fəhlə X2 yaşayış evi tikmək üçün 1250 kv.m həyətyani torpaq sahəsi verilmişdir. Doğrudur ki, sovxoz ərazisindən iddiaçıya ayrılmış torpaq sahəsi Abşeron rayonunun inzibati ərazi vahidliyinə aid ərazidə yerləşmədiyi halda (torpaq sahəsinin Abşeron ərazisində yerləşməməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi İdarəsinin məktubu ilə təsdiq olunmuşdur), həmin torpaq sahəsinin sxemi Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi tərəfindən tərtib olunmuşdur. Məhkəmə bununla bağlı diqqətə çatdırır ki, ümumiyyətlə vaxtı ilə qüvvədə olmuş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında” Əsasnamədəm görünür ki, hər bir vətəndaşa (ailəyə) düşən torpaq payının sərhədlərinin göstərilməsi, mərzlə ayrılması, torpağa mülkiyyət hüququna dair müəyyən edilmiş formada sənədlərinin hazırlanması dövlət yerquruluşu xidməti tərəfindən həyata keçirilirdi ki, həmin dövrdə dövlət yerquluşu xidmətinin keçirilməsi ilə bağlı səlahiyyət Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 1992-ci il tarixli 227 nömrəli Fərmanı ilə keçmiş Dövlət Torpaq Komitəsinin tabeçiliyinə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutuna məxsus idi. Məhkəmə bildirir ki, iddiaçıya torpaq sahəsi qanuni əsaslarla ayrılsa da, həmin dövrdə torpaq sahəsinə münasibətdə texniki tələblər dövlət yerquruluşu xidməti tərəfindən həyata keçirilməmişdir. Nəzərə alınmalıdır ki, yaranmış bu hal iddiaçının iradə ifadəsindən asılı olmayan haldır və bu hal iddiaçının qanuni əsaslar ilə yaranmış mülkiyyət hüquqlarının reallaşdırılmasından məhrum etməməlidir. Belə ki, məhkəmə icraatı zamanı Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sorğuya cavab məktubundan məlum olmuşdur ki, 1963-cü ildə Abşeron rayonu təşkil edilərkən Bakı şəhərinin inzibati ərazisinə yaradılmış 17 sovxoz, o cümlədən “Bolqaristan” tərəvəzçilik-südçülük sovxozunun daimi istifadəsinə verilmiş torpaq sahələri Abşeron rayonunun idarəçiliyinə verilmiş, həmin sovxozlarda işləmiş fəhlə və qulluqçulara fərdi məqsədlər üçün sovxozun ərazi ilə ayrılmış torpaq sahələri sonradan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 saylı Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 saylı Sərəncamı qəbul edilənədək “Bolqaristan” tərəvəzçilik-südçülük sovxozuna təhkim olunmuş dövlət torpağları ilə bağlı idarəçilik Abşeron rayon İcra Hakimiyyətində olmuşdur. Belə olan halda Məhkəmə hesab edir ki, torpaq sahəsinə sxemin Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilməsi iddiaçının müraciətinin təmin olunmamasına əsas vermir. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, hazırki mübahisə üzrə hətta torpaq sahəsinin yerləşmə cizgisi olmasa idi belə, iddiaçıya qanuni əsaslar ilə ayrılmış torpaq sahəsi üzrə naturada yerin və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin səlahiyyətindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri – kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirdikdə mərzçəkmə işləri aparılır. İmtinanın ikinci hissəsinə münasibətdə Məhkəmə bildirir ki, təkzib olunmaz haldır ki iddiaçının məhkəmə icraatı zamanı təqdim etdiyi “Bolqarıstan” südçülük-tərəvəzçilik sovxozunun əmrdən çıxarış ilə Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş əmrdən çıxarışda əmrin tarixi və nömrəsi ilə bağlı ziddiyyətli məqamlar olmuşdur. Nəzərə alınmalıdır ki, özü özlüyündə bu halın mövcudluğu imtina üçün səbəb ola bilməz. Belə ki, “Bolqarıstan” südçülük-sovxozu tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması mübahisələndirilməyən bir haldır. Cavabdeh ümumiyyətlə imtinada torpaq sahəsinin iddiaçıya ayrılıb-ayrılmamasını mübahisələndirməmiş, əksinə yerləşmə cizgisinin səlahiyyətili orqan tərəfindən verilməməsi bildirərək dolayisi yol ilə torpaq sahəsinin iddiaçıya ayrılmasını qəbul etmişdir. Məhkəmə diqqətə çatdırır ki, cavabdehin irəli sürdüyü ikinci əsas yalnız o zaman əhəmiyyət daşıyardı ki, əgər həqiqətən də iddiaçıya torpaq sahəsinin ayrılıb-ayrılmamasını müəyyən etmək mümkün olmasınMəhkəmə hesab edir ki, cavabdehin irəli sürdüyü bu dəlil mübahisənin həllində əhəmiyyət kəsb etmir. İmtinanın üçüncü hissəsinə münasibətdə Məhkəmə diqqətə çatdırır ki, cavabdeh torpaq sahəsinin sxeminin (yerləşmə cizgisini) səlahiyyətli şəxs tərəfindən imzalanmadığı ilə bağlı mülahizələr irəli sürsə də, “səlahiyyətli şəxs” adı altında inzibati orqanın hansı strukturunu və ya əməkdaşını nəzərdə tutduğunu təsvir etməmişdir. Məhkəmə qeyd edir ki, yerləşmə cizgisi ilə bağlı imtinanın birinci hissəsinə qiymət verilərkən ətraflı münasibət bildirilmiş və yeləşmə cizgisinin səlahiyyətli orqan tərəfindən verildiyi qənaətinə gəlinmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, cavabdehin irəli sürdüyü bu dəlil də hər hansı mötəbər əsasa söykənmir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. İnventarlaşdırma işlərinin aparılması nəticəsində daşınmaz əmlakın texniki pasportu tərtib edilir. Beləliklə, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqları təsdiq olunduğundan, həmçinin əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsi Əsasnaməyə görə cavabdeh inzibati orqanın vəzifəsi olduğundan, hazırki iddia tələbi texniki pasportun verilməsi hissəsində də təmin olunmalıdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0.1250 ha torpaq sahəsi qanuni əsaslar ilə iddiaçıya ayrıldığından, iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olmuşdur. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0.1250 ha torpaq sahəsinin X1 adına qeydiyyata alınmaqla bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar