Məhkəmə qərarları › İş №2-1(112)-3846/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3846/2023

26.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3846/2023 26.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 26 may 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) 4.12.1960-cı il təvəllüdlür. İddiaçı 01 sentyabr 1978-ci il tarixində 54 №-li Texniki Peşə Məktəbinin (sonrakı 6 №li Bakı Peşə Liseyi, indiki Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi) kran maşinisti ixtisasına qəbul olmuş və həmin məktəbi 20 iyun 1979-cu il tarixində bitirmişdir. İddiaçı xx.xx.1986-cı il, 354r saylı əmrlə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “İnşaat” fakültəsinin əyani şöbəsinə qəbul olmuş, (qr.236a2). xx.xx.1991-ci il, 227 u/p saylı əmrlə Azərbaycan İnşaat Mühəndisləri İnstitunun “İnşaat” fakültəsinin “Sənaye və mülki tikinti” ixtisası üzrə əyani şöbənin tam kursunu bitirmiş və Dövlət İmtahan Komissiyasının 29 iyul 1991-ci il tarixli qərarı ilə ona “İnşaatçı-mühəndis” ixtisası verilmişdir. Diplom УВ-İ № 123683, qeydiyyat № 342. ИТ-İ 195661 nömrəli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1979-cu ildə Az. SSR Sənaye Tikinti Nazirliyinin “Sənaye Tikinti Mexanizasiya” Trestinin TQİ-3 Qüllə kranın 4-cü dərəcəli maşinistin stajoru kimi qəbul edilmişdir. xx.xx.1979-cu ildə Qüllə kranın 4-cü dərəcəli maşinisti kimi qəbul edilmişdir. xx.xx.1979-cu ildə Sovet ordusuna çağırışla bağlı işdən azad edilmişdir. xx.xx.1979xx.xx.1982-ci illərdə Sovet ordusunda xidmət etmişdir. xx.xx.1982-ci ildə 4-cü dərəcəli kran maşinisti köməkçisi kimi qəbul edilmişdir. xx.xx.1982-ci ildə kranın 5-ci dərəcəli maşinistin stajoru kimi qəbul edilmişdir. .12.1982-cu ildə kranın 6-cı dərəcəli maşinisti keçirilmişdir. xx.xx.1986-cı il tarixdə Ali Təhsil Müəssisəsinə qəbul olması ilə bağlı işdən azad olunmuşdur. xx.xx.1991-ci il tarixdə “Xəzərdənizneftsosial tikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə iş ustası vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1992-ci ildə həmin idarədə iş icraçısı vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikasının İqtisadi X5 Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli 92 saylı Sərəncamına əsasən “Xəzərdəniz neftsosialtikinti” trestinin və onun struktur bölmələrinin bazasında "xxxx" ASC yaradılmışdır. xx.xx.2005-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. İddiaçı xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli məktublarla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş "xxxx" ASCnin iddiaçıya dair 6 yanvar 2021-ci il tarixli 01/01 nömrəli və 15 sentyabr 2022-ci il tarixli 01/97 nömrəli arayışlarında xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində 2 saylı Tikinti Quraşdırma İdarəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri "xxxx" ASC-də çoxsaylı yoxlamalarda olmuş və müəssisənin xx.xx.1995-ci il tarixindən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az (16 il 8 ay 19 gün (xx.xx.1979-xx.xx.1979-cu il, xx.xx.1979xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.1991-xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər və 2007-2020-ci il tarixləri arasındakı dövr üzrə cəmi 6 il 6 ay)), güzəştli iş stajı isə 12 il 6 aydan az (2 il 9 ay 29 gün (xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Belə ki, 2007-2020-ci illərdə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə 87 ay (2010-cu il üzrə, 2011-ci ilin 11 ayı üzrə, 2014-cü ilin 1 ayı üzrə, 2015-ci ilin 7 ayı üzrə, 2016-cı ilin 11 ayı üzrə, 2017-2019-cu illər üzrə və 2020-ci ilin 9 ayı üzrə) sığorta ödənişi öz əksini tapmamışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşından, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ümumi iş stajı 25 ildən çox, güzəştli iş stajı isə 13 il, 06 ay, 12 gün təşkil edir. İşlədiyi vəzifə (sahə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarının kod 22900000, XXVİİ bəndinin (“Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”) b yarımbəndindəki (kod 2290000b) Rəhbərlər və mütəxəssislər, 22900000-24441 iş icraçıları vəzifələri eynidir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 01/97 nömrəli xx.xx.2022-ci il tarixli arayışında qeyd edilir ki, 2010-cu il il tarixdə trestin inzibati binası satıldıqdan sonra mühasibat sənədləri həmin binada qalmış və yeni mülkiyyətçi tərəfindən mühasibat sənədləri atılmışdır. Lakin iddiaçıya məxsus əmək kitabçasının dublikatı xx.xx.2020-ci il tarixdə açılmışdır. Göründüyü kimi iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi əmək kitabçasının surətindən məlum olur ki, sözügedən əmək kitabçası sonradan doldurulmuşdur. Beləliklə: 1. Sözügedən əmək kitabçasının hansı sənədlər əsasında doldurulması məlum olmaması; 2. Həmçinin müəssisənin mövcudluğu vətəndaşın həmin müəssisədə işləməsi faktını sübut etməməsi səbəbindən vətəndaşın məhkəməyə təqdim etdiyi yeganə sübut olan əmək kitabçası mötəbər sübut kimi qiymətləndirilə bilməz. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə“müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı 4.12.1960-ci ildə doğulmuş, onun 57 yaşı 4.12.2017-ci il tarixdə tamam olmuşdur. İddiaçının hərbi xidmət dövrü və təhsil illəri də nəzərə alınmaqla yuxarıda qeyd edilən peşələrdə ümumi iş stajı 25 ildən çoxdur. Belə ki, iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Texniki Peşə Məktəbində, (9 ay 20 gün), xx.xx.1986-cı ildən xx.xx.1991-ci ilədək Azərbaycan İnşaat Mühəndisləri İnstitunun “İnşaat” fakültəsinin “Sənaye və mülki tikinti“ ixtisası üzrə əyani şöbəsində Ali Təhsil almışdır (4 il, 11 ay, 7 gün). xx.xx.1979-xx.xx.1982-ci illərdə Sovet ordusunda xidmət etmişdir (2 il, 1 ay, 18 gün). xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək Az. SSR Sənaye Tikinti Nazirliyinin “Sənaye Tikinti Mexanizasiya” Trestinin TQİ-3 müəssisəsində çalışmışdır (2 ay,10 gün). xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilədək həmin müəssisədə müxtəlif vəzifələrdə çalımışdır (4 il, 6 ay, 5 gün); xx.xx.1991-ci ildən xx.xx.2005-ci ilədək “Xəzərdənizneftsosial tikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində (sonradan müəssisə "xxxx" ASC adlandırılmışdır) çalışmışdır (14 il, 14 ay, 11 gün). Beləliklə iddiaçının təhsil müddəti, hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun ümumi iş stajı 26 il, 8 ay, 11 gün təşkil edir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən iddiaçının işlədiyi "xxxx" ASC-nin xx.xx.1995-ci il tarixindən sonra fəaliyyətdə olmadığını bildirmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 28 fevral 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Xəzər dəniz neft sosial tikinti tresti (2003-cü ildən "xxxx" Açıq Səhmdar Cəmiyyəti) 05 iyun 1996-cı il tarixindən qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 27 fevral 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 92 nömrəli sərəncamı ilə Dövlət Neft Şirkətinin tabeliyində olmuş “Xəzərdənizneftsosial tikinti” trestinin bazasında "xxxx" açıq səhmdar cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2004-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 23 fevral 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN **********) hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 18, qanuni təmsilçisi (rəhbəri) X3r. Cavabdehin etirazının dəlilinə qiymət verərək məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Xəzərdənizneftsosial tikinti” trestinin bazasında yaradılmışdır. İddiaçının əmək kitabçası məlumatlarına əsasən o, xx.xx.1995-ci ildə Xəzər dəniz neft sosial tikinti trestində işləmiş, həmin müəssisə “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 92 nömrəli sərəncamı ilə Dövlət Neft Şirkətinin tabeliyində olmuş “Xəzərdənizneftsosial tikinti” trestinin bazasında "xxxx" açıq səhmdar cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2004-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Göründüyü kimi, cavabdehin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.1995-ci il tarixindən sonra fəaliyyətdə olmaması barədə dəlili əsassızdır. Bundan başqa xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Həmin Əsasnamənin 27-ci bəndinə əsasən ümumi iş stajına aid sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər aşağıdakı iş dövrü üzrə əmək stajına əsas kimi qəbul edilir. Məhkəmə qeyd edir ki, iddiaçının həmin müəssisədə işləməsi barədə əmək kitabçasında qeydlər aparılmış, həmin qeydlər təsdiqlənmişdir. Əmək kitabçasında həmin qeydlərin olmaması, natamam olmaması, yaxud iş dövrü barədə qeydlərin düzgün və dəqiq olmaması ilə bağlı hallar müəyyən edilmir. Buna görə də məhkəmə hesab edir ki, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən həmin inzibati orqanın yalnız mülahizələrə əsaslanan bu imtinası əsaslı sayıla bilməz. Bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, istinad olunanlara əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı olduğundan, o birinci tələbi ödəyir. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “kod 22900000 Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölmə XXVİİ, 2290000a a)fəhlələr, 2290000b—23419 (yeni tikinti və quraşdırma işlərinin ustaları) 2290000b— 24441 - iş icraçıları vəzifələri yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1960-cı ildə anadan olmuş, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.2005-ci ilə kimi “Xəzərdənizneftsosialtikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində iş icraçısı vəzifəsində işləmişdir. İşlədiyi vəzifə (sahə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarının kod 22900000, XXVİİ bəndinin (“Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”) b yarımbəndindəki (kod 2290000b) Rəhbərlər və mütəxəssislər, 22900000-24441 iş icraçıları vəzifələri ilə eynidir... Qeyd: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin 31 mart 2003-cü il tarixli 92 saylı Sərəncamına əsasən “Xəzərdənizneftsosialtikinti” trestinin və onun struktur bölməsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 06 aydan artıq (13 il, 6 ay, 14 gün) təşkil edir. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsi iş yerinin arayışı ilə təsdiq edilir. Həmin arayışa əsasən iddiaçının xx.xx.2006-cı il tarixə 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli) iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. Məhkəmə pensiyanın təyin edilmə və ödənilmə tarixi ilə bağlı qeyd edir ki, Əmək Pensiyaları haqqında Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 57 yaşdan, yəni 4.12.2017-ci il tarixdən yaranıb. Lakin iddiaçının ona əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə ilkin müraciəti xx.xx.2021-ci il tarixdə olmuşdur. Ona görə də, Qanunun 32.1-1-ci maddəsinin tələbinə əsasən iddiaçıya cavabdeh orqana müraciət etdiyi tarixdən əvvəlki üç il nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən pensiya ödənilməlidir. Məhz bu səbəbdən də iddiaçının iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı 4.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən hesablanıb ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar