Məhkəmə qərarları › İş №2-1(112)-3851/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3851/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3851/2024 07.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2020-ci il tarixli Şəhadətnamə əsasında, anası mərhum xx.xx.2007-ci il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanda yerləşən evin üzərinə qoyulmuş müvəqqəti nəzarətin iddiaçının 1/3 hissəsindən götürülməsi və həmin hissəyə çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

2. İş üzrə xx.xx.2024-cü il tarixli qərardad ilə “anası xx.xx.2007-ci il tarixdə vəfat etmiş mərhum X1 miras qalmış ünvan 2 ünvanda yerləşən evə AR Daxili İşlər Nazirliyinin məktubu əsasında cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi və ünvan 3 ünvanda yerləşən evin 1/3 hissəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 46 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli 2v-13 saylı vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmiş və anası mərhum X1 miras qalmış ünvan 4 ünvanda yerləşən evin 1/3 hissəsində pay verilmişdir. Daha sonra həmin Şəhadətnaməni cavabdeh idarəyə vermiş və İdarə tərəfindən iddiaçıya qanunsuz və əsassız imtina verilmişdir və məlum edilmişdir ki, Fərdi evin üzərinə müvəqqəti nəzarətin qoyulması müəyyən edilmişdir və bu səbəbdən ərizənin icrası münkün olmamışdır.” İddiaçı bildirir ki, həmin fərdi evdən digər vərəsələr bacıları: 1.X6 1/3 pay və 2.X7 1/3 payları vardır.

4. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM 003269 nömrəli Qeydiyyat Vəsiqəsinin ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 176 saylı reyestr kitabında 8060-cı səhifə 30/4801 qeydə alma № ilə xx.xx.2000-ci il tarixində qeydiyyat aparılmışdır.

5. Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, 24 fevral 2007-ci ildə vəfat etmiş X10 vərəsəsi - ünvan 6 ünvanında yaşayan, qızı - X7, miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 02 mart 2000-ci ildə verilmiş, 176 saylı reyestr kitabının 8060-cı səhifəsində 30/4801 saylı qeydəalma ilə verilmiş qeydiyyat vəsiqəsinə əsasən beş otaqlı, yaşayış sahəsi 65,9 kv.m., ümumi sahəsi 123,9 kv.m. olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir.

6. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, 24 fevral 2007-ci il tarixdə ölmüş X3 vərəsəsi: ünvan 7 ünvanında qeydiyyatda olan oğlu - İddiaçı (AZE № 0*******, xx.xx.2010 - SƏBAİL RPİ) miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 176 saylı reyestr kitabının 8060-cı səhifəsində 30/4801 qeydəalma nömrəsi ilə 02 mart 2000-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 123.9 kv.m, yaşayış sahəsi 65.9 kv.m olan 5 (beş) otaqlı fərdi yaşayış evindən ibarətdir. Göstərilən əmlakın 2/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evi üzərində hər-hansı məhdudiyyətin olubolmaması, olduğu təqdirdə isə məhdudiyyətin əsasları barədə məlumatın təqdim edilməsi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan 2-1(112)-16133/2023 saylı, xx.xx.2023-cü il tarixli (********** daxil olma nömrəli, xx.xx.2024-cü il tarixli) sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evi üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 1/107m nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur.

8. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-16133/2023 saylı sərəncamının icrası ilə əlaqədar bildiririk ki, İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi və əmlakın 1/3 hissəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********51 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirilmişdir ki, mərhum X3 mülkiyyətində olan ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evi üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 1/107m nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuş, lakin, qeyd olunan məhdudiyyətin götürülməsi ilə bağlı hər hansı müraciət İdarəyə daxil olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1 -ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini xahiş edirik.

9. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.

10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdeh etirazın məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmamasını xahiş etdi. II. İddianın növü və mümkünlüyü

11. Məhkəmə hesab edir ki, hazırkı iddia İPM-in 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddiadır (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia).

12. Müvafiq müraciət əsasında qoyulmuş məhdudiyyətin və bununla əlaqədar məhz həmin məhdudiyyətlə əlaqədar cavabdeh qurumun iddiaçının mülkiyyət hüququn müdaxiləsinin qanuniliyi məhkəmə araşdırmasının predmetidir.

13. Məhkəmə hesab edir ki, hazırkı iddiaya məhkəmə nəzarəti qaydasında deyil, məhz cavabdeh qurumun iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsindən müdaxiləsindən müdafiəyə dair iddia kimi baxılmalıdır.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

11. Məhkəmənin hazırkı iş üzrə qənaəti X14 Məhkəməsinin Rafiq Əliyevin Azərbaycana qarşı işinə (Şikayət № 45875/06, 06 dekabr 2011-ci il tarixli qərar) əsaslanır.

12. Həmin qərardan:

119. Məhkəmə bildirir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən dövlət qurumları tərəfindən mülkiyyətdən maneəsiz istifadə etmək hüququnun məhdudlaşdırılmasına birinci və ən vacib tələb həmin məhdudlaşdırmanın qanuni olmasıdır. İkinci bəndə əsasən Dövlətin milli qanunvericiliyə uyğun olaraq əmlakın istifadə edilməsinə nəzarətin həyata keçirilməsi hüququ tanınır. Eyni zamanda, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi prinsipi Konvensiyanın hər bir maddəsinə aiddir. Ümumi ictimai maraqlarla şəxsin fundamental hüquqlarının müdafiəsi vəzifəsi arasında ədalətli tarazlığın qorunması məsələsi yalnız müdaxilənin qanunilik və əsaslılıq tələblərinə uyğun olmasının müəyyənləşdirilməsindən sonra yaranır (baxın, digər qərarlarla yanaşı, Baklanov Rusiyaya qarşı, no. 68443/01, 09 iyun 2005-ci il, § 39 və Frizen Rusiyaya qarşı, no. 58254/00, 24 mart 2005-ci il, § 33).

120. “Qanun” anlayışını təfsir edərək Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi Konvensiyanın digər müddəalarında qeyd olunan eyni konsepsiyaya istinad edir (baxın, Spacek, s.r.o. Çexiyaya qarşı, no. 26449/95, 09 noyabr 1999-cu il, § 54 və yuxarıda qeyd edilən Baklanov Rusiyaya qarşı, § 40). Həmin konsepsiyaya əsasən həyata keçirilən tədbir mütləq milli qanunvericilikdə öz əsasını tapmalıdır. Eyni zamanda, həmin məsələ qanunun keyfiyyətinə aiddir. Qanun hər bir şəxs üçün istifadə edilməsi mümkün olan, dəqiq və əvvəlcədən görünən olmalıdır (baxın, Beyeler İtaliyaya qarşı (BP), no. 33202/96, § 109, İHAM 2000-İ).

13. Bununla əlaqədar məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.3-cü maddəsinə əsasən, hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə).

14. CPM-dən: 249.2. Əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Məhkəmə əmlak üzərinə həbs qoyulması haqqında qərarı aşağıdakı hallarda çıxarır: 249.2.1. məhkəməyə müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı daxil olduqda; 249.2.2. məhkəməyə müraciət etmiş şəxslər bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş halların təsdiq edilməsi üçün kifayət olan ilkin sübutlar təqdim etdikdə, habelə əmlak üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırdıqda. 249.3. Əmlak üzərinə həbs qoyulması haqqında məhkəmənin qərarında aşağıdakılar öz əksinin tapmalıdır: 249.3.1. qərarın çıxarıldığı tarix, vaxt və yer; 249.3.2. qərarı çıxarmış hakimin soyadı, adı, atasının adı və vəzifəsi; 249.3.3. əmlak üzərinə həbs qoyulması üçün əsas olmuş obyektiv halların və motivlərin əsaslandırılması; 249.3.4. əmlakın üzərinə həbs qoyulmuş şəxsin soyadı, adı və atasının adı; 249.3.5. üzərinə həbs qoyulmalı olan konkret əmlak, habelə mülki iddianın təmin edilməsinə kifayət edən əmlak; 249.3.6. əmlak üzərinə qoyulan həbs müddəti. 249.4. Üzərinə həbs qoyulması üçün əmlakın könüllü verilməsinə əsaslı şübhələr olduqda, əmlak üzərinə həbs qoyulması haqqında qərarda axtarış aparılmasının mümkünlüyü də göstərilir. 249.5. Təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2—177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər. 249.6. Bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 249.3-cü maddəsinin tələblərinə uyğun olaraq və məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoyulmasının zəruriliyi və təxirə salına bilməməsi əsaslandırılmaqla tərtib edilir.

15. Məhkəmə hesab edir ki, məhkəmənin hazırkı işin hallarına uyğun olaraq müəyyən etməli olduğu hal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məktubu əsasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının daşınmaz əmlakları üzərinə qoyulmuş məhdudiyyətinin qanuniliyinə qiymət verməkdir.

16. Məhkəmə qeyd edir ki, nazirliyin məktubu əsasında əmlak üzərinə həbsin qoyulmasının mümkünlüyünü əsaslandıran qanuni müddəa yoxdur.

17. Belə ki, əmlak üzərinə həbs məhkəmənin və ya təxirə salına bilməyən hallarda müstəntiqin əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərarı əsasında qoyula bilər.

18. Məhkəmə qeyd edir ki, nazirliyin məktubu əsasında hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağa qanunvericilikdə nəzərdə tutulmamışdır.

19. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/107m nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının mülkiyyət hüququna müdaxilə qanunun mənası baxımından dəqiq və əvvəlcədən görünən deyil. Cavabdeh qurum məhkəməyə ünvanladığı məktubunda məhdudiyyətin qoyulması əsası kimi Daxili İşlər Nazirliyinin 1/107m nömrəli, xx.xx.2015-ci il tarixli məktubuna əsaslanır.

20. X12 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

21. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

22. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

23. X14 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

25. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;

27. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;

28. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, 24 fevral 2007-ci il tarixdə ölmüş X3 vərəsəsi: ünvan 7 ünvanında qeydiyyatda olan oğlu - İddiaçı (AZE № 0*******, xx.xx.2010 - Səbail RPİ) miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 176 saylı reyestr kitabının 8060-cı səhifəsində 30/4801 qeydəalma nömrəsi ilə 02 mart 2000-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 123.9 kv.m, yaşayış sahəsi 65.9 kv.m olan 5 (beş) otaqlı fərdi yaşayış evindən ibarətdir. Göstərilən əmlakın 2/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

29. Məhkəmə hesab edir ki, iddiaçı faktiki olaraq X3 vərəsəsi olduğunu təsdiq edən sənəd mövcud olduğundan (xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə) ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 123,9 kv.m olan evin 1/3 hissəsinə üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış verilməlidir.

30. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

31. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçının mərhum anası X4 məxsus ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evi üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli 1/107m nömrəli məktubu əsasında qoyulmuş məhdudiyyət qanunsuz hesab edilərək həmin məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 123,9 kv.m olan evin 1/3 hissəsinə üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar