Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3850/2025 21.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından tutulmaların dayandırılması və əmək pensiyasına əlavənin hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri N.Vəzirov küç., 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya kartı hesabından təktərəfli tutulmaların dayandırılması, tutulmuş məbləğlərin onun kart hesabına mədaxil edilməsi, ona münasibətdə əmək pensiyasının və əmək pensiyasına əlavənin hesablanması qaydasının iddia ərizəsində göstərilən formada həyata keçirilməsi və əskik ödənilmiş pul məbləğlərinin onun kart hesabına mədaxil edilməsi vəzifəsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona 04 iyul 2014-cü il tarixindən ƏƏSM- un Dövlət sosial Müdafiə Fondu tərəfindən İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Ancaq sonradan DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona göndərdiyi məktublarda qeyd olunur ki, guya DSMF tərəfindən pensiyanın hesablanmasında yanlışlara yol verilmiş və buna görə də onun pensiyasından təktərəfli olaraq tutulmalar həyata keçirilməkdədir. Belə ki, sözügedən məktublarda göstərilmişdir ki, guya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq son üç il ərzində əmək pensiyasının artıq ödənilmiş məbləği aşkarlaraq məhdudlaşdırılmışdır. Sözügedən artıq ödənilmiş pensiya məbləği isə 839,13 manat təşkil etmişdir. Bundan başqa, həmçinin guya maddi yardım üzrə də 2022-ci il üçün 14,57 manat pul vəsaiti artıq ödənilmişdir. Bütün bunlara səbəblərdən dolayı, “artıq ödənilmiş” ümumilikdə 853,70 (839,13+14,57) manat pul vəsaiti cari ilin avqust ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Bu haqda ƏƏSM nazirliyi yanında DSMF-a məktubla müraciət etsə də, müraciəti təmin edilməmişdir. Hesab edir ki, belə halda artıq ödənilən məbləği DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının geri tələb etmək səlahiyyəti heç bir halda doğru deyil, əvvəla bir dövlət qurumunun bu qədər müddət ərzində pensiyanı yanlış hesablaması gülüncdür. İkincisi həqiqətən də belə bir hal varsa, bunun məsuliyyətini aidiyyəti dövlət qulluqçusu daşımalıdır. Nəzərə alınmalıdır ki, onun həmin dövlət qurumu arasında əmək müqaviləsindən irəli gələn münasibət olmuşdur. Üçüncüsü, həqiqətən də pensiyanın yanlış hesablaması faktının fərziyyə olaraq qəbul edilməsi halında belə, yenə də DSMFnin artıq ödənilmiş vəsaiti vətəndaşın pensiyasından təktərəfli olaraq tutması qanunsuzdur. Çünki qanunvericilikdə həmin quruma münasibətdə belə bir səlahiyyət nəzərdə tutulmamışdır. Başqa sözlə, pensiyadan təktərəfli olaraq tutulmaların həyata keçirilməsi ilə bağlı qanunvericilikdə hər hansı norma mövcud deyildir. Dördüncüsü, həqiqətən də belə bir hal (pensiyanın artıq ödənilməsi halı) varsa, bu zaman həmin qurumun artıq ödənilmiş məbləğə dair belə bir hal tələbetmə hüququ yaranar ki, bu zaman hüquq subyekti həmin məsələ ilə bağlı aidiyyəti məhkəməyə müraciət edə bilər yəni, bu halda belə həmin orqanın artıq ödənilmiş məbləği vətəndaşın pensiyasından təktərəfli qaydada tutması mümkün deyildir. Həmçinin o da nəzərə alınmalıdır ki, pensiyaya çıxarkən işçinin işlədiyi son 2 ildə aldığı əmək haqqı indekssasiya olaraq hesablanır. 2014cü ildə pensiyaya çıxarkən həmin ildə dövlət qulluğunda (ƏƏSMN- nıın mərkəzlərində) çalışan baş mühasibin əmək haqqısı götürülür. 21 aprel 2022-ci ildə şikayətə cavab yazılan məktubda qeyd olunan Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ona şamil olunmur. Belə ki, onun pensiyasında olan artım məhkəmə vasitəsilə onun staj müddətinin təsdiqlənməsi (15 il 9 ay) nəticəsində olan düzəlişdir. Yəni ilk dəfə pensiyaya çıxanda o, yuxarıda qeyd olunduğu kimi 476.62 AZN-lə pensiyaya çıxmalı idi. Hətta o da nəzərə alınmalıdır ki, sözügedən Fərman 1 yanvar 2023cü il tarixində artıq ləğv olunubdur. İndi həmçinin o da qeyd edilir ki, guya 2019-2021-cillər aralığında onun pensiyasına 14.15 qəpik maddi yardım üzrə artıq məbləğ əlavə edilib və hal-hazırda da səhvən əlavə olunan həmin məbləğ qanunsuz şəkildə təktərəfli olaraq tutulur. Dövlət qulluqçularının pensiyaları hesablanarkən heç bir maddi yardım olmur və sözügedən məbləğ DSMF tərəfindən qanunsuz şəkildə uydurularaq tutulmaqdadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəməyə cavabdeh inzibati orqan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-322267/2024 saylı vəsatəti daxil olmuşdur. Vəsatətdə göstərilmişdir ki, iddiaçının pensiya məbləği 9 mart 2022-ci il tarixində qanunvericiliyə uyğunlaşdırılaraq 632,85 manat məbləğində müəyyən edilib, həmçinin ona xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə 2354,96 manat artıq ödənilmiş pul vəsaiti aşkar olunub. Eyni zamanda, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə isə ödənilməli olan ümumilikdə 4429,95 manat (hər ay üzrə 632,85 manat) pensiya məbləği hesablanıb. Artıq ödənilmiş və ödənilməli olan pul vəsaitlərinin əvəzləşdirilməsi nəticəsində iddiaçıya ödənilməli olan 2074,99 manat pul vəsaiti müəyyən edilib. Həmin 2074,99 manat pul vəsaiti xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. Maddi yardımın 1 yanvar 2023-cü il tarixindən pensiyanın tərkibinə daxil edilməsi, eyni zamanda həm qeyd olunan tarixdən, həm də növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilmə ilə əlaqədar əmək pensiyası 887,90 manat məbləğində müəyyən edilib. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli 2-1(102)-2734/2023 nömrəli qərarına əsasən büdcəyə bərpa edilmiş 2354,96 manat pul vəsaiti xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində hər ay 588,74 manat olmaqla iddiaçının əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülüb. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də ona artıq ödənilmiş pul vəsaiti son üç il üzrə məhdudlaşdırılıb. Nəticədə ona artıq ödənilmiş pul vəsaiti 839,13 manata azaldılıb. Bundan başqa, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 14,57 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən iddiaçıdan artıq ödənilmiş ümumilikdə 853,70 (839,13+14,57) manat vəsait cari ilin avqust ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməyə başlamışdır. Mərkəzi Filail tərəfindən büdcəyə bərpa edilmiş 355,16 manat pul vəsaiti xx.xx.2024-xx.xx.2025-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə hər ay 88,79 manat olmaqla onun müvafiq kart hesabına köçürülməklə geri qaytarılacaqdır. Bu səbəbdən də hesab edirlər ki, iddia tələbinin təmin edildiyindən iddiaçıdan tutulmuş pul vəsaitinin ona geri ödəniləcəyi üçün iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh inzibati orqan müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş vəsatət təmin olunmaqla iddiaçının hazırki tələbləri üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçının hüquqi marağı pensiya kartı hesabından təktərəfli tutulmaların dayandırılması, tutulmuş məbləğlərin onun kart hesabına mədaxil edilməsi, ona münasibətdə əmək pensiyasının və əmək pensiyasına əlavənin hesablanması qaydasının iddia ərizəsində göstərilən formada həyata keçirilməsi və əskik ödənilmiş pul məbləğlərinin onun kart hesabına mədaxil edilməsindən ibarətdir. Cavabdehin vəsatətindən müəyyən olunur ki, iddiaçıdan artıq ödənilmiş ümumilikdə 853,70 (839,13+14,57) manat vəsait cari ilin avqust ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməyə başlamışdır. Mərkəzi Filail tərəfindən büdcəyə bərpa edilmiş 355,16 manat pul vəsaiti xx.xx.2024-xx.xx.2025-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə hər ay 88,79 manat olmaqla onun müvafiq kart hesabına köçürülməklə geri qaytarılacaqdır. İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İPM-nin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından tutulmaların dayandırılması və əmək pensiyasına əlavənin hesablanması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3850/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3850/2025
21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver