Məhkəmə qərarları › İş №2-1(112)-3848/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3848/2021

08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3848/2021 08.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə dair reyestrdən çıxarışın verilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə dair reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa edilmiş bina 8, blok 1, 2 otaqdan ibarət ümumi sahəsi 82,11 kv.m olan 106 saylı (hazırda 127 saylı) mənzili kreditlə “X3 Korporasiyası” ASC-dən almışdır. Həmin kredit müqaviləsi üzrə borcu tam ödəsə də, ASC ilə onun arasında illərlə məhkəmə mübahisəsi davam etmişdir. “X3 Korporasiyası” ASC ilk əvvəl məhkəməyə müraciət edərək, müqavilənin ləğv edilməsini və mənzilin boşaldılaraq təhvil verilməsini xahiş etmiş, Bakı şəhəri Sabunçu Rayon məhkəməsinin 08.7.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Sonradan hazırkı iddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 03.02.2016-cı il tarixli qətnaməsi ilə birinci instansiyta məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.07.2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 03.02.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra isə, “X3 Korporasiyası” ASC məhkəməyə müraciət edərək, ondan (iddiaçıdan) 28.165,83 manat məbləöində pul vəsaitinin və 30 manat tutulması barədə müraciət etmiş, Yevlax Rayon Məhkəməsinin 20 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ilə onun (iddiaçının) şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.09.2019-cu il tarixli qərarı ilə 16 may 2019-cu i tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda isə, “X3 Korporasiyası” ASC mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışını verdiyi üçün DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmək məcburiyyəti yaranmışdır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi 25.12.2020-ci il tarixli məktubla reyestrdən çıxarışın verilməsindən imtina etmişdir. İmtinaya əsas kimi hüquq müəyyənedici sənədlərin təqdim edilməməsi, həmçinin AR Ali Məhkəməsinin 13.09.2019-cü il tarixli qərarının İdarəyə göntərilməməsi göpstərilmişdir, halbuki, həmin qərarın surəti iddiaçı tərəfindən göndərilmişdir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.1 – 8.0.12-ci,, 11.1-ci, 11.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsaslanaraq, İPM-in 2.2.3-cü və digər maddələrinn tələblərini rəhbər tutaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa edilmiş bina 8, blok 1, 2 otaqdan ibarət ümumi sahəsi 82,11 kv.m olan 106 (hazırda 127) saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliynin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunuir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamına uyğun olaraq cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda aşağıdakılar qeyd olunur: - İddiaçı iddiası etirazla qarşılanır. Bakı şəhəri, Sabunçu qəsəbəsi, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 8 saylı evin 106 saylı mənzilinə dair İddiaçı adına «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyən edici sənədlər (notarial qaydada təssdiq edilmiş alqı-satqı müqaviləsi) təqdim edilməmişdir. Belə ki, sözügedən mənzil "xxxx" ASC-nin adına qeydiyyatdan keçdikdən sonra təqdim ediləcək alqı-satqı müqaviləsi əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıla bilər. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci, 146.3-cü maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.3-cü, 8.0.6-cü, 8.0.9-cü, 8.0.10-cu, 10-cu maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazın məzmuna uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və daşınmaz əmlak barəsində notarial qaydada təsdiq edilmiş müavilələri həmin əsaslardan biri kimi nəzərdə tutur. Hazırkı işin hallarına görə isə, iddiaçı müvafiq mənzilə dair onunla "xxxx" ASC arasında bağlanmış müqaviləni təqdim etsə də, həmin müqavilə notarial qaydada təsdiqlənməmişdir. İş materiallarında olan isə, onun notarial qaydada təsdiqlənmiş surətidir. Nəzərə alınmalıdır ki, AR Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Mülki qanunvericiliyin sadalanan müddəalarını işin faktiki hallarına tətbiq etdikdə məhkəmə hesab edir ki, hazırkı iddiaçının təqdim etdiyi 28 fevral 2012-ci il tarixli “mənzilin alqı-satqısı müqaviləsi” notaral qaydada təsdiqlənmədiyindən, bağlanmış sayıla bilməz. Məhkəmə qeyd edilən halla əlaqədar olan başqa bir xüsusatı da vurğulayır ki, Bu xüsusat ondan ibarətdir ki, hazırkı inzibati mübahisənin obyekti olan mənzilin satıcısı kimi çıxış edən "xxxx" ASC-nin həmin mənzil üzərinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, ASC Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələblərinə görə sözügedən əmlakla bağlı sərəncam vermək hüququna malik deyil. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi haqlı olaraq mənzillə bağlı müvafiq hüquq müəyyənedici sənədlərin təqdim olunmaması və mənzilin "xxxx" ASC-nin adına qeydiyyatdan keçməməsi əsası ilə iddiaçının qaldırdığı məsələnin həllindən imtina etmişdir. Cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə dair reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə dair reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar