Məhkəmə qərarları › İş №2-1(112)-385/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-385/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-385/2023 02.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********144200 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra - Cəmiyyət) xx.xx.2021-ci il tarixli şikayətində kameral vergi yoxlamasının nəticəsi ilə razı olmadığını bildirərək, 2019cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Cəmiyyət xx.xx.2016-cı il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, əsas fəaliyyət növünün “digər qruplara daxil edilməyən təhsil sahəsində sair fəaliyyət” olduğu göstərilmişdir. Kameral vergi yoxlaması ilə araşdırma zamanı cəmiyyət tərəfindən xx.xx.2020-ci il tarixdə hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin Hesablama metodu ilə təqdim etdiyi bəyannamədə müqayisə nəticəsində baza məlumatlarına əsasən 3600,0 (494507,47 - 490907,47) manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edildiyi bildirilmişdir. Eyni zamanda həmin bəyannamədə göstərilmiş gəlir məbləğinin 8766,00 (649739,30 - 640973,30) manat az əks etdirildiyi bildirilmiş və əvvəlki illər üzrə zərər kameral vergi yoxlaması ilə 31502,20 manat hesablanmışdır. Halbuki, cəmiyyət xx.xx.2020-ci il tarixində mənfəət vergisi bəyannaməsinə dəqiqləşmiş bəyannamə təqdim edilməklə 238-ci sətirdə zərər 201321,79 manat göstərilmişdir və vergi orqanı tərəfindən artırılmış zərər nəzərə alınmayaraq xx.xx.2020-ci il tarixli **********256300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmuşdur. Beləliklə kameral vergi yoxlaması ilə hesablanmış məbləğlər əsas götürülərək 2019-cu il üçün 24475,73 manat mənfəət vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********100000 nömrəli Qərar qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixdə 2019-cu il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, lakin vergi orqanı “uyğunsuzluqlar” aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması aparılaraq 24475,73 manat mənfəət vergisi hesablanaraq xx.xx.2021-ci il tarixli **********144200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmuşdur. Aşağıdakı əsasları nəzərə alaraq iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********144200 nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini tələb edir: 1) İlk əvvəl ifadə edilməlidir ki, vergi şəxslərin əldə etmiş olduqları mənfəətlərdən tutulur. Şəxs hər hansı mənfəət və ya dəyərləri əldə etməmişdirsə, hər hansı vergi ödəməsi də mümkün değildir. Bu verginin ruhuna, məqsədinə ziddir. Belə ki, bəzilərini vergi orqanına təqdim etdiyi müqavilələrdən də göründüyü kimi müəssisə BP, Britaniya Səfirliyi, Beynəlxalq Miqrasiya kimi beynəlxalq təşkilatların ölkəmizdə həyata keçirdikləri mənfəətsiz (sosial) layihələri icra etməkdədir. Misal üçün BP-Təhsil Nazirliyi-Beynəlxalq Təlim və Layihə Mərkəzinin birlikdə etdikləri müəllimlərin səviyyələrinin yüksəldilməsi və ya Britaniya Səfirliyinin dəstəyi ilə əlil vətəndaşların cəmiyyətə qazandırılması kimi layihələrdən ibarətdir. AR Vergilər Məcəlləsi (bundan sonra VM) 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Cəmiyyəti müqavilə əsasında iş gördüyü üçün gəlir almaq hüququnun əldə edildiyi vaxt xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtdır. Necə ki, VM 135.2ci maddəsinə əsasən “vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır.” Xərclərlə bağlı qeyd edilməlidir ki, Cəmiyyət müqavilə əsasında iş gördüyü üçün, VM 136-cı maddəsinə əsasən vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul etmiş, maliyyə öhdəliklərinin məbləği dəqiq müəyyənləşdirilmiş, tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmiş, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödəniləcəyi qərarlaşdırılmışdırsa, xərcin çəkilməsi barədə öhdəliyin yaranmış sayılır. 2) Digər tərəfdən, layihələrin əksəriyyəti uzun müddətlidir. VM 138.2-ci maddəsinə əsasən vergi ödəyicisi hesablama metodu ilə uçot aparırsa, uzun müddətli müqavilələrlə bağlı gəlir və bu gəlirdən çıxılan məbləğlər vergi ili ərzində müqavilələrin yerinə yetirilməsinin faktiki həcmlərinə uyğun olaraq uçota alınır.". VM 138.3-cü maddəsinə görə “müqavilənin yerinə yetirilməsinin faktiki həcmi vergi ili ərzində çəkilmiş xərcin həmin müqavilədə nəzərdə tutulan ümumi qiymətləndirilən xərclərlə müqayisə edilməsi yolu ilə müəyyənləşdirilir." Bu baxımdan uzun müddətli müqavilələr üzrə verginin hesablama metodu ilə müəyyən edilməsi zamanı, vergi ili ərzində çəkilməmiş xərclərin bütün müqavilə üzrə xərclərə nisbətində, həmin vergi ili üçün gəlir müəyyən edilərək vergi tutulmalıdır. Bu baxımdan xərclənməyən xərcin nisbətinə girən gəlirlərin, yəni həmin vergi ilinə aid olmayan gəlirlərin vergi tutulmasında hesablanmasına yol verilmir. Cari vergi ilində qaiməsi mövcud və ödənmiş olsa da sonraki vergi ilinə aid olan gəlir vəya xərclər, cari il üçün gəlir və ya xərc olaraq hesablana bilməz, vergi tutulmasında nəzərə alma bilməz. Bu cəhətdən sonrakı il üzrə xərclənəcək məbləğə aid olan gəlirin vergi tutulmasında hesablanması qanunsuzdur. Faktiki il üzrə gəlir, mənfəət olmadan verginin hesablanmasıdır. Bu əsaslar nəzərə alınmaqla, cəmiyyətin 2019-cu il üçün olan vergi məbləği hesablanmalıdır, bu baxımdan sözügedən qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. 3). Keçmiş illər zərərləri ilə bağlı VM 121.1-ci maddəsinə əsasən “müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir." Bütün elektron qaimələrimiz mövcud olduğu halda, keçmiş illər zərərləri xərclər qismində vergi hesablanmasında nəzərə alınmalı, sözügedən qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Cavabdeh xx.xx.2021-ci il tarixdə iddianın mümkün sayılmaması barədə vəsatət təqdim edərək göstərmişdir ki, iddiaçı ilə vergi orqanı arasında bağlanmış xx.xx.2016-cı il tarixli elektron sənəd mübadiləsi haqqında müqaviləyə əsasən vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin elektron qaydada göndərilməsi həyata keçirilir. Vergi borcunun yaranmasına səbəb olan qərar vergi ödəyicisinə elektron üsulla göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə oxunmuşdur. Vergi ödəyicisi tərəfindən həmin qərarın ləğv edilməsi üçün iddia müddəti buraxılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə təqdim edərək göstərmişdir ki, qoşmadan da göründüyü kimi mübahisələndirilən qərar sistemə rəsmi qaydada yerləşdirilməmişdir. Sistemə yerləşdirilmiş qərar imzasız və möhürsüz bir sənəddir. Sistemə yerləşdirilmiş sənəd imzalı və möhürlü qərarın skan edilmiş versiyası da deyildir. Beləliklə, imzasız, möhürsüz və gücləndirilmiş elektron imzası olmadan sistemə yerləşdirilmiş sənəddən verdikləri şikayətdən əslində iddia müddətini ötürməmişdir. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən “Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir”. Gücləndirilmiş elektron imza isə həmin qanunun 1.1.5-ci maddəsinə əsasən “Gücləndirilmiş elektron imza (bundan sonra-gücləndirilmiş imza)- imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza”dır. Lakin məhkəmə müddətin ötürüldüyü qənaətinə gəlirsə, iddia müddətinin bərpa edilməsi məhkəmədən xahiş edilir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-9358/2021 nömrəli qərardadı ilə İddiaçı MMC-nin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin olunmamış, iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)- 1223/2022 nömrəli qərardadı ilə İddiaçı MMC-nin apellyasiya şəkayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-9358/2021 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında idddiaçının vəkili iddia tələbinin dəqiqləşdirməsinə dair ərizə təqdim edərək “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********346300 nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini” məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 385/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında idddiaçının vəkili iddia tələbinin dəqiqləşdirməsinə dair ərizə təqdim edərək “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********346300 nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini” məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-385/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, AR Vergilər Məcəlləsi (bundan sonra VM) 134-cü maddəsinə əsasən “hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır". Cəmiyyət müqavilə əsasında iş gördüyü üçün gəlir almaq hüququnun əldə edildiyi vaxt xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtdır. Keçmiş illər zərərləri ilə bağlı VM 121.1-ci maddəsinə əsasən müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir” Bütün elektron qaimələrimiz mövcud olduğu halda, keçmiş illər zərərləri xərclər qismində vergi hesablanmasında nəzərə alınmalı, sözü gedən qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İlk öncə iddiaçının iddia ərizəsində qeyd etdikləri ilə bağlı bildirilir ki, İddiaçınə (VÖEN: **********) 2019-cu il mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergilərin tərkibi araşdırılmışdır. Kameral vergi yoxlaması ilə araşdırma zamanı cəmiyyət tərəfindən xx.xx.2020-ci il tarixdə hesablama metodu ilə təqdim etdiyi bəyannamənin “Xammal və materiallar” (221.3- cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri" (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər" (226-cı) , "Nəqliyyat xərcləri" (229cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (494507.47 manat), əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (490907.47 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal- materialların (0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş "Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (490907 47 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0.00 manat) çıxılması nəticəsində yaranan (490907.47 manat) məbləğin müqayisəsi nəticəsində 3600,00 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Eyni zamanda hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) və 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 640973.30 manat gəlir məbləği hesabat dövrü ərzində online kassa aparatı ilə müəyyən edilən ( 0.00 manat), ixrac edilmiş ( 0.00 manat) və təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) ( 649739.30 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 649739,30 manat məbləğdən 8766,00 manat az əks etdirilmişdir. Bununla yanaşı mənfəət vergisi bəyannaməsinin 239-cu (Keçmiş illərin çıxılası zərəri) sətirindəki 141514,84 manat məbləği (Uyğun olaraq 2018 il 141514.84 manat;) əvvəlki illərdə təqdim edilən bəyannamələrə və ya səyyar vergi yoxlama aktlarının nəticələri ilə (Uyğun olaraq 2018 il 31502.20 manat;) fərqli olduğu üçün kənarlaşma aşkar edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********487300 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün, həmçinin 2018-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin 238-ci (Zərər) sətrində kameral vergi yoxlaması ilə müəyyən edilən 31502,20 manat nəzərə alınmaqla Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən 2019-cu il üçün 24475,73 manat mənfəət vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********632900 nömrəli Qərar qəbul olunmuşdur. Hesablamanın ətraflı araşdırılması məqsədilə Dövlət Vergi Xidməti tərəfindən cəmiyyətə “Sənədlərin təqdim edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********504400 nömrəli məktub göndərilərək 2017-2019-cu illər üzrə vergi tutulan dövriyyənin həcminə və məzmununa dair sənədləri (olduğu halda: alınmış və təqdim edilmiş malların (işlərin, xidmətlərin) tərkibi, icarə müqavilələrini, alqı-satqı müqavilələrini, kassa mədaxil-məxaric sənədlərini, bank hesablarından çıxarışı (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), bank ödəniş tapşırıqlarını (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), müqavilələr, üzləşmə aktı, debitor-kreditor borcları barədə təsdiqedici sənədləri, ləğv edilmiş elektron vergi-hesab fakturaları və elektron qaimə-fakturaları ilə bağlı aparılmış əməliyyatlara dair açıqlama və təsdiqedici sənədləri (aylar üzrə ayrı-ayrılıqda olmaqla), araşdırılan dövr üzrə aparılmış əməliyyatlara dair açıqlama və təsdiqedici sənədləri, ƏDV-nin depozit hesabı və bank hesabları vasitəsilə aparılmış əməliyyatlara dair sənəd və məlumatları, cəlb edilmiş işçi sayı barədə məlumat, təhvil-təslim aktları, qaimə-fakturaları, nağd ödənişlər zamanı tərtib edilmiş digər sənədlər və s), həmçinin bəyannamələrin gəlirlər və xərclər hissəsində göstərilmiş məlumatların açıqlamasını və müvafiq təsdiqedici sənədləri, bəyannamələrin 1 nömrəli əlavəsində qeyd olunmuş məbləğlər barədə açıqlamaları (aktivlərin və passivlərin hərəkət cədvəli-dövriyyə cədvəli) və araşdırma üçün zəruri hesab edildiyi digər sənədlərin xx.xx.2021-ci il tarixədək mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq elektron kargüzarlıq vasitəsilə təqdim edilməsinin bildirilməsinə baxmayaraq, təsdiqedici sənədlər və izahat vergi ödəyicisi tərəfindən tam təqdim edilməmişdir. Bundan sonra kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması ilə əlaqədar məsələnin birgə araşdırılması məqsədilə “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə”xx.xx.2021-ci il tarixli **********874100 nömrəli məktub göndərilərək, xx.xx.2021-ci il tarixdə, saat 16 00 üçün şəxsən və ya səlahiyyətli nümayəndəsi (vəkili) vasitəsilə Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə dəvət olunmuş, lakin müəyyən edilmiş vaxtda Cəmiyyətin rəhbəri (səlahiyyətli nümayəndəsi və ya vəkili) Dövlət Vergi Xidmətinə gəlməmişdir. Beləliklə, vergi ödəyicisinə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləği ilə əlaqədar məsələnin onun iştirakı ilə birgə araşdırılması mümkün olmamışdır. Vergi ödəyicisi müraciətində mənfəətsiz (sosial) layihələrdə (X1, Beynəlxalq Miqrasiya təşkilatların həyata keçirdikləri sosial layihələr) iştirak etdiklərini, BP EKSPLOREYŞN (KASPİAN Sİ) LİMİTED ŞİRKƏTİNİN Azərbaycan Respublikasındakı nümayəndəliyi, Azərbaycan Republikası Təhsil Nazirliyinin və İddiaçı birgə layihəsi üzrə müəllimlərin bilik səviyyələrinin yüksəldilməsi üçün fəaliyyət göstərdiklərini, gəlir əldə etmədiklərini, pandemiya şəraiti ilə əlaqədar təlim mərkəzinin layihələrin bəzilərinin yarımçıq qaldığını qeyd edərək hesablanmış vergi məbləğinin azaldılması xahiş edilmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2019-cu ilin hesabat dövrləri üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrində ümumi dövriyyənin 640973,3 manat (o cümlədən ƏDV-yə sıfır dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə 572373,3 manat), 2019-cu il üçün xx.xx.2020-ci il tarixdə hesablama metodu ilə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin 200.2-ci (işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətrində 640973,3 manat, bəyannamənin hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər bölməsində cəmi xərclərin 499 458,46 manat (o cümlədən əmək haqqı və onabərabər tutulan ödəmələr üzrə 3790,0 manat, sosial sığorta haqları 738,05 manat, bank xidmətləri üzrə xərclər 422,94 manat, biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 494 507,47 manat, vergitutma məqsədləri üçün 141514,84 manat mənfəət və bu mənfəət hesabına konpensasiya edilən keçmiş illərin 141514,84 manat zərər bəyan edildiyi müəyyən edildi. Araşdırma ilə vergi ödəyicisi tərəfindən 2019-cu il ərzində elektron qaimə-fakturalar əsasında 490907,47 manat dəyərində (İT exspert xidməti, mühasibat xidməti,menecer xidməti, yardımçı texniki xidmətlər, icarə,katerinq xidmətləri və sair) olmaqla xidmətlər aldığı, mənfəət hesabına konpensasiya edilən keçmiş illərin zərərinin 141514,84 manat deyil, əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrindən yalnız 2018- ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində kameral vergi yoxlamasının nəticəsi üzrə təsdiqlənmiş 31502,2 manat zərərin olduğu müəyyən edilmişdir. Göründüyü kimi vergi ödəyicinin 2019-cu il üçün təqdim etdiyi dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin 221.15-ci (Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər) sətrində bəyan etdiyi 494 507,47 manat xərc məbləği elektron qaiməfakturalar əsasında alınmış 490907,47 manat (ƏDV-sız) xidmətlərin dəyərindən 3600,0 manat çox əks etdirilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən 2019-cu il ərzində elektron qaimə-fakturalara əsasən ümumilikdə 649739,3 manat (ƏDV-siz) dəyərində iş və xidmətlər təqdim etmişdir. Bu iş və xidmətlərin 182679,3 manatı hissəsi “BEYNƏLXALQ MİQRASİYA TƏŞKİLATİ”na (VÖEN **********), 379110,0 manat hissəsi "BP EKSPLOREYŞN (KASPİAN Sİ) LİMİTED ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ NÜMAYƏNDƏLİYİ”nə (VÖEN **********) və 87950,0 manat hissəsi isə “BRİTANİYA ŞURASİ (BRİTİSH COUNCİL) TƏŞKİLATİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ’na (VÖEN **********) təqdim olunmuşdur ki, vergi ödəyicisinin banklarda olan hesablarından çıxarışlarına əsasən təqdim edilmiş iş və xidmətlərin dəyəri müvafiq olaraq 182679,3 manat, 379110,0 manat və 68600,0 manat olmaqla sifarişçilər tərəfindən ödənilmişdir. Göründüyü kimi yalnız Cəmiyyət tərəfindən “BRİTANİYA ŞURASİ (BRİTİSH COUNCİL) TƏŞKİLATİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALına təqdim edilmiş 87950,0 manat (ƏDV-siz) dəyərində elektron qaimə-fakturaya görə 19350,0 manat (87950,0-68600,0=19350,0) az vəsait ödənilmişdir. Araşdırma ilə Cəmiyyət tərəfindən xx.xx.2019-cu il tarixdə təqdim edilmiş və ümumi dəyəri 19350,0 manat (ƏDV-siz) olan EBAE seriyalı 333104 nömrəli elektron qaimə- faktura üzrə ödənişlər 2020-ci ilin yanvar ayında həyata keçirilmiş və həmin hesabat dövrü üzrə təqdim etdiyi ƏDV bəyannaməsində bu məbləği bəyan etmişdir. Beləliklə vergi ödəyicisinin hesablama metodu ilə 2019-cu il üçün təqdim etdiyi mənfəət vergisi bəyannaməsində iş və xidmətlərin təqdim edilməsindən gəlirlərin 649739,3 manat, gəlirlərin əldə edilməsi ilə bağlı çəkilmiş ümumi xərclərin 495 858,46 manat, mənfəət hesabına konpensasiya edilən keçmiş illərin zərərinin 31502,2 manat olduğunun inzibati araşdırma ilə təsdiqləndiyini, vergi ödəyicisi tərəfindən bunun əksini sübut edən təsdiqedici sənədlər və əsaslar təqdim edilmədiyini nəzərə alaraq hesablanmalı vergi məbləği 24475,73 manat ((649739,3-495858,46-31502,2 )x20%) təşkil edir ki, bu vergi məbləğinin də kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğə bərabər olmuşdur.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********144200 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC-nin 2019-cu il üzrə mənfəət vergisi vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 24.475,73 manat təşkil etmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə İddiaçı MMC-yə (VÖEN: **********) 2019-cu il mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə aparılmış hesablamanın qanunvericiliyin tələblərinə uyğun əsaslandırılması məqsədilə təsdiqedici sənədlər əlavə edilməklə hazırlanmış ətraflı rəy məhkəməyə təqdim edilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, vergi ödəyicisinin hesablama metodu ilə 2019-cu il üçün təqdim etdiyi mənfəət vergisi bəyannaməsində iş və xidmətlərin təqdim edilməsindən gəlirlərin 649.739,3 manat, gəlirlərin əldə edilməsi ilə bağlı çəkilmiş ümumi xərclərin 495.858,46 manat, mənfəət hesabına kompensasiya edilən keçmiş illərin zərərinin 31502,2 manat olduğunun inzibati araşdırma ilə təsdiqləndiyini, vergi ödəyicisi tərəfindən bunun əksini sübut edən təsdiqedici sənədlər və əsaslar təqdim edilmədiyini nəzərə alaraq hesablanmalı vergi məbləği 24.475,73 manat ((649739,3-495858,46-31502,2 )x20%) təşkil edir ki, bu vergi məbləğinin də kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğə bərabər olmuşdur. - İnzibati şikayətin təmin edilməməsi haqqında 19 mart 2021-ci il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2020-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli **********144200 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********632900 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC-nin 2019-cu il üzrə mənfəət vergisi vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 24.475,73 manat təşkil etmişdir. - Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********888000 nömrəli məktubun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC barəsində 2019-cu il mənfəət vergisi üzrə tərəfindən 01 iyun 2022-ci il tarixə təqdim olunmuş bəyannamədə, hesabatda göstərilən səbəbdən kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir.( İPM-nin 2.2.1-ci və 32.1-cü maddələri). İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavadehin hüquqi ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız iddiadır, təmin edilməməlidir. Bu qənaətə gələrkən məhkəmə aşağıdakıları nəzərə alır. Hazırkı işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından və məhkəməyə təqdim edilmiş icraat materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2020-ci il tarixdə vergi bəyannaməsi təqdim etmiş və cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə “Kameral vergi yoxlaması üşün zəruri olan sənədlərin(məlumatların) tələb edilməsi haqqında” iddiaçıya məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi olan iddiaçı tərəfindən göndərilmiş məktuba münasibət bildirilməmiş və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli **********144200 nömrəli qərar qəbul edilmişdir. İddiaçı tərəfindən qərardan verilmiş şikayət cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarla təmin edilməmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********144200 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********144200 nömrəli qərarını mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, Vergi orqanı tərəfindən İddiaçı MMC-nə 2019-cu il tarixdə mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanılmış vergilərin tərkibi araşdırılmışdır. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2019-cu ilin hesabat dövrləri üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrində ümumi dövriyyənin 640973,3 manat (o cümlədən ƏDV-yə sıfır dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə 572373,3 manat), 2019-cu il üçün xx.xx.2020-ci il tarixdə hesablama metodu ilə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin 200.2-ci (işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətrində 640973,3 manat, bəyannamənin hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər bölməsində cəmi xərclərin 499 458,46 manat (o cümlədən əmək haqqı və onabərabər tutulan ödəmələr üzrə 3790,0 manat, sosial sığorta haqları 738,05 manat, bank xidmətləri üzrə xərclər 422,94 manat, biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 494 507,47 manat, vergitutma məqsədləri üçün 141514,84 manat mənfəət və bu mənfəət hesabına konpensasiya edilən keçmiş illərin 141514,84 manat zərər bəyan edildiyi müəyyən edilmişdir. Araşdırma ilə vergi ödəyicisi tərəfindən 2019-cu il ərzində elektron qaimə-fakturalar əsasında 490907,47 manat dəyərində (İT ekspert xidməti, mühasibat xidməti, menecer xidməti, yardımçı texniki xidmətlər, icarə, katerinq xidmətləri və sair) olmaqla xidmətlər aldığı, mənfəət hesabına kompensasiya edilən keçmiş illərin zərərinin 141514,84 manat deyil, əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrindən yalnız 2018- ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində kameral vergi yoxlamasının nəticəsi üzrə təsdiqlənmiş 31502,2 manat zərərin olduğu müəyyən edilmişdir. Vergi ödəyicinin 2019-cu il üçün təqdim etdiyi dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin 221.15-ci (Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər) sətrində bəyan etdiyi 494 507,47 manat xərc məbləği elektron qaimə-fakturalar əsasında alınmış 490907,47 manat (ƏDV-sız) xidmətlərin dəyərindən 3600,0 manat çox əks etdirilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən 2019-cu il ərzində elektron qaiməfakturalara əsasən ümumilikdə 649739,3 manat (ƏDV-siz) dəyərində iş və xidmətlər təqdim etmişdir. Bu iş və xidmətlərin 182679,3 manatı hissəsi “BEYNƏLXALQ MİQRASİYA TƏŞKİLATİ”na (VÖEN **********), 379110,0 manat hissəsi "BP EKSPLOREYŞN (KASPİAN Sİ) LİMİTED ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ NÜMAYƏNDƏLİYİ”nə (VÖEN **********) və 87950,0 manat hissəsi isə “BRİTANİYA ŞURASİ (BRİTİSH COUNCİL) TƏŞKİLATİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ’na (VÖEN **********) təqdim olunmuşdur ki, vergi ödəyicisinin banklarda olan hesablarından çıxarışlarına əsasən təqdim edilmiş iş və xidmətlərin dəyəri müvafiq olaraq 182679,3 manat, 379110,0 manat və 68600,0 manat olmaqla sifarişçilər tərəfindən ödənilmişdir. Cəmiyyət tərəfindən “BRİTANİYA ŞURASİ (BRİTİSH COUNCİL) TƏŞKİLATİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALına təqdim edilmiş 87950,0 manat (ƏDV-siz) dəyərində elektron qaimə-fakturaya görə 19350,0 manat (87950,0-68600,0=19350,0) az vəsait ödənilmişdir. Araşdırma ilə Cəmiyyət tərəfindən xx.xx.2019-cu il tarixdə təqdim edilmiş və ümumi dəyəri 19350,0 manat (ƏDV-siz) olan EBAE seriyalı 333104 nömrəli elektron qaiməfaktura üzrə ödənişlər 2020-ci ilin yanvar ayında həyata keçirilmiş və həmin hesabat dövrü üzrə təqdim etdiyi ƏDV bəyannaməsində bu məbləği bəyan etmişdir. Beləliklə, vergi ödəyicisinin hesablama metodu ilə 2019-cu il üçün təqdim etdiyi mənfəət vergisi bəyannaməsində iş və xidmətlərin təqdim edilməsindən gəlirlərin 649739,3 manat, gəlirlərin əldə edilməsi ilə bağlı çəkilmiş ümumi xərclərin 495 858,46 manat, mənfəət hesabına kompensasiya edilən keçmiş illərin zərərinin 31502,2 manat olduğunun inzibati araşdırma ilə təsdiqləndiyini, vergi ödəyicisi tərəfindən bunun əksini sübut edən təsdiqedici sənədlər və əsaslar təqdim edilmədiyini nəzərə alaraq hesablanmalı vergi məbləği 24475,73 manat ((649739,3-495858,46-31502,2 )x20%) təşkil edir ki, bu vergi məbləğinin də kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğə bərabər olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: ... 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; ... 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək. ... Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. ... Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.1-1. bu Məcəllənin 15.1.2-1-ci maddəsinə uyğun olaraq ərizə ilə müraciət etmiş vergi ödəyicilərinin həmin ərizədə göstərilən əməliyyatı ilə bağlı vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar qəbul etməyə; 24.1.1-2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirməyə. ... Maddə 33. Vergi ödəyicilərinin uçotu 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, filial və nümayəndəliklər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. ... Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. ... 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə ilə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. ... Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. ... Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. ... Maddə 71. Vergi ödəyiciləri tərəfindən uçot sənədlərinin tərtib edilməsi və saxlanması 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. ... Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. ... Maddə 94. Sübut etmək vəzifəsi 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. ... Maddə 130. Gəlirin və xərcin uçotu qaydası 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. 130.5. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın. ... Maddə 135. Hesablama metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı 135.1. Müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********144200 nömrəli qərar, mənfəət vergi bəyannaməsinin 239-cu (Keçmiş illərin çıxılası zərəi) sətirindəki 141514.18 manat məbləği (uyğun olaraq 2018-ci il 14151484 manat əvvəlki illərdə iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrə və ya səyyar vergi yoxlama aktlarının nəticələri ilə (uyğun olaraq 2018-ci il 31502.20 manat) fərqli olduğu üçün kənarlaşma aşkar edilmişdir. Təqdim edilmiş qaimələrin dəyəri ilə gəlir məbləği arasında fərq müəyyən edilmişdir. 3600.00 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edildiyi səbəbindən “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanılması barədə” xx.xx.2021-ci il tarixli **********346300 nömrəli qərar ilə ləğv edilmişdir. “İnzibati icraat haqqında” Qanunun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 79. İnzibati şikayətə baxılması qaydası 79.3. Şikayət üzrə icraat zamanı şikayət instansiyası tərəfindən işə mahiyyəti üzrə və tam həcmdə baxılır, şikayət olunan aktın qanunauyğunluğu və məqsədəuyğunluğu araşdırılır. 79.4. Şikayət instansiyasının şikayət üzrə qərarı həm işdə olan, həm də əlavə təqdim olunmuş sübutlara əsaslanmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar cavabdeh inzibati orqan tərəfindən qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının tələblərinin pozulmamışdır. Məhkəmə hesab edir ki, və mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin : - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanılmsı barədə” xx.xx.2021-ci il tarixli **********346300 nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar